Xəbər haqqında
17 Dekabr 2017 - Bazar 10:47 295 nəfər oxuyub
 
Ölümündə FTB-nın günahlandırıldığı aktrisa - Film kimi həyat
YARADICI Xəbəri
Ölümündə FTB-nın günahlandırıldığı aktrisa - Film kimi həyat

 

“Peruda quşlar” filmi bütün Fransada qadağan olunmuşdu. Nimfomanyak qəhrəmanı sado-manyak ərinin təqiblərindən qaçmaq üçün qarşısına çıxan hər kəslə intim münasibətdə olurdu: balıqçılarla, fahişəxana sahibi ilə, qaçaqmalçılarla, səyahətçilərlə. “Peruda quşlar” elə bu cür çəkilmişdi. Filmin rejissoru, məşhur fransız yazıçısı Roman Hari avtobioqrafik ekran işinin baş rolunda həyat yoldaşı Cin Siberqi lentə almışdı...

 

 

 

Cin Siberqin nimfoman şöhrəti anadan olduğu yerdən başlayırdı. Cin 1938-ci ildə Amerikanın kiçik əyalətlərindən olan Marşaltaunda dünyaya göz açıb. Qısa qırxılmış saçları, boz gözləri olan, hədddindən artıq arıq Cin yaşından tez böyümüşdü. Gələcək kino ulduzu günlərin birində yol kənarı ilə gedərkən yanından keçən furqonlar ona siqnal verməyə başlayır. Furqonlardakı polislər başlarını çölə çıxararaq maşın vurmasın deyə, Cinə yoldan kənara çıxmağı məsləhət görür və ona çirkin söyüşlər yağdırırlar. 

 

Burada elə qeyri-adi hadisə yaşanmamışdı. Səliqəli geyinmiş hansı qız seks acgözlərinin diqqətini cəlb etmir ki? Ancaq bu hadisədən sonra Cin qəti şəkildə ağlına yeritmişdi ki, Marşaltaunda mənasız həyat sürməkdənsə, gözəlliyindən istifadə etmək daha yaxşıdır. O, qızların kumiri Marlon Brandoya məktub yazır. 


Məktubun mətni indiki dövrümüzədək gəlib çatmasa da, mövzusu təxminən belə idi: “Sevimli Marlon! Məni buradan apar! Bu şəhərdə yaşamaq mənim üçün çox darıxdırıcıdır. Ətrafımda mənə aşiq olmayan bir nəfər də oğlan qalmayıb. Ancaq mən də sevmək istəyirəm. Məni apar!..” Uzun zaman, ya qısa vaxt keçdiyi bilinməsə də, “Arzu tramvayı” filminin ulduzu Cinə belə cavab yazır: “Bir daha sına!..” Başadüşüləndir ki, Marlon növbəti dəfə həddi-buluğa çatmamış qıza görə məhkəmələrdə sürünmək istəmirdi. 

 

Çox güman ki, bu məktub qadın zəifliyinin son təzahürü oldu. Cin Siberq hər şeyi özü etməyə qərar verir. Pərəstişkarları tərəfindən rahat buraxılmayan Ceyms Dinin izi ilə gedən Cin Siberq “Mən gənc öləcəyəm. Heç 40 yaşımadək yaşamayacağam” deməkdən yorulmurdu. Özünü buna proqramlaşdıran Cin Marşaltaundan canını qurtarmaq və yaxın 20 ildə həyatını mümkün qədər parlaq yaşamaq qərarına gəlir. O, həyatının çox hissəsini Fransada keçirmişdi...


Cin Ayova Universitetinə qəbul olur. Bruada həvəskar tələbə truppasında çıxış edir. Möcüzəli şəkildə kinorejissor Otto Premincerin gözündən yayınmayan Cinə “Müqəddəs Janna” filmində baş rol verilir. Otto Siberqi Janna D’Ark roluna18 min namizədin arasından ona görə seçmişdi ki, yorğun gözlərində intihar parıltısı görürdü. 

 

 

Otto Premincer öz yeni tapıntısı ilə bağlı kütləyə belə məlumat ötürür: “Cin Siberq ekranda olanda kadrda təkcə onu görəcəksiniz. Hər hərəkəti incəliklə doludur, baxışları ölümcül zərbə vurur. Başının forması, bədən quruluşu, yerişi – hər şey mükəmməldir! Belə cəlbedici seksuallığı siz daha əvvəl ekranda görməmisiniz!” 

 

Otto Premincerin emosiyalara qapıldığı vaxtda Cin Siberq ərə getməyi planlaşdırırdı. “Müqəddəs Janna” filminin çəkilişinədək dərin biliyi ilə onu məftun edən rejissor Fransua Moreylə tanış olmuşdu. İllər sonra Cin Siberq etiraf edirdi: “Mənim ilk evliliyim xoşbəxt deyildi. Şərabların markalarını bilən və vizit kartı verməkdən başqa heç nə bacarmayan adama ərə getmişdim. Gülməlidir...”

 

Uşaq sahibi olmağı Cinə qadağan edən Otto Premincer aktrisanı çəkiliş meydançaları ilə “zəhərləməyə” çalışır. Kinematoqrafiya tarixində ilk dəfə dəb jurnallarından biri “Müqəddəs Janna” filminin çəkiliş meydançasına gələrək filmin gedişatını lentə almaq üçün fotoqraf göndərir. Ekran işində qəhrəmanın yandırılması səhnəsi çəkilirdi. Rejissor Cin Siberqə göstəriş verir ki, yanan alova bir az daha yaxınlaşsın. Bununla da ekranda real insan emosiyalarını göstərmək istəyirdi: ağrı, qorxu və alov dilimlərinin dərini yalamasından yaranan dəhşət...Fotoqraf şokda idi. Aktrisanın isə əksinə, belə ekstremizm ürəyindən oldu. “Müqəddəs Janna”nın çəkilişlərindən sonra kəskin hisslərinin olacağı və bir qədər çəkiliş meydançalarından uzaq qalacağı gözlənilən Cin Siberq Ottonun növbəti “Kədəri bağışla” filmində çəkilməyə razılıq verir. 


Amerikalı rejissorun hər iki filmi aktrisaya gözlənilən şöhrəti gətirmədi. 

Cin Jan Lyuk-Qodarla tanış olanda ərli qadın kimi təqdim olunsa da, fransız rejissor Fransua Moreyin arvadı ilə maraqlanırdı. Cin Siberqi “Columbia pictures”ə götürərək onu “Sonuncu nəfəs” filmində çəkilməyə dəvət etdi. Aktrisa filmdə öz yadplanetli transvestist görünüşü və izaholunmaz kədərli baxışları ilə dağıdıcı mövqe tutmuş gənc avropalıların dini fiquru oldu. Aktrisa Qodar filminin qəhrəmanı obrazında özünü tapmış və Fransada fransız yaşıdlarının radikal meyilləri ilə maraqlanmağa başlamışdı. Cəmiyyətə və ailə dəyərlərinə qarşı qiyam, qaradərili xalqların müdafiəsi lehinə çıxışlar və ən əsası – bunun üçün hərəkətə keçmək Cinin qarşısında duran əsas məqsədə çevrildi. Cin Siberqin həyat prioritetləri belə dəyişdi: “moving pictures”dən sonuncu “pictures” sözünü çıxarmışdı artıq... 

 

 


“Düşmən”lə eyni yataqda 

 

Cin Siberq özünü əsl ulduz hesab edirdi. Elə kino ulduzu ki, çəkiliş meydançasına aid olmayan hər şeydən imtina edirdi. Bütün Avropanın aktrisaya pərəstiş etməsi onu özünün cəmiyyət arasındakı roluna daha skeptik yanaşmağa məcbur edirdi. Əvvəlcə Siberq qarşısında diz çökən kişilər haqqında arzuolunmaz fikirlər səsləndirməyə başladı: “Bilirsiniz, fransızlar amerikalı qızlar haqqında nə fikirləşir? – Düşünürlər ki, amerikalı qızların qəlbini fəth etmək atı yəhərləmək qədər asandır. Sən onu vura, dövrə vurmağa məcbur edə, əhlilləşdirə, çubuqla döyə bilərsən...”

 

Cin Siberq daha yaxşı rol axtarışı üçün Amerikaya qayıdır. Ancaq orada uğurlu karyerasını qura bilmir. Ard-arda çəkildiyi filmlər nə tənqidçilərin, nə də tamaşaçılarn marağında idi. Hollivud rejissorları ağıllarına gətirə bilmirdilər ki, bu qlamur görünüşü olmayan və özü haqqında hansı düşüncəyə sahib olduğu bilinməyən aktrisa ilə nə etmək olar. Fransua Morey etiket xətrinə nikahını və xanımının karyerasını xilas etmək üçün onunla “Pleytaym” filminə çəkilir. Lakin bu nikah pozulur. Cin Siberq ərli qadın olmaqdan sıxılır və özünə yeni parlaq rollar axtarırdı. 

 

Hansısa hüquqi məsələləri həll etmək Moreyin xanımını fransız konsul Romen Hari ilə yaxınlaşdırır. Aktrisa konsulu xarici görünüşü və radikal düşüncələri ilə cəlb etmişdi. Hari elə bu ərəfədə Hollivud ulduzlarının irqi dözülməzlik haqqında fikirlərini əsas götürən “Ağ it” romanını yazmağı düşünürdü. Beləliklə, Siberlqlə özündən 24 yaş böyük Hari arasında eşq başlayır. 


Fransız konsul dünyadakı hər şeyi unutmuşdu. Sadəcə Cinə - onun gəncliyinə və sadəlövhlüyünə ovsunlanmışdı. Cin çox gözəl anlayırdı ki, Hari bütün pərəstişinə baxmayaraq onu lazımınca qiymətləndirmir. Parlaq avropalı ağlının amerikalı sadəliyinə və sadəlövhlüyünə məhəl qoymaması açıq-aydın sezilirdi. “Onun yaxşı beyni var. Hətta deyərdim, güclü zəka sahibidir” – Hari Cin Siberq haqda belə deyirdi. Ancaq kişi şovinizmi DNT səviyyəsində parçalanmaz və məhvedilməz şeydir. Siberq bunu anlayırdı və Hari tərəfindən ünvanına səsləndirilən mənfi fikirlərə göz yumurdu. “Heç vaxt uzun müddət mənə bu cür zərif davranan və eyni zamanda da xarakterimə dözülməzlik nümayiş etdirən kişi ilə qarşılaşmamışdım” – Siberq Hari ilə tanışlığından bir neçə il sonra belə deyirdi. Demək olmaz ki, bütün bunlar Cini bütün ömrü boyu Hariyə məhkum olub qalmağa təhrik etdi... 

 

Fransız konsulun Cin Siberqlə rəqabət aparacaq gücdə olan arvadı var idi – ingilis yazar Lesli Blenç. Ancaq Siberq hamilə qalmaqla ona qalib gəldi... Cin rəsmi olaraq Fransuadan boşanmasa da, bətnindəki körpə və Romen Hari ilə birlikdə Fransaya yollanır. Aktrisa yeganə oğlu Aleksandr Dieqonu dünyaya gətirir və ikinci dəfə ərə gedir. 


Roman Hari xanımına elə bağlanmağa başlamışdı ki, sevgisi artıq manyaklıq dərəcəsinə çatmışdı. Beləliklə, “Peruda quşlar” filmində öz əksini tapan ilk hadisə baş verir. Hari xanımını hər şeydən qısqanmağa başlamışdı. Qəribədir ki, bütün bu qısqanclığa baxmayaraq, Hari Siberqə çəkilişlərə getməyə icazə verirdi. Azadlıqsevər amerikalı Cin Siberq ərinin Şərqsayağı tiranlığını qəbul edə bilmirdi. Aktrisa etiraz əlaməti olaraq davranışlarında daha çox ekstremizmlərə yol verirdi...

 

 

Arzu olunmayan qadın


Hari ilə Siberqin eşq romanı Dmitri Qorçevin hekayələrindən birində təsvir olunan sxem üzrə inkişaf edə bilərdi: “Klavdiya İvanovna qatı fahişə idi... Və seksual manyakla qarşılaşırdı...” Yaş fərqini nəzərə almasaq, Hari ilə Siberqin münasibəti elə də faciəvi deyildi. Başı qısqancılığına qarışan Harinin Cinlə ər-arvad münasibətini düşünməyə vaxtı qalmırdı. Cin isə poetik ehtiraslar yox, əsl sevgi axtarışında idi.

 

Roman Hariyə qədər Cin Siberqin bir neçə sevgi macəraları haqda dedi-qodular çıxmışdı. Bunların heç də hamısı paxıl düşmənlərin və sarı mətbuatın uydurması deyildi. Aktrisa doğma vətəni Amerikaya qayıdanda onun bir neçə nəfərlə sevgi münasibətində olduğu iddia edilirdi. Semi Devis Balaca, Mey Brittlə boşandıqdan qısa müddət sonra Cin Siberqlə eşq yaşadığını bildirirdi. “Öz arabanı rənglə” filminin çəkilişindən sonra Klint İstvud aktrisanı sevgilisi kimi təqdim edirdi. Roman Harininsə səbri tükənir. İstvudu duelə çağırır, lakin ekranda kovboy obrazının mahir ifaçısı qısqanc fransızın bu çağırışına əhəmiyyət vermir. Cin Siberq isə Li Marvinin kino-şirkətində işə başlayır.

 

Dostları bildirirdilər ki, aktrisanın qarşı cinsin nümayəndələri ilə real həyatdakı ekstrim münasibətləri öz əksini çəkildiyi filmlərdə də tapırdı. Məsələn, Klint İstvudla çəkilişdən sonra eşq yaşamağa başlamışdı. Robber Rossenin “Lilit” filmində, deyilənə görə, Cin Siberq özünü – psixoterapevtini yoldan çıxaran şizofren qadını oynayırdı. Aktrisa haqda hər zaman kəskin hisslər axtarışında olan qadın kimi danışırdılar. O, seks həyatında belə, ən ekstremal olanını xoşlayırdı. Həyatda risk daşıyan hər şey Cin Siberqi məftun edirdi.


“Karib adalarında qiyam” filminə çəkilən Cin mətbuatda tez-tez qaradərili dostlarından söz açmağa başlamışdı: “Mən Latın Amerikasında yaşasaydım, Çe ilə birlikdə gedərdim!” Çox keçmir, aktrisa özü öz taleyini yazır: Amerikada qaradərililərin hüquqlarını müdafiə edən müsəlman ekstremist Hakim Camal ona zəng edir. Camal əvvəllər Cinin yaşadığı Beverli Hillsin yaxınlığında qalırdı. Heyranedici sarışın qadınla iti zəkalı yazıçı, siyasətçi və sadəcə mükəmməl kişi arasında sevgi münasibəti yaşanır. İş o yerə çatır ki, Cin Siberq qaradərili insanların bütün xəstəliklərini və kədərini özününkü kimi qəbul edirdi. Terrorçu kimi qəbul edilən Hakim Camal heç də FTB-nin (Federal Təhqiqatlar Bürosu) sevdiyi kəslərdən deyildi. Camala olan sevgisini Siberq açıq-aydın ifadə etməkdən belə, çəkinmirdi: “Hakim iddia edir ki, sağ qalma şansı yoxdur. Bütün qəlbimlə inanıram, belə olmayacaq. Ancaq bu sözlərimə də diqqətlə qulaq asın! Əgər onu, arvadını və ya uşaqlarından birini öldürsələr, qaradərililərin qəzəbini başa düşəcək və onlarla birlikdə qisas alacağam”.

 

Qısa müddət sonra Cin Siberq “Qara panterlər” təşkilatının üzvü olur və hətta təşkilatın “Panterlər” qadın şöbəsinin əsasını qoyur. Aktrisa siyasətlə o qədər maraqlanmağa başlamışdı ki, ərini də bu işə cəlb etmişdi. Hari zaman-zaman qara hərəkatın liderlərini evində qonaq edir, aktrisanın təhriki ilə “panterlər”in hesabına iri məbləğdə pul köçürürdü. Siberq təkcə Amerikanın deyil, Avropanın da iri şəhərlərinin otellərində ekstremist hiylələr işlətməyə başlamışdı. Çılpaq şəkildə pəncərəyə çıxaraq zülmə məhkum edilmiş xalqların müdafiəsi üçün qışqırmaq onun üçün adi hala çevrilmişdi.

 

Bu hadisələrdən sonra FTB Cin Siberqi izləməyə başladı. Telefon danışıqları dinlənilir, təqib edilirdi. 

 

 

Aktrisanın sevimli iki pişiyi zəhərlənərək öldürülür. Aktrisadan avtoqraf istəyən pərəstişkarları da həbs edilir və saatlarla polis bölməsində Cin Siberqə hansısa məlumat ötürmələri iddiası ilə sorğu-sual edilirdilər. FTB zabitlərinin məruzələrində Cin Siberq tamamilə neqativ şəxsiyyəti olan aktrisa kimi qiymətləndirilirdi. Ən dəhşətlisi isə seksual istəkləri ilə bağlı ittihamlar idi. 

 

Məruzələrdə qeyd olunurdu ki, Cin Siberq qaradərililərlə sekslə məşğul olmağı sevir. Aktrisanın bütün günahları “üzə çıxırdı”. Məlum olub ki, o hələ tələbə ikən “Heyvan kimi olaq” adlı pyes yazıbmış. İddiaya görə, Cin Siberq hər gün bir qaradərili siyasi liderlə birlikdə olurmuş. Camaldan sonra digər “panter” Reymond Masai Hyuito ilə eşq yaşayırmış. “Maço Kallahan” Meksika filminin çəkilişləri zamanı Cin Siberq Latın Amerikası xalqlarının hüquqları uğrunda mübarizə aparırıdı – atrisa fəhlə daxmalarında yaşayır, üsyançılara maddi dəstək olurdu. Camalla görüşməyə davam edən Cin paralel olaraq latın amerikalı Karlos Fuento və Karlos Navarra ilə, Meksika inqilabının digər mübarizləri ilə eşq yaşayırdı.

 

 

Taleyin ironiyası

 

Məşuqları ilə ad çıxarmış Cin Siberq ikinci dəfə hamilə qalır. Bu zaman isə FTB-nin direktoru Edqar Huver aktrisanı cəmiyyət üçün olduqca təhlüküəli element kimi neytrallaşdırmaq göstərişi verir. Hamiləliyindən Siberqin əleyhinə istifadə olunur. Los-Anceleslə Nyu-Yorkun aparıcı kütləvi informasiya vasitələri belə məlumat yayırlar ki, Cin Siberq “Qara panterlər”in liderlərinin birindən hamilədir. Guya hətta uşağın atası Reymond Masai Hyuittadır. Roman Hari arvadının müdafiəsinə qalxır və uşağın ondan olduğunu deyir. Bu arada Cin Siberq “Qara panterlər”in sənədlərini fransız dilinə tərcümə edir və “Ancela Devis” haqqında roman yazırdı.

 

Təqiblər dayanmırdı. Bütün dostları Siberqdən uzaqlaşmışdılar. Bütün təqiblər Cinin özündə də şübhələr oyatmağa başlamışdı: birdən uşaq qaradərili doğular? O zaman Cin Siberqi hansı damğalar gözləyir, Allah bilirdi.

 

Cin Siberq tez-tez antidepressantların və yuxugətirici dərmanların köməyinə üz tuturdu. Həkimlər bu dərmanların hamiləliyi yarımçıq dayandıra biləcəyi xəbərdarlığı etsələr də, aktrisa həbləri qəbul etməyə davam edirdi. Həkimlərin xəbərdarlığı Siberqin hamiləliyinin 8-ci ayında özünü göstərdi. Cin huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya aparıldı.

 

Körpə cəmi iki gün yaşaya bildi və dünyasını dəyişdi. Cin Siberqin qızı dünyaya gəlmişdi və o, tamamilə ağdərili idi (Deyilənə görə, Cin Siberq illər sonra boynuna alıb ki, uşağın atası Karlos Navarra olub. Ancaq bu ifadə FTB-nin sənədlərdə göstərdiyi yanlış məlumat da ola bilər – A.N.).
Rəsmi şəkildə hər kəsə bildirilir ki, Nina adlı körpə qız ağdərili dünyaya gəlib. Körpə üçün büllur tabut hazırlanır və taleyə ironiya kimi Cin Siberq körpəsinin meyiti ilə mətbuat konfransı keçirir. Konfrans zamanı qızının meyitini göyə qaldıraraq “Baxın, görürsünüz, uşaq ağdır” deyir... Qızının ağdərili olması ilə Cin Siberq FTB ilə müharibəni udmuş, ancaq bu qələbə xoşbəxt sonluqla bitməmişdi...

 

Aktrisa Hari ilə Fransaya qayıdır və ondan boşanır. Zahirən hər şey əvvəlki kimi görünürdü: Cin Siberq əlcəzairlilərin hüquqlarını müdafiə edir, gənc ərəbin sevgilisi olur və rejissor Denis Beriyə ərə gedir. Lakin Cin sonra Denisi dördüncü əri Əhməd Hasniyə dəyişir. Bütün bunlara baxmayaraq Hari keçmiş arvadının siyasi müəssisələrini maliyyələşdirməyə və aktrisanın ən yaxşı narkoloji klinikalarda müalicə almasına kömək etməyə davam edirdi.

 

Hər şey qaydasında görünsə də, Cin Siberq depressiyadan heç cür çıxa bilmirdi. O, narkotik istifadə edir və “Bu əsəblə yaşamağımı çox uzatmayacağam” deyirdi. Hər il qızı Ninanın ölüm ildönümü aktrisanı intihara sövq edirdi. Belə ildönümlərinin birində Cin Siberq özünü Paris metrosunda qatarın altına atmış, lakin onu xilas edə bilmişdilər. Ancaq növbəti ildə isə bu intihar cəhdi baş tutur...

 

 

Romen Harinin ssenarisi əsasında çəkilmiş “Qadın işığı” filminin premyerası günü iki polis əməkdaşı küçədə dayanmış avtomobilin arxa oturacağına sıxılmış cəsəd tapır. Avtomobilin qapısı sındırılır. Çürüyən cəsədin qoxusu ətrafa yayılır: 11 gün idi ki, Cin Siberqin cəsədi arxa oturacaqda imiş. Aktrisanın yanında mineral su qabları, yuxu həbləri və oğluna yazılmış məktub var idi:

 

“Dieqo, sevimli oğlum, məni bağışla. Daha yaşaya bilmirdim. Məni başa düş. Bunu bacaracağına əminəm və səni sevdiyimi bilirsən. Güclü ol. Səni sevən anan…”.


Jurnalistlər aktrisanın ölümündə FTB-ni günahlandırırdı. Eyni zamanda, Cin Siberqin əlcəzairli inqilabçılara kömək etdiyi üçün intiqamçı “Qara panterlər” tərəfindən öldürülməsi dedi-qoduları yayılmışdı. Lakin aktrisanın dəfni ilə bütün ittihamlar ört-basdır edildi. Cin Siberqin dəfnindən bir il sonra Roman Hari də özünü güllələyərək intihar edir. Hari ölümqabağı yazdığı məktubda ölümünü aktrisaya olan dəlisov eşqi ilə əlaqələndirməməyi xahiş edirdi. Ancaq bununla belə son məktubunda Cini xatırlayırdı...

 

Cin Siberq müsahibələrinin birində deyirdi: “Bütün çətin həyatım boyu yalnız bir şeyi başa düşdüm: aktyorluq haqda az, digər peşələr haqda çox şey bilsəydim, daha yaxşı oynayar, daha yaxşı yaşayardım”.

 

Nuranə Abbasova 

Mənbə: Müəllif:
Ölümündə, FTB-nın, günahlandırıldığı, aktrisa, -, Film, kimi, həyat, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı