Xəbər haqqında
05 Dekabr 2017 - Çərşənbə axşamı 21:59 6563 nəfər oxuyub
 
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
BAXIŞ Xəbəri
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Hələ ki, Mikayıl Cabbarovun yeri boşdur və cəmiyyət bu mühüm posta kimin təyin ediləcəyini sual edir. Əlbəttə, söhbət təhsildən getdiyi üçün bu sualın cavabı uşaqdan-böyüyə hər kəsi maraqlandırır: Yeni təhsil naziri kimi olacaq? 

 

Bəs təhsil sahəsinin başında kimin dayanması daha arzuolunandır? Xeber365.com bu sualla ziyalılara, müəllim və jurnalistlərə müraciət edib.

 

 

 


Filologiya elmləri namizədi, Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri  Vurğun Əyyub: Mən bu postda heç kimin uğurlu bir iş görəcəyinə inanmıram. Çünki sistemdə problemlər var. Belə bir fikir var ki, guya təhsil naziri kimi təhsil işçisi seçilsə, uğurlu addım olacaq. Ancaq Misir Mərdanov da təhsil iççisi idi. O, bu postda nə edə bildi? Yaxud da Mikayıl Cabbarovun bu müddət ərzində elə bir işi oldumu ki, onu qiymətləndirək? Buna görə deyirəm ki, bu posta kimin gəlməsindən asılı olmayaraq, uğur əldə etmək mümkün deyil.

 

 

 

Yazıçı, Azərbaycan dili-ədəbiyyat müəllimi Elnaz Eyvaz: Yeni təhsil nazirinin kimin olmasının təhsilə bir xeyri olacaqsa, kim olsa, xeyirli olsun! Özəl olaraq kiminsə olmasını nə arzu edirəm, nə təxmin. Kim gəlir-gəlsin, bu xalqın gələcəyi naminə çalışsın, Azərbaycan təhsilinin şişini metastazdan xilas etsin. Ancaq açığı, nazir dəyişikliyinin təhsildə dəyişikliyə səbəb olacağanı düşünmürəm.

 


Millət vəkili Fazil Mustafa: Yeni təhsil nazirinin, təhsil problemlərinə yeni baxışı olan və korrupsiyadan uzaq şəxs olmasını istərdim. Bu, ölkənin, bəlkə də, ən çox strateji əhəmiyyətə malik nazirliyidir, bütü əhali təbəqəsini əhatə edən və marağına aid nazirlik olduğuna görə ictimai rəyin mahiyyətini anlayan bilgənin təyin olunması yaxşı olardı. Ümid edirəm ki, ölkə prezidenti bu meyarlara cavab verən layiqli bir şəxsi təyin edəcək. Mikayıl Cabbarova da yeni işində uğurlar arzulayıram. 

 

 

“Smart  Owl” İnkişaf Mərkəzinin direktoru, teleaparıcı İlhamiyyə Rza: Mən bütün hallarda dəyişikliklərin tərəfdarıyam. Mikayıl Cabbarov yeni vəzifədə daha faydalı olacaqsa, uğurlar olsun! Təzə gələn təhsil nazirindən isə bir tək gözləntim odur ki, eksperimentlərdən əmələ keçsin. Eksperimentləri isə elmi tədqiqat institutlarında etsinlər, uşaqlarımızn üzərində yox. Təhsilimizdə kifayət qədər həllini gözləyən məsələlər var. Arzu edirəm ki, keyfiyyət dəyişikliklərinə gətirib çıxaran işlər görülsün. Nəhayət, dərsliklərin, dövlət məktəblərinin vəziyyəti yaxşılaşsın. Uşaqlarıız sinif otaqlarında dərs oxusunlar, fərdi müəllimlərin qapısında yox. Abituriyentlər xaricdə təhsil almaqdansa, vətəndə qalıb oxumağa üstünlük versinlər. 

Xüsusi qeyd edim ki, yeni təhsil nazirinin qadın olmasını istərdim. Bir halda ki, təhsil sahəsi qadınlarmızın ən çox təmsil olunduğu sahədir, qoy elə qərarvericilik də qadınlarda olsun.

 

 


Bakı Dövlət Univesitetinin professoru Qulu Məhərrəmli: Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi yaxşı xəbərdir, çünki o yaxşı menecer və yaxşı hüquqşünasdır. Vergilər Nazirliyi ölkəmizin ən çevik işləyən qurumlarından biri olub, təbii ki, nöqsansız da deyil. M.Cabbarovun vergi sistemində yeniliklər edəcəyinə, ciddi islahatlar aparacağına ümid edirəm. 

Təhsil nazirliyinə gəldikdə isə deməliyəm ki, burada vəziyyət birmənalı deyil, problemlər hədsiz çoxdur. M.Cabbarov bunlardan bəzilərinin həllinə başlamışdı, amma görüləsi işlər çoxdur. Bunun üçün Təhsil Nazirliyinin rəhbərliyinə elə adam lazımdır ki, həm təhsil sistemini yaxşı bilsin, həm də yüksək təşkilatçılıq qabiliyyəti olsun. Məncə, indiki nazir müavini Ceyhun Bayramov həmin ölçülərə uyğun gəlir. Təbii ki, bu vəzifəyə layiq olanların sırasında professorlar Şahlar Əsgərov və Qorxmaz Quliyevin, təhsil eksperti Etibar Əliyevin, millət vəkilləri Səməd Seyidov, Qənirə Paşayeva və Fuad Muradovun da adını çəkə bilərəm. 

 

 

 

Rejissor, prodüser Əlisa Cabbarov: Yeni tehsil nazirinin kim olması bir çox  faktorla bağlıdır. Hər  halda bu, həm də siyasi məsələdir.  Ona görə məsləhət və ya arzumu deməkdən çəkinirəm. Amma bir nüansı qeyd edim: Təhsil  naziri qadın olsun. Birincisi, xanımlar Nazirlər Kabinetində yox dərəcəsindədirlər. Cəmi bir-iki qadın komitə rəhbəridir. Dünyəvi dövlət üçün çox azdır. Həm də təhsil  gənclərlə işdir. Mental olaraq mümkündür ki, qadın tələbə və şagirdlərin problemlərinə daha həssas yanaşsın.

 

 

Jurnalist Aygün Muradxanlı: Son illərin praktikası göstərir ki, Azərbaycanda vəzifəli şəxslər rəhbərlik etdikləri sahələrdə xüsusi dəyişikliklər edə bilmir, sistemin ümumi qərarlarının qeyd-şərtsiz icrası ilə məşğul olurlar. Ona görə də, bu yanaşma dəyişməyənə qədər şəxsi keyfiyyətlərindən, bilik və bacarığından asılı olmayaraq, həmin vəzifəyə kim təyin olunsa, xüsusi dəyişiklik müşahidə olunmayacaq. Bu, öz yerində. Ancaq bir vətəndaş kimi Kamal Abdullanı, ya da Hamlet İsaxanlını bu postda görmək istərdim. Çünki onlar təhsil sahəsində bacarıqlarını rəhbərlik etdikləri ali məktəblərdə göstəriblər. 

 


Filosof Müşfiq Ötgün: Doğrusu, kiminsə təhsil naziri qoyulmasıyla bir şey dəyişəcəyini düşünmədiyimdən bu mövzuda heç bir təxminim yoxdur. Müəllimlər Mikayıl Cabbarovdan maaşların artmasını gözləyirdilər, olmadı. İqtisadi vəziyyətə baxanda belə məlum olur ki, olmayacaq da. Odur ki, kimin nazir olacağının bir mənası yoxdur. Ucuz, lakin keyfiyyətli təhsil, elm əldə etmək istəyirik. O da ki, mümkün olan deyil. 

 

 

Jurnalist Əzizə İsmayılova: Doğrusu, yeni təhsil nazirinin kim olacağı, sərəncamı oxuduğum anda ağlıma gələn ilk sual oldu. Təbii ki, nazirin kim olacağını təyin etmə haqqı bizə düşməz, amma bir jurnalist və zamanında təhsil sahəsində 7 il çalışan biri kimi könül istər ki, kim olmasından asılı olmayaraq, təhsilin içində olan və təhsil sistemini bilən bir kadr olsun. Ən əsası, mətbuata, mediaya açıq insan olsun, eynən sabiq nazirimiz Misir Mərdanov kimi. Təhsil Nazirliyi çox önəmli bir nazirlik olduğu üçün onun cəmiyyətə maksimum açıq olması lazımdır. Cəmiyyətlə əlaqə vasitəsi isə biz jurnalistlərik, çalışdığımız media qurumlarıdır. Təəssüf ki, Misir Mərdanovdan sonra adıçəkilən nazirliklə medianın əlaqəsi çox uzaq və formal müstəviyə keçdi. “Təhsil naziri kim olsun?” sualına gəlincə, əlbəttə ki, çətin sualdır. Hesab edirəm ki, Məleykə Abbaszadə ola bilər. Səbəb isə onun hələ TQDK dövründən daim mətbuata açıq olması, hər hansı qaldırılan bir məsələyə həssas yanaşması və həlli üçün addım atmasını göstərə bilərəm. Təbii ki, bu, mənim subyektiv fikrim, fərqli baxış bucağı, bir misaldır. Ən azı, bu parametrləri özündə birləşdirən bir kadrın təhsil naziri olması, hesab edirəm ki, təhsilimizə təkan verə bilər. 

 

Mənbə: Müəllif: XƏBƏR365
Kamal, Abdulla,, Məleykə, Abbaszadə,, Hamlet, İsaxanlı..., -, Yeni, təhsil, naziri, kim, olsun?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı