The document has moved here.
|
||
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir” | ||
İnsanın Tanrıyla əlaqəsi yaradılışından indiyə kimi davam edir. Yaradan müəyyən vaxtlarda elçilər göndərib. Onların gətirdikləri məsajın mahiyyəti eyni olub: Tanrı təkdir. İstedad insanın özünü inkişaf etdirməsidir. Bu, bəzən irsi də ola bilir. Şair kimi, rəssam kimi. İnsan ağlını, dərrakəsini istifadə edərək ən güclü kəşfləri edə bilər və yeni mədəniyyətlər yarada bilər. | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
Bu dəfə “18+” layihəsində din, fəlsəfə və insanla bağlı suallarımıza ilahiyyatçı alim Şahin Əhmədoğlu cavab verir.
- Ümumiyyətlə, ilk yaradılış necə olub, yer kürəsi indiki halını necə alıb, ilk insan kimdir, Adəm təkmi yaradılmışdı, yoxsa bir neçə “Adəm”mi vardı, başlanğıc nə vaxtdan başlayır, yer üzündə nə işimiz var kimi suallara bəşəriyyət min illərdir ki, cavab axtarır. Bunlar haqqında bir çox fərziyyə məvcuddur. Kainatı oxumaq onu başa düşmək üçün əvvəlcə onun anlamaq gərək. Bəzən məchulu yaşayırıq, varlığımızı anlamağa çalışırıq. Müxtəlif dinlər, inanclar, fəlsəfələr də bu suala cavab verməyə çalışır. Bing Bang - Böyük Partlayış teoriyası haqqında müəyyən məlumatlar var. Elmi baxış, böyük partlayışdan sonra kainatın eyni zamanda Yer kürəsinin tədricən indiki halını aldığını deməyə əsas verir. Quranda da bu mövzu ilə əlaqədar bir çox məlumat vardır. Məsələn Ənbiya surəsi 30-cu ayədə belə buyurulur: “Məgər inkar edənlər göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?” Bu ayədən çox qədim dövrlərdə böyük bir partlayışın olduğunu söyləmək mümkündür. Ümumiyyətlə, Quranda bununla əlaqədar çox sayda ayələr mövcuddur. Mənim bu sual nöqteyi-nəzərindən başqa bir əlavəm də olacaq. Din, elm və insan bir-birinə sıx tellərlə bağlıdırlar. Məncə, burada əsas məsələ yerin partlayışdan sonramı, əvvəlmi yarandığı yox, bizim bu yer üzərində nə etdiyimiz, nə iş gördüyümüz olmalıdır. - Tibb isbat edir ki, dini ayinlər, rəqslər, dualar, bir sözlə, ibadət zamanı beyində ifraz olunan endorfinlərin uyuşdurucu təsiri insanda rahatlıq, yaxşı əhval yaradır. Yəni min illərdi, mənəvi çalarlar yükləyib “din rahatlıqdır” şüarı ilə təqdim olunan bu şeylər əslində orqanizmdə gedən hansısa proseslərin nəticəsi deyilmi? - İnsan bioloji olaraq mürəkkəb bir varlıqdır. Bu varlığın həm mənəvi, tinsəl yönü var, həm də danışan, ağlayan, gülən, öldürən, yaşadan yönü vardır. Dinə gəlincə, din fitridir. Yəni dünyaya gəldikdən sonra insanlarda nəyəsə inanmaq instinkti mövcuddur. Ya qarşı çıxaraq özünə yeni “rahatladıcı” bir dəyər tapmalısan, ya da dinlərin sənə təqdim etdiyi dəyərlərdən istifadə etməlisən. Bütün insanların axtardığı da bu deyilmi? Rahat olmaq, mutlu yaşamaq və s. Mənə görə inanmaq hürriyyətdir. Hürriyyət insanı rahatladan və ucaldan ən qiymətli dəyərdir. - Tarix boyu kimyagərlər, alimlər “fəlsəfə daşı”nın axtarışında idilər ki, nəyə toxunsalar, qızıl ala biləcəklər. Bunu bir qədər obrazlı anlamda qəbul edib, belə düşünə bilərikmi – nə elm, nə din, nə incəsənət, mükəmməlliyə ancaq fəlsəfə ilə yetişmək olar? - Tanrı insanı mükəmməl yaradıb. İstər din, istər elm, istər fəlsəfə olsun, insanı daha maraqlı bir yönə istiqamətləndirir: Axtarışa! Fəlsəfə də Teologiya (Tanrı elmi) ilə maraqlanır və metafizika ilə iç-içədir. Qədim filosofların düşüncələrini tədqiq edəndə görürsən ki, onların da düşüncələrinin mərkəzində Tanrı, kainat, elm, insan var. Fəlsəfə eyni zamanda düşünmə sənətidir. - Dinimizdə niyə düşüncə, ağıl mərkəzi olaraq beyin yox, qəlb sözü istifadə edilir? Eraf surəsi 179-cu ayə - “Onların qəlbi var, amma anlamazlar, gözləri var görməzlər”, Məhəmməd surəsi 24-cu ayə -“Onlar Quran haqda düşünməzlərmi? Qəlblərinin kilidlərimi var?” və s. - Sualda bir balaca düzəliş etmək lazımdır. Çünkü Quran-i Kərimdə istifadə edilən qavramların dilçilikdən qaynaqlanan bəzi nüansları vardır. Ağıl, qəlb və daxilən görmək -buna bəsirət gözü də deyilir- kimi ifadələr fərqli kəlmələr olsalar da, Quranda eyni mənada işlədilir. Bununla birlikdə “qəlbin kilidli olması” ifadəsi də insanın mənəvi yönünə diqqəti çəkmək üçün istfadə edilən terminlərdəndir. Quranda birbaşa ağılla bağlı çox sayda ayə vardır. Yuxarıda da dediyimiz kimi burada insanın həm mənəvi həm də fiziki xarakterinə işarət edilir. Bizim dilimizdə də buna bənzər ifadələr vardır. Məsələn “başa düşmək” ifadəsi. Burada başa düşmək bir şeyi dərk etmək, anlamaq mənasındadır. Yoxsa başa nəyinsə düşməsindən söhbət getmir. Başqa bir misal. Deyirik ki, sevginin, eşqin, məhəbbətin yeri, ürəkdir, qəlbdir. Bu da ifadə fərqliliyindəndir. Heç görmüsüz ki, birinə “səni ağlımla, beynimlə sevirəm” deyilsin? Hamı deyir ki, “səni ürəkdən sevirəm.” Göründüyü kimi burda ağılla qəlb eyni mənada işlədilir. - Din insanlığı daxili rahatlıq, elm isə həqiqət axtarışına dəvət edir. Həqiqət axtaran biri isə daima daxili narahatlıq içərisində olmağa məhkumdur. Bu baxımdan din həqiqəti axtarmayaq deyə düşünülmüş bir qavram deyilmi? - Özümü tanımağa başladıqdan sonra qarşıma çıxan ilk suallardan bəziləri bunlardır: “Mən kiməm?”, “Bu dünyada nə işim var?”, “Bu dünyaya niyə gəlmişəm?.” Bilirsiz, düşünən insanın rahat olması mümkün deyildir. Bəlkə düşünməyin özü bir rahatlıqdır desək, daha doğru olar. İnsanın kainatdakı köklü problemlərindən biri də öz varlığını dərk etməsidir. Varlıq, yoxluq və ya heçlik düşüncəsinin təməlində də bu yatır əslində. Deyək ki, din rahatlıq verir, elm də həqiqət axtarışına dəvət edir. Gəlin, bunun ikisini bir-birindən ayırmayaq, birləşdirək və hər ikisinin insanın müəkəmməlliyinə yardım etməsinə çalışaq. - Səmavi kitabların haqqında danışdığı Yaradan “hər şeyə gücü yetən”, “daim itaət istəyəndi”. Bəlkə dindar təbəqənin çoxluq təşkil etdiyi toplumlardakı patriarxal zehniyyət, qadın düşmənçiliyi burdan qaynaqlanır? - Sualınızdan belə çıxır ki, sanki Yaradan “kişi”dir. Bu yanlış bir anlayışdır. Düzdür Yaradan səmavi kitablarda özünü “kişi” cinsində qələmə verir. Ancaq Yaradana kişi və ya qadın sifətlərinin verilməsi doğru deyil. Partiarxal cəmiyyətlərdəki güc hakimiyyətinin kişilərdə olması isə fiziki bir hadisədir. Həqiqətən, kişilər qadınlara nisbətdə fiziki olaraq daha güclüdürlər. Ancaq onların güclü olması haqlı olduqları mənasına gəlməməlidir. Çünkü əsl güc haqlının güclü olmasıdır. Qadının cəmiyyətdəki mövqeyinə gəlincə, bu cəmiyyətlərin inkişafına görə izah edilə bilir. Həm xristianlıqda, həm yəhudilikdə, həm də islamda qadına xüsusi yer verilib. İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir. (Bəqərə surəsi 187). Problemin kökündə kişilərin qadınlara baxış tərzinin yanlış formalaşması dayanır. Unutmamalıyıq ki, qadın həm də kişini dünyaya gətirən müqəddəs varlıqdır. Necə olur ki, onu dünyaya gətirən bir varlığa qarşı cins belə bir mənfi baxış tərzi formalaşdırır? Ümumiyyətlə, kişi qadınla güclüdür. - İnsanlar həyatları boyu özlərinə dost, peşə, maraq dairəsi, məşğulluq növü seçə bildiyi halda, niyə böyük bir əksəriyyət, məhz, nəslinin, ailəsinin dini etiqadlarını izləyir, o dinin yolu ilə gedir? Yəni musiqinin, həyatın, sənətin ən yaxşısını, münasibini seçə bildiyi halda insan niyə dini inancları sorğulamadan, ona təqdim olunan kimi seçir və inanır? - Bunu ifadə etmək istəyirəm ki, bizim kimi cəmiyyətlərdə sorğulamaq kültürü hələ kifayət qədər inkişaf etməyib. İnsan öz çevrəsinin məhsulu olaraq yetişir. Bu, qaçılmaz bir prosesdir. Musiqidə də, sənətdə də dinin müyyən təsiri vardır. Din özü sorğulamağı, düşünməyi, təfəkkür etməyi təlqin edir. Bəs ağıl nə üçündür? İnsan ağıllı varlıq olduğu üçün onun sorğulama qabiliyyəti də var. Sorğulama kültürünün inkişaf etdirilməsi, eyni zamanda sorğulayan insanların, digərləri tərəfindən fikirləriqəbuk olunmasa belə, onlara hörmət mədəniyyətinin aşılanması gərəkdir. Çünkü sorğulamaq inkişafın əsas meyarlarındandır. İnkişaf etmiş cəmiyyətlərdə bunu görmək mümkündür. - Türk təhsil siteminin bizə gətirdiyi litseylər orta məktəbdən uşaqları götürdü və dərslərlə yanaşı bu və ya digər şəkildə dini inancların da təbliği ilə məşğul oldu. O sistemdən uzaqlaşandan sonra isə həmin uşaqların böyük bir qismi dindən də uzaqlaşdılar. Bunun səbəbləri nə ola bilər? Yəni din tək inanc, təbliğat deyil, həm də mühit məsələsidirmi? - Təhsil sahəsindəki çatışmazlıqlar bizi müəyyən dərəcədə başqa təhsil sistemlərinə istiqamətləndirdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyanın çox ölkələrindən təhsil adı altında ölkəmizə gələn təşkilatlar öz düşüncələrini yaymaq üçün bu metoddan istifadə edirlər. Təhsil səviyyəsinin aşağı olması, din haqqındakı əskik və yanlış bilgilər müəyyən inancların təsiri altına düşməyə imkan verdi. Bunun üçün milli təhsil konsepsiyasının hazırlanması vacibdir. Ancaq “bu, uşaqların böyük qismi dindən uzaqlaşdı” fikrinizi məqbul saymıram. Bəlkə belə demək mümkündür ki, onlar sadəcə dindar olmadılar. - İsa Məsih “kiçik uşaqlar kimi olmayınca sizə nicat yoxdur” deyirdi. Buddizmdə də uşaqlıq yüksək mərtəbələrdən biri kimi təqdim edilir. Bu nə anlama gəlir? Kamilliyə gedən yol keçmişəmi qayıdır? - Kiçik uşaqlar deməkdə məqsəd budur: İnsan dünyaya pak, təmiz və saf olaraq gəlir. Buna görə də bütün uşaqlar günahsız, məsum qəbul edilirlər. Kamilliyə gedən yol keçmişə qayıtmır əlbəttə. Ancaq uşaqlıq dövrünün saflığına, təmizliyinə qayıdışdır demək daha doğru olardı. Bu mənada kamilliyə gedən yol cahillikdən keçir. Əvvəlcə bilmirsən, öyrənirsən, düşünürsən, ağlın və məntiqin daha çox istifadə edildiyi kamillik dövrünə qədəm qoyursan. Bu proses bir ömür boyu sürər. Yani “mən kamilliyə çatdım” demək doğru deyil. Kamilləşmə bu dünyadan ayrılana qədər davam edən bir prosesdir. Dinlər də insanı kamilliyə aparan bir vasitədir. Keçmiş ona görə maraqlıdır ki, onun haqqında çox az şey bilirik. Bu da özlüyündə cazibə mərkəzi yaradır. - “Tanrı niyə varam sualına cavab tapa bilməyənlər üçün var” fikrinə münasibətiniz? - Bilirsiz, elə suallar verirsiniz ki, sanki bəşəriyyətin minillərdir cavabını axtardığı suallara bu müsahibədə cavab verməliyəm. Bu sualınıza tək bir kəlməylə cavab verəcəyəm: “Tanrı! Yaxşı ki varam”. - Mifologiya və dini mətnlərdən gəlib incəsənətin müxtəlif sahələrinə səpələnmiş anlayışlar var – qadın, işıq, ağac kimi. Bunların ümumi, ortaq cəhəti varmı? Bu haqda nə düşünürsünüz? - Qədim miflərdə qadın, işıq və ağac kimi simvolik anlayışların mövcud olduğu həqiqətdir. Bununla birlikdə qadın bütün miflərdə, mədəniyyətlərdə, cəmiyyətlərdə mərkəzdə yer alır. Bəzən qadını o qədər müqəddəsləşdiriblər ki, onu tanrıça, ilahə olaraq qəbul ediblər. İşıq nur, aydınladan kimi qəbul edilir, qadını yenə bu mənada işıq kimi dəyərləndirənlər də var. Türk mifologiyasında da işıq əhəmiyyətli yer tutur. Məsələn, Çingiz xanın anası Alankovanın işıqdan hamilə qaldığı, Oğuz Kağanın işıqdan çıxan bir qadınla evləndiyi haqqında da miflər var. Ağaca gəlincə, qədim inanc sistemlərində ağac gücü, qüdrəti təmsil edir. Bəzən ağacın da müqəddəsləşdirildiyini görmək mümkündür. Bunların hər üçünün insan həyatındakı təsirləri qaçılmazdır. Qadını yaşamın özü, işığı saflığı, ağacı da meyvələri kimi qiymətləndirə bilərik. - Budda gözlərini yumdu və illər sonra gözlərini açıb “həqiqəti tapdım” dedi. Doğrudanmı, həqiqəti tapmaq üçün gözlərini “bağlamalısan”? - Düşünərkən, təfəkkür etdiyimizdə gözlərimizi qapayırıq. Ancaq mənə elə gəlir ki, Buddanın bu sözü deməkdə məqsədi özünüdərkdir. İnsan özünü dərk etdikcə kainatı, varlığı, yaradılışı anlaya bilir. Bu mənada kənar təsirlərdən uzaqlaşaraq qapanmaq və həqiqəti axtarıb tapmaq üçün gözlərini “bağlamalısan”. - İstedadın Tanrı tərəfindən verildiyini, onun “göydən gəldiyini” iddia edən şəxslərin islam dinini qəbul etməməsi, Quranın peyğəmbərə vəhy şəklində ötürülməsinə inanmaması paradoksal deyilmi? - İnsanın Tanrıyla əlaqəsi yaradılışından indiyə kimi davam edir. Yaradan müəyyən vaxtlarda elçilər göndərib. Onların gətirdikləri məsajın mahiyyəti eyni olub: Tanrı təkdir. İstedad insanın özünü inkişaf etdirməsidir. Bu, bəzən irsi də ola bilir. Şair kimi, rəssam kimi. İnsan ağlını, dərrakəsini istifadə edərək ən güclü kəşfləri edə bilər və yeni mədəniyyətlər yarada bilər. Bu onun öz əlindədir. Dini, islamı qəbul edib, etməmək də insanın öz əlindədir. Kimsə kimsəyə məcburi şəkildə heç bir şeyi qəbul etdirə bilməz. + Müsahibəmizlə bağlı hansısa təklifiniz, iradınız varsa, buyurun. |
||
|
||
“İslam, dini, , kişi, ilə, qadını, bir-birinin, libası,, örtüsü, kimi, qələmə, verir”, |
|