The document has moved here.
|
||
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Uzun illərdir Türkiyədə yaşayan görkəmli şair Məmməd İsmayıl çoxdandır mətbuata danışmırdı. Şairlə bir balaca söhbətləşmək istədik: Məmməd İsmayıl hardadır, Azərbaycanın və Türkiyənin gələcəyi ilə bağlı nə düşünür, dönüb arxaya baxanda dünəni necə görür, gələcəyə ümidlidirmi? Gələcəyi gördüyünü və heç vaxt gördüklərində yanılmadığını deyən şair ümidlidir. Ümidlidir ki, dövlətçilik ənənələri Türkiyəni yıxılmağa qoymayacaq. Biz də o ümiddən pay alaraq güman edirik ki, elə iki qardaş ölkə hər zaman ayaqda olacaq və biz arzuladığımız gələcəyi görə biləcəyik...
Beləliklə, şairlə söhbəti təqdim edirik:
– Əslində, səbəbi hamımız bilirik, amma təfərrüatlarla da tanış olmaq istərdik: Məmməd İsmayıl niyə Azərbaycanda yaşamır? Bir halda ki, istədiyi vaxt gəlib-gelə bilir…
– Çinlilərin belə bir sözü var: “Tanrı dəyişim zamanında yaşatmasın insanı”. Acı tarixlər haqqında uzaqdan-uzağa xatirə yazmaq çox asandı. Bir də gəl o tarixin içində yaşa. Son 21 ildə buna bənzər çox suallar verildi və mən də gərəyincə cavablandırdım. Bilmirəm, indi təkrara ehtiyac varmı? Gəncliyimdə davamlı olaraq 1920-ci illərdəki aydınları qınayırdım. Deyirdim gərək öləydilər, amma ölkəmizin ruslar tərəfindən işğal edilməsinə imkan verməyəydilər. Aleksandr Qrin deyirdi, gələcək nədənsə öz yerində durmur. Qınadığım aydınların yaşadıqlarını yaşamaq növbəsi sonunda mənə də çatdı. Üzümə tabut qapağından qeyri bütün qapılar qapadıldı və mənə vətəndə yaşamaq şansı belə tanınmadı. Vəhşi bir acgözlülük, pul hərisliyi sardı hər kəsi. Bizi elə bir şablona saldılar ki, ya dişinlə-dırnağınla əlləşib-vuruşub ailənin keçimini sağlayacaqsan, ya da əvvəlki “çürümüş” ideallarına tutunacaqsan. Ya o, ya bu; üçüncü yol qoymadılar! İllərlə işsiz qalıb balalarımı amansız aclığın əlindən qurtarmaq üçün torpaqla əlləşdim. Evimin telefonu aylarla susanda tək hakimiyyətdəkilər yox, ölkənin o zamanlar yüksək vəzifələrindən birini tutan, yaxın dost saydığım adam da kreslosunu qorumaq üçün mənə iş verməyəndə gördüm ki:
– Açdım bütün ümidlәri, İçindәn boş vәdә çıxdı. Vәtәnin bütün yolları, Axırda qürbәtә çıxdı.
Vətəni kilim kimi altımızdan çəkdilər! Son 23 ildir əvəllər məni özünə çəkən doğma yerlərin çəkim sahəsi elə zəifləyib ki... Yolun, küçənin, dağın-daşın suçu yox ki! Suç şeytani güclərin haram nəfsi ilə dolub-daşan auradadır. Qaldı ölkəyə gedib-gəlmək məsələsinə: məni işsiz-gücsüz buraxıb, ölkəni tərk etməyə zorlayanlar, ya da aclıqla sınağa çəkib ələbaxım etməyə çalışanların hamısı birlikdə vətənin özgürlüyü üçün mənim etdiklərimin beşdə birini etməyiblər, o zaman nə adla ölkəyə gəlməyimə əngəl olacaqlar?
– Dili dilimizdən, dini dinimizdən olan Türkiyəni qürbət ölkə hesab edirsinizmi?
– Bir ağacı bağın bir yerindən çıxarıb, başqa yerinə basırsan, yerini alana qədər iki-üç il keçir. İnsan oğlu da eyni taleyi yaşayır. Uzun ömür yolumda bircə qürbət qalmışdı başıma gəlməyən. Tale onu da qarşıma çıxaracağını bildiyindən məni oğuz bölgəsində dünyaya gətirmişdi. Əslində, doğulduğum oğuz yurdu Tovuzun adət-ənənəsi Anadolu gələnəkləri ilə hardasa eynilik təşkil etdiyindən qürbət çiləsinə duruş gətirmək olur, yoxsa... Bu mənada təkrar olsa da deyim ki, Türkiyə də qürbətdir, amma qardaş qürbəti!
– Bir vaxtlar baş redaktoru olduğunuz “Gənclik” jurnalı görünməmiş şöhrət qazanmışdı. Ancaq bəzən deyirlər Məmməd İsmayıl AzTV-də həmin uğuru təkrarlamadı. Bunun səbəbi nəydi: Dövrün ictimai-siyasi təlatümləri, daxili intriqalar, yoxsa? – Əslində, mənim media sahəsində ilk böyük uğurum televiziya ilə bağlıdır. Və “Gənclik” jurnalına gedən uğur yol da birbaşa AzTV-dən başlamışdı.Yaşı altmışdan çox olanlar yaxşı xatırlayar: altmışıncı illərin sonlarına doğru hazırladığım “Odlar diyarı” televiziya jurnalı o zamanlar üçün ən sevilən proqram idi. Televiziya tarixində ilk “Qızıl qələm” mükafatı da mənə verilmişdi (O zamanlar bu mükafatın, az qala, dövlət mükafatı qədər önəmi vardı və hələ indiki kimi gözdən salınmamışdı). ”Gənclik” hardasa gözlə görülən yaxın tariximiz olduğundan çapı uzun zaman öncə dayandırılsa da, şöhrəti və sorağı bizim günlərin gəncliyinə də çatır.1960-cı illərin sonlarında ekrana çıxan “Odlar diyarı” isə uzaq tariximiz olduğundan günümüzün gəncliyi onun haqqında bir şey bilmir. Çevrəmə yığdığım istedadlı gənclərin zəhmətini danmadan deyə bilərəm ki, “Odlar diyarı” kimi “Gəncliy”ində yönünü bəlirləyən mən idim. Hər iki jurnalda uğurların səbəbi arzularımla imkanlarımın üst-üstə düşməsi idi.Bunları uzun-uzadı ona görə izah edirəm ki,”Gənclik”lə Teleşirkətin sədri vəzifəsini müqayisə etmək əsla doğru deyil. “Gənclik”dəki işin həcmi olsa-olsa Tələşirkətin bir şöbəsinin iş həcmi qədərdir. Teleşirkət sədri kimi mənim şanssızlığım işlədiyim dövrün Azərbaycan tarixinin ən çalxantılı dönəminə düşməsi oldu. Ölkə müharibə içərisində idi, xarici və daxili güclər gizli-aşkar əlbir olub təxribatlar törədirdilər. Televiziya və radio ən həssas qurumlardan olduğundan təxribatlar daha güclü idi. İşçilər arasına istənilən qədər milli təəssübkeşliyi olmayan adamlar yerləşdirilmişdi. Onları təmizləməyin özü başlı-başına bir problem idi. Və o zamankı Azərbaycan aydınlarının böyük çoxluğu bizə dəstək olmaq yerinə gözləmə mövqeyi sərgiləyirdilər.(Çox kəçməyəcəkdi ki, hardasa onların da xidmətiylə bu gözləntilər gerçəkləşəcək, biz görəvdən getməli olacaqdıq!)
Bir sözlə, uğur bizdən yana deyildi. Hətta seçib işə götürdüyüm adamlar da ümidimi doğrultmurdular. Sanki onlarda belə bir təsəvvür vardı ki, Məmməd İsmayıl “Gənclik”də olduğu kimi, bizsiz də təkbaşına işləri yoluna qoyacaq. Bu, mümkün olan iş deyildi. O zaman ölkə rəhbərliyində bu sahədə təcrübəsi olmayanlar yeri oldu-olmadı, Teleşirkətin işinə müdaxilə edirdilər. Bu da işimizə manə olurdu. Amma bütün bu olumsuzluqlara rəğmən mən sədr işlədiyim müddətdə ən azından televiziya və radionun milliləşməsinə, yeni-yeni proqramların hazırlanmasına nail olmuşdum. O zamanlar mənimlə işləyən və hələ də AzTV-də çalışmağa davam edən bəzi adamlarla təsadüfən qarşılaşanda “Biz yaxşı nə gördüksə, sizin zamanınızda gördük, televiziya və radiomuz o zamanlar heç vaxt olmadığı qədər milli televiziya və radio olmuşdu” deyirlər.
– Azərbaycan televiziyalarını izləyirsinizmi, ümumi mənzərə barədə fikirləriniz maraqlıdır...
– Əvvəllər izləməyə çalışırdım. Sonra gördüm Azərbaycan telekanallarına baxmaq zaman itirməkdən, əsəbiləşməkdən başqa heç nəyə yaramır.Televiziyalar hardasa mənsub olduğu məmləkətlərin toplumsal zövqünün göstəricisi olmalıdır. Olurlarmı? O kanallara (Bir-iki istisna xaric!) baxmağa məhkum olmuş ölkə vətəndaşlarını bir yana, peyklər vasitəsilə dünyanın istənilən yerində onları izləyənlərin ölkəmiz haqqında nə düşünə biləcəyini fikirləşəndə...
– AzTV-də son aylar baş verənləri necə dəyərləndirirsiniz, Qulu Məhərrəmliyə qarşı aparılan piar, onun əleyhinə çıxışlar. O qara piarda istedadlı və ləyaqətli insan kimi tanıdığımız adamlar da yer almışdı. Məmməd müəllim, ümumiyyətlə, bizdə niyə həmişə belə olur: İstedadlı adamların çoxu öz ziyalı şəxsiyyətini axıra kimi qoruya bilmir. Kim qarğıyıb bu millətə?
– O hadisələrin qızmar dönəmində saytların birindən bu barədə məndən fikir soruşmuşdular və mən də gərəyincə cavablandırmışdım. O mövzuya yenidən qayıtmaq düşüncəsində deyiləm. İstedadlı adamların çoxu öz ziyalı şəxsiyyətini qoruyub saxlaya bilmədiklərinə gəldikdə isə… Dənizdə kilkə balıqlarını işıq sahəsi yaradıb tuturlar. Toplumda da eyni şeylər baş verir; ölkədə məqsədyönlü şəkildə tətbiq edilən yaşam şablonu elədir ki, dediyin istedadlı ziyalıların çoxu bəzən özləri də fərqində olmadan bu şablona uyğunlaşıb, kütlənin sıra nəfərinə çevrilirlər. Buna “Mühitə uyğunlaşmaq” da deyə bilərsən. Fərdlər ölür, millət qalır. Bir millətin içində mərdlərin sayı nəqədər güclüdürsə, o millətin yaşam enerjisi də o qədər güclü olur.
Millət dəbir fərdkimidir. Bu anlamda bir fərdin işlədiyi günah, əslində, bir millətin ayağına yazılar. Bütünlükdə millət o bir fərdin işlədiyi günaha görə taleyin qarşısında cavabdehdir. Təməl kitabımız “Dədə Qorqud”da “Basatın Təpəgözü öldürməsi boyu” var: “Aruzun bir çobanı vardı. Adına Konur Koca Sarı Çoban derlərdi. Bu Sarı Çoban gördü ki,pəri qızları qanad-qanada bağlayıb uçurlar. Çoban keçəsini üzərinə atdı, pəri qızının birini tutub zina etdi. Pəri qızı qanad vurub uçdu və:“Çoban, il tamam olunca, məndəəmanətin var, gəl al.Amma oğuzun başına fəlakət gətirdin,– dedi”.
Bir ildən sonra pəri qızı dediyi əmanəti gətirəcəkdi. Bu, oğuzların başına bəla olacaq Təpəgöz idi. Sevgidən doğulmayanlar Təpəgöz olur!Yəni adına aydın dediyimiz birinin işlədiyi günah bütün millətin faicəsinə çevrilə bilər. Rusiyada belə bir ifadə işlədirlər ki, xalq antilop sürüsüdür, iqtidarsa aslan. O aslan hər dəfə sürüdən bir qurban seçib öldürür, geri qalan antiloplarsa ot yeməyə davam edib, bir sonrakı qurbanı seçməkdə olan aslanı göz ucuyla izləyir. Aslan növbəti qurbanını elan edincə hər kəs rahat nəfəs alır:“Mən deyiləm,mən deyiləm! Bir az da yaşaya bilərəm”.
– Yazıçılar Birliyinin son qurultayında etdiyiniz çıxışın səsi hələ də gəlir. Birliklə, Anar müəllimlə münasibətləriniz nəcədir indi?
– O çıxışın səsinin hələ də gəlməsi heç də xeyir əlaməti deyil. Çünki mən o çıxışıma sıradan bir şey kimi baxırdım. Bir belə söz-söhbətə səbəb olacağını da düşünmürdüm. Axı normal, demokratik toplumlarda heç kim belə sözlərə sıradışı bir hal kimi baxmır. O qurultayda xaricdən gələn qonaqlar olmasaydı, bəlkə, mən də “Ev bizim, sirr bizim” düşüncəsiylə çıxış etməzdim. Axı o qonaqlar yazıçıların qurultayına gəlmişdilər. Salondakılar da yazıçılarıydı. Qonaqları Yazıçılar Birliyinə kimin, ya da kimlərin seçilməsi yox, ölkədəki ədəbi durum, torpaqları işğal olunmuş bir məmləkətin qələm adamlarının nə ilə nəfəs aldıqları daha çox maraqlandırardı. Mən hazırlıqsız-filansız o boşluğu doldurmağa çalışdım.
Birliklə, Anar müəllimlənə münasibət ola bilər? Mən qürbətdə, onlar vətəndə.Yalnız onu deyə bilərəm ki, qurultaydan sonra 75 illiyimi qeyd etmədilər. Adı da bu oldu ki, 75 illik yubileylər qeyd olunmurmuş. Halbuki məndən öncə də, məndən sonra da başqa yazıçıların 75 illik yubileyləri qeyd olundu. O ki qaldı, Birliyin mətbu orqanlarına, əvvəllər olduğu kimi yazılarıma səxavətlə yer verirlər. Əslində, onlara yaraşan da budur. Bir də doğrusunu gəzirsənsə, mənim indi istər Azərbaycanda, istərsə də başqa ölkələrdə çap olunmaq deyə bir problemim yoxdur. Yetər ki, çapa layiq yazın olsun. Varsa, dünyanın harasında olsa, çap ediləcək.
– Məmməd müəllim, Türkiyədə baş verənlər bizi dənarahat edir. Bu terror hücumlarının, konstitusiya dəyişikliyinin fonunda Türkiyənin gələcəyini necə görürsünüz? Cümhuriyyətin taleyi necə olacaq?
– Türkiyədə baş verənlərin Azərbaycanda, ya da başqa bir türk coğrafiyasında yaşayan türkləri narahat etməsi normal və gərəkli haldır. Türk dünyası bir ağaca bənzəyir: gövdə kökdən, budaq gövdədən ayrı ola bilmədiyi kimi türk dünyası xalqlarını da bir-birindən ayrı düşünmək yanlış olardı.
Əslində, yaşadığımız dönəm yalnızca qardaş ölkə üçün yox, bütünlükdə dünya üçün çox təhlükəli bir dönəmdir. Dünyanın siyasi mənzərəsini düşündükcə hərdən ağlıma gəlir ki, nə yazıq, dünyada şeytanın hökmranlıq dönəmi başlayıb. Hər yerdə şeytani güclər – yalan və şər iş başındadır.
O ki qaldı, Türkiyənin gələcəyinə… 21 illik yaşantılarımdan deyəbilərəm ki, Türkiyənin ayaqda qalmasını şərtləndirən bir çox səbəb var. Bunlardan birincisi Anadolu türklüyünün qanında, az qala, min illik dövlətçilik təcrübəsinin olması, dünyaya gələn hər yeni körpənin bu hazır təcrübəylə doğulmasıdır. İkincisi, Anadolu hardasa qədim övliyalar diyarıdır, “hər şey bitdi” dediyin yerdə bir də görürsən bütün müşküllər çözüldü,yəni övliyaların duaları bu məmləkətin başının üstündən heçvaxt əksik olmadı. Anadolu dünyanın göbəyi və diqqət mərkəzi, xristian dünya güclərinin həsəd hədəfidir. Onlar bu torpaqlara xristian məkanı, yəhudilər isə Allahın Musa peyğəmbərə vəd etdiyi torpaqlar kimi baxırlar. Bu da o deməkdir ki, məkan olaraq Anadolu türklüyü özünü körpüdə yaşayır kimi hiss etməli və ayıq-sayıq olmalıdır. Öncəgörmələrimin diqtəsi heç vaxt yanılmadı: Türk xalqı da,Türkiyə cümhuriyyəti də hər zaman varlığını qoruyacaq. Buna mən inanıram, sizlər də inanın!
– Son dövr yaradıcılığınız burda böyük maraqla qarşılanır. Tez-tez müxtəlif ölkələrdə çap olunduğunuzu eşidirik. Sizcə, Azərbaycan ədəbiyyatının dünyaya gedən yolu haradan keçir?
– Məlum səbəbdən son dövr yaradıcılığımın Azərəbaycanda necə qarşılandığını sizlər qədər bilmirəm. Amma onu deyim ki, son dövr yaradıcılığımı “Ön dövr” yaradıcılığımdan ayırmaq doğru deyil, onlar bir-birinin məntiqi davamıdır. Dənizə can atan çay, sadəcə, bulaq başlanğıcı ilə yetinmir, yollar boyu gücünə güc qatıb daha da gurlaşır. Bəlkə, bu gurluğu da birilərinin (tərəfkəş təniqidin!) qulağına çatır. Sözün doğrusu, hələ ilk gənclik illərimdən mən əsərlərimin başqa dillərdə səslənməsi üçün təsadüfi tərcümələrə imkan verməmişəm. Uğurlarım ağlımı əlimdən almaz – mәn uğursuzluğu da bilirәm. Moskvanın “Molodaya qvardiya” nəşriyyatında çapa hazır olan kitabımdan imtina edən adamam. Hətta tərcüməçiyə qonorar da ödənmişdi. Bu davranışım nəşriyyat işçilərini hiddətləndirmişdi də: “Bakıdan gələn şairlər bir şerinin çap olunması üçün dəridən-qabıqdan çıxır,sən hazır kitabından imtina edirsən”. Onu da deyim, bu imtina inadım sonralar bəhrәsini verəcək, o kitabım daha istedadlı şairlər tərəfindən tərcümə olunacaq və mənə N.Ostrovski adına Ümumittifaq Mükafatı qazandıracaqdı.
Nitsşe deyirdi ki, ağrı hər zaman yaranma səbəbini, niyəsini, nəyə görəsini axtarır. Ləzzətin isə belə dərdi yoxdur. Buna görə əzab çəkən insanla kef çəkən insanı müqayisə etmək yanlışdır. Sözә, mətnə sevgi bütün sevgilərin başında ilk və son sevgidir. Sevginin isə yaxşı mənada yoluxucu-bulaşıcı özəlliyi var.Yaradıcı adamın sənətə əbədiyaşar sevgisi (əgər varsa!) yazdığı mətnə keçib, tanıyan-tanımayan hər kəsi yoluxdurur. Bunun ayrı bir sirri yoxdur. İstedadı olan da,olmayan da pulunu verib əsərini istənilən dilə tərcümə etdirib yayımlada bilər. Amma bu üsul da çox zaman uğur gətirmir. Azərbaycan ədəbiyatının, həqiqətən də, dünyaya çıxarıla biləcək mətnlərinin yüksək səviyyədə tərcüməsi, çapı və təbliğatı ilə məşğul olacaq ciddi qurumlar olmadan ədəbiyyatımızın dünya sənət okeanına yetərincə çıxması mümkün olmayacaq.
– Nə vaxtsa memuar yazmağı düşünürsünüzmü?
– Mən xeyli vaxtdır xatirələrimi yazmaqdayam. Hәyatımın acılı-sancılı xatirәlәrinin qabarma-çәkilmәlәrindәn can qurtarmaq üçün nә edәcәyimi düşündüyüm olub. Ovsunçunun yayın qızmar günlәrindә çöllәrin canına düşdüyünü, ovsunladığı ilanı bir-bir tutub da torbasına atıb, ağzını bağladığını çox görmüşdüm. Mәn dә canımı birdәfәlik qurtarmaq üçün keçmişin dözülməz ağrı-acılarını, gecәnin yarıyuxulu-yarıoyanıq o İlahi anlarında beynimә girib ağlımı çaşdıran düşüncәlәri yazıb bir cild altına yığmaq, sözlərin köləsi olmaq qәrarına gәldim.
İndi heç kəsin yaşamadığı kənddəki evimdə bir gözəgörünməz, qulağadəyməz yaşam uğultusu var. Bu yer də, o göy də, öndən boylanan Qızıl, arxadan baxan Kəmər qaya da gözlərinin önündə baş verən bu nəsildəyişimlərinə mənim qədər heyrət eləmir. Onlar buna çoxdan alışıblar. Onlar alışıblar, mənsə bu kəndin keçib gedənləri ilə həyat axarına qoşulan yeni nəsillər arasında ağacın saralan son payız yarpağı kimiyəm. Bir naqiləm, elə bir naqil ki, keçmişlə gələcək məndə birləşir. Amma niyəsə mənə elə gəlir ki, geridə buraxdığım keçmiş bütün ağrı və acılarıyla daha romantik, daha yaşanılası bir yerdir.
“Balta sahibindən uzun yaşayar” deyirlər. Xatirələrdən şəkillər gələr – qar üzərində qara yazı kimi. Xatirәlərimin böyük bir qismi – “Fikir çırpıntıları” 10-15 il әvvәl “Azәrbaycan” jurnalında çap olunub. Pis dә qarşılanmamışdı. İndi o silsilәnin davamı olaraq “Fikir yarpaqları vә...” başlığı ilә xatirәlәrimi bilgisayarın dәmir yaddaşına köçürmәkdәyәm.
– Bəs bədii ədəbiyyat adına nə yazırsınız?
– Valter Skottun belә bir fikri var: “Bir işi görә-görә başqa bir işlә dә uğraşa bilirәm. Roman yazarkәn dirәndiyimdә hansısa bir kitabı alıb oxuyuram. Azacıq oxudummu, çәtinliklәr aradan qalxır”. Mәn dә eyni zaman kәsiyindә bir neçә işi paralel görmәyә çalışıram. Bir işdәn başqa işә keçidlәr edirәm. Bunlar әsla bir-birinә әngәl olmur, әksinә, dәstәklәyir. Buna enerji paylaşımı da deyә bilәrsən.Yәni şeirim nәsrә, nәsrim tәrcümәyә, müsahibә hazırlıqlarına qarışıb, bir-birinә dәstәk durur. Hazırda nә üzәrindә işlәdiyimin adını çәkmәyin önәmi yoxdur, әsas olan nәticәdir. Allah qoysa, o nәticәni dә yәqinki, birlikdә görәcәyik. Ruhun arxası yənə də ruhdur. |
||
|
||
Məmməd, İsmayıl:, “Vətəni, altımızdan, kilim, kimi, çəkdilər”, |
|