The document has moved here.
|
||
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var | ||
İRAQ TÜRKLƏRİ GÜCLÜ BASQI ALTINDA: Harda türk varsa, orada ona zülm edilir | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin hakimiyyət dairələri bölgənin dövlət müstəqilliyi ilə bağlı referendumun keçiriləcəyi vaxtı açıqlayıblar.
“Al Jazeera”nin məlumatına görə, “İraq Kürdüstanı”nın başçısı Məsud Bərzaninin köməkçisi Hemin Xəvranı deyib ki, referendum sentyabrın 25-də olacaq. Region sakinləri İraqın tərkibində geniş səlahiyyətlərə malik muxtariyyət kimi qalmağa və ya tam müstəqil olmağa səs verməlidirlər.
Kürdlər bildirirlər ki, referendumun keçiriləcəyi ərazilərə onlar Kərkükü və bu şəhərin ətrafını da daxil ediblər. Hazırda həmin bölgəyə kürdlərin silahlı birləşmələri olan “peşmərgə”lər nəzarət etsələr də, Kərkük şəhərini rəsmi Bağdad kürd ərazisi hesab etmir. Kərkükün əsl sahibləri türkmənlərsə bu vəziyyətdən çox narahatdır. Kürdlər “peşmərgə” yaraqlıları vasitəsi ilə bölgədə yaşayan türkləri özlərinə tabe etməyə çalışırlar.
Xeber365.com Kərkükdə baş verənləri, bölgədəki türklərin vəziyyətini və ümumilikdə geosiyasi gedişatın görünən və görünməyən məqamlarını araşdırmağa çalışıb. Mövcud durumla bağlı suallarımızı İraq Türkman Cəbhəsinin liderlərindən biri, Kərkük Əyalət Məclisinin üzvü, “İraq türkləri cəmiyyəti”nin sözçüsü Əli Mehdi Sadiq cavablandırıb.
– Əli Mehdi bəy, keçiriləcək referendumun fonunda Kərkükdə vəziyyət necədir?
– Əslində, Kərkükdə vəziyyət indi pisləşməyib. Gərginlik XX əsrin əvvəlindən başlayıb. Əsrin əvvəlindən bu yana, indiki kimi çətinliklə yaşayırıq. Bəzən gərginlik azalır, bəzənsə çoxalır.
Biz 2003-cü ildən sonra elə hesab etdik ki, vəziyyət düzələcək. Lakin çox təəssüf ki, düzəlmədi. Təəsüflər olsun ki, harda türk varsa həmin yerdə mütləq onlara zülm edən başqaları da olur. Kərkükdə də türkmənlər yaşayır. Türkmənlər 2003-cü ildən bu yana çox ağır şərtlər altında yaşayır. Bütün olanlar azmış kimi son 3 ayda yeni böhranlar da yarandı. Bayraq böhranını və referendum məsələsini nəzərdə tuturam. Bölgədəki türklərə aid bayraqlar heç kimdən soruşulmadan idarə və müəsissələrin qarşısından, ictimai yerlərdən yığışdırılaraq yerinə kürd bayraqları asıldı. Biz dövlət orqanlarına, məhkəmələrə şikayət etsək də bu bayraqlar yığışdırılmadı. Konstitusiya bu bayraqların asılmasını qadağan edir. Biz də buna görə Konstitusiya Məhkəməsinə müraciət etdik. Məhkəmənin 2 iclası nəticə vermədi. Ümid edirik ki, üçüncü iclasda nəticə olacaq və bizim bayraqlarımız yerinə qaytarılacaq.
– Necə düşünürsünüz, bayraq məsələsi həll olunarsa, bunu Kərkük türklərinin bölgədəki əsas probleminin həll olunması kimi xarakterizə etmək olarmı?
– Əsas problem qarşıdadır. Kürdlər referenduma hazırlaşırlar. Onlar İraq torpaqlarında öz dövlətlərini qurmaq istəyirlər. Kərkükü də həmin qurulacaq kürd dövlətinin tərkibinə qatmaq istəyirlər. Kərkükdəki ərəbləri və digər millətləri sakitləşdiriblər. Amma türkmənlər buna qarşıdırlar. Bu gün İraq və qonşu ölkələr daxil, heç kim Kürdüstan dövlətini qəbul etmir. Ən azından sözdə qəbul etmirlər. Yəni mesaj verirlər ki, bu onların xoşuna gəlmir. Amma kürdlər bu məsədə heç kimə qulaq asmır. Referendum keçirməkdə çox qərarlıdırlar. Xalqımız çox çətin vəziyyətdədir. İnsanlar qorxu içində yaşayırlar. Onların bu siyasətinə qarşıyıq deyə zülmə, şiddətə məruz qalırıq. Biz bütün bunları həm İraq, həm Türkiyə mediası vasitəsilə, indi də sizin vasitənizlə dünyaya çatdırmağa çalışırıq. Biz türkmənlər olaraq bir kürd respublikasında yaşamaq istəmirik. Konstitusiya da bizdən yanadır. Konstitusiyanın birinci maddəsində deyilir ki, İraq fedaral respublikadır və bölünməzdir.
– Bəs onda kürdlər referendumu necə keçirirlər? Yəni İraq hökuməti niyə buna icazə verir?
– Demək ki, bəzi dövlətlər onlara bu məsələdə yardım edir. Xaricdən dəstək alıb, daxildə bütün əraziləri “Peşmərgə” teror təşkilatı vasitəsilə nəzarətə götürüblər. Bizimsə silahımız, gücümüz yoxdur. Bir tərəfdən, Kərkükün 30 km yaxınlığında İŞİD terorçuları, digər tərəfdən isə, “Peşmərgə” yaraqlıları dayanıb.
– Əli Mehdi bəy, tarixdən bizə məlumdur ki, Kərkük türkmən torpağı olub. Amma Kərkük məclisində türkmənlərin çox az millət vəkili var. Kürdlərin 26, türkmənlərin isə cəmi 6 millət vəkili var. Bu, niyə belədir?
– 2003-cü ildən sonra amerikalılar Kərkükdə ilk məclisi qurdular. Bu məclisdə 24 millət vəkili oldu. Bunun 12-i kürdlərə, yerdə qalan 12-ini isə bərabər bölünməklə türkmən və ərəblərə verdilər. Bu məclis seçimlə təşkil edilmədi. Birbaşa olaraq təşkil olundu. Ondan sonra Kərkükdə bir kürd hakimiyyəti yarandı. Ərbildən Süleymaniyəyə qədər olan əraziyə 500 min kürd yerləşdirildi. 500 min kürd Kərkükdə yerləşdiriləndən sonra bizim sayımız azaldı və ümumi əhalinin 25 faizini təşkil etdik. Məclisdə millət vəkillərinin sayı 50 nəfərə qaldırıldı və saxta bir seçki keçirildi. Bu seçimi İraq şiə hökuməti də dəstəklədi. Bununla da kürdlər məclisdəki saylarını bu səviyyəyə qaldıra bildilər. Yoxsa türklərin Kərkük Məclisində sayı bu qədər olmalı deyildi. Onsuzda seçki yalnız 2005-ci ildə keçirilib və ondan sonra da düzgün seçki olmayıb.
– Siz dediniz ki, Kərkükə kürdlər köçürüldü və mediadan da izlədiyimiz qədər, kürdlər deyirlər ki, biz Səddam Hüseynin dövründə həmin ərazidən sürgün olunmuşuq. Bu, doğrudanmı belədir, yoxsa sadəcə bir iddiadır?
– Kürdlər heç vaxt Kərkükün içində yaşamayıblar. Onlar Kərkükün ətrafından, kəndlərdən sürgün olunublar. Nə qədər kürd sürgün olunubsa, bir o qədər də türkmən sürgün olunub. Amma dediyim kimi, Kərkükdən yox, Kərkük ətrafından. Türkmənlər isə Kərkükdən sürgün olunmuşdular. Lakin onlar güclənəndən sonra sürgün olunanlardan 2 dəfə artıq kürdü Kərkükə köçürdülər.
– Yəqin ki, bütün bu prosesləri həyata keçirmək üçün güclü dəstəyə ehtiyac var. Söhbətimiz zamanı da kürdlərə digər ölkələrin kömək etdiyini dediniz. Bəs sizə necə, kömək edən varmı? Elə götürək türkdilli ölkələri...
– Təəssüflər olsun ki, yox. Bizə, ümumiyyətlə, dəstək göstərən yeganə ölkə Türkiyədir. Hər baxımdan kömək etməyə çalışırlar. Amma bu, yetərli deyil. Bizim istəyimiz, arzumuz odur ki, dilimiz, millətimiz bir olan Azərbaycan da bizə dəstək versin. Mən övladlarımızı universitetə yerləşdirmək üçün Bakıya gəlmişəm. Bizim İraqda öz dilimizdə təhsil almaq üçün universitetimiz yoxdur. Ya ərəb dilində təhsil almalıyıq, ya da təhsilsiz qalmalıyıq. Türkiyə hər il bizim üçün təqaüd proqramı elan edir. Yəni biz gedib orada pulsuz təhsil ala bilirik. Lakin Azərbaycanda belə deyil. Xarici vətəndaş kimi pul ödəməliyik. Biz də bu ölkənin soydaşı sayılırıq. Əgər gənclərimiz üçün 50-100 yerlik təqaüd proqramı elan edilsə, bizə çox böyük kömək edilmiş olar. Axı Azərbaycan bizim də Ana Vətənimizdir.
Nicat Abdullayev |
||
|
||
Kərküklü, millət, vəkili, Azərbaycandan, kömək, istədi:, Kərkük, türklərinin, buna, ehtiyacı, var, , |
|