Son günlərdə baş verən ictimai-siyasi hadisələr, QHT, vətəndaş cəmiyyəti fəallarının həbsləri mediada çox müzakirə olunur, siyasilər, dövlət rəsmiləri, partiya rəhbərləri müxtəlif fikirlər bildirirlər. Bizsə düşündük ki, hazırda ölkədə gedən proseslərlə bağlı bilavasitə işin içində olan, həbs olunanların hüquqlarını mudafiə edən vəkillərlə sohbətləşək. İlk qonağımız tanınmış vəkil Xalid Bağırovdur.
- Xalid bəy, məlumdur ki, siyasi məhbusların əksəriyyətinə siz vəkillik edirsiz. Hazırda neçə nəfərin müdafiəçisisiz?
- Sizinlə razı deyiləm. Hal-hazırda ölkədə hələ yüzə yaxın tanınmış siyasi məhbus var. Bu və ya digər səbəbdən tanınmayanlar isə daha çoxdur. Bu qədər məhbusun əksəriyyətinin mənim tərəfimdən müdafiə olunması fiziki olaraq mumkünsüzdür. Həm də belə deməklə digər vəkillərə haqsızlıq etmiş olarıq. Sadəcə mənə müraciət olunanda sinəmi kənara çəkmək istəmirəm və imkanım çatdıqca siyasi məhbusların müdafiə işində iştirak etməyə çalışıram. Ola bilsin ki, vəkili olduğum şəxslərin işləri barədə mətbuatda çox yazıldığı üçün adım tez-tez hallanır və nəticədə insanlarda belə qənaət formalaşır. Özüm onları hesabat xarakterli işlər kimi görmədiyim üçün statistikasını aparmıram. Odur ki, sizə sayını deyə bilməyəcəyəm.
- Siyasi məhbus siyahısını imzalayanlardansız. Siyahı ətrafında müzakirələr çox oldu. Hətta narazı qalıb imzalamayanlar da var. Adını siyahıdan çıxarılmasını istədiyiniz adamlar oldumu, ya birmənalı razılaşdız?
- İlk əvvəl qeyd edim ki, siyasi məhbus siyahısı ilə bağlı həm hakimiyyət, həm də bəzi xaricdəki bürokratlar uzun müddət idi ki, spekulyasiya edirdilər. Əsas arqumentlərdən biri də o idi ki, Azərbaycanda hüquq müdafiəçiləri arasında kimlərin siyasi məhbus olması məsələsində ortaq mövqe yoxdur. Hüquq müdafiəçiləri içində isə iki qrup əmələ gəlmişdi. Bir qrupa konkret siyahılarla çıxış edən Leyla Yunus, Rəsul Cəfərov, ikinci qrupa isə ortalığa heç bir siyahı çıxartmayan, amma hər gün siyasi məhbus məsələsi ilə imitasiya edən, bəzən hətta bu məsələni qaldıran beynəlxalq qurumlara təpinən hüquq müdafiəçiləri Novella Cəfəroğlu və qeyriləri daxil idi. İkincilərin fəaliyyəti mənə həmişə qəribə gəlirdi. Əgər bir hüquq müdafiəçisi siyasi məhbus mövzusu ilə məşğul olursa, o zaman ən birinci siyasi məhbus olduğu ehtimal edilən şəxsin vəkili ilə təmas qurmalı, işin detalları barədə məlumat almalı, siyasi sifarişli olması ilə bağlı vəkilin rəyini öyrənməlidir. İkinci qrupda olanlar və onları müdafiə edən hüquq müdafiəçiləri vəkili olduğum hər hansı şəxslə bağlı mənə müraciət edib, bir sənəd belə tələb etməyiblər. O zaman sual yaranırdı: onlar bu işlə necə məşğul olurlar? Təbii ki, burda məsələ tam aydındır. Mövcud siyahılarla tanış olanda aralarında ciddi fərq olmadığını gördüm. Gec-tez onlardan vahid siyahı çıxmalı idi və çıxdı da. Burda ciddi problem görmürdüm. Ortada 2012-ci ildə AŞPA-nın qəbul etdiyi Ştrasser kriteriyaları var idi. Sadəcə bu kriteriyaları tətbiq etməklə və işlərin detallarını bir daha dəqiqləşdirməklə kimin siyasi məhbus olduğunu müəyyənləşdirmək olar.
O ki, qaldı narazı qalıb imzalamayanlara.. Onların- hətta dost saydığım Rəşid Hacılının da - mövqelərini ciddi hesab etmirəm. Onlar deyirlər ki, siyahıda adları yazılanların hamısını tanımırlar. Təbii ki, əgər siyahı yüzlərlədisə, ola bilər ki, hər kəs hər kəsi tanımasın. Əvvəla həmin vahid siyahıda hər bir siyasi məhbus, onun işi və işinin siyasi xarakterinin nədən ibarət olması barədə məlumat var. Açıb oxuya bilərlər. Burda zatən hər işi bilməyə ehtiyac yoxdur. Sadəcə konkret olaraq bu işlə məşğul olan Leyla Yunus və Rəsul Cəfərova etimad göstərmək lazım idi. Əgər MHİ siyasi məhbus mövzusunda Leyla Yunus və Rəsul Cəfərova etimad göstərmirsə, o zaman niyə cəmiyyət Media hüququ sahəsindəki fəaliyyətinə görə Rəşid Hacılıya etimad göstərməlidir? Bununla mən MHİ-nin uzun müddət göstərdiyi çox uğurlu və xeyirli fəaliyyətə kölgə salmaq istəmirəm. Görünür, burda başqa səbəblər olub. Və onlar MHİ-nin fəaliyyətinin dayandırılmasına səbəb olubsa, bu siyahının imzalamasına da mane olub. Digər tərəfdən həmin siyahı ilə tanış olsanız, görərsiniz ki, orda adları yazılan adamlar və onların işləri o qədər ictimailəşib ki, az qala hər kəs onların niyə həbs olunduğunu bilir. Siyahıda tanınmış jurnalistlər və müxalifətçilər, bloqqerlər, Nidaçılar və digər gənc fəallar, hicab məhbusları, “narkotiklə tutulan” dindarlar, hətta AŞPA-nın 10 ildir ki, siyasi məhbus kimi tanıdığı şəxslər var. Əgər kimsə bu işlər və şəxslər barədə “tanımıram” deyirsə, o zaman o, bu ölkədə ictimai fəaliyyətini dayandırmalıdı. Əks halda səmimi deyil.
- Konkret misallara keçək. Leyla Yunus dövlətə xəyanətdə ittiham olunur. Bununla bağlı yayılan bəyanatda deyilirdi ki, cinayət işində adı açıqlanmayan şəxslər də var. Onların kimliyi sizə məlumdur?
- Təbii ki, vəkil olaraq işə qoşulduğumuz üçün ittiham sənədləri ilə tanışıq. Orada bəzi adlar var. İttihamlar nə qədər absurd olsa da, istintaq sirri ilə bağlı olduğumuz üçün bu suala açıq cavab verə bilməyəcəyəm.
- Belə məlumat dolaşır ki, həbs olunacaq adamların xüsusi siyahısı var və vəkillərdən də bir neçəsi hədəfdədir. Təbii ki, siz də onlardan birisiz. Hər hansı təzyiq edilirmi sizə?
- Bilirsiniz, həmişə xəyalpərəst olduğumu düşünmüşəm. Lap uşaqlıqdan yaxşı gələcəyə inanıram. Bu da mənə güc verir. Amma heç vaxt reallıq hissini itirməmişəm. Hansı işlə və harda məşğul olduğumu, bununla da həbsim üçün kimlərəsə eninə-boluna əsas verdiyimi heç zaman unutmuram. Həbs edəcəklərsə, edəcəklər. Zatən içəridə o qədər vicdanlı insan var ki, adam çöldə gəzməyə utanır. Konkret təzyiqlər olmasa da, barəmdə məlumatlar toplandığı ilə bağlı xəbərlər alıram.
- Siz həm də REAL-ın İdarə Heyətindəsiz. Siyasətə vaxt ayıra bilirsizmi?
- Zatən bu gün məşğul olduğumuz işin özü siyasətdir. Məyər İlqar Məmmədov, Rəsul Cəfərov gördükləri işin siyasi nəticələrinə görə həbs edilməyib?! REAL-da hər kəs öz işini görəndə həm də siyasi fəaliyyətlə məşğul olmuş olur. Təbii ki, son nəticədə komanda kimi ortaya çıxırıq.
- Sizcə, bu proseslər nə qədər davam edəcək? Ümumiyyətlə, mövcud durumla bağlı proqnozunuz...
- Hakimiyyətin indiki addımları mənə Heydər Əliyevin ilk idarəçilik dönəmini xatırladır. Heydər Əliyev yeni gəlmişdi, çox zəif idi və siyasi səhnəni təmizləməyə çalışırdı. Lakin o zaman Azərbaycan beynəlxalq aləmə bu qədər inteqrasiya olunmamışdı. Heydər Əliyev də güclənincə- yeri gəlmişkən, Azərbaycanın beynəlxalq aləmə həm siyasi, həm də iqtisadi inteqrasiyası onun güclənməsində önəmli rol oynadı - siyasi məhbus məsələsini xeyli çözdü. İndi isə əksinədi- güclü İlham Əliyevin mövqeləri zəifləməyə başladığı üçün həbslər artıb. Yəni reqres başlayıb. Əgər doğrudan da, hakimiyyətin mövqeyi əvvəllər olduğu kimi güclüdürsə, bu həbslərə nə ehtiyac var? Axı müstəqil QHT-lərin xarici donorlardan aldığı qrantların həcminə baxsanız, hakimiyyətyönlü QHT-lərin aldığı qrantlar və hakimiyyətin özünün maddi imkanları yanında gülməli rəqəm görərsiniz. Görünür ki, beynəlxalq aləm sonsuz imitasiya ilə məşğul olan Azərbaycan hakimiyyəti ilə uzun perespektivdə əməkdaşlığa artıq güvənmir. Deyə bilərsiniz ki, bu nəticəyə necə gəlirik? Çox sadə. Hakimiyyətin özünün Qərbə isterik tənqidi yanaşması yaxşı anlaşa bilən tərəfdaşların mövqeyidirmi? Əlbəttə yox. Yaxın gələcəkdə Azərbaycanın iqtisadi önəmi də əhəmiyyətini xeyli itirəcək. Bu, hakimiyyəti qıcıqlandırır. O, düşünülmüş sərt təqib siyasəti ilə Qərbi özü ilə hesablaşmağa məcbur etmək istəyir. Mən heç vaxt hakimiyyət haqqında “ağılsızdırlar” deyə düşünməmişəm. Əksinə hesab edirəm ki, hakimiyyət hər şeyi düşünülmüş və məqsədli şəkildə edir. Beynəlxalq ictimaiyyətin səsini qulaq ardına vurmaq siyasəti də mənə İsrailin 60 ildir ki, Yaxın Şərqdə yürütdüyü siyasəti xatırladır: Mən bildiyimi edim, onsuz da sonunda mənimlə hesablaşacaqlar. Amma unutmaq lazım deyil ki, bir çuxa hər kəsə eyni cür yaraşmır. Bu proseslərin cəmiyyəti zəiflədəcəyini düşünmürəm. Əksinə, sanitar rolunu oynayacaq, cəmiyyəti parazitlərdən və zəif ünsürlərdən təmizləyərək gücləndirəcək. Hər kəs kimin hansı yuxunu gördüyünü öyrənəcək. Bir də görəcəyik ki, hakimiyyət özü yaratdığı bu psixoloji gərginliyə dözmür.
|