Müsahibimiz keçmiş MTN zabiti İlham İsmayılla söhbətimizdə prezident İlham Əliyevin 17 oktyabr və 14 dekabr sərəncam və fərmanlarını müzakirə etdik. Bəlli olduğu kimi prezident oktyabrın 17-də Eldar Mahmudovu Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edəndən sonra nazirliyin yüksək rütbəli zabitlərinin həbsi başladı. Dekabrın 14-də isə Milli Təhlükəsizlik Nazirliyi ləğv olundu və yerində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Bununla bağlı yaranan suallarımıza İlham İsmayılı hədəf seçdik.
- İlham müəllim, prezidentin MTN-lə bağlı 14 dekabr sərəncam və fərmanını nece dəyərləndirirsiz?
- Prezidentin sərəncamı və fərmanına uyğun olaraq Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki və kadr bazası əsasında 2 qurum yaradılıb-Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti. Əsas odur ki, xarici kəşfiyyata müstəqillik verilib. Indiyə qədər bu qurum MTN-nin kəşfiyyat idarəsi adlanırdı. İkinci məqam adların dəyişdirilməsidir ki, bunu müsbət qarşılayıram. Ümumiyyətlə, hər iki addımı müsbət hesab edirəm. Adların dəyişməsinin müsbət tərəfi odur ki, Eldar Mahmudovun 11 il 3 aylıq fəaliyyəti dövründə nazirlik barədə çox mənfi imic formalaşmışdı. Bu baxımdan adın dəyişdirilməsi yaxşıdı ki, insanların yaddaşlarından silinsin. İkincisi, biz bir neçə il əvvəl də kəşfiyyat xidmətinin müstəqil olmağının vacibliyini mətbuatda səsləndirirdik. Həm də ABŞ, Rusiya və İsraildə olan variantları önə çəkir və bunun müsbət olduğunu deyirdik. Amma oktyabrın 17-də imzalanan sərəncamın ardından baş verən hadisələrə müəyyən aydınlıq gələndən sonra kəşfiyyat xidmətinin ayrılmasını vacib hesab edirdik. Amma hadisələr elə inkişaf etdi ki, dövlət başçısı daha tez qərar verdi və xidməti ayırdı. Bunun müsbət tərəfləri nədən ibarətdir? Azərbaycanın yerləşdiyi coğrafi məkan və dövlətimiz elə bir hədəfdədir ki, mütləq təhlükəni önləyən və əvvəlcədən hiss edən informasiyalar lazımdır. İnformasiyanı kənardan əks-kəşfiyyat yox, kəşfiyyat alır. Bu gün Azərbaycanda peşəkar kəşfiyyatçılara ehtiyac var. Bu mənada kəşfiyyat qurumu müstəqil olanda peşəkarların sayı da artacaq, qurum müstəqil qərarlar qəbul edəcək, ən azı, yaxşı kadr bazası yaranacaq. Məhz, kəşfiyyata görə. Bu informasiyaların əldə edilməsi Azərbaycanın təhlükəsizliyinə xidmət edəcək.
- Siz müəyyən aydınlıq gəlməsinin vacibliyinə də toxundunuz. Nədən ibarətdir bu aydınlıq?
- Birinci, hələ 11 il 3 ay ərzində kimlərin işə götürüldüyü və onların peşəkarlıq dərəcəsinin səviyyəsi bilinmirdi. İkinci, kimin peşəkar olması, yaxud kimin kimin qohumu olduğu üçün işə götürülməsinə də aydınlıq gətirilməliydi. Bütövlükdə təmizləmə prosesi getməliydi. Mən inanmırdım ki, qısa müddətdə, 2-3 ayda nəsə etmək olar. Görünür, Azərbaycanın durumu müəyyən qərarları tələb edir. Biz kənardan baxıb proqnoz veririk, amma işin içində olanlar, məhz, indi kəşfiyyatın ayrılmasını uğurlu hesab edib ayırdılar. Bir az kadr ehtiyatı baxımından çətin olacaq, amma indiki durum və perspektiv üçün kəşfiyyatın ayrılması çox yaxşıdır.
"Eldar Mahmudov fiquru və ətrafı Azərbaycan cəmiyyətində müsbət emosiya doğurmadığından…"
- Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev sərəncamdan 2 gün əvvəl 250 nəfərin MTN-dən çıxarıldığını bildirmişdi. 250 nəfərin içində peşəkarlar da ola bilərmi?
- İnanmıram ki, peşəkarlar olaydı. Onları işə dəvət edərdilər. Ola bilər. Mahmudov dövründə hansısa peşəkar təsadüfən işə götürülüb. Ona görə təsadüfən deyirəm ki, 11 il 3 ayda hər şey müəyyən hesabla götürülüb.
- 80 nəfərin öz qohumu olduğu bildirilir...
- Güman ki, 80 nəfər də 250 nəfərin içindəymiş. Bəlkə də təsadüfən, ötən müddətdə yaxşı kadrlar yetişib. Bu, o demək deyil ki, Mahmudov işə götürüb deyə, onları işdən azad etmək lazımdır. O adamlar işdən çıxarıldı ki, doğrudan da, yararsızdır və bu son deyil, yəni 250 nəfərlə bitəcək. Əvvəla, kadr say hesabıyla şişirdilib, SSRİ kimi nəhəng dövlətin təhlükəsizlik orqanında bu qədər adam işləmirdi.
- Azərbaycan DTK-da nə qədər adam işləyirdi?
- Say heç zaman açıqlanmırdı. Mən işlədiyim Gəncə şəhərindən danışa bilərəm. Gəncədə texniki heyətlə-sürücü, xadimə, komendantla bir yerdə 22 nəfər adam vardı. İndi 3 dəfə çoxdur, buna ehtiyac varmı? Həm də o zaman biz ətrafdakı rayonlara da nəzarət edirdik. Bu mənada 250 nəfərdən daha çox ixtisarlar olacaq.
- Ümumiyyətlə, son zamanlar ölkədə kadr böhranı yaşanır. Bu, icra hakimiyyətləri başçılarının rotasiya qaydasında təyinatında özünü göstərir. İndi də təhlükəsizlik sahəsində. Düzdür, zaman lazımdır ki, kadrlar yetişdirilsin. Keçmiş zabit kimi təklifiniz nədir?
"SSRİ kimi nəhəng dövlətin təhlükəsizlik orqanında bu qədər adam işləmirdi"
- Bəli, doğrudur, bu gün respublikada kadr böhranı var və bu, özünü yalnız milli təhlükəsizlik sahəsində göstərmir. Çünki kadrları iş qabiliyyəti və peşəkarlığa görə yox, başqa prinsiplərə əsaslanıb götürürlər. O tipli adamları da tapanda sədaqət meyarı və müxalifətə münasibəti əsas götürülür. Belə olanda da kadr qıtlığı yaranmalıydı. Düzdür, MTN-nin kadr hazırlamaq üçün böyük bir akademiyası var. Hesab edirəm ki, bu akademiyanın işini yenidən qurmaq lazımdır, şərtlər tamam başqa cür olmalıdır və ən vacibi imtahanları Tələbə Qəbulu Komissiyasının aparmasına da ehtiyac yoxdur. O cümlədən, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin kadrlar idarəsi özləri kadrları tapmalı və seçməlidirlər.
- Bu, uzun zaman tələb edən və çətin proses olmayacaqmı?
- 70 illik sovet imperiyası belə işləyib. Xatırlayırsınızsa, DTK-nin məktəbi ali məktəb kimi elan olunurdu və hamı gedib orda oxuyurdu.
- Bəlkə bu sualımda naşılıq olsun, amma bilmək istəyirəm, xarici ölkələrin təhlükəsizlik məktəblərində oxumağa ehtiyac varmı?
- Yox. Xaricə göndərilən tələbənin həmin ölkənin təhlükəsizlik orqanları tərəfindən cəlb olunmayacağına təminat verə bilməzsən. Sadəcə, xaricdən mütəxəssisləri, peşəkarları çağırıb dərs vermək olar. Mən demirəm ki, “verbovka” məsələsiylə bağlı xaricdən tələbə çağırmalıyıq, bizim insanın xarakterini özümüzdən başqa kimsə bilməz. Amma texnikanın inkişaf etdiyi zamanda xüsusi mütəxəsislərə ehtiyac var və əsasən, Türkiyədən belə peşəkarları dəvət edə bilərik.
- 14 dekabr fərmanı bəzi sualları gündəmə gətirdi. Məsələn, binanı necə böləcəklər, yaxud daha vacib məqam -bu iki qurumun əməliyyat zamanı bir-birinə mane olması. Axı, bir sıra filmlərdə bu cür epizodlara rast gəlmişik...
- Bəzən filmlərdə olanlar həqiqətləri əks etdirmir. Münasibətlərdəki gərginlik əks-kəşfiyyat və kəşfiyyat arasında yox, polislə olur. Çünki hər birinin öz yanaşma metodu var. Bizdə isə bu problemlər yaşanmayacaq.
- Nəyə görə belə düşünürsünüz?
- Xarici kəşfiyyat xidmətçisi xaricdə işləyəcək. Dövlət Təhlükəsizliyi Xidməti, əsasən, daxildə işləyəcək və müəyyən işlər olacaq ki, mütləq koordinasiya olunmalı və əməliyyat bir yerdə keçirilməlidir. Hər halda Dövlət Təhlükəsizlik Xidməti öz statusuna görə daha üstündür, həm say hesabına, həm də səlahiyyətinə görə daxildə daha üstün sayılır. Söhbət heç də yalnız Azərbaycandan getmir. SSRİ DTK-nın sədri Kryuçkovu xartırlayırsınız. O, əvvəlcə xarici kəşfiyyat idarəsinin, birinci idarənin rəisi idi, sonra vəzifəsini böyütdülər. Perspektivdə kəşfiyyat idarəsinin rəisi əks-kəşfiyyata rəhbər qoyulanda heç təəccüblənməyin. Yaxud əks-kəşfiyyatdan kəşfiyyata kadr keçirilir, parametrlər var da. Ola bilsin ki, həmin şəxs xaricdə lazım olur, çünki xarici dilləri bilir, başqa keyfiyyətləri də öz yerində. Binaya gəlincə, xarici kəşfiyyat əvvəldən ayrı binada otururdu, sovet dövründə bir yerdə olsalar da, xarici kəşfiyyatın ayrıca yeri vardı. Bu yaxınlara qədər onlar köhnə binadaydı.
- Bir incə məqam da var: agentuta şəbəkəsi. Bunlar necə olacaq?
- Onsuz da kəşfiyyatın agenturası kəşfiyyatın idi, əks-kəşfiyyatın şəbəkəsi də yerində qalır. Heç bir problem olmayacaq. Kəşfiyyatın da daxildə və xaricdə agenturası var, xaricdə olanlar onsuz da xarici kəşfiyyata bağlıydı. Bütün bu məsələlər, texniki tərəflər çox asanlıqla yoluna qoyulan, amma vaxt aparan problemlərdir.
- 17 oktyabr sərəncamından sonra, keçmiş nazirliyin Anti-terror mərkəzinin rəis müavini İlqar Əliyevin həbsindən sonra çoxlu suallar meydana çıxdı. Mətbuatda, sosial şəbəkələrdə onun media və siyasi dairələrdə agentura şəbəkəsinə malik olduğu bildirilirdi. Sizə elə gəlmir ki, bütün bunlar şəbəkəni müəyyən qədər deşifrə etdi?
- Düşünmürəm ki, tam deşifrə etdi. Reketler deşifrə olundu, agentlər yox. Sizə elə gəlir ki, onlar dövlətin təhlükəsizliyi üçün mətbuat işçilərini cəlb etmişdilər? Burda iki məsələ ola bilər: birinci, Düşünə bilərlər ki, müxalif mediadan kimisə cəlb etsinlər. Onlar üçün rəsmi qəzetlərdən kimisə “verbovka” etmək gərəkli deyil. Yalnız reket məqsədləri üçün “verbovka” edərlər.
- Amma söhbət siyasilərdən, partiya sədrlərindən, yaxud funksionerlərdən gedir...
- O başqa məsələdir və onları heç vaxt deşifrə etmək mümkün deyil, bu mümkün də olmayacaq. Sadəcə, böyük bir zərbə olacaq, yəni bu adamlar böyük canfəşanlıqla işləyə bilməyəcəklər. Onları yenidən təlim və tərbiyə etmək lazımdır və bunun üçün də zaman lazımdır. Söhbət yenidən dövlətin təhlükəsizliyi ilə bağlı tapşırıqların verilməsindən gedir.
- Vəziyyət o dərəcədə aşkarlanmışdı ki, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər bir partiya sədri haqqında “MTN-nin gədəsinin agenti” ifadəsini də işlətmişdi və hamı da söhbətin kimdən getdiyini bilirdi. Sizə elə gəlmir ki, artıq bu məsələlər deşifrə olunur?
- Çox pis. Onsuz da 11 il 3 aylıq fəaliyyət o qədər açıq oldu və o adamlardan istifadə olundu ki, onlar məxfi əməkdaşlığı sanki özlərinə bir “blat” hesab etdilər. Və yeri gələndə özlərini, məhz, MTN xətti ilə yuxarı instansiyalara tapşırtdırdılar da. Bu, başqa orqanlarda da olub. Yaxın günlərdə hörmətli vəkil Aslan İsmayılovun bir yazısında qeyd olunurdu ki. prokurorluq orqanlarında filankəslər, məhz, MTN-ə görə “at oynadırdılar”. Deməli, o qədər pis təlim-tərbiyə keçiblər ki, həmin agent özünü ifşa etməyə başlayır. Bəli, sovet dövründə də agenti vəzifədə irəli çəkmək vardı, amma DTK heç vaxt onu birbaşa öz xətti ilə etməzdi. Yəni zavodun direktoruna deməzdilər ki, filankəsi mühəndis vəzifəsinə təyin et. Bu mümkün deyildi, çünki belə olanda agent ifşa olunurdu. Sadəcə şəhər rəhbəri vasitəsilə tapşırılırdı və elə edilirdi ki, bilinmirdi. Ona görə ki, agent DTK üçün vacib idi, informasiya naminə.
- Siz 11 il 3 ay rəqəmini bir neçə dəfə işlətdiniz. Bu mənada 11 il 3 ay nazirliyə rəhbərlik etmiş Eldar Mahmudov və onun komandasının taleyini necə görürsünüz? Dövlət və cəmiyyət onlarla necə hesablaşmalıdır?
- Bütün xüsusi xidmət orqanları dövlətin bel sütunu sayılır. Bel sütununun əyilməz olduğunu görmək üçün bu cinayətkarların hamısı cəzasını almalıdır. Hamı gördü ki, 11 il 3 ay ərzində yaradılmış bir dəstə monstr vardı və hamısı MTN-nin adından gedirdi. Deməli, bu qurumu yenidən dövlətin bel sütununa çevirmək üçün bu adamların hamısı qanunsuz əməllərinə görə cəzalanmalıdırlar.
- Ancaq bu adamların sirr daşıyıcıları olduğunu da nəzərə alın...
- Ümumi qayda var: kim xüsusi xidmət orqanından istefaya çıxırsa, yaxud həbs olunursa, müvafiq sənədə imza edir. Ki, xidməti dövrdə bildiyi sirləri açmayacaq, açdığı halda Cinayət Məcəlləsinin filan maddəsinə görə məsuliyyət daşıyır və həbs oluna biləcəyini qeyd edir.
- Onların imzasına təminat varmı?
- Əlbəttə. Mən 1995-ci ildən bəri işləmirəm, xeyli agentlərim olub, xeyli "verbovka"lar etmişəm. Görmüsünüzmü ki, kimisə işə cəlb etdiyimi söyləyim?! Yox, mümkün deyil. Həm də sirr yalnız agentura məsələsi ilə bağlı deyil, ayrı sirlər də olur. O zaman elə işlər olub ki, deməyə ehtiyac yoxdur. SSRİ dövlət kimi ləğv olunduğundan həmin dövrün hadisələrindən danışanda, cinayət tərkibi sayılmır.
- SSRİ-dən söz düşmüşkən, DTK-nin bir sıra generalları öz memuarlarında müəyyən məsələləri açdılar...
- İnternet doludur bu cür məqalələrlə. Biz oxuduğumuz dövrdə Dövlət Kəşfiyyat İdarəsinin zabiti Penkovskinin işini təlim dərs kimi keçmişik, onu ABŞ "verbovka" etmişdi. Yaxud 1989-cu ildə mən Daşkənddə kursda olanda, Əfqanıstana necə daxil olduğumuzu öyrənəndə "ayağımızdan yer qaçırdı", necə olub belə olub deyə sual edirdik. İndi bu barədə internetə çoxlu sayda məlumatlar və məqalələr yerləşdirilib.
- Nə vaxtsa Azərbaycanda indi baş verənlər də açılacaqmı?
- Əlbəttə, açılacaq. Hələ başlanğıcdır, MTN-ə rəhbərlik etmiş bu adamların elə əməlləri ortalığa çıxacaq ki... Son vaxtlar fikir verin, nələr yazılır. Bu adamlar hakimiyyətə gəlmək istəyib, bunun üçün daxildə və xaricdə özlərinə tərəfdar toplamağa çalışıblar. Düzdür, mən tam mənada bu sonuncu məqamla razılaşmıram, bir az məsələ böyüdülüb. Çünki cinayətkar dəstə özünü qurtarmaq üçün hakimiyyətdən sakitcə uzaqlaşmaq istərdi, amma bu mümkün deyildi, həbs olunmaq təhlükəsini bilirdilər. Bu adamlar hakimiyyəti ələ keçirə bilərdilər, sadəcə Eldar Mahmudov fiquru və ətrafı Azərbaycan cəmiyyətində müsbət emosiya doğurmadığından bunun baş tutması qeyri-mümkün idi.
|