3- cü hissə
(I hissə bu linkdə: "Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı")
(II hissə bu linkdə: “Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”)
1993-cü il 4 iyun qiyamının növbəti ildönümüdür, ötən 23 ildə hadisələrin iştirakçıları bu barədə dəfələrlə danışıb, media tərəfindən debatlar təşkil olunub, hətta kitablar yazılıb, amma nələrinsə yenidən xatırlanmasına ehtiyac yaranır. Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovla söhbətimizdə oxucular üçün yeni sayılacaq, hətta ilk dəfə xəbər365 saytında səslənən fikrlər var.

- Əməliyyata kim rəhbərlik edirdi?
- MTN nümayəndəsi qismində birinci müavin Sülhəddin bəy Gəncəyə getmişdi. Baş prokuror kimi İxtiyar Şirinov ordaydı. Daxili İşlər Nazirliyindən birinci müavin Qabil Məmmədov Gəncədəydi. İsa Sadıqov korpus komandiri kimi bölgədəydi, çünki 709 saylı hissə onun komandirlik etdiyi korpusa tabe olmalıydı. Daxili Qoşunların komandanı Fəhmin Hacıyev və Bakı Bələdiyyə Polisinin rəisi Mehdi Mehdiyev də Gəncəyə getmişdilər. Hər bir qurumun müəyyən qədər kontingenti ora cəlb olunmuşdu.
- İsa Qəmbərlə Pənah Hüseyn DİN-dəydilər. Prezident onlara demişdi ki, əməliyyatı oradan idarə edin? Yaxud prezident problemin danışıqlarla, yoxsa güclə həll edilməsinə göstəriş vermişdi?
- Müdafiə Komitəsinin toplantısını xatırlatdım. Mənim və hər bir iştirakçının eşitdiyi konkret mövqe olub: Surət Hüseynov tabe olmasa, ya həbs olunmalıdır, ya məhv edilməlidir. Amma ayrılıqda kimə konkret nə tapşırıq verilib, onu deyə bilmərəm. O ki qaldı İsa bəylə Pənah bəyin DİN-də oturmasına, onların orda olması üçün göstəriş verildiyi barədə eşitməmişəm və güman etmirəm ki, prezident belə tapşırıq versin. Bir məqamı deyim. Əgər öz təşəbbüsləriylə DİN-də oturublarsa, burda bir məntiq olub, Daxili İşlər naziri Abdulla Allahverdiyevin etibarlılığına və peşəkarlığına şübhə yox idi. Bəlkə o baxımdan DİN-ə rəhbər seçilmişdi. Bu mənim ehtimalımdır.
- Siz bir az əvvəl Gəncədə müəyyən qayda-qanun yaradıldığını, polis qüvvələrinin gücləndirildiyini qeyd etdiniz. Bəs nədən hər şey bir anın içində dəyişdi və bu qədər dövlət xadimi Surət Hüseynov tərəfindən girov götürüldü? Bu nə demək idi?
- Bu, peşəkarlığın yüksək olmaması, qarşındakı qüvvəni və arxasındakını düzgün dəyərləndirməmək demək idi. Bəli, hökumət Gəncədə Surət Hüseynova tabe olan hərbi qüvvələri Müdafiə Nazirliyinə tabe etdirmək istəyirdi. 4 iyundan 1 ay əvvəl Gəncədə hərbi birlik yaranmışdı, toplantıda qərara alınmışdı ki, dövlətlə danışıqları Surət Hüseynov aparmalıdır. Bu qüvvələrin arxasındakı qüvvəni-Rusiyanı görmək lazım idi.
- Pənah Hüseyn bir neçə il əvvəl mənə verdiyi müsahibədə deyirdi ki, hər gün mənimlə prezidentin masasının üzərinə Moskva-Naxçıvan-Bakı-Gəncə telefon danışıqlarının stenoqramı gəlirdi və biz Nemət Pənahlının Gəncə-Naxçıvan arasında hansı danışıqlar apardığını bilirdik. Bəs niyə tədbir görülmürdü?
- Siz niyə ona bu barədə sual vermədiniz?
“Sədaqətli, cəsarətli və peşəkar insanlar az idi”
- Sual verilib, sadəcə Pənah Hüseyn suala özünəməxsus cavab verib... Siz də hökumətin yüksək rütbəli şəxslərinin hər şeydən xəbərdar olduğunu bilirsiniz, düzdürmü?
- Çox şeydən xəbərdar olduqları doğrudur.
- Bəs niyə heç bir tədbir görülmədi və o qədər dövlət xadimi girov düşdü?
- Sədaqətli, cəsarətli və peşəkar insanlar az idi.
- Girov götürülənlər də sədaqətli deyildilər?
- Yox, onlar sədaqətliydilər, amma peşəkarlıqları yüksək deyildi. Onların qarşısında dayanan qüvvənin arxasında isə Rusiya vardı. Ortalıqda Gəncədəki qiyamçılara Rusiyanın maliyyə yardımı, Gəncədə saxlanan rus silah-sursatı var idi ki, bunlar Surətə verilmişdi. Tədbir görmək üçün çalışılırdı. Görünür, peşəkarlıq və qətiyyət problemi vardı. Məsələnin qəlizliyi burdadır. Təsadüfən demədim ki, hakimiyyətə gəlirsən, amma güc strukturları sənə tabe deyil.
“İrandakı Azərbaycan türklərinin qəlbinə Elçibəy qədər təsir edəcək lider yoxdu”
- Güc strukturlarından MTN-nin birinci müavini Sülhəddin Əkbər bir dəfə müsahibəsində mənə demişdi ki, o, aprel ayından prezidentin qəbuluna düşə bilmirdi. Hətta bildirmişdi ki, Gəncədə Surəti nəzarətə götürsələr də, buraxmaları barədə göstəriş gəlib...
- 4 iyunda kim deyib ki, Surəti buraxın? Nə vaxt nəzarətə götürülüb? Bu mənim üçün qaranlıqdır. Gərək Sülhəddin bəy ad çəksin, kimin göstəriş verdiyini desin. Surət Hüseynovun evinin önündə MTN-nin xüsusi təyinatlı qrupu növbə çəkirdi. Həmən növbə çəkilən postdan Surət əlini qolunu sallayaraq 2 dəfə çıxıb hərbi hissəyə gedib. Hər şeyi kənara qoyaq, Əzizağa Süleymanovun yazıları var, hər şeyi açıq yazıb. Bu gün Elçibəy həyatda yoxdur və başa düşürəm, məğlubiyyət yetimdir, onun sahibi olmur. O bir il müddətində nə baş veribsə, əsas məsuliyyət daşıyan şəxs, təbii ki, prezident Elçibəydir. Amma hakimiyyətdə təmsil olunan mən daxil hər kəsin də tutduğu mövqeyə görə məsuliyyəti var, bunu gözardı etmək olmaz. Adi bir misal- “Barselona” futbol komandasını götürün, bir Messini saxlayın, qalanları isə Azərbaycan futbolçuları olsun. Əgər azərbaycanlı furbolçular komandada oynamağı bacarmırlarsa, Messi nə edə bilər? Heç nə. Hakimiyyət idarəçiliyi də komanda idarəçiliyidir. Bir daha deyirəm, hər kəsin məsuliyyəti var, heç kəs özünü məsuliyyətdən kənara qoymamalıdır. Hamıdan umduğum və bəzən etiraz etdiyim də budur. Birisi nazir, yaxud icra başçısı olub, yaxasını kənara çəkib və məsuliyyəti prezident Elçibəyin üzərinə qoymağa çalışır. Xeyr, elə deyil. Hər kəs öz vəzifəsini düzgün yerinə yetirsəydi, durum fərqli olardı. Təbii ki, biz məğlub olmasaydıq, Azərbaycan fərqli yerdə, daha güclü dövlət olardı. P. Hüseyn demişkən, cinayətimiz-məğlubiyyətimizdir.
- Oqtay bəy, prezidentin bəzi açıqlamalarının da 4 iyun hadisələrinə təsir etdiyini düşünmək olarmı? Məsələn, Bütöv Azərbaycan məsələsi...
- Elçibəy Güney Azərbaycanla bağlı fikirlərini həmişə açıq deyib.
“Gəncədəki qiyamçılara Rusiya maliyyə yardımı edirdi”
- Prezident olaraq doğruydumu bunu demək?
- Gərək tərəzinin gözünə baxaq. Bir tərəfdə 30 milyonluq millətin taleyi dayanıb, digər tərəfdən də hakimiyyətin və sizdən başqa millətin dərdini deyən yoxdur, nə etməlisiniz?!
- Bunu yumşaq şəkildə demək olmazdımı?
- Yumşaq nəyə deyirsiniz? Elçibəy deyirdi ki, İranda 30 milyon azərbaycanlı var, onların ana dilində oxumağa məktəbi yoxdur.
- Elçibəy dövründə Bütöv Azərbaycanın xəritəsi olub, xəritədə Zəncan da Bütöv Azərbaycana daxil idi. Bu İrana o qədər təsir etmişdi ki, Azərbaycanla sərhədlərə hərbi hissələr qoymuşdu, hətta Zəngilan işğal olunanda əhalinin çox hissəsi İrana keçmişdi, amma Tehran hakimiyyəti onların 1 sutkadan artıq qalmasına imkan verməməyi tapşırmışdı. Səbəb də Bütöv Azərbaycan məsələsiydi. Halbuki 6 milyon əfqan qaçqınını yerləşdirmişdilər. Bunu Babək Muğanlı bizə danışıb...
- Bu gün deyəndə ki, Elçibəy Rusiya və İranla münasibətləri pisləşdirdi, heç olmasa yada salsınlar ki, o zaman həmin dövlətlər Azərbaycanın birinci və ikinci ticarət ortaqlarıydı. İqtisadi əlaqələr kifayət qədər yüksək səviyyədə idi. Elçibəyin istəyi o idi ki, Azərbaycanı müstəqil dövlət kimi qəbul etsinlər. İranın Azərbaycana münasibəti Elçibəy, yaxud Heydər Əliyevlə ölçülmür, bu dövlətin konkret maraqları var. Onlar normal və firavan Azərbaycan dövlətinin olmasını istəmirlər. Çünki güclü Azərbaycan dövləti İran üçün həmişə təhlükə mənbəyidir. İran da yaxşı bilir ki, əhalisinin 50-ə yaxınını təşkil edən Azərbaycan türklərinin elementar haqları təmin olunmasa, nə zamansa ciddi problem yaranacaq. Hətta 1940-cı illərdə, Pişəvəri zamanı birləşmə ideyası ciddi olub və bu problem şəxslərə bağlı deyil. Elçibəydən ona görə ehtiyat edirdilər ki, o, güneydəkilərin qəlbinə təsir edə bilirdi, problem ondadır. Bu gün Azərbaycan dövləti 20 il əvvəlkindən çox güclüdür, amma 10 minlik mitinq etsəniz də, İrandakılara çox təsir etməz. Çünki İrandakı Azərbaycan türklərinin qəlbinə Elçibəy qədər təsir edəcək lider yoxdu. İran, Rusiyadan sonra Azərbaycanın ikinci ticarət ortağı olsa da, Elçibəylə bağlı əndişələrinə görə onun hakimiyyətdən getməsini istəyirdi və bu istiqamətdə fəaliyyət göstərirdi. Onların “Azərbaycan” mehmanxanasında casusları da həbs olunmuşdu, Gəncədə hadisələr başlananda İranın Azərbaycandakı səfiri Nəhavandian Surət Hüseynova Qurani-Kərim hədiyyə etmişdi.
- Necə olurdu ki, başqa dövlətin səfiri qiyama rəhbərlik edən şəxslə görüşürdü...
- 4 iyundan sonrakı uğursuzluq güc strukturlarında gözləmə mövqeyinə, tərəddüdə və satqınlığa yol açdı. Bəli, satqınlığa yol açdı, bunun adı deyilməlidir. Konkret olaraq, 13 iyunda Müdafiə Nazirliyində keçirilən toplantıda bəyanat verildi ki, Gəncədə baş verən hadisələrin Müdafiə Nazirliyinə aidiyyatı yoxdur, siyasi məsələdir. Həmin toplantıda nazirliyə aidiyyatı olmayan şəxslər də vardı - Rəsul Quliyev, Etibar Məmmədov, Rəhim Qazıyev...
“Rəsul Quliyevlə bağlı iş prokurorluğa verilmişdi”
- Rəsul Quliyev baş nazirin birinci müavini olduğu halda niyə həmin toplantıda iştirak edirdi?
- Rəsul Quliyev Heydər Əliyevə olan simpatiyasını gizlətmirdi. Sadəcə Rəsul Quliyev təsərrüfatçılıq qabiliyyəti və xalq hərəkatına müəyyən simpatiyası olan zavod direktorlarından idi. Beləsini kənara qoyursan, bir problem, yaxına çəkirsən, başqa problemdir.
- Ancaq onun korrupsioner olduğu da çox məlum idi...
- AXC hakimiyyəti dövründə Rəsul Quliyevin zavodunda yeyintilərlə bağlı araşdırmalar aparılırdı. May ayının sonlarında iş yekunlaşib prokurorluğa verilmişdi. Düşünməyin ki, heç bir tədbir görülmürdü.
- Oqtay bəy, necə oldu ki, xalq hərəkatının aparıcı simalarından biri olan Etibar Məmmədov kənarda qaldı və sonra AXC hakimiyyətinə problem yaratdı?
- Onunla danışıqlar alınmadığından kənarda qaldı. Etibar Məmmədov ona təklif olunan postu başqa formatda istəyirdi, bu isə mümkün deyildi.
“İranın səfiri Nəhavandian Surət Hüseynova Qurani-Kərim hədiyyə etmişdi”
- Ancaq 4 iyundan sonra razılaşmanın müəyyən qədər alındığı və hətta prezidentin, Etibar Məmmədovun baş nazir təyin olunması barədə fərman imzaladığı da deyilir. Bunlar doğrudurmu?
- Bəli, fərman imzalamışdı, amma Etibar Məmmədov onu qəbul etmədi.
- Şərti nə idi?
- Özü bu məsələni daha detallı izah edə bilər. Çünki qeyri-müəyyənliyin olduğunu bildirib qəbul etmədi.
- Yəni qiyamın əleyhinə çıxmadı?
- Etibar Məmmədovla danışıqları Arif Hacıyev aparmışdı, müəyyən qədər də bu barədə açıqlama veriblər. Fakt bu idi ki, hakimiyyət çalışırdı ki, AMİP və YAP Surət Hüseynovla olmaqdansa, hakimiyyətlə koalisiya qurub məsələni həll etsin, o da alınmadı. Hər şeyi kənara buraxıb bir tək məsələni deyim ki, AMİP in 4 iyundakı xəyanəti 1993 cü ildə həll olunacaq Dağlıq Qarabağ problemini Azərbaycanın əleyhinə olan şərtlərlə qeyri-müəyyən vaxta qədər uzadıb.
“Heydər Əliyev Ayazı dəstəkləmədi, çünki AXC-yə simpatiya bəsləyirdi”
- Nəhayət, Elçibəy-Heydər Əliyev münasibətlərinə gəldik. Düzdür, əvvəllər də onlar arasında hansısa razılaşmanın olduğu deyilirdi, son bir ildə isə ayrı-ayrı adamlar bu haqda inamla danışır. Məsələn, Heydər Əliyevin mühafizəçisi olmuş Əmir Hüseynov deyib ki, Elçibəy özü prezident olmaq istəmirmiş, onu məcbur ediblər və o, Heydər Əliyevi ölkənin rəhbəri kimi görür. Bu baxımdan sual belədir: bu iki şəxs arasında razılaşma olmuşdumu?
- Əmir Hüseynovun Elçibəylə bu tip müzakirələr apardığı barədə iddiası qeyri-ciddidir. Onu mən də tanıyıram, belə şey olmayıb. Digər tərəfdən “Heydər Əliyevlə Elçibəy danışdılar və hakimiyyəti bir-birinə ötürdülər, guya, Gəncə hadisələri də buna görə baş verib” söyləmək də qeyri-ciddilikdir. Bəli, hakimiyyətdə koordinasiyada müəyyən problemlər olub, işlər istənilən kimi getməyib. Bunlar qəbuldur, problemləri də müsahibə boyu dedim. Ancaq məsələ gəlib o həddə çatanda ki, Gəncə hadisələri hakimiyyətin Heydər Əliyevə ötürülməsi üçün planlaşdırılmışdı, bu, artıq heç bir məntiqə sığmır. Ötən 23 ildə xaricdə və daxildə özünə hörmət edən hər hansı araşdırma mərkəzi, media qurumu, heç bir analitik və şəxslər Gəncə hadisələrinin hakimiyyətin planlı şəkildə ötürülməsi məqsədilə təşkil edildiyi nəticəsinə gəlməyiblər. Çünki ağlı başında olan adam gətirib o boyda hadisələri iki nəfər arasındakı anlaşmaya bağlaya bilməz. Zaman göstərdi ki, Elçibəyin hakimiyyətdən getməsini istəyən nə qədər qüvvə var. Daxildəki qüvvələr bəlliydi - Rusiyayönümlü qüvvələr, kommunistlər, Ayaz Mütəllibovun tərəfdarları, Surət Hüseynov, Əlikram Hümbətov və s. Daha sonra gəlirdi AMİP, YAP, Nemət Pənahlı, ASDP və başqaları. Yəni siyasi arenanın mühüm hissəsi AXC hakimiyyətinə qarşı idi və Elçibəyin hakimiyyətdən getməsində fəal iştirak etdi. O zaman ölkədə siyasi qüvvələr 3 şəxsin ətrafında cəmləşirdi: Elçibəy, Heydər Əliyev və Ayaz Mütəllibov. Faktiki bir-birinə qarşı olan bu qüvvələrdən ikisinin münasibəti loyallaşanda üçüncüsü zəifləyirdi. 1991-92-illərdə Heydər Əliyevin AXC ilə münasibətləri normal olanda və hərəkat Ayaz Mütəllibova qarşı müxalifətdə olanda o, hakimiyyətdə qala bilmədi. Çünki Heydər Əliyev onu dəstəkləmədi, o, AXC-yə simpatiya bəsləyirdi. AXC hakimiyyəti zəifləyən zaman Heydər Əliyevi dəstəkləyən qüvvələrlə Ayaz Mütəllibovu dəstəkləyən qüvvələr arasında hakimiyyətə qarşı fikir birliyi formalaşdı və nəticədə Elçibəy hakimiyyəti qoruya bilmədi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında OMON-çuların hərəkəti zamanı Elçibəy Ayaz Mütəllibov tərəfdarlarıyla danışıqlara getmədiyi üçün indiki hakimiyyətin itirilməsi zəmini aradan qalxdı. Dəfələrlə Elçibəyə sifarişlər olsa da, qəbul etmədi. 1995-ci ilin fevralında Elçibəy bu məsələlərə münasibətini konkret bildirdi: "Moskva və Tehranın uşaqlarıyla bir masada oturmaram". Daxili qüvvələrin spektrini dedim, xaricdən Rusiya, İran və Ermənistanın Elçibəyin hakimiyyətinə münasibəti bəlliydi. Sonradan BP-nin keçmiş prezidenti də etiraf etdi ki, onlar Elçibəyin hakimiyyətdən getməsi üçün müəyyən vəsait xərcləyiblər. Türkiyənin o zamankı Baş Naziri Süleyman Dəmirəl də Elçibəyin hakimiyyətdən getməsində maraqlıydı, bu istiqamətdə fəaliyyət göstərirdi. Təsəvvür edin - yeni qurulan və mexanizmləri iflic olan dövlət, hakimiyyətə gəlmiş, ordusu olmayan yeni qüvvələr. Gücünü yalnız xalqdan almaq istəyən bu qüvvənin qarşısında dayanan güclərin spektrinə baxın. Allah eləməsin, 1993-cü ildəki Azərbaycan dövləti və hakimiyyətindən qat-qat güclü olan indiki vəziyyətimizdə hakimiyyətin qarşısında belə spektrli qüvvələr dayansa, nə baş verər? Belə bir gücün qarşısında hansı hakimiyyət dayana bilər? Məsələyə bu yöndən baxılmalıdır, yoxsa “Elçibəylə Heydər Əliyev 8 saat söhbət etdilər, yaxud plan qurub hakimiyyəti bir-birinə ötürdülər” nə deməkdi?!. Plan qurulurdu, amma dövlətin möhkəmlənməsi istiqamətində. 1992-ci ilin 31 dekabrında prezident Elçibəy xalqa müraciətində növbəti ilin dövlət quruculuğu ili olduğunu elan etmişdi və bu istiqamətdə konkret addımlar atılırdı. Hüquq-mühafizə orqanlarının, MTN-nin təkmilləşdirilməsi, ordunun vahid mərkəzə tabe etdirilməsi və s. Kimi işlər görülürdü. Bunlar, tədricən, həyata keçiriləcək məsələlərdir. 1993-cü ilin aprelində Türkiyədən gələn hərbi təlimçilərin iştirakıyla yeni ordu quruculuğuna başlanılmışdı. Söhbət NATO standartlarına uyğun ordudan gedirdi. On bir batalyon artıq formalaşmış və 3 aylıq təlimdən sonra ordumuzun sıralarına qatılacaqdı. Nəzərdə tutulurdu ki, 1 il müddətində ordunun NATO standartlarına uyğun 20 minlik özəyi qurulsun. Bunun örnəyi olan N saylı batalyon Tərtər istiqamətindəki döyüşlərdə 150-yə yaxın Ermənistan hərbçisini bir döyüşdə məhv etmişdi (Həmin kadrlar indi də sosial şəbəkələrdə paylaşılır). Həmin batalyonun yaradıcısı Azərbaycana könüllü gələn rəhmətlik Kaşıf Kozanoğlu istefada olan zabitiydi. Təhlükəsizlik və ordu quruculuğu sahəsində ciddi addımlar atılırdı. İkinci, iyun ayında köklü kadr dəyişikliyinə gedilməsi üçün hazırlıqlar görülür, neft müqavilələrinin imzalanma tarixi müəyyənlədirilir və diplomatiya sahəsində müəyyən uğurlar əldə edilirdi. Amerika, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan formatında Kəlbəcər və digər işğal olunmuş ərazilərin boşaldırmasıyla bağlı qrafiklər hazırlanırdı.
“14-30 iyunda Kəlbəcərin boşaldılması qrafiki üzrə razılaşmalar əldə olunmuşdu”
- Bəlkə bütün bunların baş tutmamasında Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin “Elçibəy 1 sent belə güzəştə getmədi” ifadəsi, həmin yöndə gedən neft danışıqlarındakı anlaşmanın alınmaması rol oynadı?
- Təbii ki, onun təsiri vardı. Elçibəy neft müqavilələrinin əhəmiyyətini bildiyi üçün çalışırdı ki, imzalanma prosesi sürətləndirilsin. 1993-cü ilin martında neft kəmərinin marşrutunu müəyyənləşdirən BTC ilə bağlı sərəncam verildi. Bütün nöqsanlara baxmayaraq, iyunun 30-da Prezidentin Londona rəsmi səfəri və neft müqavilələrinin imzalanması mərasimi nəzərdə tutulmuşdu. 14-30 iyun arasında isə Kəlbəcərin boşaldılması qrafiki üzrə razılaşmalar əldə olunmuşdu. Xatırlayırsınızsa, mərhum Vəfa Quluzadə həmin vaxt Azərbaycan xalqına müjdə olaraq xəbər verdi ki, Kəlbəcərin boşaldılması qrafiki təsdiqlənib. Bunlar hamısı dövlət quruculuğu prosesinin müəyyən qədər yoluna düşməsindən xəbər verirdi. Ən önəmlisi, 25 mayda Gəncədə olan axırıncı rus əsgəri də Azərbaycanı tərk etmişdi. Daha 3-4 ay ərzində bir sıra məsələlərin qarşısı alınsaydı, NATO sistemində qurulan 5-6 minlik ilkin qüvvə MN-nin tərkibinə qatılsaydı, onların qarşısında tək Gəncədə yox , başqa yerdə də heç bir qüvvə dayana bilməzdi. Sadəcə, zaman çox qısa, imkanlar və güc məhdud idi. Mən Elçibəylə Heydər Əliyev hakimiyyətinin müqayisəsini qüsurlu hesab edirəm. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdana qədər - 20 ilə yaxın Azərbaycanı birbaşa, yaxud dolayı yolla idarə etmiş, əlinin altında minlərlə kadr işləmişdi, onların əksəriyəti ona bağlıydı. İkinci, yüzlərlə adamı ölkədən kənara oxumağa göndərmişdi ki, həmin adamlar da özlərini ona borclu sayırdı. Bütün bu halıyla Heydər Əliyev, ən azı, 15 ay Surət Hüseynova və digərlərinə dözdü, onlarla faktiki koalision hakimiyyətdə oldu. Bir şeyə diqqət edin: 1993-cü ildə Gəncədə qiyam başlayanda cəbhə boyu bütün istiqamətlərdə döyüşlər şiddətləndi. Məqsəd dövlətin gücünü parçalamaq idi. Sonrakı dövrlərdə analoji hadisələrdə bu yaşanmadı və şans yarandı ki, daxili problem həll olunsun. AXC hakimiyyətinin bu şansı olmadı. İkinci, Heydər Əliyev də Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinə nəzarəti müəyyən zaman çərçivəsində təmin edə bildi. Elçibəyin isə bu zamanı olmadı.
- Gələk yekuna. Yüzlərlə adam Elçibəyi tənqid, hətta təhqir edə bilər, amma bu, Elçibəy sevgisinin yanından yel də olub keçməyəcək. İndi verəcəyim sual isə zaman-zaman mediada, sosial şəbəkələrdə səslənir: Necə oldu ki, Elçibəyin əksər müavinləri, müşavirləri qarşı tərəfi seçdilər? Axı, nə baş verdi ki, bu gün həmin adamlar mövcud hakimiyyəti YAP-çılardan da çox müdafiə edirlər?
- Deputat olmağı, parlamentdə oturmağı hakimiyyətin yanında olmaq kimi dəyərləndirmirəm. Hər kəs özünə cavabdehdir, mən yalnız öz mövqeyimi izah edə bilərəm. Yaxşı olar ki, bu suallara nəzərdə tutduğunuz insanlar cavab versin.
- Ona görə sizdən soruşuram ki, Elçibəyə ən sadiq insanlardan biri olmusunuz, hər gün onu və qəbuluna gələnləri görürdünüz...
- Əbülfəz bəy 16 ildir vəfat edib və bu illərdə çox şey dəyişib. Bu baxımdan hər kəs yolunu özü seçir. Odur ki, mənim kiminsə mövqeyinə qiymət verməyim doğru deyil. Hər şeyi zaman yoluna qoyar və zaman qiymət verər. Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı var. Məsələn, BP-nin sabiq prezidenti və Süleyman Dəmirəlin bu hadisələrdə yaxından iştirakı neçə illər sonra açıqlandı. Vaxtilə mən bu barədə danışanda irad bildirildi ki, ciddi deyil. Sonradan Dəmirəl ANS kanalında özü hər şeyi açdı. Yəni zaman məsələləri açır. Mənim də baxışlarım subyektiv ola bilər, sadəcə nəyi görmüşəmsə, onu deməyə çalışıram. Deyirlər ki, Prezident Aparatında oturub tarixi saxtalaşdırır, mən gördüyüm hadisələri, qeydlərimi danışıram, saxtalaşdırmıram. Fürsətdən istifadə edib millət vəkili Vahid Əhmədova təşəkkür edirəm, dövlət adamına, insana yaraşan şəkildə mövqe qoyub doğru qeyd etdi ki, Elçibəyin bütün fəaliyyəti tərəfimizdən tənqid olunsa da, onun rus ordusunun Azərbaycandan çıxarılması qərarı hər zaman tarixdə qalacaq. Halbuki 1 ildə görülən işlər kifayət qədər çox idi. Ən azı, Elçibəy hakimiyyətinin 8 ayında iqtisadi durğunluq dayandırıldı və inkişafa keçid başlanıldı.
SON
(I hissə bu linkdə: "Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı")
(II hissə bu linkdə: “Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”)
|