The document has moved here.
|
||
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə | ||
"Biz millətimizi sevməyi Azərbaycan türklərinin liderlərindən, ən sonda Elçibəydən bir daha öyrəndik" | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Bir xalq azadlıq əldə edirsə, o xalqın həyatdan köçmüş insanlarının (əlbəttə, bu azadlığı istəyən və onun uğrunda mücadilə edən insanları nəzərdə tuturam) ruhu da orada iştirak edir! Azərbaycan xalqı bütövlükdə azad olacaq və birləşəcək! O zaman keçiriləcək tədbirlərdə, bayramlarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış insanların ruhu da iştirak edəcəkdir! Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman millətiylə olacaq!”
Bu sözləri Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəy ömrünün son günlərində Ankara Dövlət Xəstəxanasından yazırdı. Bu, onun həm də türk dünyasına məktubu, vəsiyyəti idi.
Elçibəyi qəfil yaxalayan xərçəng xəstəliyi, özünün diliylə desək, tale ona ideyalarını gerçəkləşdirməyə imkan vermir. Həyata keçirmək istədiyi arzuları, amalları vardı. Elə buna görə də, xəstəliyinin fərqində olsa da, xəstəxanada yatmaq, müalicə almaq istəmirdi. Müalicədən imtina etməsi həm də xəstəliyini xalqdan gizlətmək, onu sevənləri incitmək istəməməsindən irəli gəlirdi. Amma məktubunda dediyi kimi, gerçəyi gizlətmək nə xalqa, nə də onun övladına xeyir verdi.
Elçibəyin təkidləri ömrünün son ilinə qədər davam edir. Onu 2000-ci ildə xəstəxanaya yatırırlar. Bir az əvvəl qeyd etdiyimiz kimi, Ankara Dövlət Xəstəxanasına. Avqustun 9-na qədər o burada müalicə alır, daha sonra GATA-ya (Gülhane Askeri Tıp Akademisi) köçürülür.
Əbülfəz bəyin Bakıda vəziyyəti ağırlaşır və o, üremik komaya düşür. Türkiyənin o dövrdə səhiyyə naziri olan Osman Durmuş bundan xəbər tutur və Elçibəyin Ankaraya gətirilməsi üçün təşəbbüs göstərir. Onun üçün özəl təyyarə göndərilir. Təyyarədə Elçibəyin arxasınca iki nəfər gəlirdi, onlardan biri elə ovaxtkı nəqliyyat naziri Enis Öksüz idi. O, həm də Elçibəyin dəfn mərasimində Türkiyəni təmsil edən 4 şəxsdən biriydi.
Xeber365.com Elçibəyin vəfatının 17-ci ilində Enis Öksüzlə özəl müsahibə edərək həmin günlərə bir daha qayıdıb.
Öksüz Elçibəylə bağlı xatirələrini bölüşdü, qürur və sayğıyla... Səsindən hiss olunurdu, türk dünyası üçün çarpışıb-vuruşan bir şəxsiyyətin həyatını xilas edə bilməsələr belə, onun üçün nə isə etmiş olduğu üçün sevincliydi, məğruruydu. Telefon bağlantısıyla Türkiyədən Azərbaycana gələn bu səsin ahəngi özü hər şeyi deyirdi:
– Millətlərin hər zaman qəhrəmanlara, yol göstərənlərə ehtiyacları var. Başqa millətlərə düşmən olan ölkələr də onları gözdən düşürmək, etibarsız etmək üçün əllərindən gələni edərlər. Millət başsız qalsın deyə... Elçibəy buna üsyan edən bir insan idi. Azərbaycan xalqının ona sahib çıxması, onun, Rəsulzadənin yolunda yürüməsi ilə çox böyük bir xalq, türk millətinin böyük övladları olduqlarını isbat etdi. Buna görə mən bütün Azərbaycan xalqına, qardaşlarıma təşəkkürümü bildirirəm.
Əbülfəz Elçibəy Azərbaycan xalqına, böyük türk millətinə, dünya türklərinə əsarətdən hürriyətə ikinci dəfə necə keçməyin yolunu göstərdi. O, çox yaxşı bir tarixçi olduğu qədər də əsl siyasət bilicisi və dövlət adamı idi. Azərbaycanın dövlətinin qurucusu böyük Məmməd Əmin Rəsulzadəni, Türkiyənin dövlət başçısı böyük Atatürkü ürəkdən sevən, Türkiyə ilə Azərbaycanı doğmalaşdıran, qardaşlıqlarını təzələyən, ürəklərimizi yenidən həyacanlandırıb bizi bir-birimizə sarılmağa sövq edən bu idealist, böyük insanı ölüm ildönümündə ürəkdən anır və “məkanı cənnət olsun” deyirəm. Onları o biri dünyada, həp birlikdə peyğəmbərin yanında səf tutmuş olaraq görəcəyik.
O vaxt belə bir insanın xəstələnməsi mənə çox pis təsir elədi. Onda Azərbaycanda onun hərtərəfli müalicəsini təmin etmək üçün lazımi imkanlar yox idi. Mən Elçibəylə hələ Sovet dövründən dostluq edirdim. Xəstələndiyini eşitdiyim zaman Türkiyədə nəqliyyat naziri idim. Heç özü ilə danışmamış yanına iki-üç dəfə həkim göndərdim. Başa düşdük ki, Türkiyədə müalicə olunması mümkündü. Burda da olmasa, Hollandiya, ya da ABŞ-a aparacaqdıq. Amma olmadı...
Elçibəyi Türkiyəyə gətirdik və burda müalicə etdirməyə çalışdıq. Amma çox gecikmişdik. Həkimlər dedilər ki, altı ay tez gəlsəydi, çarə tapa bilərdik. Nəsib deyilmiş. Allah onu o qədər çox sevirdi ki, sevgisini onu yanına aparmaqla göstərdi.
Mən “bir millət–iki dövlət” fikrini ilk dəfə Elçibəydən eşitmişəm. Ondan sonrakı dövlət başçıları da bu ifadəni təkrarlayır. Bu, çox xoşuma gəlir. Elçibəyi o qədər də irəli çəkmiş olmasalar da, o, vəzifəsini yerinə yetirməyin hüzuru içindədir. Elçibəy olmasaydı, Azərbaycanın müstəqilliyi olmazdı. “Bir kərə yüksələn bayraq bir daha enməz” fikrini yenidən alovlandırdı Elçibəy. Və o bayraq indi dalğalanır. Dünyanın ən gözəl türk bayraqlarından biridi. Elçibəylər, atatürklər, rəsulzadələr olmasaydı, türk dünyası bugünkü azadlığını, bugünkü gözəlliyini yaşaya bilməzdi. Bizə düşən onların fikirlərini daha da inkişaf etdirməkdir, əksiklər varsa, tamamlamaqdır. Amma bir şey çox vacibdir: fərqli düşüncələrə görə bir-birimizi incitməyək. Biz Türkük, Türk milləti tək millətdir. Onu parçalamaq – zəiflətmək deməkdir. Türkün zəifləməsinin qarşısını almaq, liderlərimizin ruhunu incitməmək, təqdirlərini qazanmaq üçün nə edəcəyik? Əl-ələ verib bir-birimizlə görüşməyə davam edəcəyik. Mən Elçibəyi bu fikirlərinə görə sevdim. Belə bir insan xəstələndiyi zaman ölümə tərk edilə bilməz. İki millətin, iki dövlətin arasına o zamanlar çox şeytanlar girdi. Mən onları əlimin tərsi ilə itələyərək Azərbaycana özəl təyyarə göndərdim. Ovaxtkı baş nazir və baş qərargah rəsimizlə birlikdə Elçibəyin özəl təyyarə ilə Ankaraya gətirilməsinə və müalicə almasına nail olduq. Müalicəsi uğurlu olmadı, amma Elçibəyin türk milləttinə tanıdılmasında, Türkiyədə tanıdılmasında önəmli bir rol oynadıq. Azərbaycandakı qardaşlarımızdan xəbərsiz olanları oyandırdıq. Dolayısı ilə Elçibəyin sayəsində Türkiyə cümhuriyyətindəki bilgisiz, cahil insanlar da türklüyü öyrənmiş oldu. İndi soruşsanız, Türkiyədə Elçibəyi sevməyən bir nəfər də türk tapa bilməziniz. Onu hər kəs sevir. Mübarək adamdır.
Əgər mən Elçibəyi Türkiyəyə gətirməsəydim, Azərbaycan millətçiləri, Azərbaycan türkləri “Türkiyə bir damla neftdən ötrü belə böyük şəxsiyyəti, böyük adamı, gələcəyin işığını söndürməyə tənəzzül etdi” deyərlərdi. Türkiyəyə, türk millətinə güvən sarsılardı. Biz buna yol verə bilməzdik. Biz insanıq, biz türkük. Türk millətinin övladlarıyıq, böyüklərimizə xidmət borcumuzdur. Buna görə gətirdik Elçibəyi Ankaraya. Sağ olsunlar, o zaman Türkiyəni idarə edənlərin bir qismi əvvəlcə bunu qavraya bilmədilər, amma qavradıqdan sonra Elçibəyə sahib çıxdılar. O vəfat edəndən sonra da şəxsən özüm bir nazir həmkarımla birlikdə onun cənazəsini baş qərargah rəisinin verdiyi təyyarə ilə xüsusi olaraq vətəninə apardıq.
Yeri gəlmişkən, heç vaxt yadımdan çıxmaz. Dünyanın Elçibəyin rəqibi kimi təqdim etməkdən xoşlandığı Heydər Əliyev Elçibəy haqqında “Sayğıyla, hörmətlə, minnətlə Elçibəyin hüzurunda baş əyirəm” deyə bildi. Onun bunu söyləməsi türk millətinin gözünü çox açdı. Onun bu hərəkəti bizim də ürəyimizə su səpdi.
Turançılıq ideyasını canlandırması baxımından Elçibəy çox önəmli idi. Bu mənada, mən də Elçibəyin ölüm ildönümündə Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu, ona dualar oxuduğunu bilirəm. Bu qədər gözəl bir xatirənin yaşaması çox xoşdur. Allah belə bir şeyi neçə insana nəsib edər? Bu xatirə ölməz, ürəklərdə yaşayar. Heç vaxt ölməz. Sabah ehtiyac olsa, başqa türk cümhuriyyətləri, toplumları əsarətə düşərsə, Elçibəyin fikirləri yenidən Azad olmağı türk millətinin rəhbərlərinə öyrədəcək. Ona görə də biz qəhrəmanlarımızı başımızın üstündə tutmalıyıq, onların fikirlərini yaşatmalıyıq, incitməməliyik. Əsla incitməməliyik.
Enis bəy deyir ki, o vaxtlar azərbaycanlılar arasında belə bir deyim varmış: GATA-da insan əcəliylə ölə bilməz, ancaq Allah istəsə, ölər. Bu, həm də onların inancına çevrilibmiş. Ona görə də Elçibəy GATA-ya köçürüləndə onun xilas olacağına çox inanırmışlar. Ancaq özü dediyi kimi, geciydi, Elçibəy üçün artıq geciydi...
– Biz onun ölümcül xəstəliyin son mərhələsində olduğunu bilirdik. Amma ona bu barədə heç bir şey deyilməməsi və əziyyət çəkməməsini istədik. Azərbaycanın idarəçilərinə məlumat verirdik: “Yaxşıdı, daha yaxşı olacaq”. “Əgər pis bir şey olarsa, fikirlərinin yaşadılmasını sizdən rica edirik” deyirdik. Bir ara Elçibəyin durumu yaxşılaşmışdı. O vaxt mən də xaricdəydim, geri qayıdanda ona dedim ki, sizi ən yaxşı xəstəxanaya yerləşdirmişik. Azərbaycanda bir söz var: GATA-da insan əcəli ilə ölə bilməz. Allah istərsə ölər, başqa cür həkimlərin əliylə, müalicədən ölməz. Bu, Azərbaycan xalqı üçün bir inancdır, elə biz də oan görə Elçibəyi GATA-ya göndərdik.
Nur içində yatsın, Elçibəy şərəfi ilə, namusu ilə, əxlaqıyla, adam kimi adam, əsl türk olaraq vəfat etdi. Azərbaycan xalqı onun qiymətini bilməlidir. Mən Azərbaycan yazarlarından bunu rica edirəm: Elçibəyi kitablaşdırın, 10, 20, 30, 50, 100 dənə kitab, şeirlər yazın. Millətimizin buna ehtiyacı var. Əmin olun ki, Elçibəy üçün, böyük türklər üçün yazılan hər yazı, Türkiyə türkünü də qurtaracaq. Baxın, Türkiyə cumhuriyyəti qurulduğu zaman, cümhuriyyətin təməllərini atan böyüklərimiz, dövlət adamlarımız arasında, yanında Azərbaycan Respublikasının lideri Məmməd Əmin Rəsulzadə vardı. Bizə türkçülüyü, türk millətçiliyini o öyrətdi. Biz millətimizi sevməyi Azərbaycan türklərinin liderlərindən, ən sonda Elçibəydən bir daha öyrəndik. Onun bizə çox faydası oldu. Buna görə də Elçibəyi şeirlərlə, romanlarla, teatr tamaşaları ilə, məqalələrlə, hekayələrlə Azərbaycan xalqının da, türk millətinin də könlündə ölümsüzləşdirmək lazımdır. Bunu etsək, türk milləti bir daha əsla əsir olmaz, yüksələn bayraq bir daha əsla enməz!
Elə Elçibəy də vəsiyyəti hesab edilən son məktubunda yazırdı: Türk millətinə ən lazım olan – mənəviyyata dayanaraq birləşə bilməkdir!
|
||
|
||
O, vaxt, Elçibəyi, Türkiyəyə, gətirməsəydim..., -, Enis, Öksüzlə, özəl, müsahibə, |