The document has moved here.
|
||
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə | ||
Kitab mağazaları bağlanmaq təhlükəsiylə qarşılaşırsa, bu, nəşriyyatlara da toxunur. Bizim də müştərilərimiz həmin kitab mağazalarıdır. Onlarda dövriyyə azaldıqca bizə az müraciət edirlər, az kitab alırlar. Ona görə də devalvasiyanın təsiri bizdə də özünü göstərir. Mənə elə gəlir ki, burda dövlət vəziyyəti dirçəltmək üçün müəyyən addımlar atmalıdır. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Bir müddət əvvəl kitaba daha çox pul xərcləyir, dostlarımıza kitab hədiyyə edirdik. Ancaq hazırkı vəziyyətdə bunu etmək çətinləşib. Neftin ucuzlaşması, milli valyutamızın dollar qarşısında dəyərdən düşməsi hər sahəyə təsir etdiyi kimi, kitab bazarında da alıcılıq qabiliyyətini azaldıb. Hətta devalvasiyanın gücü bəzi kitab evlərini bağlanmaq təhlükəsiylə üz-üzə qoyub. Bu kimi problemlərə güzgü tutmağa çalışdıq.
“Devalvasiya oxucuları kitabdan uzaq saldı” “Bakumoz” kitab evinin rəhbəri Fərid Kərimov deyir ki, bu yaxınlarda keçirilən Buktreyler Festivalı və “Oxu günü”aksiyası kitaba marağın yüksəlməsindən xəbər verir. Ancaq yaranmış problemlər oxucuları kitabdan uzaq salır: “Həmişə oxucu səviyyəsində inkişaf gözə dəyən kimi nə isə baş verir və vəziyyət dəyişir. Məsələn, son dövrlərdə oxu qabiliyyəti normal hala gəlirdi. Devalvasiya oldu və bu, insanları psixoloji olaraq kitab almaqdan uzaqlaşdırdı. Onlar avtomatik olaraq fikirləşdilər ki, kitab bahalaşdı, almayaq, daha vacib xərclərimiz, kreditimiz var”.
Ah, dollar... Oxuculara psixoloji olaraq təsir edən bahalaşma küləyinin isə konkret səbəbləri var: “Devalvasiyadan əvvəl kitabların qiyməti normal, oxucuların imkanına uyğun idi. Əvvəl dollar ucuz olduğundan avtobus kitabın bir kiloqramını üç dollara gətirirdi və bu da bizə sərf edirdi. Kitabın birinin karqo qiyməti bir manata başa gəlirdi. Türkiyədən sifariş etdiyimiz kitabların öz qiymətinin üstünə bir manat qoyub satırdıq. Bu da oxucuları qane edirdi. Elə kitab olurdu ki, azərbaycandilli kitabdan da ucuz başa gəlirdi. Ancaq dollar bahalaşandan sonra 3 dollar hardasa 5-6 manat oldu və karqo qiymətləri də yüksəldi. Dollar manata nisbətən möhkəmləndi deyə türk lirəsi də bahalaşdı. Əvvəl 1 TL 37 qəpik idisə, indi 57 qəpik olub. Ona görə bu tərəfdən də kitabların qiyməti qalxdı. Bu, birinci zərbə oldu”.
“Yeni gömrük qaydaları kitabçıların işini çətinə salıb”
Bəli, bu, hələ hamısı deyil: “Həmçinin, devalvasiyadan sonra belə bir qərar çıxdı ki, gömrük sistemi elektronlaşdırılsın. Qiymətləndirmə məqsədilə avtobusla gələn karqoları saxladılar. Beləliklə, Türkiyədən ölkəyə avtobusla kitab gətirmək də qadağan olundu. Əvvəllər avtobusun maliyyəsini ödəyəndə gömrük rüsumunu da ödəyirdik, hər şeyi özləri həll edirdilər. Buna görə də yanvar ayından bu günə kimi Türkiyədən sifariş verdiyimiz kitablar qeyri-operativ şəkildə, 1 aya, 20 günə gəlir. Artıq aprelin birindən dedilər ki, gömrük tam elektron sistemə keçib. Məlum oldu ki, sifarişlərimizi ancaq tırla gətizdirə bilərik. Biz də tır sürücüləri ilə əlaqə saxlayıb öyrəndik ki, onlar 50-100 kiloqramdan az yük gətirmirlər. Minimum bu çəkidə yükün olmalıdır ki, onlar gətirsinlər. Gömrük rüsumunun üstünə 18 əlavə dəyər vergisi də gəldi. Gömrük rüsumu da 3 olanda birlikdə 21 ödəyirik. Kitab mağazaya gələndən sonra üstünə 4 satış vergisi də gələndə 25 edir. Sonra deklarasiya, bəyannamə pulu, yol pulu və digər xərclər də hesablananda 35 xərcimiz çıxır. Yəni Türkiyədən sifariş etdiyimiz kitablar 35 xərc hesabına başa gəlir. Biz də tutaq ki, Türkiyə nəşriyyatından 30-35 endirim alırıqsa, o da bu xərclərə sərf olunur. Biz gərək 20 TL-lik kitabı 20 manata sataq ki, ordan gəlir əldə edək. Əvvəl 20 TL-lik kitabı 9-10 manata satırdıq. Problemlər bundan ibarətdir”.
Xeyri ziyanını ödəməyən kitab evi
Təbii ki, bütün bu problemlər sifarişçiləri də narazı salır. Nəticədə kitab evi öz alıcılarını itirir: “1-2 aydır ki, sifarişlərimiz gəlib çıxmır və oxucular narazılıq edir. Əvvəllər ayda 700 kitab satırdıqsa, hazırda bu rəqəm 250-300 olub. Artıq sifarişçilərimizin və alıcılarımızın azalması özünü biruzə verir. Daimi alıcılarımız sifarişlərinin gecikməsini nə qədər anlayışla qarşılasalar da, bir o qədəri də başa düşmür. Hər gün bəlkə də kitabının gəlib-gəlmədiyi ilə maraqlanan 100 oxucuya vəziyyəti izah etməklə məşğul oluruq. Belə olanda bəzi oxucular sifarişlərindən imtina edir və bunun da zərərini məcburən biz ödəyirik. Oxucunu da qınamaq mümküün deyil, 10 gün ərzində gətiriləcəyinə söz verdiyimiz kitab ay yarıma gəlir”.
“Kitab mağazasını bağlamaq məcburiyyətindəyəm”
Devalvasiya azərbaycandilli kitabların da bahalaşmasına gətirib çıxarıb: “Çünki mətbəə ləvazimatları, kağız xarici ölkələrdən gəlir. Əvvəl bir kitabın çapı 1 manata başa gəlirdisə, indi 2 manat 50 qəpiyə başa gəlir. Nəşriyyat da öz gəlirini üstünə qoyaraq qiyməti qaldırır. Ümumiyyətlə, devalvasiya kitab satışını demək olar ki, sıfıra endirib. İnsanlar artıq kitab almır. Əvvəllər biz bir gündə 20 kitab satırdıqsa, indi 4-5 kitab ancaq sata bilirik. Artıq mağazanı bağlamaq məcburiyyətindəyik. Çünki indiki halda mağaza bu çətinliklərə davam gətirə bilmir, xərcləri azaltmalıyıq. İki aydı, mən bütün xərcləri öz cibimdən ödəyirəm. Bunun işçi, kuryer pulu var, yer pulu var. Gözləyirdim ki, bəlkə vəziyyət düzəldi, ancaq düzəlmir deyə məcburam ki, kitab evini bağlayım”. Bütün hallarda Fərid Kərimov ümidini itirməyib: “Ümid edirəm ki, gömrük problemləri aradan qalxar və əlavə dəyər vergisi (ƏDV) azalar. Məsələn ƏDV 15 olsa, mənim bunu ödəməyə imkanım çatar və oxucuya çox yüklənmərəm. Ancaq 35-lə kitab bazarını saxlamaq qeyri-mümkündür. Mən bu ayı gözləyirəm, problemlər yenə də həllini tapmasa, mağazanı bağlayacam. Artıq sifariş qəbulunu da dayandırmaq fikrindəyik. Onu da deyim ki, digər kitab mağazaları da bu təhlükə ilə üz-üzədir. Ya da kitabları çox baha satmalıyıq. Bu da oxucunu itirmək deməkdir. Azərbaycan oxucusunun 20 manatlıq kitabı almaq gücü yoxdur”.
“Kitabevim.az” mağazasının əməkdaşı Tariyel Əliyev də hazırkı durumun oxucuların azalmasına gətirib çıxardığını söyləyir: “ Bir neçə ay əvvəl alıcı qüvvəsi bundan 2-3 dəfə çox idi. İndi belə deyil. Əvvəl bir adam kitaba ayda 50 manat xərcləyirdisə, indi 10 manat xərcləyir ki, digər problemləri həll etsin. Xarici ölkələrdən verdiyimiz kitab sifarişləri isə 1 aydır ki, gəlib çıxmır. Bu gecikmə də digər problemdir”.
Azərbaycanda ən böyük kitab mağazaları şəbəkəsi olan “Əli və Nino”nun sahibi Nigar Köçərlinin də məsələ ilə bağlı fikrini öyrənmək istəsək də, cavab ala bilmədik. Belə ki, sualımızı eşidən Nigar xanım onu cavablandırmaq üçün vaxtının olmadığını bildirdi, daha sonra isə zənglərimizə cavab vermədi. Digər bir neçə kitab mağazasının əməkdaşları isə suallarımıza cavab vermək ixtiyarında olmadıqlarını söylədilər.
Kağız bahalaşıb, satış azalıb... Nəşriyyatların da işi kitab mağazaları ilə bağlı olduğundan çətinlik birbaşa onlara da sirayət edir. “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu devalvasiyanın kitab bazarında vəziyyəti ağırlaşdırdığını deyir: “Devalvasiyanın təsiri kitab sektorundan da yan ötmədi. Manatın dəyəri öldü və hazırda manatı dollara çevirəndə qiymətlərə hardasa 50 təsir edir. Bayaqdan kağızın tonu min manata idisə, indi min dollaradır. Düzdür, biz endirimli kitab kampaniyaları keçiririk. Ancaq kitabın yerində başa gəlməsinin dəyəri ən azı 50 qalxıb. Ümumiyyətlə, əvvəlkiylə müqayisədə satış xeyli zəifləyib. Kitab dükanlarına əlavə yardım olunmasa, yalnız kitab satmaqla özlərini saxlaya bilməzlər. Kirayə haqları yüksəkdir. Vəziyyət ağırdır. Ancaq yenə də fəaliyyətimizi davam etdiririk. Əvvəlki sürət, çeşid yoxdur, amma çalışırıq ki, işimizdə boşluq yaranmasın. İndiki durumda ancaq işləmək lazımdır, görək sonu nə olacaq...”
Əlavə dəyər vergisi götürülməsə... Uşaq ədəbiyyatı və dərsliklər nəşr edən “Altun” nəşriyyatının sahibi Rafiq İsmayılov devalvasiyadan sonra kitab bazarının üzləşdiyi çətinliklərdən danışır: “Devalvasiyadan sonra iqtisadiyyatın digər sahələri kimi kitab biznesində müəyyən prolemlər yarandı. Biz də nəyəsə müəyyən xərc qoymalı oluruq və bazarda olan istənilən problem burda da özünü göstərir. Xüsusilə poliqrafiya materialları və kağız baxımından bahalaşmanın qarşısını almaq mümkün deyil. Ancaq çalışırıq ki, biz bu xərcləri nəşriyyatın gəliri hesabına ödəyək. Yəni daha az gəlir götürsək də, nəşriyyatın kitablarının qiymətini stabil saxlayaq. Başa düşürük ki, oxucular bahalı kitab almağa qadir deyil. Dövriyyədə bir qədər çətinlik var. Kitab satışı dövriyyəsi əvvəllər də o qədər yüksək deyildi, ancaq indi daha da azalıb. Azərbaycanda əhalinin sayına nisbətən oxucu sayı çox azdır. Müqayisə etsək, Avstriyanın da bu qədər əhalisi var, ancaq oxucu sayı bizdəkindən 40-50 dəfə çoxdur. Orda kitab sektorunda 100-120 aktiv nəşriyyat iştirak edirsə, bizdə bu rəqəm 10-12-dir. Bu da tələbatdan irəli gəlir. Oxucuya maraqlı kitab təqdim etmək lazımdır ki, onların sayı artsın. Həm müəllif, həm də naşir oxucunu duymalıdır. Kitab mağazaları bağlanmaq təhlükəsiylə qarşılaşırsa, bu, nəşriyyatlara da toxunur. Bizim də müştərilərimiz həmin kitab mağazalarıdır. Onlarda dövriyyə azaldıqca bizə az müraciət edirlər, az kitab alırlar. Ona görə də devalvasiyanın təsiri bizdə də özünü göstərir. Mənə elə gəlir ki, burda dövlət vəziyyəti dirçəltmək üçün müəyyən addımlar atmalıdır. Bunlardan biri də Azərbaycan dilində çap edilən kitablardan ƏDV-nin götürülməsi olar. Hazırda yalnız uşaq ədəbiyyatı və dərsliklərdən ƏDV götürülüb. Ancaq digər növ ədəbiyyat qalır. Belə baxanda onlardan dövlət xəzinəsinə nə gedir ki, o, bu vergini saxlayır? Nəticədə də elmi, publisistik, böyüklər üçün olan bədii ədəbiyyatın qiyməti artmış olur. Bu baxımdan dövlətin addımları müəyyən irəliləyişlərə səbəb ola bilər”.
Mütaliəylə, kitabla bağlı istənilən festival, aksiya oxucunu həvəsləndirəcək, artıracaq. Ancaq o halda ki, kitabın qiyməti onun cibinə uyğun olsun. Buna görə də ümid edirik ki, kitab sektoru ilə bağlı gözlənilən addımlar gecikmədən atılacaq.
Sevinc Fədai |
||
|
||
Kitab, mağazaları, bağlanmaq, təhlükəsiylə, üz-üzə, |
|