Xəbər haqqında
06 Sentyabr 2017 - Çərşənbə 18:40 4327 nəfər oxuyub
 
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
"YAP öz namizədini açıqladığı halda birdən-birə Mütəllibovun başqa bir namizəd üçün "xalqa müraciət edəcəyəm" deməsi məndə müəyyən şübhələr yaratdı"
MÜSAHİBƏ Xəbəri
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə

Xeber365.com Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müsahibəni təqdim edir:

 

– Pənah bəy, istər Mehman Əliyevin həbsi, istərsə də ondan əvvəlki həbslərdən danışılanda belə bir fikir səsləndirilir: Hakimiyyət 2018-ci ilə hazırlaşır. Bir tərəfdən də deyilir ki, ənənəvi müxalifət əvvəlki gücündə deyil. Bəs onda hakimiyyət kimdən çəkinir; ənənəvi müxalifətdən yoxsa, hakimiyyətə gəlməyə hazırlaşan hər hansı bir gücdən?

 

– Əvvəla, totalitar rejimlərin bir mövcudluq məntiqi var. Hər hansı müstəqil, totalitar rejim təbiətinə uyğun olmayan elementləri özünün ziyanına da olsa, kənara atmağa başlayır. Mehman Əliyevin həbsi və “Turan”ın bağlanması  son dövrdə ümumi mətbuata qarşı aparılan informasiya azadlığına qarşı aparılan repressiyanın son halqasıdır. Mehman Əliyevdən sonra, ola bilsin ki, bu gün hakimiyyətə loyal olan, hətta hakimiyyətə xidmət edən saytlar, jurnalist və qəzetlərin də növbəsi gəlsin. Çünki bu cür repressiya olmadan, təkrar edirəm, bu cür rejimlərə elə gəlir ki, mövcudluqlarını qoruya bilməyəcəklər.

 

Bununla belə baş verənləri  konkret olaraq 2018-ci il ilə əlaqələndirməzdim.  Burda bu amil də var, şayiələr gəzir ki, hakimiyyət daxilində mübarizə gedir. Mehman bəyin də açıqlamaları olmuşdu ki, bu qruplaşmalardan biri hətta dəvət edib, əməkdaşlıq təklif edib. Guya səbəb budur. Bunların hamısı şayiə xarakterlidir və nəyin həqiqət olduğunu araşdırmaq çox çətindir. Fakt bundan ibarətdir ki, Mehman Əliyevin həbsinə razılıq ən yüksək səviyyədə olub. Məncə, prezidentin razılığı olmasa, belə bir sanksiya verilməzdi və əvvəl otuz altı min, daha sonra altmış neçə min vergi vergi borcu üstündə Mehman Əliyev kimi şəxsi, jurnalisti həbs eləməzdilər.

 

Nəzərə alsaq ki, Tiflisdən Əfqan Muxtarovun gətirilməyi çox ciddi əks-sədaya səbəb olmuşdu, ondan əvvəl də Mehman Hüseynovun həbsi məsələsi var idi. Bu baxımdan məsələnin siyasi tərəfini bir yana qoyuram, Mehman Əliyev kimi beynəlxalq jurnalist təşkilatlarında tanınmış adamın həbs olunması, hər halda ən yüksək səviyyədə razılıq nəticəsində ola bilərdi. Bu mənada yaşananları hakimiyyətdəki qruplararası mübarizənin nəticəsi kimi olduğunu istisna eləmirəm. Əlimizdə konkret sübut yoxdur. Məncə, axırıncı həbslər, o cümlədən Mehman Əliyevin həbsi nə qədər paradoksal səslənsə də, hakimiyyət və rejimin gücündən yox, zəifləməsindən irəli gəlir. Artıq elə bir situasiya gəlib çatıb ki, hakimiyyət hansı addımı atırsa-atsın, strateji baxımdan özünü zəiflətməklə məşğuldur. Bunu seçkilərlə əlaqələndirməyin tərafdarı deyiləm, çünki Azərbaycanda seçki mühiti yoxdur. Amma qruplararası mübarizədə hansısa bir ehtiyat tədbirləri kimi qiymətləndirmək olar. Çünki Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, siyasi müxalifətdə də hesab eləməzdim. Baxmayaraq ki, vaxtilə Milli Şuranın üzvü idi, ancaq orada xüsusi fəallıq nümayiş elətdirməmişdi və həmişə də hakimiyyətə kifayət qədər loyal münasibət bəsləyirdi. Bəzilərini tənqid, bəziləri ilə zarafat edərək optimist islahatların başlayacağı haqqında onun proqnozlar verməsi doğrudur. Ancaq müsahibələrinin birində bunu inkar eləmişdi: “Mən islahatlar başlayacaq deməmişəm, islahatlar lazımdır demişəm”. O, belə bir şəxs idi, hakimiyyətə qarşı hər hansı xüsusi bir radikal mövqe səsləndirən, ifşa materialları dərc edən bir jurnalist də deyildi. Amma müstəqil “Turan” öz-özlüyündə, əlbəttə,  bu cür rejimlər üçün təhlükədir. Bunu mütləq nəzərə almaq lazımdır.

 

 

Siz Mehman Əliyevin Milli Şurada fəal iştirak etmədiyini dediniz, amma prezident seçkilərinə vahid namizəd məsələsində onun da adı hallanırdı...

 

– Namizədlik məsələsi, düzdür, 2013-cü ildə Mehman bəyin adı səsləndirilib. Mehman Əliyev və ya başqa bir şəxsin namizəd kimi adının çəkilməsi onun həbsinə səbəb olmalı deyil. Hakimiyyət hazırda imitasiya siyasətindən əl çəkib. Mehman Əliyev seçkilərdə iştirak eləsə, bu, hakimiyyətin niyə zərərinə ola bilər ki? Hansı problemi yaradar? Bu baxımdan mən "namizəd ola bilər, ona görə həbs olunub" məsələsini kənara qoyuram. İstənilən halda bu istər qanuni, istər humanizm baxımından qəbuledilməz məsələdir. Bu dediklərim bayaq söylədiklərimlə ziddiyyət təşkil eləməsin, sırf siyasi hadisədir, siyasi repressiya təzahürüdür, cəzadır. Bir daha təkrar edirəm, Mehman Əliyevin  həbsi indiki rejimin sonunun çatdığını göstərən əlamətlərdən biridir.

 

Siz bunu bu fikri inkar etdiniz, nə də ki, tam təsdiqlədiniz... Amm belə bir fikir var ki, hakimiyyət 2018-ci ildə “həlledici döyüş”ə hazırlaşır. Maraqlıdır, müxalifət 2018-ə hansı hazırlıqlar görür?

 

– Mən sizin fikrinizlə tam razı deyiləm. 2018-ci ildə hansısa bir döyüş dedikdə hakimiyyət daxilindəki qruplararası mübarizədən danışırsınızsa, bu, məncə, seçkilərə qədər baş verəcək. Ona görə də mən fikri bu cür ifadə eləməyin əleyhinəyəm. Sözün doğrusu, mən hakimiyyətdaxili mübarizəyə çox da əhəmiyyət vermirəm. Əvvəllər də ciddi hesab etmirdim. Amma son dövrdə bir-iki hadisə oldu, bunlardan biri keçmiş prezident Ayaz Mütəllibovun müsahibəsi idi. YAP öz namizədini açıqladığı halda birdən-birə Mütəllibovun başqa bir namizəd üçün "xalqa müraciət edəcəyəm" deməsi məndə müəyyən şübhələr yaratdı. Sonra Mehman həbs olundu və bir çox təhlillərdə daha çox bu qruplarası mübarizənin olması haqqında bir fikir özünə yer tapdı.

 

Müxalifətin vəziyyətinə gəldikdə isə, əlbəttə ki, müxalifətin müəyyən dövrdə güclü olduğu dövrlər olub, məsələn, 2003-cü, 2005-ci il. İndiki müxalifətin 90-cı illərə baxanda siyasi proseslərə təsir imkanları xeyli zəifləyib. Amma Azərbaycanda kifayət qədər strukturlaşmış və əlverişli siyasi situasiyada proseslərə çox ciddi bir təsir göstərəcək qədər müxalifət bazası da var. Bu baxımdan bir şeyi də nəzərə almaq lazımdır: Azərbaycan kimi cəmiyyətlərdə, ölkələrdə bu proseslər yalnız ölkənin daxili səbəbləri ilə şərtlənmir, həm də regional xarakterli məsələlərin təsiri altında cərəyan edir. Bu baxımdan indiki vəziyyətlə, 2-3 il ərzində olacaqları qarışdırmayaq.

 

Prezident seçkilərindən söz düşmüşkən, bu barədə sizin fikirlərinizi bilmək istərdim. İsa Qəmbər də Müsavat partiyasından prezidentliyə namizədliyini verəcək. İsa Qəmbər partiya sədrliyindən çıxdıqdan sonra çox tənqidlərə məruz qaldı; istər otağını Arif Hacılıya verməmək məsələsində, istərsə də əslində partiyanın idarəetməsi ilə bağlı məsələlərdə. İsa Qəmbərin belə bir şəraitdə yenidən prezidentliyə namizədliyini, şanslarını necə qiymətləndirirsiniz?

 

– Əvvəla, istər Müsavat partiyası, digər partiyalar haqqında sizin verdiyiniz suallar məzmununda danışmağın özünü etik saymıram. Amma ona görə cavablandırıram ki, sualların özünün içərisində bir sıra fiksə olunan informasiyalar yanlışdır. Çünki İsa Qəmbərin əvvala “oturduğu otağı verməməsi” ifadəsi, ümimiyyətlə,doğru deyil. Partiyanın qurultayında bu barədə müzakirələr gedib. Məlum idi ki, partiyanın yeni rəhbəri seçiləndən sonra İsa bəy həmin otağı boşaltmağa başlamışdı. Amma Arif bəy bununla razılaşmamışdı. İsa Qəmbər  qurultayda prezidentliyə namizədlik üçün seçildi. Partiyanın, Azərbaycan müxalifətinin önəmli bir şəxsidir. Bu baxımdan, məncə, bu qərarı da partiyanın rəhbərliyi verib. Sadəcə, iqtidar bununla bağlı əks-təbliğat üçün istifadə edirdi.

 

İsa Qəmbər özü əgər seçkiyə getmək haqqında qərar qəbul etsə, bu, təbiidir. Seçmək və seçilmık hüququ var. Bu barədə qərarı da Müsavat partiyasında İsa Qəmbər verəcək. Siz hazırda İsa bəyin imicinin zədələndiyini hesab edə bilərsiniz, amma mən belə hesab etmirəm.

 

Hər halda sizin fikriniz maraqlıdır...

 

Yəni İsa bəy Azərbaycan müxalifətinin ən ciddi fiqurlarından biridir, hətta ən ciddi fiqurudur. Populyarlıq baxımından ola bilər ki, bu və ya digər dövrlərdə rəqəm göstəriciləri dəyişsin. Amma mən hesab edirəm ki, İsa Qəmbər bugünkü siyasi müxalifətin ən böyük fiquru olaraq qalır. Baxmayaraq ki, bu gün Əli Kərimli və AXCP daha populyar olub. Amma siyasi fəallıq irəliyə keçərsə və müəyyən proseslər daha geniş miqyas alarsa, İsa Qəmbər öz reytinqini kifayət qədər artırmaq potensialı və şansı var. Bu baxımdan İsa bəyin prezidentliyə namizədliyi kifayət qədər məntiqlidir. Başqa məsələdir ki, azad və demokratik bir seçki şəraiti yoxdur. Belə bir halda sual qoyula bilər ki, əgər yoxdursa, niyə seçkilərdə iştirak edir? Məncə, Azərbaycanda bu proseslər, təəssüf ki, siyasi prosesdən söhbət gedir, bunlar inqilabi yolla həll olunacaq. Amma bu seçki inqilabi şəkildə də baş verə bilər.

 

Son dövrlər belə bir tezis ortaya atılır ki, Rusiya və İran Azərbaycanda ortaq proje həyata keçirmək istəyir. Dindarların hakimiyyətə gətirilməsi üçün hazırlıq gedir. Sizcə, ümumiyyətlə, dindarların hakimiyyət perespektivləri varmı?

 

– Bağışlayın, sözünüzü kəsirəm. Əvvəlcə dindarlıq məsələsini bir anlayış kimi dəqiqləşdirək. Prinsip etibarilə Azərbaycanda müxtəlif dinlər mövcuddur. Müsəlmanlar da var, xristianlar da, yəhudilər də, ateistlər də, teistlər də. Bu mənada Azərbaycan əhalisinin hazırda əksəriyyəti dindardır. Bu dindar anlayışını, yəni terminini xüsusiləşdirərək buna başqa bir məzmun verərək təhlildə istifadə olunması üçün gərək biz məsələyə aydınlıq gətirək. Yəni siz nəyi nəzrdə tutursunuz?

 

Söhbət hazırda həbsdə olan Hacı Talehdən və İslam Partiyasının üzvlərindən gedir. Həqiqətən də, Rusiya və İranın sözügedən şəxslərə “stavka” qoyması mümkündürmü?

 

– Mən hesab eləmirəm ki, Azərbaycanda teokratik bir dövlət qurulsun. Azərbaycanda buna şərait yoxdur. Bu  “teokratik” terminin də xüsusi olaraq səsləndirdim ki, oxucular üçün aydın olsun. Məsələn, İran tipli bir dövlətin Azərbaycanda yaranma imkanı yoxdur və məncə, xüsusi olaraq bu gün Rusiyanın da belə bir planı yoxdur. İranda ola bilsin ki, müəyyən dairələr buna çalışsın, çünki orda islam inqilabı tərəfdarları var. İran rəsmi ideologiyasında da belə istiqamətlər mövcuddur, amma hazırda müşahidə onunan odur ki, İranda da rejim özünün, İran dövlətinin qorunub-saxlanması və mövcudluğu məsələləri ilə məşğuldur. Azərbaycana hər halda bir islam inqilabı ixrac eləmək istiqamətində planlar varsa da, bunun reallaşması istiqamətində elə bir ciddi addım atıldığı görünmür. Amma istənilən halda regional dövlətlər öz maraqları üçün ölkələrə təsir etmək üçün müəyyən işlər görürlər. Bu baxımdan bu “Beşinci kalon müharibəsi”ni, məncə, daha doğru işlətmək mümkündür və “Beşinci kalon”ların yaxın dövrdə Azərbaycanda seçki yolu ilə və yaxud daxili proseslərin nəticəsində hakimiyyətə gəlməsi istisnadır.

 

Bir sıra dövlətlər, o cümlədən Azərbaycan böyük güclər arasında bir konsensusun nəticəsidir. Bu konsensus pozulmasa, hər hansı hərbi müdaxiləni də mən o qədər real saymıram. Amma xüsusən son dövrdə Rusiyanın “Beşinci kalon” reallaşmasını nəzərdən qaçırmaq olmaz. Hardan gəlir-gəlsin, “Beşinci kalon” Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. İstər Azərbaycan dövləti, vətəndaşlar, milli qüvvələrin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, “Beşinci kalon”lara qarşı prinsipial mübarizə aparmalıdır.

 

“Beşinci kalon”dan söz düşmüşkən, Qarabağ”ın çempionlar liqasında qrup mərhələsinə düşməsindən dərhal sonra Mehman Əliyev həbs olundu. Ardınca Sitalçayda silah-sursat anbarında partlayış baş verdi. Burada “Beşinci kalon”un əli görünürmü, yoxsa bu, sadəcə təsadüfdür?

 

– Konkret məsələlər var ki, gərək konkret arqumentlərlə, faktlarla danışasan. “Qarabağ” komandasının iftixar verən qələbəsiylə baş verənlər arasında bir əlaqə qurmağı süni hesab edirəm,  ağlabatan deyil. Amma Mehman Əliyevin həbsi məsələsi, mənim fikrimcə, iqtidarın öz siyasətidir. Bunu hansısa “Beşinci kalon”la bağlanması bir qədər doğru olmaz.

 

Hərçənd ki, bütövlükdə iqtidarı bizdə “Beşinci kalon” hesab edənlər də var. Orda da müəyyən həqiqət var. Ən azı iqtidar daxilində kifayət qədər xüsusən Şimal qonşunun təssübkeşliyini çəkənlər var. Belə bir reallıq var.  O ki qaldı Sitalçayda baş verən hadisəyə, bu, hərbi xarakterli bir məsələdir. Yəqin ki, bunun istintaqı aparılır və nəyin nə olduğu aşkara çıxarılacaq. Belə hadisələr olur. Hətta kifayət qədər böyük dövlətlərin də ərazisində belə hadisələr baş verir. Heç də həmişə təxribatın nəticəsi olmur. Amma təxribatı da istisna eləmək olmaz.

 

– Pənah bəy, "Qarabağ"ın oyununa baxdınızmı? Ümumiyyətlə, futbolla maraqlanırsınızmı?

 

– Son illərdə o qədər həyəcanlandığım futbol matçı olmayıb, doğrusu. Əvvəllər azarkeş səviyyəsində futbol izləyicisi olmuşam.

 

– Hansı komandaya arazkeşlik edirdiniz?

 

– Sovet dövründə hamımız “Neftçi”nin azarkeşi olmuşuq. Dünya komandalarından İspaniyanın oyununa azrkeşlik edirəm. Ümumiyyətlə, yaxşı futbola baxıram. Son vaxtlarda, açığı, fanat olmamışam. Amma “Qarabağ”dan sonra vəziyyət dəyişdi, "Qarabağ"ın qələbəsindən sonra o köhnə hisslər yenidən oyandı.

 

– Belə bir ifadə var ki, futbol özü siyasətdir. “Qarabağ”ın qrup mərhələsinə düşməyindən sonra Qarabağın qayıtmasına ümid artıb. 2018-ci ildə Qarabağ üçün hansısa gözləntilər var?

 

– Futbolla, idmanla Qarabağ məsələsini mən uyğun görmürəm, ümumiyyətlə, fərqli məsələlərdir. Qarabağ məsələsi ciddi məsələdir. Konkret olaraq, 2018 üçün mənim rəyim ondan ibarətdir ki, Qarabağın azad edilmək imkanı itirilməyib. Düzdür, çox müddət keçib işğaldan, amma məncə, əvvəl-axır Qarabağ uğrunda bir son döyüş olacaq və bu döyüşdə də iştirak edəcəyik.

 

 

Rövşən Danyeri

Mənbə: Müəllif:
Mehman, Əliyevi, müxalifətçi, hesab, eləmirəm,, onun, hakimiyyətə, münasibəti..., -, Pənah, Hüseynlə, müsahibə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı