The document has moved here.
|
||
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki” | ||
Altı ay sonra 2005-ci ilin səviyyəsinə düşə bilər. Orta aylıq əməkhaqqı isə 2008-ci ildəki səviyyəyə düşüb. Görünən odur ki, irəli yox, geri gedirik. İlk növbədə geriləməni dayandırmaq lazımdır, biz yalnız əməkhaqqı gəlirlərimizə və pensiyamıza görə kasıblaşmırıq. Yaşadığımız evin də, sürdüyümüz maşının da qiyməti aşağı düşür. Və əksinə, hər gün aldığımız ərzağın qiyməti bahalaşır. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu hərəkat təsis olunandan sonra Amerika Birləşmiş Ştatlarına getmişdi. Səfərdən bu yaxınlarda qayıdan Qubad İbadoğlu ilə söhbətimizi rəhbəri olduğu təşkilatla bağlı yaranan suallar üzərində qurduq. - Ola bilər ki, hərəkatın fəaliyyəti ilə bağlı mətbuat o qədər də məlumatlı olmayıb. Mən Bakıda olduğum zaman mətbuatla ünsiyyətdə olmuşam və hərəkatın fəaliyyətinə də nəzarət etmişəm. Biz ötən ili hərəkatın təşkilatlanma ili kimi elan etmişdik və nəticədə 44 rayon təşkilatı yaradıldı. Təbii ki, bu da qane etmir və əksər rayonlarda ADR-in olmasını qarşımıza məqsəd qoymuşuq. Ona görə də bu il də fəaliyyət proqramımıza təşkilatlanma məsələsini daxil etmişik. Mən Azərbaycanı tərk edəndən sonra hərəkat, təhsil problemləri ilə bağlı dəyirmi masa təşkil etdi. Əsas istiqamətlərimiz kimi təşkilatlanma fəaliyyətini müəyyənləşdirmişdik. Təbii ki, ölkədə olmamağım hərəkatın fəaliyyətində izlər buraxdı. Çalışırdım ki, aktual məsələlərə kənardan münasibət bildirməklə bu sahədəki boşluğu doldurum.
- Ancaq bu gedişatda Qubad İbadoğlunun personası görünürdü, nəinki hərəkatın fəaliyyəti. Belə deyilmi? - Biz situasiyanı və dövrü də nəzərə almalıyıq. Mən Azərbaycanı tərk edəndə demokratik təsisatların fəaliyyəti üçün daha münbit şərait vardı. Həmin vaxt hərəkatımız iki dəfə dəyirmi masa keçirmişdi, hər tədbirdə də 150-ə yaxın iştirakçı vardı, dövlət orqanlarından da, Milli Məclisdən də iştirakçılar qatılmışdı. On günə yaxındır, Azərbaycandayam və 2016-cı illə bağlı gözləntilərimizi mütəxəssislərin müzakirəsinə çıxartmaq istəyirdik. Bununla bağlı Beynəlxalq Mətbuat Mərkəzinə, “İrşad” hotelinə və başqa məkanlara müraciət etsəm də, müxtəlif bahənələrlə rədd cavabı aldım. Ancaq Azərbaycanı tərk edən zaman vəziyyət belə deyildi, bu mənada situasiyanı nəzərə almaq lazımdır.
- Ölkədə olmadığınız müddətə sizinlə bağlı araşdırma oldu, hökumətə yaxın media haqqınızda yazdı və ardınca ofisinizdə axtarış aparıldı... - Bu hadisələr haqqında baş verəndən sonra məlumat alırdım. Ötən ilin 17 aprelində Nərimanov Rayon Məhkəməsi ofisimizdə axtarış aparılması haqqında qərar qəbul edib, amma bizim bundan xəbərimiz olmayıb. Səbəb də məhkəmə iclasının qapalı keçirilməsidir. Sonradan məlumat aldıq ki, Respublika Prokurorluğunun əməkdaşları ofisə gəlib texniki avadanlıqları və sənədləri aparıblar. Bundan sonra proses dindirilmə və digər istiqamətlərdə davam etdi, istintaq hələ də bitməyib. Yerli və xarici QHT-lərə qarşı ümumi istintaq işi 2014-cü ilin aprelindən başlayıb, indi də davam edir.
- Bakıya qayıdandan sonra istintaq işinin hansı mərhələdə olması ilə maraqlanmısınızmı? - Xeyr. Əgər müvafiq orqanlardan hər hansı bir müraciət olarsa, mən müraciəti dəyərləndirib öz fikrimi bölüşməyə hazıram. Amma məsələ ondadır ki, bu, bir tərəfin təşəbbüsü ilə yox, ümumi prosesin daxilində gedir. Həm də bu, yalnız İqtisadi Təhqiqatlar Mərkəzinə qarşı da olmayıb. Güman ki, ADR-dəki fəaliyyətim, xüsusilə iqtisadi məsələlərlə bağlı fikirlərim müəyyən mənada proseslərə təsir göstərib. Ancaq mən, bütövlükdə baş verənləri vətəndaş cəmiyyətinin problemləri kimi qəbul edirəm. Məlumatlara görə kifayət qədər təşkilatlar cərimələnib və istintaq işləri davam edir. Narahatlıq verən odur ki, vətəndaş cəmiyyəti məsələlərə adekvat deyil. Hərə öz problemini həll etmək istəyir, ümumi yox, fərdi yanaşma var. Bu gün vətəndaş cəmiyyətini 3 qrupa bölmək olar: birincilər açıq şəkildə hökuməti müdafiə edir, ikincilər mərkəzdə qalıb, daxillərində bir senzura var, danışmağa qorxurlar, seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Üçüncülər kiçik qrupdurlar və getdikcə sıraları seyrəlir, onların işləri məhkəmədədir və heç bir maliyyələşmə yoxdur. Bu adamlar həm şəxsi zəmində, həm də fəaliyyətlərilə əlaqəli problemlərlə rastlaşıblar. Biz sonuncu qrupa daxilik, mənim və təmsil olunduğum təşkilatın bank hesabları 2014-cü ilin 27 iyunundan bağlıdır. Nə hesab açmaq, nə də olan hesablarıma daxil olmaq imkanım yoxdur.
"Bu gün pensiya səviyyəsi 2009-cu ilin səviyyəsinə enib. O zaman pensiya 130 dollar idi, 2016-ci ildə də həmin rəqəmdir. Altı ay sonra 2005-ci ilin səviyyəsinə düşə bilər. Orta aylıq əməkhaqqı isə 2008-ci ildəki səviyyəyə düşüb"
- Hesabınızda nə qədər vəsait var? - Əhəmiyyətli vəsait də deyil. İkinci, Azərbaycan banklarından nə kredit götürmüşəm, nə də depozit yerləşdirmişəm.
- Bilirsiniz, yenə də situasiya və zamanı fərqləndirmək lazımdır. Eldar Namazovun “El” hərəkatını yaratdığı dövrdəki situasiya ilə indiki şərait eyni deyil. Üç-beş il əvvəl hərəkatların fəaliyyətləri üçün daha yaxşı şərait vardı.
- Ancaq siz Azərbaycanda siyasi situasiyanı bilməlisiniz... - Təbii ki, hərəkatı yaratmışıq və Bakıya qayıdandan sonra İdarə Heyətinin toplantısı keçirilib. Eyni zamanda paytaxt və məcburi köçkünlərin rayon təşkilatlarının rəhbərləriylə görüşmüşəm. İş gedir, amma hər şeyin bizim istədiyimiz istiqamətdə getdiyini də iddia etmirəm. Müəyyən obyektiv və subyektiv çətinliklər var. Məsələ ondadır ki, hərəkat yaranan zaman mənim Amerikaya getməyim də bütövlükdə işimiz üçün nəzərdə tutulmuşdu.
- Ancaq “Müsavat” partiyasının sədri Arif Hacılı ADR-in iflasa uğradığını iddia edir... - Müsavatın sədri məsul olduğu qurumun gününə ağlamalıdır, nəinki başqa qurumların. ADR yeni yaranıb, Müsavat kimi oturuşmuş partiya deyil. Biz hərəkata yalnız müsavatçıları cəlb etməmişik.
- Qırx dörd rayon təşkilatının hamısı müsavatçılardan ibarət deyil? - Xeyr, hərəkatda başqa partiyaların nümayəndələri və müstəqil şəxslər də var. ADR, Müsavat Partiyası kimi resurslara və tarixə də malik deyil. Çox təəssüflər ki, Müsavat kimi tarixi və nüfuzu olan bir siyasi qurum hazırda heç gündəmdə yoxdur. Partiya, siyasi düşərgədə zəif olmasına baxmayaraq, reytinq cədvəli qursaydılar, ilk onluğa belə düşməzdi.
- Bəs niyə partiyanı məhkəməyə vermişdiniz? - Hərəkat olaraq Müsavat Partiyasını məhkəməyə verməmişik. Bu, partiyada hüquqlarının pozulması ilə bağlı dəfələrlə edilən müraciətin davamıdır. Keçmiş müsavatçılar NTK-ya müraciət etdilər, baxılmadı, divana müraciət olundu, yenə reaksiya olmadı, növbəti müraciət Müsavatçıların Hüquqlarının Müdafiə Komitəsinə oldu. Məlum oldu ki, müraciətə baxanların çoxu məsələyə qərəzli yanaşır. Başqa alternativ qalmadığından məhkəməyə müraciət etdilər. Mən dəfələrlə demişəm ki, ADR-in məhkəmə işinə heç bir aidiyyatı yoxdur, biz bu məsələyə qarışmırıq və heç vaxt müzakirə etməmişik. Ümumiyyətlə, hədəfimizdə Müsavat Partiyasının zəiflədilməsi kimi planlar olmayıb və biz ölkədə demokratiyanın güclənməsini Azərbaycanın maraqlarına uyğun hesab edirik. Müsavat Partiyasının məhkəmə çəkişməsinə görə zəiflədiyini düşünmürük. Bu partiyanı zəiflədən kifayət qədər səbəblər var. Bir daha deyirəm, mən məhkəmə iddiasını məqbul hesab etmirəm. Çalışmaq lazımdır ki, problemi daxili müstəvidə həll edək. Təəssüf ki, partiyada daxili demokratiya yoxdur, strukturlar işləmir, şikayətlərə ədalətli baxılmır, məsələlərə mərkəzləşdirilmiş qaydada müdaxilə var. Onlar müraciətləri yalnız qərəzli şəkildə dəyərləndirərək, müzakirədən belə imtina edirlər. Belə olan halda bir qrup iddia qaldırdı ki, onların bir qismi ADR üzvləridir.
"Bank və maliyyə sektorunda çox böyük problemlər olacaq. Müflisləşmə vətəndaşlara ciddi təsir edəcək, çünki əhalinin 38-nin banklar qarşısında öhdəliyi var"
- Belə bir fikir var ki, başqanlıq uğrunda seçkilərdə uğursuzluğunuzun bir səbəbi, təqdim etdiyiniz “yol xəritəsi”ndə Rəsulzadə-Elçibəy irsini kənara qoyub, yeni mərhələnin başlandığını elan etməyiniz olub. Bununla da köklü müsavatçılar sizdən uzaqlaşıb... - Bu barədə birinci dəfədir eşidirəm və “yol xəritəsi” hazırlamamışam. Həmişə bildirmişəm ki, Rəsulzadə-Elçibəy irsinin qorunmasında və Müsavat Partiyasının ondan istifadə edib güclənməsində maraqlıyam. Mən Azərbaycanın şərəfli tarixini Rəsulzadənin fəaliyyəti ilə bağlayıram. Eyni zamanda müstəqillik əldə etdiyimiz dövrdə demokratik dəyişikliklərin baş verməsinə görə Elçibəyə minnətdarıq. Bir daha deyirəm: heç vaxt ola bilməz ki, Rəsulzadə və Elçibəyin inkarı üzərində siyasət qurum və “yol xəritəsi” sənədi hazırlansın. Bunların hamısı uydurmadır. Qurultaya hazırlıq zamanı təqdim etdiyimiz platformamızda Rəsulzadə və Elçibəy irsindən istifadə olunması, fəaliyyətimizin onunla əlaqəli inkişaf etdirilməsi platformamızın əsas istiqamətlərindən biri idi. Əslində, köklü müsavatçılar da bizdən üz döndərməyib və onlar ADR-də təmsil olunurlar.
- Arzu Səmədbəyli və Nüşabə Sadıxlını nəzərdə tuturdum... - Nüşabə Sadıxlını köklü müsavatçı hesab etmirəm. O, AXCP üzvü olub, sonra KXCP-yə, ardınca da Müsavat Partiyasına gəlib. Sabah harda olacağını isə bilmirəm. Arzu Səmədbəyli isə proseslərdə əvvəldən iştirak edib, partiyanın rəhbərliyində olub. İndi ADR-ə gəlməyibsə, bu o demək deyil ki, Müsavat Partiyasının hazırkı mövqeyini bölüşür. Onsuz da partiyanın bərpa qurultayında iştirak edənlərin əksəriyyəti hazırda partiyada yoxdurlar, bəziləri isə ADR-də təmsil olunurlar.
- Azərbaycanda ikinci devalvasiya barədə qərar verilib. İqtisadi vəziyyəti nəzərdə tutaraq siyasi gələcək üçün fəaliyyət proqramınız varmı? - Hər il ADR-in yeni fəaliyyət proqramı hazırlanır. Növbəti proqramımız məclisin gözlənilən toplantısında təqdim olunacaq. Amma bir məqamı unutmayın ki, ADR siyasi partiya deyil, biz ictimai birlik kimi fəaliyyət göstəririk. Yaxın zamanlarda siyasi partiyaya çevrilmək gündəmdə deyil, bu ilin fəaliyyət proqramında da nəzərdə tutulmayıb. Hərəkat daha geniş fəaliyyət imkanlarına malikdir. İkinci arqumentimiz ondan ibarətdir ki, hazırkı partiyalar öz fəaliyyətləri ilə siyasi qüvvələrin böhranını yaradıb. Azərbaycan ictimaiyyətində partiyalara münasibət heç də birmənalı deyil. Təbii ki, bu vəziyyətdə partiyalar, onların qarşılıqlı münasibətləri siyasi partiyaların bir institut kimi iflasa uğramasında əhəmiyyətli rol oynadı. ADR-in əsas məqsədi 3 istiqamətdə iş aparmaqdan ibarətdir: birinci, demokratiyaya keçid istiqamətində cəmiyyətdə maarifləndirmə və siyasi-ictimai dialoqun təminatı. İkinci, vətəndaşlarımız bundan daha yaxşı yaşamağa layiqdir, sosial-iqtisadi durumun yaxşılaşması üçün müəyyən təkliflər irəli sürmək əsas vəzifəmizdir. Üçüncü məqsədimiz Qarabağla bağlıdır. Bu, hər birimizin böyük dərdidir. Bunun üçün beynəlxalq və yerli səviyyədə işləmək hərəkatın əsas istiqamətlərindən biridir.
- Söhbətimizi iqtisadi istiqamətə yönəldək. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov demişdi ki, əgər neftin qiyməti 35 dollardan aşağı ensə, hökumət vacib qərarlar qəbul etməlidir. Artıq neftin qiyməti 34 dollardan da aşağı düşüb. Bu mənada hökumətdən hansı qərarlar gözləyirsiniz? - Hazırda Mərkəzi Bank ölkədəki böhranı tənzimləmək məsələsində ən az təsir imkanına malik institutlardan biridir. Çünki iqtisadiyyat dollarlaşıb. Depozitlərin əksəriyyəti xarici valyutada yerləşdirilib və nəticədə manat kütləsinin azalması müşahidə olunur. MB-ın fəaliyyəti milli valyuta ilə əlaqədar olduğundan dollarla olan pul kütləsinə təsir imkanları yoxdur, yaxud çox azdır. Çox təəssüf ki, MB-nin iqtisadi proseslərə təsir etmək imkanı getdikcə daha da azalır, bəlkə də müəyyən müddətdən sonra tükənəcək və MB proseslərə seyrçi mövqedən yanaşmalı olacaq. MB, bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki. Nəzərə alın ki, ölkədə manatla əməliyyatlar tədricən məhdudlaşır.
- Yenə sualımın məğzinə qayıdaq. Hökumət hansı qərarlar qəbul etməlidir? - Hökumət ciddi şəkildə böhranla bağlı iqtisadiyyatın prioritetlərini müəyyənləşdirməli və antiböhran proqramı təqdim etməlidir. Ancaq indiki komandayla hökumətin ən mükəmməl antiböhran paketi də səmərə verməyəcək. Çünki hökumətdə olan məmurların böyük əksəriyyəti ölkədəki böyük biznesə sahiblik edirlər. Onlar arasında nazirlər də, komitə sədrləri də, orta səviyyəli məmurlar da var. Təsəvvür edin ki, sahibkarlıqla bağlı islahatlar keçirilir, biznesin liberallaşmasını istəyirik. İqtisadi siyasətə görə məsulliyyət daşıyan, həm də biznesi olan məmur islahatların doğru aparılmasında maraqlı olmayacaq. Çünki islahatlar, onun biznesinin məhdudlaşdırılması və qazancının azalması deməkdir. Son nəticədə bu məmurlar islahatları sabotaj edəcəklər. Ona görə də mövcud komanda mütləq dəyişdirilməlidir. Bir daha təkrar edirəm: indiki komandayla vacib qərarları reallaşdırmaq mümkün deyil. Onlar ya biznesdən ayrılmalıdırlar, ya da istefa verməlidirlər. Mən inanmıram ki, bu komandada olanlar öz bizneslərindən imtina etsinlər.
- Prezidentin yeni il təbrikində, yaxud Zirə qəsəbəsindəki görüşü zamanı verdiyi açıqlamalarda dəyişiklik ehtimalını gördünüzmü? - Müəyyən mənada dəyişikliklər var və bunu inkar etmək mümkün deyil.
- Həmin dəyişikliklər nədən ibarətdir? - Bir neçə gün əvvəl gömrükdə monopoliyanı yığışdırdılar. Amma bu ümumi sözdür. Göstəriş verdilər ki, bundan sonra istənilən malın ölkəyə buraxılmasına şərait yaradın, rüşvət verməyin və brokerlərlə işləməyin. Əslində, broker institutu bütün dünyada normaldır və sahibkar öz işini asanlaşdırmaq üçün broker şirkətlərinə müraciət edir. Ki, malım gələcək, kömək et. Yəni sənədləşmə və ödəniş məsələlərində onlar daha yaxşı imkanlara malikdir. Ancaq Azərbaycanda brokerləri Gömrük Komitəsinin əlaltılarına çevirdilər və ardınca sahibkarlara hansı malı gətirməklə bağlı diktə edilməyə başlandı. Bütün hallarda gömrük sahəsində islahatlar aparmaq istəyiriksə, çox işlər görülməlidir. Mən güzgü iqtisadiyyatı ilə bağlı araşdırma apardım və bəlli oldu ki, bir ildə 5 milyarda yaxın fərq yaranır. Gələn mallar qeydiyyata düşmür, yaxud qeydiyyata düşənlərin həcmi olduğu kimi göstərilmir.
- Sabiq deputat Nazim Məmmədov Gömrük Komitəsinin Vergilər Nazirliyinin daxilində bir quruma çevrilməsini təklif etmişdi... - Bəli, bu mümkündür. Ancaq gömrükdə dəyişikliklər aparılmasa, növbəti ilin büdcəsində gömrüyün payı əvvəlki illə müqayisədə aşağı düşəcək. Ola bilər ki, manatla çox görünsün, ancaq dollarla ifadəsi aşağı düşəcək. Çünki alıcılıq qabiliyyəti məhdudlaşır, qiymətlərin bahalaşması ona gətirəcək ki, idxal olunan malların da həcmində ixtisarlar gedəcək. Hesab edirəm ki, gömrüyü Vergilər Nazirliyinə birləşdirilməyinin, yaxud başqa variantların heç bir anlamı yoxdur. Əsas, rassional və çevik sistem yaradılmalı, şəffaf və hesabatlı işlək gedişat qurulmalıdır. Bunun üçün xüsusi proqrama ehtiyac yoxdur. Gömrük haqqında ən yaxşı ideyalar Dünya Ticarət Təşkilatından (DTT) gəlir. Biz DTT-yə inteqrasiya olunmasaq, müsbət nəticə olmayacaq.
- Yekun sual. Yaxın 6 ayda iqtisadiyyatda nələr gözləyirsiniz? - Əvvəla, bank və maliyyə sektorunda çox böyük problemlər olacağını gözləyirəm. Bəzi banklar müflisləşməyə qədəm qoyublar və bu, banklarla müştərilər arasında ciddi problemlər yaradacaq. Problemlər həm də qeyri-bank və sığorta təşkilatlarında da olacaq. Gedişat vətəndaşlara ciddi təsir edəcək, çünki əhalinin 38-nin banklar qarşısında öhdəliyi var, Amerikada bu rəqəm 25-dir. Hesab edirəm ki, hökumət sosial proqramları genişləndirməlidir. İndiki halda işsizlik artacaq, bu isə iş qüvvəsinin dəyərini aşağı salacaq. Bir iş yeri üçün əvvəl 10 nəfər müraciət edirdisə, indi 100 nəfər müraciət edəcək və min manat yox, 500 manat təklif edəcəklər. Çünki 500 manata işləməyə razı olanlar kifayət qədər çox olacaq. Bu baxımdan hökumət ilk növbədə minimum əməkhaqqının səviyyəsini qaldırmalıdır. Ki, insanlar, heç olmasa, evlərinə çörək ala bilsinlər. İkinci, pensiyaların indeksləşdirilməsi ilə bağlı sosial proqramlar olmalıdır. Bu gün pensiya səviyyəsi 2009-cu ilin səviyyəsinə enib. O zaman pensiya 130 dollar idi, 2016-ci ildə də həmin rəqəmdir. Altı ay sonra 2005-ci ilin səviyyəsinə düşə bilər. Orta aylıq əməkhaqqı isə 2008-ci ildəki səviyyəyə düşüb. Görünən odur ki, irəli yox, geri gedirik. İlk növbədə geriləməni dayandırmaq lazımdır, biz yalnız əməkhaqqı gəlirlərimizə və pensiyamıza görə kasıblaşmırıq. Yaşadığımız evin də, sürdüyümüz maşının da qiyməti aşağı düşür. Və əksinə, hər gün aldığımız ərzağın qiyməti bahalaşır.
|
||
|
||
“Mərkəzi, Bank, ölkədəki, böhranı, tənzimləyə, bilməz,, MB, bazara, yalnız, manatla, daxil, ola, bilər,, dollar, buraxası, deyillər, ki”, |
|