Dünya Bankının manatla bağlı proqnozda qeyd olunur ki, Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün manatı devalvasiya etməli olacaq. Bu proqnoz ölkədə manatın üçüncü dəfə devalvasiyasının baş verməsi ehtimalını gözlənilən edir.
Azərbaycan prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun sözlərinə görə, aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur. İqtisadçı ekspertlər də bildirir ki, Mərkəzi Bank manatı tam buraxsa, üçüncü devalvasiya ehtimalı gerçəkləşər. 1 dolların 2 manat olması ehtimalı daha real hesab edilir. Bəs hökumət hansı tədbirlər hesabına manatın məzənnəsini sabit saxlayır, bu sabitlik nə qədər davam edə bilər?
Manatı necə və nə vaxtadək saxlamaq mümkün olacaq?

Real iqtisadiyyatı qorumaq üçün manat öz dəyərini tapmalıdır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirir ki, əslində, bu gün manatın vəziyyəti sabit deyil. “Məzənnəyə diqqət yetirrəndə bunu aydın görmək olmur. Ötən həftə 1 dollar 1.47, 48, 49 manat idisə, hazırda 1.53-ə qədər gəli çatıb. Deyilən kimi birdən-birə 1 dolar 2 manat olmaqdansa, bu şəkildə yavaş-yavaş yüksəlməsi, yəni yumşaq devalvasiya daha məqsədəuyğundur. İnanmıram ki, 1 dollar 2 manat olacaq, 1.70-1.80 manata qədər yüksələ bilər. Bu da neftin qiymətindən asılı olur. Neft də hər gün müxtəlif qiymətdə olur”. Onun sözlərinə görə, manatın qiyməti ilkin olaraq neftin qiymətindən, daha sonra idxal-ixrac əməliyyatından asılıdır: “İdxal çoxalırsa, ixrac azalırsa, manatın məzənnəsinə təsir edir. Yəni bütün faktorlar hamısı milli valyutaya təsir edən iqtisadi göstəricilərdir. Ancaq ciddi şəkildə müsbət saldo yaradan neftin qiymətidir. İdxal nə qədər çox olarsa, manat bir o qədər etibar etmək olar”.
Millət vəkili manat milli valyuta olaraq bazarda öz dəyərini tapmalı olduğunu söyləyir: “Bilməliyik ki, manatın qiyməti bazarda neçə dollar və ya avrodur. Bu, gec-tez müəyyən olunmalıdır. Manat bazarda öz dəyərini almayıb. Müəyyən qədər qorunub-saxlanılır. Ancaq real iqtisadiyyatı qorumaq üçün, real sektor yaratmaq üçün öz bazar dəyərini tapmalıdır.
Bundan əvvəl iki devalvasiya oldu. İkinci devalvasiya ümumiyyətlə manatın əleyhinə idi. Biz ona görə deyirdik, manatı sərbəst buraxmaq lazımdır ki, öz dəyərini alsın. Daha birdən-birə 50 faiz, 30 faiz devalvasiya etmək olmaz. İndiki kimi prosesin yavaş-yavaş getməsi daha uyğundur. Harda dayandı, dayandı. Nəticədə hər kəs biləcək ki, manatın real qiyməti budur”.
Sərt devalvasiyaya ehtiyac yoxdur
Vahid Əhmədov üçüncü devalvasiyanın olacağına inanmadığını qeyd edir: “Faktiki olaraq hazırda yumşaq devalvasiya gedir. Sərt devalvasiyanın olmasına bu dəfə ehtiyac da yoxdur. Hələlik hiss olunmur, müəyyən qədər ehtiyat var, neftin qiyməti kəskin olaraq aşağı düşməyib. İxrac əməliyyatlarında da müəyyən qədər üstünlüyümüz var. Neftdən başqa kənd təsərrüfat məhsulları da ixrac olunur. İlin axırına qədər üçüncü devalvasiya olması gözlənilmir”.
Həmsöhbətimiz yumşaq devalvasiya şəraitində ciddi qiymət artımı müşahidə edilməyəcəyini deyir: “Bir var məhsulların obyektiv qiyməti, bir də var subyektiv qiyməti. Obtyektiv qiymət odur ki, xaricdən gətirilir, dollarla alınır, bu, başadüşüləndir. Ancaq subyektiv qiymət odur ki, süni şəkildə qiymət artımından istifadə edirlər. İqtisadiyyat Nazirliyində qiymətlərə nəzarət etmək üçün xüsusi departament var, gərək süni qymət artımına imkan verməsinlər. Bu məsələnin üstünə daha ciddi düşmək lazımdır”.
Vahid Əhmədovun fikrincə, manatın məzənnəsi bank sisteminin dayanıqlığından da asılıdır: “Azərbaycanda bank sistemində hazırda müəyyən prolemlər var. O problemlər həll olunmalı, bank sistemi sağlamlaşdırılmalıdır ki, normal fəaliyyət göstərsin. Yəni insanlarda inam artsın, əmanətlərini banka manatla qoysunlar. Çünki iki devalvasiyadan sonra əmanətlərin 80 faizi dollarla, 20 faizi manatladır. Bu nəticəni dəyişmək lazımdır”.

Manat təzyiq altındadır
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, ölkədə baş verən proseslər iqtisadi deyil, daha çox siyasi və inzibati müstəvidə baş verdiyindən proqnoz vermək çətindir: “Üçüncü devalvasiyanın vaxtını demək hələ ki, mümkün deyil. Ancaq manatın sabit qala bilməyəcəyi ortadadır.
Bank sektorunda problemlərin dərinləşməsi xüsusilə dollara olan tələbatın kəskin azalmasına gətirib çıxardı. Hökumət özü də satışa az dollar çıxarmaqla mümkün qədər bu prosesləri inzibati yollarla tənzimləməyə çalışır”.
İqtisadçı bildirir ki, manatın taleyi ölkəyə valyuta daxil olmasından asılıdır. Ölkəyə də bu gün valyuta gətirən məhsul neftdir. Neftin dünya bazarında qiymətinin dəyişməsi təbii ki, manatın taleyini həll edir. Neftdən asılılıq da manatı çox ciddi təzyiq altında saxlayır. Getdikcə dollara tələbar artır. Təlabat artdıqca da manata təzyiq güclənir. Eyni zamanda ötən ildən üzübəri baş verən proseslər göstərir ki, ölkənin iqtisadi fəallığının gücləndirilməsi, investisiyaların artırılması, əhalinin istehlak qabiliyyətinin artırılması istiqamətində atılan addımlar real nəticə vermir. Bu da qarşıdan gələn dövr üçün yenidən manatı sınağa çəkəcək. Ölkə iqtisadiyyatının vəziyyəti qarşıdan gələn dövr üçün manatın sabitliyinin qorunub saxlanılmasını çətinləşdirəcək. Bu baxımdan hadisələrin bu gedişatı manata xoş gələcək vəd etmir”. Azər Mehdiyevin qənaətinə görə, dollara olan tələbatı ödəmək üçün əlavə vəsaitin çıxarılmasına ehtiyac olarsa, iki mənbədən əldə etmək olar: “Ya Dövlət Neft Fondu əlavə satışlar həyata keçirməlidir. Ya da Mərkəzi Bank öz ehtiyatlarını satışa çıxarmalıdır. Neft Fondunun da vəsaitini bazara çıxarmağın özünün məhdudiyyətləri var”.
Sevinc Fədai
|