The document has moved here.
|
||
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, iki gün əvvəl adları açıqlanmayan bir qrup kinematoqrafçı yerli kino sənayesinin hazırkı durumuna görə narahat olduqlarını və bununla bağlı ölkə prezidenti İham Əliyevə müraciət etdiklərini bildiriblər. Məktubu imzalayanlardan biri, rejissor, Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev sözügedən məktubun məzmunu haqqında ümumi məlumat versə də, onun tam şəkildə mediaya çıxarılmasını doğru saymadığını söyləyib.
Rejissor Əli İsa Cabbarov təşəbbüsü müsbət dəyərləndirsə də, hesab edir ki, heç bir əlavə maliyyələşmə, yardım hazırkı vəziyyətdə kinomuza kömək etməz, nəyinsə dəyişməyini istəyiriksə, struktural islahatlara ehtiyac var və bu islahatlar ilk növbədə “Azərbaycanflm” kinostudiyasında aparılmalıdır: “"Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsi seçkili olsun, studiyanın kollektivi tərəfindən seçilsin. Ancaq bütün kollektivin hörmətini və inamını qazanan rəhbər iflas vəziyyətində olan idarəsini böhrandan çıxara bilər. Belə lider olmadığı halda heç bir əlavə maliyyələşmə kömək etməz. 88-ci ildə “Azərbaycanfilm”in kollektivi belə bir qəhrəmanlıq etmişdi. Niyə qəhrəmanlıq deyirəm, çünki Mərkəzi Komitənin öz namizədi vardı, ilkin səsvermədə keçmədi. MK-nın ideolji katibi şəxsən özü gəldi, təkrar səsvermə oldu və “Azərbaycanfilm”in kollektivi öz namizədi Ramiz Fətəliyevə səs verdi. O dövrün iqtisadi çətinliklərinə baxmayaraq, məhz, onda studiya rekord istehsalata və çox orijinal filmlərə imza atdı. İndi də studiyanı bankrotluqdan və ərazisinin özəlləşdirilməsindən kollektivin seçdiyi namizəd qoruya bilər. Mümkün namizədlərin adlarını da açıqlaya bilərəm: Oqtay Mirqasımov, Hüseyn Mehdiyev və Azər Quliyev. Hər üçünün həm istehsalat, həm də yaradıcı təcrübələri çox yüksəkdir və “Azərbaycanfilm” kollektivinin təbii, təyin olunmamış və qeyri-formal liderləri, siyasətdən və intriqalardan uzaq peşəkarlardır. Sexlər, şöbələr, həmkarlar aktivləri! Yığışın, müzakirə edin, namizədinizi təklif edib seçin. Təsdiq üçün Nazirliyə təqdim edin. Ələbaxan statusla heç bir kollektiv krizisdən çıxmayıb hələ”.
“Azərbaycanfilm” kinostudiyası hələ ki bu industriyanın mərkəzləşdiyi yerdir, ancaq idarə olunduğu yer deyil. Digər tərəfdən kinoya ayrılan maliyyənin həddidən artıq azaldılmasının səbəbi ölkə iqtisadiyyatında son iki ildə baş verənlər, manatın dəyərini itirməsi, neftin ucuzlaşması və digər amillərdir. Başqa sözlərlə, böhran yalnız kinostudiyanın ərazisində deyil. “Belə olan halda təkcə kinostudiyanın rəhbərliyini dəyişməklə islahatların olacağına ümid etmək nə dərəcədə doğrudur” sualına isə Ə.Cabbarov “Sistemin rolu ilə yanaşı şəxsiyyətin də roluna az dəyər vermək olmaz. Şəxsiyyət sistemin kafiliklərini neytrallaşdıra və ya artıra bilər. Direktoru kollektivin səsverməsilə seçməyin də məqsədi, məhz, budur: sistemin mənfi cəhətlərini neytrallaşdırıb, müsbət tendensiyaları artırmaq”, deyə cavab verir. |
||
|
||
Əli, İsa, Cabbarov:, Kinostudiyanın, direktorunu, kollektiv, seçsin, , |
|