Xəbər haqqında
15 Dekabr 2017 - Cümə 17:17 1839 nəfər oxuyub
 
Əkrəm Əylisli özü bunu deməyə qorxsa da... - MÜZAKİRƏ
YARADICI Xəbəri
Əkrəm Əylisli özü bunu deməyə qorxsa da... - MÜZAKİRƏ

Millət vəkili Fazil Mustafa Əkrəm Əylislinin 80 illik yubileyinin səssiz ötüşməsiylə bağlı yazı qələmə alıb. O, “Daş yuxular”a görə həm dövlətin, həm də xalqın hədəfinə tuş gəlmiş yazıçını bir ədəbiyyat adamı kimi tarixdən silinməməsinin vacibliyindən danışıb: “Bu yazını Əkrəm Əylislinin səssiz yubileyindən on gün sonra yazıram. Həm də bunu təbrik üçün yazmıram, bir az əsəbimdən, bir az acıdığımdan, bir az da üzüldüyümdən yazıram. Və niyəsə on gün sonra bir də düşünməyə çalışıram ki, doğrudanmı, ən pis azərbaycanlı artıq bir neçə ildir daş yuxusuyla cəmiyyətimizin tənha narına çevrilmiş Əkrəm Əylislidir?”

 

Xeber365.com bu yazıdan yola çıxaraq söz adamları arasında Əkrəm Əylislinin bu gün ədəbiyyat tariximizdəki kimliyi ilə bağı müzakirə açıb.

 

İctimai xadim, filologiya elmlər namizədi Vurğun Əyyubun fikrincə, Əkrəm Əylisliyə bir əsərə görə qiymət vermək olmaz: “Əkrəm Əylisli Azərbaycan nəsrinin ən böyük şəxsiyyətlərindən biridir. Hesab etmirəm ki, Əkrəmin başına hakimiyyət tərəfindən gətirilən bütün bu bəlalar “Daş yuxular”a görədir. Düşünürəm ki, o, bu hakimiyyətlə bağlı fikirlərin yer aldığı möhtəşəm “Tıxac” əsərinə görə bu bəlalara tuş olub. Əkrəm Əylisli özü bunu deməyə qorxur, heç hakimiyyət də bu barədə danışmır.  

 

 

Mən o fikirdəyəm ki, Əkrəm Əylisli xaraktercə nə qədər ziddiyyətli, nə qədər cığal adam olsa da o, böyük yazıçıdır. Ona qarşı bu cür laqeydlik, təhqiramiz münasibət çox böyük haqsızlıqdır. Mən, ümumiyyətlə, yazıçıların, sənət adamlarının dövlət tərəfindən qayğı adı altında həmişə nəzarətdə saxlanılmasının əleyhinəyəm. Məni qətiyyən maraqlandırmır ki, filan yazıçıya “xalq yazıçısı” adı verdilər, ya vermədilər. Kimsəsə orden verdilər, ya vermədilər. Mən ədəbi cameə və oxucu kütləsinin Əkrəmə münasibətindən narazıyam. Bu, axı həmin Əkrəmdir ki, “Adamlar və ağaclar”ını, “Ürək yaman şeydir” və s. onlarla belə əsərlərini sevə-sevə oxuyublar. Onun əsərlərini böyük iftixarla oxuyublar. Fəxr ediblər ki, Əkrəm Əylisli Sovet İttifaqı miqyasında tanınan yazıçılardan biridir. Nə oldu birdən-birə? “Daş yuxular”la bu sevginin üstündən xətt çəkildi? Məncə, bu, bir az da bəzi Azərbaycan oxucularının etibarsızlığıdır”.

 

Ədəbi tənqidçi İradə Musayeva isə belə düşünür: “Əlbəttə, ən pis azərbaycanlı Əkrəm Əylisli deyil. Və ən əsası, Ə.Əylisli yaxşı yazıçıdır. Mən onun “Daş yuxular” kitabının müzakirəsi zamanı yazdığım məqalədə də göstərirdim ki, Ə.Əylislinin bu yanılış addımı onu nə tərcüməçi, nə yazıçı, nə də vaxtilə ədəbi mətbuatda və ədəbi mühitdə göstərdiyi xidmətlərini inkar etməyə əsas verir. Mən romanı yox, məhz Ə.Əylislinin məqsədli siyasi addımını tənqid etmişdim. O əsər barışdırıcı motiv daşımırdı. Əksinə, qarışdırıcı , xaos yaratmaq mənasında problemli tendensiyaya xidmət edirdi. Kitablarının kütləvi şəkildə yandırılması, bolşevik qəzəbi ilə yazıçıya münasibət bildirmək, barbar davranışlar isə daha çox hiddətə layiq idi. Elə bil o adamlar ki, Ə.Əylislinin “Daş yuxular”ı haqqında kütləvi hücum aksiyası təşkil etmişdi, onlar daha çox ermənipərəst idi. Yəni, Ə.Əylislinin romanında təsvir etdiyi “öldürən”, “asan”, “kəsən” “daşqalaqçı”, rəhmsiz və mədəniyyətsiz azərbaycanlı obrazını real həyatda təsdiqlətmək istədilər. Yəni, “baxın, doğrudan da, Ə.Əylisli reallığın yazarıdır!” Kitabları yandırıb dövrəsində qışqırışan adamların səsi hələ də qulağımdadır. Və çox utanc gətirən bir davranış idi... Mən də Ə.Əylislini anlamadım, təəccübləndim. Çünki o bədii yox, tarixi-siyasi nöqteyi-nəzərdən erməni “həqiqəti” uğrunda mücadilə naminə yazmışdı sanki əsəri... Əlbəttə, 80 yaşlı Ə.Əylisli ilə bu cür davranışımızı məqbul saymıram. Biz onu dinləməli, ədəbi müzakirələrdə ədəbiyyat, yoxsa məqsədli, yönləndirilmiş siyasət?- dilemmasını konkret bir məqama gətirməli idik. Bütün dünya ədəbi təcrübəsində də görmüşük ki, yazarı hətta vətənindən belə qovub onu “xain”, “satqın” və s. adlarla ittiham edənlər illər sonra onu hətta ölkəsinin “fəxri vətəndaşı” statusuna qədər qaldırıb. Əlbəttə, söhbət sırf Ə.Əylislidən getmir, bizim yanaşma mədəniyyətimizdəki yarımçıqlıq, birtərəflilik, qeyri-obyektivlikdən gedir söhbət...

 

 

Mən Ə.Əylislinin nəsrini və diğər ədəbi xidmətlərini unudulmamağa layiq görürəm. Və nə vaxtsa qarşılaşsaq, mütləq ondan soruşacam: Əkrəm müəllim, biz Qarabağ torpaqları uğrunda qan tökdüyümüz, evimizdən didərgin düşdüyümüz günlərdə, o günlərdə ki informasiya mərkəzlərimiz o torpaqların tarixən bizə məxsus olması naminə gecə-gündüz yazırdı, pozurdu, diz yerə qoyurdu ki, dünyanın təsəvvürünü dəyişsin, onda – o kritik günlərdə siz o əsəri niyə yazdınız? Və niyə ilk olaraq rus dilində dünyada yayımladınız? Mənə elə gəlir ki, o ya susacaq, ya da sadəcə gözlərini yerə dikib uzaqlaşacaq, bəlkə də, yox... Bütün hallarda, Ə.Əylisli ədəbiyyat faktı olaraq qalacaq. Siyasi yanlışlıqları da nəzərə alınaraq...”

 

Şair-yazıçı Seyran Səxavət də o qənaətdədir ki, Əkrəm Əylislinin yazdığı əsərlərin üstündən heç cür xətt çəkmək olmaz: “Mən Əkrəm Əylisli haqqında yetərincə danışmışam. O, gərək “Daş yuxular”ı yazmayaydı. Ancaq biz bir tək o əsərə görə onu ədəbiyyat səhnəsindən silə bilmərik. Bizim əlimizdə elə bir alət yoxdur ki, onu silək. Bu, mümkün deyil. “Daş yuxular” bəyənilmədi, mən də bəyənmədim. Ancaq Əkrəm Əylisli öz əsərləri ilə qəbul olunmuş yazıçıdır. Amma erməni xalqı “Daş Yuxular”a layiq deyildi axı. Elə bu əsərə görə onun bütün dövlət titulları əlindən alındı. Lakin Əkrəmi sevənlər yazıçının yubileyinə toplaşa bilərdi. Son vaxtlar başım qarışıq olub, onun yubileyi yadıma düşməyib. Amma çağırsaydılar, onun yubileyinə gedərdim. Mən onu 50 ildir tanıyıram. Əkrəm Əylisli onun haqqında mənim mövqeyimi bilir. Düzdür, bir qarabağlı olaraq onun səhvini qınadıq. Amma insandır, insan səhv eləyər də...”

 

 

 

Ayşəm Rüstəmova

 

 

Mənbə: Müəllif:
Əkrəm, Əylisli, özü, bunu, deməyə, qorxsa, da..., -, MÜZAKİRƏ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı