The document has moved here.
|
||
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ | ||
Qabil Hüseynli: “Fars hökumətinə turarlı cavabı İranda yaşayan azərbaycanlılar verəcək” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Bu günlərdə İran İslami Şura Məclisi (parlament) İslam Respublikası ilə Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqlədi. İran mətbuatının yazdığına əsasən, razılaşma sərhədlərin qonşularla birgə idarə edilməsi planının bir hissəsi olub. Bu razılaşma, həmçinin, İranla Ermənistan arasında yeganə sərhəd keçid məntəqəsi olan Norduz sərhədyanı terminalına da aiddir.
İran İslami Şura Məclisindən bu razılaşmanı, sadəcə, İranın ticarət mənfəətlərinin möhkəmləndirilməsi kimi xarakterizə ediblər. Lakin azərbaycanlı analitiklər bunu Ermənistan üçün xilas faktoru kimi qiymətləndirirlər.
Bu barədə Xeber365.com-a danışan politoloq Qabil Hüseynli deyir ki, İranın Azərbaycanla böyük tarixi, siyasi və mədəni bağları olsa da, indiyə kimi bu cür faydalı sazişi olmayıb: “Azərbaycanla da müəyyən sazişlər var. Amma bu sazişlərin Ermənistanla bağlanılan sazişlərlə eyni gücə sahib olduğunu demək olmaz. O vaxt İranın Ali dini lideri Xamenei demişdi ki, Qarabağ bizim də torpağımızdı və burada həlak olan hər bir azərbaycanlı şəhid adına layiqdir. Yəni o, Qarabağı doğma torpaq kimi qəbul etmişdi. Çox təəssüflər olsun ki, indi yanaşma belə deyil. Bu saziş İrana, demək olar ki, heç bir iqtisadi qazanc vəd etmir. Lakin Ermənistanı kifayət qədər gücləndirə bilər.
Qabil Hüseynlinin sözlərinə görə, əslində, İran Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri həmişə ermənipərəst mövqe nümayiş etdirib: “İran üzdə Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi görünsə də, hər zaman Ermənistan üçün nəfəslik rolunu oynayıb. Məsələn, Ermənistan blokadada olduğu zaman belə müqavilələr yox idi. Ancaq İran bütün iqtisadi gücündən istifadə edərək Ermənistana yardım edirdi. İndi isə İran münasibətləri hüquqi təməl üzərinə daşımaq istəyir. Ortaq ticarət, azad iqtisadi zonanın yaradılması kimi məsələləri reallaşdırmaq istəyirlər”.
Politoloq iddia edir ki, qarşıda Araz çayının suyundan birgə istifadə məsələsi də İranla Ermənistanın gündəmindədir: “Araz çayının üzərində tikiləcək su anbarından istifadə üçün hüquqi qaydalar da müəyyən olunub. Burada həm hər iki tərəfin ərazilərinin sulanması, həm də, elektrik enerjisi ilə təminat məsələsi nəzərdə tutulub. Şiə dünyasının lideri olan İranın onunla bu qədər yaxın tarixi və mədəni əlaqələri mövcud olan Azərbaycana qarşı belə bir addım atması ağlasığan deyil. Onlar deyəcək ki, bu müqavilə üçüncü bir dövlətə qarşı deyil. Lakin tam dəqiqliyi ilə demək olar ki, bu saziş Azərbaycana qarşı olan bir razılaşmadır. Yəni İran öz gücündən, potensialından istifadə edərək Ermənistanı gücləndirirsə, bu, təbii ki, Azərbaycan üçün təhlükəli məqamlardan biridir”.
Azərbaycanın İranda yaşayan soydaşlarımıza görə heç vaxt anti-İran kampaniyalarına qoşulmadığına diqqət çəkən analitik bu halın gələcəkdə də baş verməyəcəyini düşünür: “Azərbaycan heç vaxt İrana qarşı sanksiyalara qoşulmayıb. Azərbaycan İranla münasibətlərində həmişə həssaslıq göstərib. Biz İranla dostluq əlaqələrini yüksək qiymətləndiririk. Bu müqaviləyə gəlincə isə, əminliklə deyə bilərəm ki, İran xalqı özü buna tutarlı cavab verəcək. İranda əhalinin yarıdan çoxu azərbaycanlıdır. Yaxın zamanlarda, yəqin ki, onların bu müqaviləyə reaksiyasının şahidi olacağıq”.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, cari ilin mart-iyul aylarında Ermənistanla İran arasında quru sərhəd vasitəsi ilə 108 milyon dollarlıq ticarət dövriyyəsi reallaşıb ki, bu da Ermənistanın xarici ölkələrlə ümumi ticarət dövriyyəsinin böyük hissəsini təşkil edir.
Nicat Abdullayev |
||
|
||
İran-Ermənistan, sazişi, Azərbaycana, qarşı, razılaşdırılıb, –, POLİTOLOQ, |
|