Xəbər haqqında
08 Sentyabr 2017 - Cümə 14:49 1373 nəfər oxuyub
 
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
MÜSAHİBƏ Xəbəri
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?

Dünyaca məşhur azərbaycanlı alim Lütfi Zadənin ölümü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bir çoxları onun cənazəsinin Azərbaycana gətirilməsini doğru hesab etməyib. Lütfi Zadənin ölkəsinə heç bir töhfə vermədiyi kimi iddialar səsləndirilir.

Xeber365.com ziyalılarımızla bu mövzunu müzakirə edib. Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi? 

 

Müşfiq Şükürov:

Lütfi Zadə nümunədir. Azərbaycana nə edib sualı da yersizdir. 90-lardan onun adı dillərdədir. İnsanlar fəxrlə onun adını çəkər və çox zaman anlamadıqları “qeyri-səlis məntiq” nəzəriyyəsi barədə nəsə yazmağa çalışardılar. Neçə zamandır o miqyasda və o şöhrətdə alimimiz olmayıb. Azərbaycanlıların şüuurunun ona ehtiyacı böyük idi. Yoxsa onu bu  illər ərzində onu bu dərəcədə məşhurlaşdırmazdılar. Bu cür nümunələr milləti ruhlandırır, özgüvən hissini artırır. İncəsənətdə, elmdə, ədəbiyyatda, hətta idmanda böyük adlar və nailiyyətlər insanlara müsbət təsir edir. Biz də bacarırıq, heç kimdən əksik deyilik, mənasında.

İndi bəziləri bu cür ziyalılardan fəal lobbiçilik fəaliyyəti gözləyilər. Mən onları başa düşürəm. Amma gəlin hər kəsin verə biləcəyindən artıq gözləntilərə qapılmayaq, azərbaycanlı kimliyini müsbət tanıtmış hər bir kəsə minnətdar olmağı öyrənək. Lütfi Zadənin Bakıda dəfnini müsbət hal hesab edirəm. Onun adı hələ çox iş görəcək gənc nəslin motivləndirilməsi baxımından.

 

Aqşin Yensiey:

Sosial şəbəkələr ictimai institutlardır, burada daha çox hadisələrin ictimai yönü müzakirə olunur. Alimin, şairin, aktyorun yaradıcılığından çox, ictimai çəkisinin burada müzakirə olunması təbiidir. Görünən odur ki, Lütfizadə tanınmış alim olsa da heç vaxt dünya ictimaiyyiyətinin diqqətini cəlb etməyib, yəni ictimai çəkisi olmayıb, Azərbaycanda da son illər şəxsi görüşləri ilə ictimailəşib.  "20 yanvar"da, Xocalıda, Qarabağda o heç vaxt Azərbaycanlı deyildi, amerikalı idi, yalnız ölüm ayağında vətəni yada salması insanları təəssüfləndirir. Tarixinin ən pis dövrünü yaşayan, yarısı rus, yarısı fars əsarətində olan, son yüz ildə ancaq işğalla qarşılaşan bir xalqın öz ziyalısından gözləntisi, ən azı, erməninin öz pornoulduzundan  gözləntisi qədər də olmamalıdırmı? Yaxud ABŞ-da yaşayan bir alim kimi, Azərbaycan elminə nə töhfələr verib? Üzeyir Hacıbəyov kəndlərə düşüb məktəblərə uşaq yığırdı. belə bir ziyalı nümunəsi olan xalq Lütfizadə kimi vətənə ancaq şanlı qəbiristanlıq kimi baxan adama hansı münasibəti göstərməliydi? Dünyaya məxsus ailm idisə, qoy onunla dünya maraqlansın, məsələn, "Nyu-York Times" nekroloq dərc etsin. Xalq öz övladlarına həmişə öz ehtiyaclarının qarşılığına görə qiymət verir, biz özümüzdən nə yeni xalq, nə də yeni ziyalı tipi qondara bilərik. 70 il rus hökuməti bu xalqa zorla bir yığın qırmızısifət ziyalı dürtmüşdü, hanı onlar? Diri-diri unuduldular!

 

 

 

Yalçın İslamzadə:

Lütfi Zadə Azərbaycanda dəfn olunmağı vəsiyyət edib. Ümid edək bunu şəxsi vəsaiti hesabına edəcək, büdcə hesabına cənazəni gətirmək üçün təyyarə, fəxri xiyabanda yer, məzarüstü heykəl eyhamı deyil. Çünkü biz yazıçı, şair, incəsənət xadiminin ən kiçik fürsətdə belə büdcədən ev, ev təmiri, torpaq sahəsi, bir medal, kiçik bir büst, yubiley gecəsi, fəxri ad qoparmağa çalışdığını görmüşük. Lütfi Zadə seminarlar verməyibsə, üç-beş tələbəyə təqaüd təşkil etməyibsə, bir universitet kitabxanasına kitablar bağışlamayıbsa onun ölkəyə hansı xeyr dəyib? "Bizim" deyıb fəxr ediyimiz şəxslərin "bizə" bir az da faydası toxunmalı deyilmi?

90-cı illərdə tv-də bir proqram vardı, xaricdə yaşayan azərbaycanlıları tapıb danışdırırdılar, həmyerlilərimiz "qurban olaram, gəlib vətəndə öləcəm" deyib ağlaşırdılar. Sonra müharibə zamanı xaricdə yaşayan həmyerlilərimizdən hansısa dəstək görmədik. İşğalçılardan azad edilən erməni səngərlərində isə Livandan Fransaya qədər ermənilərin çox olduğu ölkələrin müxtəlif məhsullarına rast gəlinirdi.

"Ölməyə vətən yaxşı" deyib ölkəni qəbiristanlığa çevirilblər. Ölülərə edilən ehtiram, çəkilən xərc dirilərə layiq görülmür. Türkiyədə zəlzələ olanda Azərbaycanda işləyən Türkiyə vətəndaşları vəsait toplayıb Van şəhərində məktəb tikdilər.

Mənbə: Müəllif: XƏBƏR365
Lütfi, Zadə, azərbaycanlılar, üçün, nə, etməliydi?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı