Etiraf eləyirəm: mən seriallara baxıram. Əhvalımın yerlə süründüyü vaxtlarda bəzən günboyu antidepressant qismində serial “qəbul eləyirəm”. “Doktor Haus”un üç mövsümünə elə baxmışam – gündə 3-4 seriya (seriyaların sayı depresiyanın dərəcəsindən asılıdı). Bir də türk kanallarından izlədiyim bir-iki serial var - əsasən komediya janrında. Həmişə də istəmişəm ki, onların çəkiliş meydançasında olum, necə işlədiklərini, aktyorların bəzən təsirli, çox hallarda hədsiz sentimental və gülünc cümlələri səsləndirib kadrdan çıxandan sonra qımışıb-qımışmadıqlarını görüm. Ancaq “antidepressant”larımın arasında yerli məhsul yox idi. Təxminən, bir ay əvvələ qədər. Bir ay əvvəl həmkarım Sevda Sultanova “Aygün, “Vicdan haqqı” serialına baxmısan?” deyə soruşdu və “Mütləq bax, bizim teleməkan üçün fərqli bir şey görəcəksən” dedi. Mən də oturdum baxdım. Əvvəl bir bölümə, sonra iki-iki, üç-üç. Düz on beş seriyasına.
Təqdim olunan əhvalat, xüsusən də, aktyorların ifası, təbii danışıq tərzi o qədər könlümə yatdı ki, çoxdankı arzumu həyata keçirmək qərarına gəldim, fotoqrafımız Əhməd Muxtarla qoşalaşıb yollandıq “Vicdan haqqı” serialının kameraları qurulmuş mağazaya...

Dosye
“Vicdan haqqı” serialının mövzusu ikiarvadlılıqdı. Iki övlad atası, ədəbiyyat müəllimi Kamil pul qazanmaq üçün Rusiyaya gedir. Səkkiz ildən sonra varlanıb ailəsinin yanına qayıdan Kamilin Rusiyada Larisa adlı qadınla evləndiyi və bir oğlu olduğu meydana çıxır. Larisa oğlunu götürüb Bakıya, Kamilin yanına gəlir...
Serialın quruluşçu rejissoru və ideya müəllifi Rövşən İsax, ssenari müəllifləri Rövşən İsax və Vüqar Əmirovdur.
Rolları Kəmalə Müzəffər (Dilarə), Elxan Yunis (Kamil), Çimnaz Sultanova (Larisa), Hicran Nəsirova (Minayə), Azad Şükür (Telman), İlham Hüseynov (İmran), Məlahət Əhməd (Sevda), Kamran Yunis (Yusif) və başqaları ifa edirlər.
“İmran, kamera hazırdı, gəl!”
Çəkiliş məkanına (mağaza deməyəcəm) yaxınlaşdıqca həyəcanlanıram. Dünyaya gələndən köçənə qədər özüylə, ətrafıyla döyüşən, heç nəyə qane olmayan, şübhələnən insan övladı üçün bir illüziya yaratmaq, onu gerçəklik kimi təqdim eləmək, hərdən güzgüdəki kimi özünü göstərmək, hərdən də gördüyünün həqiqət olduğuna inandırmaq, ovsunlamaq... Qədimdə bunu bacaranlara cadugər, sehrbaz deyilirdi. İndi onları rejissor, aktyor adlandırırıq. Bir azdan biz də həmin ovsunun yaranmasına şahidlik edəcəyik. Necə həyəcanlanmayasan? Amma məkanın qapısında qarşımıza çıxan prodüser Rizvan Məmmədov bu gün yalnız kiçik bir epizodun çəkiləcəyini söyləyib azca məyus eləyir bizi. Mövsüm sonu olduğu üçün əsas çəkilişlər bir də avqustun sonu, sentyabrın əvvəllərində başlayacaqmış. Sehrbazlara da istirahət lazımdı. “Eybi yox bu da qənimətdi” deyib içəri daxil oluruq. Əhməd dərhal fotoaparatını işə salır, mən də gözlərimlə kamera və aktyorları axtarıram. İlk gördüyüm və bizi görən hiyləgər, mənfəətbaz İmran – Gəncə Dövlət Dram teatrının aktyoru İlham Hüseynov olur. Televiziya tamaşaçıları onu “Sonuncu fəsil” serialından, kinosevərlər isə Rövşən İsaxın “Aktrisa” filmindən tanıyırlar (yazıçı Rüfət Hüseynzadə). İlham bəy reportaj üçün gəldiyimizi bilən kimi bizi Musiqili Komediya Teatrına, “999-cu gecə” adlı yeni tamaşanın premyerasına dəvət eləyir. Qəflətən, yadıma düşür ki, İlham Hüseynovu təkcə ekranda yox, səhnədə də izləmişəm – Gəncə teatrının “Dəli yığıncağı” tamaşasında həkim Lalbyuzu oynayırdı. Lalbyuz hara, Rüfət Hüseynzadə hara, kələkbaz İmran hara? Əsl sehrbazdı.
Aktyor isə yeni tamaşa haqqında məlumat verir, rejissoru tərifləyir. Elə bu vaxt Rövşən İsax onu səsləyir: “İmran, kamera hazırdı, gəl!”. (Meydançada aktyorlara canlandırdıqları personajların adları ilə müraciət eləyirlər).
İlham Hüseynov “üzr istəyirəm” deyib yüngülcə axsya-axsaya kameranın qarşısına keçir və... Bir göz qırpımında gözləri oyur-oyur oynayan, hər saniyə bir plan quran İmrana çevrilir. Axsamaqdan da əsər-əlamət yox! İmranla Fuadın atası Telmanın (Azad Şükür) telefon danışığı çəkilir. Rejissor aktyorlara son tapşırıqlarını verib tam səssizlik tələb eləyir və “Motor” deyir. Ancaq Telman müəllim təzəcə “Alo, İmran, necəsən?” demişdi ki, operator çəkilişi dayandırır: “artıq səs var”. Ətrafa baxanda “səs salanın” fotoqrafımız Əhməd Muxtar olduğu ayınlaşır. Çəkilişə mənim qədər həvəslə gələn Əhmədin fotoaparatı dayanmadan “çıqqıldayır”. Onu kameranın yanından “uzaqlaşdırandan” sonra çəkiliş davam eləyir. Deyəsən, rejissor aktyorların ifasından razıdı, “kəs” komandası səhnə axıra qədər oynanılandan sonra eşidilir. Rövşən İsax “hər şey yaxşıdı, amma hər ehtimala qarşı bir-iki dubl da çəkək” deyir. Yenə səssizlik çökür meydançaya.
Rejissorun “İndi mağazanın ümumi planını çəkəcəyik” komandasından sonra İmran eynən bayaqkı rahatlıqla İlhama çevrilir (o qədər rahat ki, İlhamınmı İmran, İmranınmı İham olduğunu düşünürəm), yaxınlaşıb “ hə, harda qalmışdıq?” deyib gülümsəyir. Mənsə ağlıma gələn sualın cavabını tapmaq istəyirəm.

Belə asanlıqla necə dəyişirsiz?
“Praktikadan, öz üzərində çox işləməkdən irəli gəlir. Bir dostum var, deyir ki, mənim üçün ən fenomenal adamsan. Bu qədər utancaqlıqla, komplekslə sən necə aktyor olmusan. Öz xarakterim daha çox “Sonuncu fəsil”dəki personaja uyğun gəlir. Amma həm də “Aktrisa”dakı Rüfət Hüseynzadə kimi sadəlövhəm, hər şeyə inanıram. İmranın xarakterinin mənə heç bir aidiyyatı yoxdu. O, tamamilə mənim əksimdi. Mən qıraqdan özümü görmürəm, amma siz roldan-rola rahat keçdiyimi hiss eləyirsizsə, yəqin bu, aktyor üçün xoşbəxtlikdi”.
İlham Hüseynov deyir ki, Rövşən İsax ilk dəfə bu əhvalatı çəkmək istədiyini danışanda ona maraqlı gəlməyib, yalnız sonra ekrandakı effektini görəndə barmağını dişləyib: “Rövşən hələ çəkilişlər başlamazdan əvvəl mənə deyirdi ki, serialın müvəffəqiyyətinin 50-i sənin necə oynamağından asılıdı”.
İlham Hüseynov da rejissorun ümidlərini doğruldub: “Sosial şəbəkələrdə söyürlər, küçədə-bayırda heyranlıqlarını bildirirlər. Əslində Imran o qədər dolğun bir personajdı ki, mənim indiki ifamda müvəffəqqiyət qazansa belə, inanın ki, bundan daha yaxşı olmalıydı. Çox qüsurlarım var. Bir az tələsirəm, elə şeylər var ki, tez hopdura bilmirəm. Amma evdə məşq eləyirəm, sözləri mənimsəyirəm, dilimə yatmalıdı sözlər. Mənim üçün birinci növbədə rolun texniki tərəfidi – sözlər dilimə, yaddaşıma otursun. Ondan sonra da ruhi məsələlərlə məşğul oluram. Sizə bir şey də deyim. İmran obrazının həyatda prototipi var. Gəncədədi, özü də aktyor işləyir. Həmişə bir çox şeylərdə onu yada salıram. Bu yaxınlarda özü dedi ki, sən məni oynayırsan”.
İlham bəydən səhnədən düşüb kamera qarşısına keçməyin çətin olub-olmadığını soruşuram. Bütün o çətinlikləri “Aktrisa” filmində yaşayıb aşdığını deyir: “O mənim ilk çəkildiyim film idi. Onda kamera qarşısında özünü aparmaq kimi problemim vardı. Xoşbəxtlikdən teatrla kinonu fərqləndirmək, özümü uyğunlaşdırmaq baxımından tez əxz, hiss eləyə bildim”.
Bu məqamda “Vicdan haqqı”nın Fuadı – Elşad Süleyman salam verir. İlham bəy salamı alan kimi “ayın 25-də Musiqili Komediyada premyera var – “999-u gecə”, imkanın olsa, gəl” deyir.
Yeri gəldiyini düşünüb teatrla serialı necə uzlaşdırdığını soruşuram: “Mənim üçün çox çətindi. Səhhətimdə də problem var, məni çox incidir, yeriməyə çətinlik çətirəm. Xoşbəxtlikdən teatrda hələlik mənə güzəst eləyiblər, rol vermirlər, serialda tam gücümlə çalışa bilirəm. Bu mövsümü belə başa vurdum. Ancaq növbəti mövsümdə ola bilsin ki, rol versinlər. Təbii ki, onda bir az çətin olacaq”.
İlham bəy deyir ki, həyatda qeyri-ciddi sənət yoxdu, hər şey münasibətdən asılıdı: “Rövşən İsaxın bir sözü var: “serial qaydasız futbol oyununa bənzəyir. Nə offside var, nə out”. Amma bunun özü də bir qanundu. Mən özüm əvvəllər seriallara baxmırdım. 2009-cu ildə “Aktrisa” filminin çəkilişləri zamanı burda bir qohumun evində qalırdım. Onlar da həmişə seriala baxırdılar. Mən də məcburən onlara qoşulurdum. Yavaş-yavaş aludə oldum. Serialda çəkilmək mənə çox şey öyrədib. Bu iş insanda sərbəstlik, özünəinam yaranır. Mənim üçün bu problemdi. Özünə inanmayan aktyoram mən. Üstəlik Rövşən aktyorla işləməyi bacaran rejissordu. Hər şeyi intuitiv hiss edə, situasiyaya düzgün diaqnoz qoya və onu aktyora ötürə bilir. Onunla işləyəndə özümə inamım yaranır, hər şeyi başa salır. Elə şeylər var ki, yarım cümlədən anlayıram. Ancaq məqamlar da olur ki, hansısa ştrixləri, baxışları detallı şəkildə təsvir eləyir. Bizim serialda o qədər nüanslar var ki, hamı elə bilir, özüm tapmışam. Halbuki Rövşən qulağıma pıçıldayıb ki, bunu belə elə”.

Kişi aktyorların arasına söyüş qoyulub
Hə, artıq rejissora da sual ermək olar. Diktofonu Röşən İsaxa uzadıram və söhbətə yerli seriallardan danışılanda tez-tez səslənən bir fikrə münasibətini soruşmaqla başlayıram. “Niyə serial istehsalçıları ədəbi materiala müraciət eləmirlər? İ.Əfəndiyevin, Salam Qədirzadənin, Bayram Bayramovun, Mirzə İbrahimovun əsərləri tamamilə serial süjetləridi”.
Rövşən bəy heç təmkinini pozmadan “başqalarını bilmirəm, amma mənim onlara müraciət etməməyimin birinci səbəbi odur ki, tamaşaçı həmin əsərlərin necə bitdiyini bilir. Mənim aləmimdə tamaşaçını “görən, bunun axırı necə olacaq” sualı ilə baş-başa qoyanda özünə cəlb eləyə bilirsən. “Vicdan haqqı”nda danışdığımız əhvalat isə olmuş hadisələrdən toplanıb. Biri bir ailənin başına gəlib, digəri başqasının. Biz hamısını bir ailənin üzərinə cəmləşdirmişik”.
Bu onun mövqeyidi, yaradıcı insana “bunu elə, onu eləmə” demək olmaz. Odur ki, söhbəti dəyişib Rövşən bəydən çəkiliş prosesi haqqında məlumat verməsini xahiş eləyirəm: “Mən üç serial çəkmişəm, heç birində də pilot olmayıb. Kanala sinopsis aparıram. Onu kataloq şəklində çap eləyirik – serialın mövzusu, sinopsisi, hətta ilk on seriya haqqında dəqiq məlumat veririk. çəkiləcək aktyorların şəkillərindən tutmuş oynayacaqları obraz haqqında məlumata qədər hər şey yazılır. Üç serial çəkmişəm, üçü də ATV kanalında yayımlanıb. Heç bir senzura qoyulmur. Bəzi tövsiyələr olur. Məsələn, çalışın, obrazların əlində siqaret az görünsün, içki səhnələri az olsun və s. Onda da bu, əmr formasında deyilmir. Bəzi əndazələr var ki, mənə hətta “elə” desələr də, yenə eləyəsi deyiləm. Yəni öz barometrimlə işləyirəm. Mən deyəndə bir az yekəxana çıxır. Bu serialın ssenarisini Vüqar Əmirovla birlikdə yazırıq. O bizim ikimizin zehnimizin, əməyimizin məhsuludu. Bir seriyanın hazırlanmasına bir həftə, on gün vaxt sərf olunur. Bu yaxınlarda bir müsahibəmdə demişdim – serial çətin iş deyil, məşəqqətli işdi. Bir də nəzərə alaq ki, bizdə bunun mütəxəssisləri də yoxdu. Yəni bir montaj rejissoru yoxdu ki, işi ona həvalə eləyəsən və canın arxayın ola ki, səhv buraxmayacaq. Hər montajdan sonra Vüqar Əmirovla birlikdə oturub seriyanı redaktə eləyirik. Səs təmizlənir, musiqisi qoyulur və s. Fors-major hallar da var. Məsələn, havalar pis keçə, ya da hansısa aktyor xəstələnə bilər. Bir dəfə bir serial çəkirdim. Baş qəhrəmanın iki gündən bir gözündən yara çıxırdı. Üç-dörd gün gözləyirdik, çəkilirdi, təzədən çəkirdik. Belə şeylər ola bilir. Allah uzaq eləsin, kiminsə nəsə bir gözlənilməz problemi çıxır ortaya. Yaxasından yapışıb deyə bilməzsən ki, yox getmə. Burda olmalısan. Ona görə də çəkiliş prosesi efir yayımından, azı, üç-dörd seriya irəlidə olmalıdı”.
Rejissor deyir ki, gözlənilməzlik effektini qorumaqdan ötrü hamıya tapşırılıb ki, növbəti seriyalarda olacaq hadisələr barədə heç yerdə danışmasınlar, kişi aktyorların arasına hətta buna görə söyüş də qoyulub. Bir də deyir ki, serialın uğur qazanmasının əsas səbəblərindən biri süni olan hər şeydən qaçmaqlarıdı: “XXI əsrdə internet hamının gözünü o qədər açıb ki, heç kimə kələk gələ bilmirsən. Niyə biz tamaşaçıları küt, gec qavrayan kütlə kimi görürük? Onlar tükü-tüküdən seçirlər. Hamı həyatda İmran da görüb, Kamil də, Larisa da, Minayə də. Mən inanıram ki, bu dəqiqə hətta Larisanın da tərəfində olanlar var. Kamili haqlı sayan da var, haqlı saymayan da. Sosial şəbəkədə bir nəfər yazmışdı ki, kaş, İmranın xasiyyətinin əllicə faizi məndə olaydı, zəmanə bunu tələb eləyir. Obrazları inkubator cücəsi kimi bir-biriə bənzətmək olmaz. Seriala barmaqarası baxmayın. Bizdə kinorejissor kimi film çəkəndən sonra allahın ümidinə qalırsan. Mən bir film çəkdim, üstündən 5-6 il keçdi. Professional vərdişlər adamın yadından çıxır axı. Sonra qayıdıb özünü formaya salana qədər çəkiliş prosesi bitir. Serial elə deyil. Maddiyatı bir qırağa qoyuram, ən azı, həmişə iş başındasan. Məsələn, bizim serialda çox aktyor var ki, Azərbaycanda böyük tamaşaçı kütləsi onu ilk dəfə görür. Bəlkə neçə ildi sənətdədilər, amma tamaşaçı tanımır onları. İndi isə onların şəklini hansısa filmin afişasında görəndə gedib baxacaqlar. Çünki tamaşaçıda ona qarşı müəyyən bir münasibət yaranıb”.
Rövşən İsax ingilis seriallarından, Dastin Hoffman kimi məşhur aktyorların yaradıcılığa seriallardan başladıqlarından, “Pərvanələrin rəqsi” serialının ssenarisini yazarkən Vüqar Əmirovla günlərlə türk dizilərinə baxmaqlarından, onların ssenari formatlarını, istehsal prosesini necə araşdırdıqlarından danışır, mənimsə gözüm onda olsa da, diqqətim yayınıb. (Ümid eləyirəm, Rövşən bəy bu sözləri oxuyanda inciməz). Çünki iki dəqiqə əvvəl Dilarə rolunun ifaçısı Kəmalə Müzəffərlə Kamil- Elxan Yunis içəri girmişdi. Tələsik Rövşən bəyə təşəkkür eləyib Kəmalə xanımgilin yanında əyləşirəm.

Odu, o deyil?
Uşaq vaxtı AZTv –də maraqla baxdığım bir veriliş vardı. Azərbaycan dilinin qaydalarını öyrədirdilər. Amma standart, monoton şəkildə yox, səhnəciklər vasitəsilə. Ailə münasibətlərindən bəhs eləyən o səhnəciklərdəki gənc aktrisanın ötkəm, qətiyyətli üz ifadəsi və uzun saçları hər zaman xatirimdədi. Odu, ya yox? O imiş. “Azərbaycan dilini öyrənirik” verilişi. Onda tələbə idim, ikinci kursda oxuyurdum. O səhnəcikləri özüm yazırdım, özüm də hazırlayırdım. Məşqi də özüm eləyirdim”.
Hə, indi rahat-rahat “Vicdan haqqı”na qayıtmaq olar. Kəmalə Müzəffər Dilarə obrazında eyni vaxtda iki qadını canlandırır. Onun qəzəb fışqıran vücud dili, jestləri xəyanətə uğramış qadını göstərir tamaşaçılara, sözləri, hərəkətləri isə ailəsini qorumağa çalışan, başqalarının nə deyəcəyini fikirləşən qadını. Kəmalə xanım deyir ki, onun Dilarəsi, məhz, belə olmalıydı: “Mən hər zaman oynadığım personajların vəkiliyəm. Nə edir etsin, kim olur olsun. Qəhrəmanımla aramda qətiyyən ziddiyət yoxdu. Dilarənin vəziyyətinə düşən insan heç vaxt sakitcə otura bilməz. Hər halda mənim Dilarəm bunu bacarmazdı. O qəzəb mütləqdi. Öz yolunu cızana qədər. Bəlkə Kəmalə kimi mənim üçün xəyanət deyilən şey mövcud deyil, amma Dilarə üçün var”.
Bir halda ki, söz Dilarənin qəzəbindən düşdü, onu qəzəbləndirən insana da söz verilməlidi. Kəmalə xanımla yanaşı əyləşmiş Elxan Yunisdən qəhrəmanı haqqında soruşmaq istəyirəm, amma ağzımdan başqa sual çıxır: “o nə söz idi Dilarəyə dediniz? “Sən ya qanmırsan, ya da adam deyilsən”. Dilarə nəyi qanmalıydı ki?”
Elxan bəy rolunu o qədər inandırıcı oynayır ki, təkcə Dilarəni yox, içi mən qarışıq tamaşaçıları da qəzəbləndirib. Sualımı eşidən Elxan Yunis bir anda dönüb olur Kamil, Kəmalə xanımsa Dilarə. İkisi də başlayırlar Kamili müdafiə eləməyə. Hətta Elxan bəy bir an o qədər cuşa gəlir ki, “bizim uşaqlarımız var ee! Mən Dilarəni buraxa bilmərəm” deyir. Deyəsən, serialın uğurunun səbəbini anlayıram artıq: falş yox dərəcəsindədi. Aktyorlar personajlarını o qədər mənimsəyiblər ki, ekranın qarşısında oturub onları izləyəndə sanki qapı qonşunu, özünün, ya da yaxın rəfiqənin qaynanasını, baldızını görürsən, ananın iş yoldaşı ilə telefon söhbətini dinləyirsən, ya da özün kiminləsə qeybət eləyirsən. Aktyorların hər seryadan sonra sosial şəbəkələrdə tamaşaçılardan aldıqları reaksiyalar da bundan xəbər verir: “Kamilin məhkəmədə “ayrılmıram” dediyi seriya efirə gedəndən sonra Elxan bütün Azərbaycan kişilərinin simvoluna çevrilmişdi. Düz bir həftə şərhləri oxudum. Hamı yazırdı ki, afərin sənə, əsl kişisən. Bir həftədən sonra Kamil Larisaya “adını ürəyimin başına yazmışam” deyəndə hər şey dəyşdi. Kamili çırpdılar yerə. Hələ mənə nələr yazmırdılar?! Ürək-dirək verirdilər, “möhkəm ol, meydanı Larisaya buraxma” deyirdilər. Amma elə ki, Dilarə barışmaq üçün Kamilin ofisinə getdi, başladılar “sən necə qadınsan, onun ayağına niyə getdin?” yazıb qınamağa”.
Elxan Yunis də səksən yaşlı anasının seriala baxa bilmədiyini deyir: “Anam deyir ki, çəkdiyin əziyyəti görəndə ürəyim ağrıyır. Yeri gəlmişkən, anamın adı da Dilarədi. Çoxları ləhcə ilə danışmağıma irad tutur ki, ədəbiyyat müəllimi niyə ləhcə ilə danışır. Bu, rejissorla birlikdə düşündüyümüz detaldı. Onu sinif otağında göstərmirlər axı. Yalnız ailəsi ilə. Kamil adam kimi, səmimi danışır”.
Kəmalə xanımdan teatr tamaşaçısı ilə serial tamaşaçısının fərqini, hansının diqqətinin daha xoş olduğunu soruşuram, sualıma sualla cavab verir: “Sualınıza hansı Kəmalə cavablandırsın - tanınmış Kəmalə, ya tanınmayan?”, ardınca da əlavə eləyir: “Mən on ildi, teatrda eyni tamaşanı oynayıram – “Pəri –Cadu”. Əvvəllər başqa cür əl çalırdılar, tanınandan sonra tamamilə fərqli alqışlayırlar. Tamaşaçı tez-tez efirdə gördüyü aktyoru canlı görməyi də sevir. Bu ona çox xoşdu. Aktyor və aktrisa üçün də ən gözəl şey sevib-sevilməkdi. Bəli, teatr əvəzolunmaz məkandı, heç nə ilə müqayisə oluna bilməz. Aktyorun tamaşaçıya təzim elədiyi an həyatının ən gözəl anıdı. Ancaq insanlar tərəfindən sevilmək də çox böyük həzzdi. Kim desə ki elə deyil, nəyimə lazımdı populyarlıq, yalan deyir. Sadəcə onun məşhurlaşmaq və sevilmək şansı olmayıb”.
E.Yunis də tərəf müqabilini dəstəkləyir: “Serial aktyorun tanınmağı üçün gözəl şansdı. Məsələn, mən Gəncə teatrının aktyoruyam. Gəncədə yaşayıram, orda işləyirəm. Burda məni tanıyan vardı? Çoxları yazır ki, siz indiyə kimi hardaydız? Sağ olsun Rövşən İsax ki, mənə belə bir rol verdi. Mənim üçün bircə çətinlik var – yol problemi. Gəncəyə gedib tamaşamı oynayıram, qayıdıram, 70 km yol gedirəm. Inanırsız, elə vaxt olur, evə girə bilmirəm, tamaşamı oynayıb qaçıb gəlirəm, çünki çəkilişim var. Aydın məsələdi ki, adam yorulur. Amma bunun heç kimə aidiyyatı yoxdu. Sən işini görməlisən”.
Yenidən Kamillə Dilarənin əhvalatına qayıdırıq, qaynana Minayə xanımın qeybətini eləyirik. Qəflətən, Kəmalə xanım “bilirsiz, mənə nə maraqlıdı? Birdən Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, hətta uşaqları var, neyləyərdi?” deyə soruşur, Elxan bəy də dərhal “Yox, qadına olmaz!” deyir.
Mübahisəni aktyorlara yaxınlaşan tamaşaçı kəsir: “sizinlə şəkil çəkdirmək olar?”
Çəkliş meydançasından fotolar:
































|