The document has moved here.
|
||
“O uşaq ölsəydi, bir də foto çəkməzdim” | ||
Onu bir test eləyərəm, görüm necə alınır. Birinci dəfədi eşidirəm. Düzü, bu, mənə çatmır. Bu vaxta qədər əlimdə fotoaparat şəhərdə gəzməmişəm. Utanıram. Amma o qədər görmüşəm ki, əlində, boynunda aparatla gəzənləri. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Bu yaxınlarda sosial şəbəkələrdə fotoqraf Orxan Əzimin (son vaxtlar adını tez-tez eşitdiyimiz, BMT-nin “Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə” adlı fotomüsabiqəsində III yerin qalibi) Çernobıla getdiyi, keçən əsrin ən qorxunc faciələrindən birinin izlərini lentə aldığı və onları Rəssamlar İttifaqında sərgilədiyi barədə xəbər yayıldı. Sərgi baş tutdu, xeyli də insan gəlmişdi, fotolar bir-birindən maraqlı, təsirli idi. Sadəcə görüntü, müəyyən detalların şəkli deyildilər, o fotolardan məkanın qulaqbatıran səssizliyi hiss olunurdu, insansız qalmağın, bir anda kabusa çevrilməyin ağırlığı duyulurdu. Sərgi xəbərini oxuyanda da, fotolara baxanda da bir sual ağlımdan çıxmırdı: Niyə Çernobıl? Orxan, məsələn, Suriyaya, İraqa, Makedoniya sərhədində mühacirləri çəkməyə getsəydi, getmək istəsəydi, təəccüblü olmazdı. Günümüzün reallığıdı hamısı. Amma Çernobıl... Tarix uzaq, “düşmən” gözəgörünməz, zərbəni hardan necə vuracaq, bilməyəcəksən... Onda niyə Çernobıl?...
- Yaxşı, bəs hərəkətli təsviri hərəkətsiz təsvirə niyə və necə dəyişdin? - Əslində fotoqrafiya ilə 2001-ci ildən maraqlanırdım. Müəllimim güney azərbaycanlı bir mühacir idi – Zamanı Əbülfəz. Yaşadığımız binanın altında fotoatelye açmışdı, məhlədə bir neçə uşağa foto çəkməyi öyrədirdi, başa düşməyəndə hətta döyürdü də. Həmişə deyirəm ki, mənə içməyi və fotonu o adam öyrədib. Bizi toya da göndərirdi, yasa da... Deyirdi ki, fotoqraf bütün janrlarda işləməyi bacarmalıdı. 2007-də yoxa çıxdı. Biz də anasını itirmiş balaca quşlar kimi qaldıq ortada. Yeri gəlmişkən, 2012-ci ildə müəllimimlə qarşəlaşdım. Taksi sürücüsü işləyirdi. İki il olar, yenə itirmişəm. Onun yetişdirdiyi uşaqlardan bu işlə məşğul olan iki nəfər qalmışıq- biri sırf toy fotoları çəkir. Mən də televiziyadan çıxandan sonra xeyli müddət işsiz qaldım. Hara müraciət eləyirdimsə, diplomumu görəndə deyirdilər ki, mümkün deyil. Diplomumdakı rejissor sözü mənim üçün həbsdən təzə çıxanların sənədlərindəki “həbsdən çıxıb” ifadəsinə bərabər olmuşdu. Elə həmin vaxt fotoya qayıtmaq barədə düşünürdüm, amma aparatım yox idi. Bir gün Sevinc Çılğın zəng vurdu və ann.az saytında iş təklif elədi. Ora da iyulun 7-də gəlmişəm – 07.07.2012. Zahirin yanında işə başlayandan sonra kredit götürdüm, fotoaparat aldım və yavaş-yavaş çəkməyə başladım. Bir şeyi də danışım. Saytda işə başlayanda Aztv-nin havası başımda idi. Deyirdilər, reportaj elə, gedib parkları, fənərləri çəkib gəlirdim. Axırda Zahir çağırdı ki, belə olmaz, bizə sosial mövzulu reportajlar lazımdı. Onda başa düşdüm ki, Aztv adama şüuraltı necə təsir eləyir. İndi məni park çəkməyə göndərəndə də gedib problem tapıb onu çəkirəm.
- Çernobıla getmək fikri hardan yarandı? Yəni bu, çox uzaq bir tarixdi. Məsələn, Suriyaya, İraqa getmək istəsəydin, o qədər təəccüb doğurmazdı, yəqin ki. Niyə Çernobıl? - Ora 2010-2011-ci ildən beynimdədi, çünki uşaqkən yaxın adamlardan barəsində xeyli eşitmişdim. Son iki ildə daha çox araşdırmağa başladım. Əslində tək getməyəcəkdim. Amma o biri adam risk eləmədi. Mənsə fikrimdən dönmədim. Hətta get-gedə daha çox istəyirdim. İki il axtardım, axırda bir tur tapdım. Bu işlə məşğul olan cəmi iki tur şirkəti var, bir də stalkerlər (individual bələdçilər-red). Stalker etibarlı adam olmalıdı, əks halda yolda azdıra da bilər. Ya da xüsusi xidmətin adamı ola bilər və ancaq öz istədikləri yerləri göstərərlər sənə. Üstəlik stalker gizli yollarla, icazəsiz aparır. Tutulanda deportasiya eləyə, yaxud başqa qadağalar qoya bilərlər. Ona görə də mən turla getməyə üstünlük verdim. Amma onlar dedilər ki, qrupla gəzsəniz, heç nə çəkə bilməyəcəksiz. Qrupda 25-50 nəfər arası adam olur. Mən də izah eləmişdim ki, hadisənin 30 illiyi ilə bağlı sərgi eləmək istəyirəm, rahat işləmək lazımdı. Qrupun isə hər yerdə konkret dayanma müddəti, vaxt məhdudiyyəti var. Bu da mənə sərf eləmirdi. İndividual turda isə hər şey müştəridən asılıdı. Ancaq qiymətini görəndə gözüm kəlləmə çıxdı. Bir gün 450, iki gün 850, üç gün 1150 dollar. Çernobıl da elə bir mövzudu ki, bir günlə əməl gələn deyil. Amma o pulu tapdım və iki gün sifariş elədim. Üçüncü günün də pulu cibimdə idi. Ki, birdən çatdırmasam, üçüncü gün də qalım. Amma hesabladığm qrafik üzrə iki gün bəs elədi. Bələdçidən xahiş eləmişdim ki, məni girişin qadağan olunduğu yerlərə aparsın. O da başdan xəbərdarlıq elədi ki, aparacaq, ancaq özü içəri girməyəcək. Hərçənd həbsxanaya girdi. Oranı hələ heç kim çəkməyib. Çünki qaranlıqdı, işıq yoxdu, bağlı bir yerdi. Sərgidə bir foto vardı ordan- balaca otaq, stol və iki stul. Ora dindirmə otağıdı. - Mən elə bildim, kabinetdi. Yeri gəlmişkən, fotoların altında izah yox idi. - Qəsdən yazmadım ki, tamaşaçı özü tapmağa çalışsın. - Orda artıq radiasiya yoxdu, ya təhlükəli səviyyədə deyil? - Əksinə, var- ildən ilə də artır. Torpaqda daha çoxdu.
- Fotolarda yaşıllıq, ağaclar vardı. O biri götüntülər olmasa, orda faciə baş verdiyini anlamaq mümkün deyildi. - Ağaclar yaşıllaşır, amma yarpaqlar tez tökülür. Çiçək açsın, bar versin- belə şey yoxdu. Yarpaqlar töküləndə radiasiya onun altına yığılır. Bir də santimetrdən santimetrə radiasiyanın səviyyəsi dəyişir. Məsələn, bir yerdə otuz beşdisə, bir santimert o tərəfdə sıfırdı. Radiasiya toz halındadı, iyi, rəngi yoxdu. Ancaq toxunanda aktivləşir, havaya qalxır. Əleyhiqazların arasında kukla başı olan foto yadındadı? Ora giriş qadağan idi. Mən isə daha yaxından, iri planda çəkmək istəyirdim. Bələdçi dedi ki, məsləhət deyil, yenə də özün bilərsən, mən çıxıram. Ayağımı içəri atdım, bir neçə saniyə sonra boğazım qaşınmağa başladı. Radiasiya aktivləşmişdi.
- Düzü, onlar da təklif eləmədi, mən də istəmədim. Orda yalnız dördüncü radiaktiv bloka girəndə skafandr verilir. Onun da qiyməti 350 dollardı. Onu geyinib zirzəmiləri gəzirsən. Orda radiasiya 200-250 arası dəyişir. İnsan beyni 105-ə beş dəqiqə dözə bilir. Mənim işlədiyim maksimum səviyyə 91- idi. Dozimetri tutdum, fotosunu çəkdim ki, fakt kimi qalsın. - O foto sərgidə yox idi. - Tamaşaçıya maraqlı olmazdı. Onu assan, gərək radiasiya haqqında da bir az məlumat verəsən. Yoxsa hardan biləcək ki, 90.1 nədi. Elə fotolar özüm üçün idi. Yeri gəlmişkən, o cür yerdən çıxanda yadıma düşdü ki, öz şəklimi çəkməmişəm. Aparatı verdim bələdçiyə, Çernobıldan çıxanda bir daşın yanında şəklimi çəkdirdim. - Fotolarda ən çox diqqətimi çəkən seçdiyin rakurslar idi. Yəni dəlikdən çəkmək, yarıqdan çəkmək kimi priyomlar yox idi, sadəcə çəkiliş üçün uğurlu nöqtələr seçmişdin. O qədər az vaxtda doğru rakursları necə tapırdın? - Çernobıla getməzdən əvvəl özümü psixoloji hazırlamışdım. Bütün təhlükələri beynimdən çıxartmışdım. “Ona toxunmayım”, “buna əl vurmayım” kimi fikirləri özümdən uzaqlaşdırmışdım. Ona görə də tam rahat və sərbəst işləyirdim. İnternetdə Çernobılda çəkilən fotolara baxırdım ki, heç birini təkrarlamayım. Sonra deyərdilər ki, bu filankəsin kadrıdı, eyni rakursdu. Orda da çalışırdım ki, bir kadrı 20-25 rakursdan çəkim. Obyektin, demək olar ki, başına fırlanırdım. Redaktor deyirdi ki, o aparatı sənə verəndədi günah. Əlinə alıb düyməsini basmısan, dayanmamısan. Orda heç nə haqqında fikirləşmək istəmirdim. Linzanı silmək üçün xüsusi parça almışdım. Balaca bir şeydi, 20 manat qiyməti var. Əlimdən düşdü, bələdçi götürməyə qoymadı ki, artıq radiasiyalıdı. Bircə onda ehtiyat elədim. Başqa heç yerdə. Hətta dördüncü blokun işçilərinin yeməkxanasında rahat yeməyimi də yedim. - Stansiya işləyir? - Ümumiyyətlə, orda yaşayış varmı? Ən yaxın kənd, ya da qəsəbə nə qədər aralıdı? - Çernobılda hal-hazırda yaşayış var, polis idarəsi, hostellər fəaliyyət göstərir. - Turistik zona kimi, yoxsa normal yaşayış məskənidi? - Normal yaşayış məskənləridi, episentrdən aralıda, kəndlərdə. Hamısı yaşlı nəsildi. Vaxtilə təxliyyə olunublar, amma sonra hökumətə yazıb Kiyevdə yaşaya bilmədiklərini, geri qayıtmaq istədiklərini deyiblər. Indi həmin insanlar orda yaşayırlar, əkib-becərirlər. Ola bilsin, orqanizmləri artıq radiasiyaya öyrəşib. Onu dəqiq bilmirəm. Pripyatda, Kapaçidə, Zalissyada, ümumiyyətlə, canlı yoxdu. Orda hava da tez qaralır. Nomalda hava Kiyevdə 7-də qaralırsa, saat fərqinə görə Pripyatda 7-nin yarısında qaralmalıydı. Amma saat 5, 5-ə qalmış hava tutulurdu. İşıq yox idi, üstəgəl binalar şüalanmadan bozarmışdı. Orda NASA tədqiqat aparıb və müəyyənləşdirib ki, 2000 il yaşamaq olmaz. 2000 il! Torpağın üstündə radiasiyanın səviyyəsi 25-disə, dərinə getdikcə çoxalır. Maşın qəbirstanlığı vardı. Partlayış vaxtı orda işləyən bütün texnika- vertolyot, tank, maşınlar- hamısını həmin yerə atıblar. Ordan iki dənə vertolyot satılıb. Ancaq bilinmir, kim satıb və kimə satıb. Əridib satıblar. Bu hadisədən sonra girişinə qadağa qoyublar- 2014-cü ildə. - Əksər fotolarında uşaqlara aid çoxlu detallar vardı. Partanın üstündəki uşaq rəsmi isə məni məhv elədi. Faciəsini bildiyin insanların izlərinə toxunmaq, xatirələrini görmək necə hissdi? - Ümumiyyətlə, adətən, yaşlıları və uşaqları çəkməyə meylliyəm. Orta nəsil məni cəlb eləmir. Özümdən asılı deyil. Çəkirəm, sonra görürəm ki, daha çox uşaqları və yaşlıları çəkmişəm. İki versiyam var bununla bağlı. Birinci, böyüdüyüm mühit və sosial vəziyyət. Adətən, sosial mövzular işlədiyim üçün onları daha tez başa düşürəm, onlarda özümü görürəm. Uşaq vaxtı bir-iki il nənəmlə babamın yanında yaşamışam- 6-8 yaş arası. Onların da ətrafında həmişə qocalar olub. Rayonda bizim evə yığışırdılar. Yəqin, orta nəsli görmədiyim üçün indi məndə maraq doğurmur. Belə bir test eləmişəm. Orta nəslin adamı problemindən danışanda o qədər təsir eləmir, amma yaşlı və ya uşaq olanda... - Yəqin, bu, çarəsizlik hissindən irəli gəlir. Onlar daha çarəsiz təsir bağışlayır. - Bu da ola bilər, amma mən birinci variantın üstündə dayanıram. Çernobılda üç yerdə çox pis olum. Bir kafe vardı. Ana ilə qızının şəkli çəkilmişdi və üstünə yazılmışdı ki, “səni evdə gözləyirlər”. Yəqin, demək istəyiblər ki, burda itirdiyin vaxtda səni evdə gözləyənlər var. Bilmirəm, evdən ayrı düşdüyüm üçünmü, ya nədən, məni ağlamaq tutdu. Bir də uşaq bağçası, məktəb və doğum evində. Hələ getməmişdən planlaşdırmışdım ki, bağçaya, məktəbə girəndə 5-7 dəqiqə baxacam, gəzəcəm, ab-havasını götürəcəm, ondan sonra başlayacam çəkməyə. Amma oralar ən çətini oldu. Bəlkə də məktəb xatirələrim ağır olduğu üçün orda daha yanğı ilə işlədim. Düzü, hissə qapılmaq istəmirdim birdən çəkə bilmərəm, sonra peşman olaram deyə. Amma dediyim üç yerdə özümü saxlaya bilmədim. Balaca bir yerdə yüzdən çox foto çəkmişəm. Ən xırda detallara qədər... Oyuncaqlar, açıq qalmış dəftərlər, taykeş ayaqqabı, dəftərlərdə yazılan sözlərə qədər. Heç bir kadrı itirmək istəmirdim. - Qıraqda yaşayanlarla danışmaq imkanın oldumu? - Yox. Vaxt məhdud idi. Amma bunları da nəzərdə tutmuşam. Bu işi layihəyə çevirmək istəyirəm. Orda bir stalker də tapdım, onlarla gedəcəm. Həm ucuz başa gəlir, həm də rahat olacaq. Onda kəndlərdə yaşayan insanlarla da ünsiyyətdə ola biləcəm. Bir türk fotoqrafı var. Yeddi ildi, ancaq onları çəkir, müşahidə eləyir. Artur Bondar adlı ukraynalı fotoqraf isə səkkiz ildi orda işləyir. Bu il böyük bir layihə kimi təqdim elədi işlərini. Mən də nəzərə tutmuşam ki, 35 illiyinə qədər bir neçə dəfə gedim və ətraflı işləyim.
- Əvvəl verdiyim suala qayıdıram. Niyə Çernobıl? - Ora mənə daha yaxın gəlir. Bəlkə kimsəsiz yer olduğu üçün, bəlkə səssizlik olduğu üçün. - Fotolardan materialın çox olduğu görünürdü. - Həddində artıq. Hələ uşaqlara dedim ki, orda film də çəkmək olar. Düzdü, riskləri nəzərə almaq lazımdı, amma əla bir film alınar. Heç nə yoxdu orda. Heç nə tərpnmir. Adi bir kabel yoxdu ki, tərpənəndə səsi çıxsın. O dərəcədə vahiməlidi. Şəhərin bu başında səs eləyəndə o başında eşidilir. Binalar elə qurulub ki, külək də səs sala bilmir. Ora dünyanın ən səssiz şəhərləri sırasındadı, ölü zonadı. Mən gün yarım gəzdim, heç bir səs eşitmədim. Bircə məktəbdə. Bələdçi içəri girmədi. Uzun bir dəhliz vardı. Tavandan uzun neon lampası sallanırdı, özü üçün o tərəf bu tərəfə astaca yellənirdi və ordan su damcılayırdı. Çox vahiməli idi. Adam qorxanda səs gəlməyəndə belə qulağı səslər eşidir. Elə bildim ki, nəsə səs gəlir arxadan. Çıxdım, qaçdım. Fotolarını çəkdim, amma qaçdım. Bayıra çıxanda gördüm, bələdçi gülür. Dedi ki, göstər görüm nə çəkmisən. Yuxarı qalxıb-qalxmadığımı soruşdu. Dedim ki, risk eləmədim. Başa saldı ki, ümumiyyətlə, ora çox təhlükəlidi, pillələr istənilən an uça bilər, ona görə də turistləri ora aparmırlar. - Nə vaxt qayıtmısan? - Feralın 27-i.
- Təəssüratların soyuyubmu? - Sərgidən bir gün əvvəl öz-özümə dedim ki, kaş, imkan olaydı, indi gedəydim, gəzəydim, sonra təyyarə ilə qayıdıb birbaş sərgiyə girəydim. Bir məsələ də var. Adam xəstələnəcəyini düşünəndə 100 xəstələnir. Yox, vecinə deyilsə, heç nə olmur. Bəlkə də xəstələnirsən, amma beynində bir şey onu hiss eləməyə qoymur. Qorxmaq olmaz. İndi mənə deyirlər ki, get, özünü yoxlatdır. Deyirəm, məndə nə var ki... - Hər ehtimala qarşı müayinə olunsan, yaxşıdı. Fotoları sərgilərə göndərmək fikrin varmı? - Hələ göndərməmişəm, amma nəzərdə tutmuşam. May ayında bu hadisə ilə bağlı 25 ölkənin birgə sərgisi olacaq Litvada. Ora yazmışıq, cavab gözləyirik. əgər qəbul eləsələr, mayda gedəcəyik. Sərgidə bir stend də bizim olacaq. - Orda satış olurmu? - Yox. Mən heç burda da satış eləmədim. Son ana qədər təklif elədilər, amma fotolar mənə çox əzizdi. Yalnız bir halda satmaq barədə fikirləşmişdim: sərgi üçün sponsor tapmasaydım. Onda da fotoları satmazdım, pul verən hər kəsin pulunu hissə-hissə qaytarardım.
- Keçən il Binəqədidə bina yanan zaman çəkdiyin foto bütün dünya mediasında yayılanda yanılmıramsa, belə bir şey demişdin: kömək eləmək, yoxsa foto çəkmək seçimi arasında qalmışdım. - Sürücü ilə mən ora çatanda onu içəri buraxmadılar, mən keçdim. Birinci şok oldum. Elə bir şey görməmişdim. Çox qorxunc idi. Hər tərəfdə ağlaşma, səs-küy... Qəflətən bizim Mövludu gördüm. Ağlayırdı. Məni qucaqlayıb dedi ki, uşaqla Sevinc içəridədi, yanırlar. Onda sarsıldım, fotoaparatı çiynimə asıb FHN əməkdaşları ilə içəri girmək istədim. Su şlanqını da götürmüşdüm. Fövqəladənin ışçiləri saxladılar ki, hara gedirsən? Sərt şəkildə “içəri” dedim. Dedilər, əleyhiqazsız olmaz, get, əleyhiqaz al, gəl. Qaçdım komandirin üstünə. O da dedi ki, yoxdu, dörd dənəydi, götürdülər. Geri qayıdanda gördüm, məni aldadıb qalxıblar yuxarı. - Yəni o anda kömək eləməyi seçdin.. - Hə. Sonra gördüm ki, kömək var, başladım çəkməyə. Ancaq çəkə-çəkə də kömək eləyirdim. O kadr da necə alındı? Üç barrikada qurulmuşdu, camaatı buraxmırdılar. Mən onlara kömək eləmişdim deyə tanıyırdılar və məni buraxdılar. Düz mərkəzə qədər getmişdim. Hətta elə kadrlar çəkmişdim ki, heç birini üzə çıxartmamışam, bundan sonra da çıxaracağımı düşünmürəm. Körpə uşağın ölümünü çəkmişdim, məsələn. Həm də hamı dəhşətli fotolar paylaşırdı. Bəlkə də bu səbəb oldu, məhz, həmin kadrı göstərməyimə. Düşündüm ki, bir uşağın sağ qalması, az da olsa, ürəyimizə su çiləyə bilər. - Sualımın davamı: Dünyada çoxlu fəlakətlər baş verir, onları fotolarda görürük və peşəkarlıq, yoxsa insanlıq borcu məsələsi bu gün son dərəcə aktualdı. Sualım belədi: peşəkarlıqla o borc arasındakı sərhəd hardadı? Bəlkə yalnız bir nəfəri xilas eləmək yerinə problemi, hadisəni sənədləşdirib minləri xilas eləmək ən doğrusudu? - Bir az əvvəldən başlayım. 94-cü ildə Kevin Karterin bir fotosu çıxdı- quzğun uşağı yemək istəyir. Karter çəkməyi seçmişdi. Uşağa başqaları kömək eləyib, onu “Qızıl Ayparaya” çatdırıblar və sağ qalıb. Amma fotoqrafa təzyiqlər başlayıb və o, intihar eləyib. Bu məsələ hələ də müzakirə olunur- kömək, yoxsa çəkmək? Dənizdə batan suriyalı uşağın fotosu olmasaydı, Almaniya mühacirləri qəbul etməyəcəkdi. O foto bütün dünya mediasında yayıldı və mühacir problemi gün işığına çıxdı. Məncə, hər şey həmin ankı situasiyadan asılıdı. Müharibədi, fəlakətdi- bunları işləmək üçün xüsusi kurslar var, orda fotoreportyorları psixoloji hazırlayırlar. Bu il ən yaxşı fotoya görə Pulitser mükafatını qazanan Sergey Ponomoryov həmin uğurlu kadrı çəkəndən sonra qaçqınlara yardım eləmişdi. Amma çəkə də bilərdi. Sadəcə bilirdi ki, uğurlu kadrını artıq var. Düzdü, bəlkə on saniyə sonra daha yaxşı bir kadr olacaqdı. Ancaq o, yardım eləməyi üstün tutmuşdu. Həmişə deyirəm ki, ölümün gətirdiyi uğuru istəmirəm. Hətta o yanğındakı fotoya görə də narahat idim. Iki gün həmin uşağı axtardım. Yaşadığını öyrənəndən sonra sakitləşdim. Bəlkə o uşaq ölsəydi, bir də foto çəkməzdim. Yenə deyirəm: situasiyadan asılıdı. Burda deyirəm, kömək eləyərəm, amma gedib sadəcə çəkə də bilərəm. Ya indi “çəkərəm” deyərəm, hadisə yerinə çatanda kömək eləyərəm. Bəlkə də o yanğında Mövludun göz yaşlarını görməsəydim, kömək eləməzdim. Onun ağladığını görəndə foto çəkməyi unutdum. Artıq fotoreportaj kimi baxmadım hadisəyə. Və onda anladım ki, psixoloji cəhətdən soyuqqanlı olmağa hazır deyiləm. - Kadrı necə qurursan, necə seçirsən? - Ümumiyyətlə, içimdən gəlməyəndə reportaja getmirəm. Çernobıla qədər səkkiz ay işləmədim, çünki özümü tamamilə ora kökləmişdim. Tədbirlərə gedəndə iki-üç foto çəkirdim, vəssalam. Tam enerjimi sərf eləmirdim. Sevgiylə, istəklə getdiyin yerdə həmişə uğurlu kadr olur. Bəlkə də uğurlu deyil, sən sevə-sevə işlədiyin üçün elə hesab eləyirsən. Hərçənd ola bilməz ki, 100 kadrdan biri yaxşı alınmasın. - Fotolarını korreksiya eləyirsən? - Sənədli foto “fotoshop”un bir elementini qəbul eləyir- ağ-qara eləyə bilərsən. Əslində aparatlarda bu funksiya var. Ancaq rəngli çəkib sonradan ağ-qaraya çevirmək istəyirsənsə, münkündü. Bir də işığa azca kontrast verə bilərsən. Ki, indi bu da qəbuledilməzdi. Necə görürsənsə, elə çəkməlisən, işığı öncədən tənzimləməlisən. Tənzimləməmisənsə, “fotoshop”la eləyərəm” düşünmüsənsə, bu olmaz. İşıq fotoda böyük rol oynayır, onun onurğa sütunudu. Işığın düşmə bucağını tapmaq lazımdı. Məsələn, sərgidəki dindirmə otağı. Olduğu kimidi. Heç nəyə toxunmamışam. Bir balaca işıq vermişəm. Amma arxadakı nəfəslikdən işıq düşəydi və o işıqla çəksəydim, lap başqa cür olardı.
- Rejissuraya qayıtmaq fikrin yoxdu? - Qısa multimedialar hazırlayıram. (Multimedia - səs, hərəkətli və hərəkətsiz görüntünün bir yerdə olması-red.). Film çəkmək haqqında hələ fikirləşmirəm. Hazır deyiləm. Hərçənd psixiatriya klinikasının sakinləri barədə film çəkmək fikrim vardı, amma sonra saxladım və Çernobıla getdim. - İndi məmə deyəndən pəpə yeyənə qədər hamı şəkil, video çəkir. Müasir smart texnikası buna imkan verir, sosial şəbəkələr şərait yaradır və təşviq eləyir. Hamını çəkən görəndə qıcıqlanmırsan? - Yox. Universitetə qəbul olunanda əmim oğlu bir söz demişdi. Zatən onun mənə dediyi sözlərdən təkcə bu yadımda qalıb. Demişdi ki, başda hamı qaynayıb qarışacaq, bir müddət sonra ələnəcəklər, yaxşısı-pisi bilinəcək. O, bunu öz məhlə kriteriyalarına əsasən demişdi. Amma sonra gördüm ki, sənətdə də belədi. Biri bir fotoapart alır, “fotoshop” kurslarına gedir, bir-iki şəkil çəkir, sosial şəbəkələrdə paylaşır, ətrafındakılar da onu piar eləyirlər “filankəs çox yaxşı çəkir” deyə. Psixologiyada rənglə aldatmaq məsələsi var. Rəng birbaşa şüura siqnal ötürür, sonra ekspozisiya və digər elementlər gəlir. Rəng kontrastını çox eləyəndə beyinə siqnal gedir. Amma diqqətlə baxanda səhvləri görürsən. - Onları yalnız peşəkarlar görə bilir. - Və buna qarşı mübarizə aparmaq mümkün deyil. Çünki çoxdular. Ancaq qeyri-peşəkarlığın ömrü uzun deyil. Hərçənd ən çox qazanan fotoqraflarla bağlı dünya üzrə bir statistika hazırlamışdılar. Birinci yerdə toy fotoqrafları gəlirdi - 70-80 min. Ən az qazananlar fotojurnalistlərdi - illik gəlirləri 10-20 min arası dəyişir. Ən çox işləyənlər də onlardı, ən çox zərər görənlər də. Toy fotoqrafı gedir fotosunu çəkir, çıxardır, 3-4 mini alır qoyur cibinə. Biz isə o qədər əziyyətlə reportaj hazırlayırıq, heç 50 manata sata bilmirik. - Sahil parkında oturub müsahibənin vaxtını gözləyirdim. Fikir verdim ki, hər kəs şəkil çəkir, çəkdirir. Bir dəstə orda, bir dəstə burda. Ekonun dediyi kimi, hər şeyə obyektivdən baxırdılar sanki. Hətta qızlardan biri o birinə təlimat verirdi ki, tez-tez hərəkət elə, dilini dişinin arxasına qoy, gözlərini də yum və qəfil aç. Onda şəkil daha yaxşı çıxacaq. Bu doğrudu? Belə priyom var? - Onu bir test eləyərəm, görüm necə alınır. Birinci dəfədi eşidirəm. Düzü, bu, mənə çatmır. Bu vaxta qədər əlimdə fotoaparat şəhərdə gəzməmişəm. Utanıram. Amma o qədər görmüşəm ki, əlində, boynunda aparatla gəzənləri. Bir şey də deyim. Fotoqraf üçün mütaliə, savad mütləqdi. Foto müəllimim deyirdi ki, hər gün bir filmə baxmalısız. Bir saniyə 24 kadrdı. Bir saatlıq filmə baxanda gör nə qədər kadr görürsən. Dünyagörüşün, baxış bucağın formalaşır, bir yox, bir neçə rakursu görə bilirsən. Ancaq heç vaxt imitasiya eləmə. Söhbətləşdi Aygün Aslanlı |
||
|
||
“O, uşaq, ölsəydi,, bir, də, foto, çəkməzdim”, |
|