The document has moved here.
|
||
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV | ||
"İran kimi qonşu, dost dövlət öz mövqeyini lazım olan zaman bildirmirsə, onda regiona üçüncü qüvvələrin gəlməsi qaçılmaz hala çevriləcək” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Ötən həftə İran Xarici İşlər Nazirliyi, Dağlıq Qarabağ münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunmasının Tehran üçün "daimi narahatlıq" mövzusu olduğunu bəyan etdi.
İlk baxışdan bu bəyanat Sarkisyan hökumətinə bir xəbərdarlıq kimi xarakterizə olunsa da, bunun, əslində, Azərbaycanın maraqlarına zidd olduğunu düşünənlər də var. Bu barədə Xeber365.com-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov hesab edir ki, bu bəyanat ikibaşlıdır və münaqişənin həllinə xidmət etmir, əksinə, uzadılmasına rəvac verir.
“Mənim fikrimcə, bu, Azərbaycan-İran əlaqələrinin səviyyəsinə uyğun olmayan bəyanatdır. Çünki dəfələrlə müxtəlif səviyyələrdə İranın bu münaqişə ilə bağlı mövqeyi ondan ibarət olub ki, işğal edilmiş torpaqlar azad olunmalıdır. Təəssüf ki, bu mövqe birmənalı şəkildə Ermənistan prezidentinə bildirilmədi. Bu, onu göstərir ki, İranda bəzi dairələr Azərbaycana qarşı heç də prinsipial, qardaş mövqedə durmurlar və imkanlarından istifadə edib, işğalçını öz işğalçılıq siyasətindən əl çəkməyə məcbur etmirlər. Bu münaqişənin həlli üçüncü qüvvələrin gücü, regional qüvvələr vasitəsilə olacaq və ya olmayacaq, bu, başqa məsələdir. Əgər İran kimi qonşu, dost dövlət öz mövqeyini lazım olan zaman bildirmirsə, onda regiona üçüncü qüvvələrin gəlməsi qaçılmaz hala çevriləcək”.
Tofiq Zülfüqarovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində region ölkələrinin prinsipiallıq göstərməsi ən vacib şərtdir:
“Nəyə görə bu məsələdə prinsipiallıq bu qədər vacibdir? Ermənistanın ən vacib partnyorlarından biri sayılan İran, əgər bu məsələyə prinsipiallıq göstərmirsə, deməli, bu yola konfliktin həlində bir növ boşluq yaratmış olur. Bu boşluğu üçüncü və dördüncü böyük qüvvələr doldura bilər. Yəni bu baxımdan da bu bəyanat məntiqsizdir. İran regiona başqa qüvvələrin gəlməsini istəmirsə, işğal olunmuş torpaqlar azad olunması üçün öz mövqeyini ortaya qoymalıdır. Düşünürəm ki, İran bu mövqedən yanaşsa və işğalçı Ermənistana qarşı siyasi, iqtisadi sanksiyalar tətbiq etsəydi, bəlkə də, işğal faktı artıq ortadan qalxmışdı. İran özünün birmənalı mövqeyini sərgiləmədiyi halda, Ermənistan da öz məkrli siyasətindən əl çəkmir və dediyim kimi, bu konfliktin həlində boşluq yaradır. Bu boşluq istənilən zaman hansısa üçüncü qüvvə tərəfindən doldurula bilər. Bu, hazırda baş verir və belə davam etdikcə baş verəcək”.
İranın vaxtsız və anlaşıqsız bəyanatını regiona sülhməramlıların yeridiləcəyi kimi də xarakterizə edənlər də oldu. Keçmiş XİN rəhbəri isə, rəsmi Tehranın bu bəyanatını Dağlıq Qarabağa sülməramlı qüvələrin yeridilməsi ilə bağlı müzakirələrin başlaması ilə əlaqələndirmir:
“Bu proses belədir ki, əvvəl sülh əldə olunmalıdır, sonra lazım olarsa, sülhməramlılar təşkil edilə bilər. 1994-ci il Budapeşt sammitinin qərarına əsasən, ATƏT öz sülhməramlılarını təşkil edə və regiona yerləşdirə bilər. 90-cı illərin ortalarında Vyanada bu məsələ ilə bağlı planlaşdırma qrupu yaradılmışdı. Həmin qrupda bir çox ölkəni təmsil edən hərbçilər işləyir. Onlar sülhməramlıların hansı tərkibdə olacağını, necə təşkil olunacağını müəyyənləşdirirlər. Ortada, səhv etmirəmsə, 400 səhifəlik bir sənəd, konsepsiya mövcuddur. Konsepsiyaya görə, bu proses ATƏT-in çərçivəsində və BMT-nin qətnamələri əsasında baş verə bilər. Yəni dövlət başçılarının belə bir qərarı Budabeştdə təsdiq olunub. Amma əsas məqam ondan ibarətdir ki, əvvəl sülh sazişi olmalıdır. Sülh sazişi olandan sonra bu sazişi icra edən sülhməramlı qüvvələr ola bilər. Yəni bu ardıcıllıqla baş verməlidir.
Biz bildiyimiz kimi, sülh sazişi yoxdur. Hazırda belə bir perspektiv də yoxdur. Məhz ona görə də, İran XİN-nin bəyanatının heç bir əsası yoxdur. Bundan əlavə, bu bəyanat onu göstərir ki, İran üçün sülh əsas deyil. Əsas olan regiona üçüncü qüvvənin gəlib-gəlməməsidir. Həmçinin, Azərbaycan ərazisinin işğaldan azad olunması əsas məsələ deyil, hansı tərkibdə sülhməramıların bölgəyə gəlməsi İran üçün əsas məsələdir. Hesab edirəm ki, bu, profesionallıqdan uzaq olan, Azərbaycan-İran dostluq əlaqələrinə xidmət etməyən bir bəyanatdır”.
Nicat Abdullayev
|
||
|
||
İran, istəsəydi,, Ermənistanının, işğal, faktı, ortadan, qalxardı, -, TOFİQ, ZÜLFÜQAROV, |
|