The document has moved here.
|
||
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xeber365.com-un əməkdaşının Ankara səfəri zamanı görüşdüyü siyasilərlə müsahibələri davam edir. Budəfəki həmsöhbətimiz Türkiyənin Ordudan olan millət vəkili, “Yerli düşüncə” dərnəyinin sədri Mətin Gündoğdudur. O, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasının təmsilçilərindəndir.
Mətin bəy özü də Azərbaycana tez-tez gəlib gedir. Onunla iki qardaş ölkədən, ümumilikdə türk millətindən, millətçilik anlayışından, türkün gücündən danışdıq. Onunla Xocalı soyqırımı ərəfəsində görüşdüyümüzdən elə söhbətimizə də bu mövzudan başladıq:
– Hər il Xocalı soyqırımını burda da anırıq, Azərbaycanın səsini dünyaya duyurmağa çalışırıq. Digər ölkələrin də bu soyqırımını görməsi üçün hər fürsətdə onu dilə gətiririk. Ermənilər özləri soyqırımı törətməklərinə rəğmən, bizim üstümüzə soyqırımı ididialarıyla gəlirlər. Amma öz tarixlərinə baxanda əsl soyqırımını onların etdiyi görünür. Həm 1915-ci ildə Qurtuluş savaşından əvvəl Türkiyədə, həm də 1992-ci ildə Azərbaycanda soyqırımı edənlər ermənilərdir. Türk milləti heç bir yerdə heç kimə qarşı soyqrımı etməyib. Etməz də. Türk milləti getdiyi hər yerə ədalət aparıb. Mən millət vəkiliyəm, amma “Yerli düşüncə” dərnəyin sədri olaraq Türkiyədə oxuyan əcnəbi tələbələrlə maraqlanıram. Dünyanın hansı ölkəsində gəlirsə-gəlsinlər, onlar bizim bacı-qardaşlarımızdır. İstər xristian olsun, istərsə də müsəlman, musəvi, atesit olsun, hamısına eyni gözlə baxırıq. Hamısı bizim qonağımızdır deyirik.
– O tələbələr arasında ermənilər də varmı?
– Yox, yoxdur. Ancaq bu gün bir erməni tələbə gəlsə və və Ermənistanın törətdiyi soyqırımının yanlış olduğunu desə və eyni şəkildə işğal etdikləri Azərbaycan torpaqlarının onlara aid olmadığını bildirsə, o erməninin mənim başımın üstündə yeri var.
– Bu günlərdə bizim mətbuatda və sosial şəbəkələrdə belə bir mövzu müzakirə olunurdu: bütövlükdə erməni xalqı bizim düşmənimizdir, ya yox? Onlara tolerant yanaşmalıyıq, ya yox? Siz necə düşünürsünüz?
– Bizim əsas qarşı olduğumuz erməni diasporudur. Bu gün Ermənistanda yaşayan ermənilər səfil həyat sürürlər. Dünyaya çıxa bilmirlər. Türkiyəylə sərhədləri bağlıdır. Orda kasıblıq pik həddədir. Ancaq dünyanın digər ölkələrində o diaspor dediyimiz, o diasporu ərsəyə gətirən ermənilər bugünkü Ermənistan üzərindən öz dolanışıqlarını təmin edənlərdir. Onlar Ermənistana yardım adıyla digər ölkələrdəki ermənilərdən pul yığırlar. Toplanan pulun 90 faizini diaspordakılar öz aralarında bölüşür, 10 faizi ilə fəaliyyət göstərirlər. Ermənistanda yaşayan ermənilər, əslində, bunun fərqindədir. Çünki o pulların müəyyən bir hissəsi Erməistana gəlsə, onlar elə səfilllik içində yaşamazlar.
Mən həmin o səfil ermənilərin bu diaspor kimi düşündüyünü zənn eləmirəm. Diaspor bu işə maddi qazanc, dolanışıq kimi baxdığı üçün nə işğalın bitməsini istəyir, nə də soyqırımı iddialarıın ortadan qalxmasını. Gərək bu problem davamlı olsun ki, onlar da varlı ermənilərdən pul yığıb dolana bilsinlər.
Mən bütün erməniləri eyni sıraya qoymuram. Anadoluda da yaşayan xeyli erməni var. Bu ölkənin bayrağını, birlik və bərabərliyini qəbul edən, Anadolu torpaqlarında yaşadığını qəbul edib bu ölkənin varlığını tanıyan heç bir erməniylə mənim problemim olmaz. Azərbaycanda da mütləq ermənilər yaşamış olar. O ermənilər əgər Azərbaycan torpağına, bayrağına sayğılıdırsa, onlara da bir problem yaradılmaz, məncə. Nə Azərbaycan hökuməti tərəfindən, nə də milləti tərəfindən. Əsas problem erməni diasporunun istifadə etdiyi dil, bu işdən qazandığı puldur. Ermənilər tələb eləsin ki, ondandsa varlı erməni iş adamları Ermənistanda iş qursunlar, fabrik açsınlar. O vaxt inkişaf edə bilər Ermənistan. Yoxsa erməni diasporu onlara qarşı soyqırımı törədilməsi iddiasıyla pul yığmağa davam edəcəklər. Əgər bu məsələ ortadan qalxsa, erməni diasporu da ləğv olunar. Erməni diasporunun niyyəti insana xidmət deyil. Yəhudi lobbisinin, kapitalistlərin də həmçinin. Onların məqsədi insanları istismar etməkdir. Amma biz tələbələri bura istismar etmək üçün çağırmırıq. Biz müxtəlif xalqlardan olan tələbələri hər bazar günü burda səhər yeməyi masasında bir araya gətiririk. Onlara məsləhətlər veririk ki, narkotikə qurşanmasınlar, pis yola düşməsinlər. Afrikalı Ayşəmizə də, kosovalı Arifəmizə də, Bosniyadan, Cənubi Amerikadan gələn qızlarımıza da eyni şeyləri deyirik.
– Bu gün Türkiyədə də, Azərbaycanda da FETÖ-çü və onlara qoşulan hər kəs təhlükəli hesab edilir, olduqları işdən, yerdən uzaqlaşdırılır. Azərbaycanlı tələbələr arasında belələri var idimi ki, sizin xəbərdarlığınız sayəsində bu yoldan qayıdıblar?
– Əvvəllər var idi. Amma bu çevriliş hadisəsindən sonra elə bir halla qarşılaşmamışıq. Çünki azərbaycanlılar reallığın, həqiqətin fərqindədilər. Amma bunu nə Afrika ölkələri, nə Balkan ölkələri, nə də Avropa ölkələri anladılar. Onların burda oxuyan tələbələri isə o dəhşəti 15 İyulda yaşayıb gördülər. FETÖ-nün vəhşi bir təşkilat olduğunun fərqinə vardılar. Öz millətinə belə güllə atacaq qədər qəddar olduqlarını bildilər.
FETÖ-nün bir çox ölkələrlə əlaqələri var. Ancaq onlar bu təşkilat hələ də həmin ölkələrdə bir hadisə törətməyib deyə bu məsələyə biganə yanaşırlar. Amma bunu yaxşı bilsinlər ki, sabah onların ölkəsi FETÖ-nün yetişdiridiyi üzvlərin əlinə keçə bilər. FETÖ öz ölkəsinə xidmət edən insanlar deyil, CİA-ya, Amerikaya xidmət edən insanlar yetişdirir.
– Yəqin ki, eşitmiş olarsınız. Fətullah Güləndən müsahibə aldığına və bu da terrorçuluğu təbliğ etmək kimi qiymətləndirildiyinə görə Azərbaycanın ilk müstəqil telekanalı olan ANS bağlandı. Azərbaycanın Türkiyəyə bu qədər həssaslıqla yanaşılmasına burda necə reaksiya verilir?
– Təbii ki, Türkiyəyə xəyanət edən təşkilata qarşı çıxan kim varsa, türk xalqı onu bağrına basır. Onsuz da millət olaraq başımıza bir fəlakət gələndə başımızı yana çevirib Azərbaycanın, prezident İlham Əliyevin nə addım atacağına baxırıq. Tək siyasilər baxmır, bütün xalq baxır. Azərbaycanın da başına bir şey gələndə ilk olaraq biz tərəfə baxır. Millətimiz bunu heç vaxt unutmur. İlham Əliyev Avropada Türkiyənin qatılmadığı bir toplantıda bizim əleyhimizə söz deyilən zaman “Bir dəqiqə... Türkiyə burda yoxdur, amma mən varam” deməsi ölkəmizdə ona qarşı müdhiş bir simpatiya yaratdı. Biz sizi özümüzdən ayrı görmürük. Biz bir millətik.
– Son dövrlərdə Türkiyədə ard-arda çox hadisə yaşandı. Bitmək bilməyən terror hadisələri, 15 İyul çevrilişi... Bu kimi olaylar baş verəndə azərbaycanlılar təəssüflə deyir ki, o boyda Türkiyə niyə bu günə düşdü? Biz hələ olayların xaricindəyik. Bəs sizi Türkiyənin bu günü narahat edirmi?
– Mən Azərbaycandakı qardaşlarıma demək istəyirəm ki, heç narahat olmasınlar, heç tərəddüdə düşməsinlər. Türk millətinin bir fərdi belə qalsa, dünyaya meydan oxuyar. Bizim atalarımız 40 nəfərlər Çin səddinə hücum edib. 40 nəfərlə! Biz belə bir millətin övladlarıyıq. Tanrı dağından enmişik, Hira dağında görüşmüşük. Bizim içimiz İslam, çölümüz türkdür. Heç kim bizim belimizi yerə vura bilməz. Biz türk milləti olaraq qiyamətə qədər var olacağıq. Bir nəfər qalsaq belə... Türkiyənin başına bu cür hadisələrin gəlməyi onun gücünü göstərir. Bu gün ətrafımızda çevrilən oyunlar bizim gücümüzdən xəbər verir.
– Yəni Türkiyə kimlərisə narahat edir...
– Bəli. Azərbaycanın bizə qarşı münasibətini də dünyanı idarə edənlər çox yaxşı bilir. Ərdoğan “dünya böyükdür, yoxsa 5?” deyərkən bunu nəzərdə tuturdu. Bu günə kimi BMT-nin toplantısında heç kim belə bir şey deyə bilməmişdi. Bizim millət olaraq həmişə gücümüz var, başımızda bir lider olan zaman dünyanı diz çökdürürük. Bugünkü liderimiz də Rəcəb Tayyib Ərdoğandır!
– Mətin bəy, sizi əvvəlcədən milliyyətçi kimi tanıyırıq. İndi dəmi bu ideyaya qulluq edirsiniz?
– Bəli. Biz ülkücü, milliyyətçi camiənin içindən çıxmışıq. Bizim bir fikir məktəbimiz var. Mən hələ də o fikirləri müdafiə edirəm.
– Onda MHP-dən çıxıb AKP-yə üzv olmaqla sadəcə partiyanızı dəyişmisiniz...
– Bəli. AKP-də də xeyli milliyyətçi düşüncəyə sahib dostlarımız var. Bizim milliyyətçiliyimiz başqa məsələlərlə qarışdırılmasın. Bu, millət milliyyətçiliyidir, irq milliyyətçiliyi deyil. İrq milliyyətçiliyi ilə millət milliyyətçiliyi arasında sıxışıb qalan bir toplum var. Bizim toplum bütövlükdə bayrağını, millətin, vətənini sevər. Bu, milliyyətçilikdir. Mən əsla irq milliyyətçiliyi mövqeyində olmamışam. Millət milliyyətçiliyini yaymaq, təbliğ etmək lazımdır.
– Bilmirəm, fərqinə varmısınız, ya yox, solçuların fikirləri, əsərləri daha sürətlə yayılır, məşhurluq qazanır, nəinki milliyyətçilərin. Siz bunu necə izah edərdiniz?
– Bunun iki səbəbi var. Birincisi, biz öz insanımıza sahib çıxa bilməmişik, çıxmamışıq. Solçular bu mənada daha çox mühafizəkar olublar. İkincisi, onlar sosializmlə birlikdə bir cərəyan formalaşdırıblar. Ancaq biz türk milliyyətçiləri bir cərəyan yarada bilməmişik. Kapitalizmlə hərəkət etmişik. 1980-ci il inqilabında iki qrup var idi. Birincisi ülkücülər, ikincisi solçular. Solçular sosializmi müdafiə edirdi, amma ülkücülər türklüyü müdafiə edirik deyə kapitalizmin arxasınca getdilər. Bu, bir etirafdır, əslində. Biz özümüz bir sistem formalaşdırıb onun müdafiəsinə qalxa bilməmişik. Osmanlı sistemini qoruya bilməmişik. Türkçülər Ziya Gökalpın fəlsəfəsiylə hərəkət ediblər. Onur formalaşdırdığı cərəyanla ortaya çıxıb türk milliyyətçiləri. Bir az geriyə baxanda başqa belə cərəyan yoxdur. Amma sosializmin illər əvvəl formalaşdırdığı bir cərəyan var. Leninin, Stalinin formalaşdırdığı bir sosial nizam var. Biz sosial nizamla bağlı bir fikir ortaya qoya bilməmişik. Amma kapitalizm bir sel kimi gəlib və biz bu selin axınında bir qayıq kimi batmışıq, batırıq. Bunu etiraf etmək lazımdır. Sosializm dünyagörüşü bir də buna görə belə çox yayılır ki, o, çox da qayda-qanunu olmayan bir cərəyandır. Dinsizliyin formalaşdırdığı, dini inancın, əxlaq qaydalarının olmadığı bir sistemdir. 1990-cı illərdə dostlarımız Rusiyada gedib şok olub qayıdırdılar, orda qadın, kişi eyni tualetə gedirdi, qapı yox, bir şey yox. Bu rahatlıq da insanları cəlb eləyir. Kapitalizm də, əslində, onlara dəstək verdi. İkisi də eyni nöqtədə birləşir nəticədə. Sadəcə, kapitalizmdın fərqli olaraq, sosializm insanları istismar etmir. Bu gün güc sahibləri ölkələri bu siyasətlə – istismarla idarə edir. Amma sosializmin ən azından bir dövlət sistemi var, bizdə o da yoxdur.
– Bəs türkün gücü nədədir, sizcə?
– Biz heç vaxt əqidəmizdən, yolumuzdan dönmürük, heç kimin qarşısında diz çökmürük, öləndə də ayaqda ölürük. Biz dünyanı idarə etməyə çalışan o 5 ölkə qarşısında da əyilməyəcəyik, ayaqda öləcəyik. Ayaqda ölmək türk üçün şərəfdir. Tariximizdə bu cür nümunələr çoxdur. Çanaqqala savaşı da bunlardan biridir.
Keçən dəfə Pakistanın İstanbuldakı konsulu danışırdı. Deyir, mənim nənəmin qulağı cırıq idi. Nənəmdən səbəbini soruşdum, danışdı. Deyir, 1915-ci ildə Çanaqqala savaşı dövründə Pakistandan hər gün ora yardım toplanıb göndərilirdi. Kimin nəyi varsa, verirdi. Mən də həmin vaxt yarım toplayanları görüb qulağımdakı sırğanı vermək istədim. Amma çıxara bilmədim, 4-5 il qulağımdan çıxarmadığım üçün yapışıb qalmışdı. Çəkdim, qopartdım, onu verdim deyir.
Çanaqqalada bu gün nə qədər azərbaycanlı, suriyalı, hələbli, iraqlı, pakistanlı, kərküklü qardaşlarımız yaşayır. Bax Çanaqqala basılmış olsaydı, bu millət olmayacaqdı. Bunlar türk millətinin gücüdür. Bu ölkənin övladları bu gücü həmişə göstərə bilərlər, necə ki göstərirlər. |
||
|
||
İlham, Əliyevin, o, sözünü, türk, xalqı, bu, gün, də, unutmur, –, Türkiyəli, millət, vəkili, |
|