Xəbər haqqında
15 Dekabr 2017 - Cümə 20:00 4161 nəfər oxuyub
 
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
"Uzaqda olsam da, həmyerlilərimin vəziyyəti məni narahat edir. Çünki Azərbaycanda yaşayanlar mənim doğmalarımdır. Onların gözəl yaşamaqları mənim üçün bayramdır. Onların pis gününü görmək, eşitmək isə ağırdır. Ona görə də, dövlət başçımızdan istəyim odur ki, lazımi islahatları həyata keçirsin"
MÜSAHİBƏ Xəbəri
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu

18 ilə yaxındır ki, Daşkənddə yaşayan bir Azərbaycan vətəndaşı var. Daşkəndə yolu düşən, bu şəhərdə işi olan, başı dara düşən çox adam, necə deyərlər, ya onun üstünə gedir, ya da göndərilir. Çünki getdikləri ünvanda onları bir ağsaqqal, ata, qardaş, dost doğmalığı gözləyir.

 

Həmvətənlərimizi Özbəkistanın paytaxt şəhərində açdığı restoranda tez-tez bir araya gətirən, Azərbaycan təamlarına qonaq edən Nazim Musazadə onlara qürbət ölkədə olduqlarını unutdurur. Əslində, Daşkənddə məskunlaşan azərbaycanlılarla özbəklər bir-birlərinə elə qaynayıb-qarışıblar ki, onları, elə özləri demiş qardaş hesab edir, bir-birlərindən ayıra bilmirsən. Bilmirsən, kim yerlidir, kim qonaq... Xülasə, elə bu birliyi, doğmalığı yaradanlardan biri də Nazim bəydir. Mən də onun qonağı oldum və Bakıya qayıdacağım günə kimi müsahibə almaq üçün, loru dildə desəm, çox dil tökdüm. Amma o bu müsahibədən boyun qaçırır, israrla deyirdi: “Mənim nəyimdən yazacaqsan ki, mən balaca adamam”. Əslində isə, onun danışacağı və yazılacaq çox şey var idi. Və o, heç də balaca adam deyildi, ən azından ona görə ki, vaxtilə Azərbaycanın bayrağını göylərə qaldıran dünya çempionlarını yetişdirən müəllim, SSRİ idman ustası, Əməkdar məşqçidir. Özü bunları dilə gətirməsə də, Qarabağ məsələsinin təbliğatı üçün maddi və mənəvi olaraq əlindən gələni əsirgəmir. Üstəgəl, Özbəkistanda yaşayan bir azərbaycanlı ailəsinin həyatı bizim üçün maraqlı idi...

 

Beləliklə, həmsöhbətimiz 1956-cı ildə dünyaya Qazaxda göz açan, özünə Daşkənddə həyat quran Nazim Musazadədir. 

 

– Nazim bəy, 18 ildir Daşkənddə yaşayırsınız. Gəlin 18 il əvvələ, bura gəldiyiniz günə qayıdaq...
 

- 2000-ci il mayın 18-ində bir həftəlik özbək toyuna gəldim. 20 il əvvəl, 80-ci illərdə burada bir ilə yaxın yaşamışam. O vaxtın cavan dostları 20 ildən sonra elə toy edirdilər və o toya mən də dəvətli idim. Beləcə, o toya gəlişimlə həyatım dəyişdi. O gündən bu günə kimi Daşkənddə yaşayıram.  


– Gördüyüm qədəriylə  burda həyat sizə xoşdur. Daşkənd sizə doğmalaşıb, özünüzü qürbətdə hiss eləmirsiniz, doğrudurmu?
 

– Təsadüfmü deyim, yoxsa təsadüf deyilən şey yoxdur, hamısı Allahın işidi. Bir-iki il burdakı həyatım mənim üçün çox çətin oldu. Çünki çox yüksək səviyyədə müəyyən işlər təklif edirdilər, amma bir az gözləməli olmuşdum. Bir az onu gözlədim, bir az bunu gözlədim, o alınmadı, bu alınmadı. Axırda Allah bir yol açdı, işlərim yaxşı getməyə başladı. Ondan sonra hər şey öz yerini tapdı və beləcə həyat davam edir. Çox razıyam həyatımdan da, dövlətdən də, burdakı insanlardan da...

 

- Razılıq elədiyiniz məqamlar nələrdir?

­

– Özbəkistan mənim doğma, ikinci vətənim kimidir. Dinimiz, dilimiz, qanımız  birdir. Mən azəri türkü, onlar özbək türküdür. Mən bura gəldim və Özbəkistan məni bağrına basdı. Mən də onu sevdim. Bu ölkə ailəm üçün də, mənim üçün də rahatdır, sakitlikdir. İnsanları çox yaxşıdır, azərbaycanlıları sevəndilər. Vətənimiz isə öz yerində durur.

 

- Hər şeyə rəğmən, elə bir an olur ki, özünüzü qürbətdə hiss edirsiniz?


– Yox, bu hiss heç bir məqamda olmur. Özümü Azərbaycanda necə hiss edirəmsə, burda da elə hiss edirəm. Sadəcə olaraq, bir an yaxın qohum-əqrəba, dostlar yadımıza düşəndə uzun müddət onları görmədiyimizə görə
daxildə bir inciklik olur və darıxırıq.
 

 

- Həm də ətrafınızda azərbaycanlılar çoxdur. Bəlkə də, bütün yaxınlarınız Azərbaycanda olsaydı, daha çox qəribçilik çəkərdiniz...
 

– Təbii ki, burda azərbaycanlılar var. 18 ilə yaxın müddətdə çoxuyla tanış olmuşuq. Xeyirdə-şərdə, ya işlə əlaqədar olaraq azərbaycanlılarla ünsiyyətdə oluruq, bir-birimizlə münasibət qurur, mehriban yaşayırıq.

 

- Bəs bura təzə gələndə Özbəkistanı nə doğmalaşdırdı sizə? Dediniz ki, ilk illərdə çətinlikləriniz oldu, onda, belə desək, nələrə tutundunuz?
 

– Çətinliklər olan zaman elə bir vəziyyət alınır ki, insan özünə yer tapa bilmir. Elə bir vaxt oldu ki, hətta vətənə qayıdıb getmək istəyirdim. Məni burda saxlayan, ayaqda tutan özbək xalqının yanaşması oldu. Çox istilik gördüm burda. Hə, bir müddət an çətinlik oldu, amma o çətinliyi fəth etdik. Çətinlik aradan qalxan, imkan düzələn zaman sevgi-məhəbbət də artır. İnsan gərgin olanda bir tikə çörək dalınca gedir, onda hər şey yadından çıxır. O gözəlliyi, istiliyi duymur.
 

Burda hansı qapıya üz tutmuşamsa, o qapı üzümə açıq olub. İstər nazirliklər olsun, istərsə də digər təşkilat və qurumlar... Məni çox doğma qarşılayıblar. Ona görə də, bu yaxşılıqları yadımdan çıxarmıram.

 

 

- Daşkəndə gələndə övladlarınız Bakıda məktəbli idilər. Onlar necə qarşıladılar bu qərarınızı? Çünki eyni ölkənin, şəhərin daxilində belə məktəb dəyişdirmək uşaqlar üçün xoş olmur, o ki qaldı, başqa bir ölkə...
 

– Oğlum Hüseyn 8-ci sinfi bitirmişdi, qızım Aysel 6-cı sinfi. Mən və yoldaşım məktəbi rus dilində bitirmişik. Müstəqillik qazanandan sonra fikirləşdim ki, uşaqlarımız əsas öz dilimizi mükəmməl bilməlidirlər. Burda isə, təbii ki, nə Azərbaycan, nə də türk məktəbi var idi. Olsa belə, burda hər bir şey özbək dilindədir, gərək bu dili biləydilər. Özbək dilindən başqa, burda rus dili də çox işlənir. Ona görə ki, çoxmillətli dövlətdir, burda 105 millət yaşayır. Uşaqları rus məktəbinə qoyduq. Məktəbi yaxşı bitirdilər, elə bir çətinlik çəkmədik.
 

Təbii ki, uşaqlar bir müddət çox darıxdılar. Amma həyat, iqlim dəyişir insanı. Yavaş-yavaş öyrəşdilər. Burda da ali məktəbə qəbul olub, başa vurdular.
 

 

- Uşaqlarınızdan söz düşmüşkən, illərdir burada yaşayırsız, amma qızınızın toyunu Bakıda eləmisiniz. Bunun səbəbi qohum-əqrəbanın, dost-tanışın daha çox orada olması idi, yoxsa necə?
 

- Təbii ki, bizim əsas qohum-əqrəba oradadır. İkincisi, qızımın həyat yoldaşı, ailəsi də Bakıda yaşayırdı. Ona görə də toyu Bakıda etdik .

 

 

- Amma fotolardan gördüm ki, toy Bakıda olsa da, ona da özbək ənənələrini, milli ştrixlərini qatmısınız.
 

– Bu, artıq mənim üçün bir ənənəyə çevrilib. Nəinki Bakıya, Ukraynaya, Türkiyəyə toya gedəndə mən gəlinlə bəy üçün özbək milli geyimləri aparıram. Onlar da toyda bir müddət bu geyimdə otururlar. Özbəklərin milli ənənələri çox xoşuma gəlir. Mən də o toylarda deyirəm ki, Teymurləngin özü toyunda o geyimi geyinib, o zamandan qalıb bu adət. Teymur baba sizə hədiyyə göndərib deyə zarafat edirəm. Yaxud özbək xalqı sizə bir hədiyyə göndərib deyə özümdən uydururam. Toyda bu cür geyindirib valideynlərini çağırıram, şəkil çəkdiririk, gözəl anlar yaşanır.  

 

– Nazim bəy, özbəklərlə azərbaycanlıların ənənələri oxşardır? Bu iki xalqı nələr birləşdirir?
 

– Bizi çox şey birləşdirir. Bayaq dediyim kimi, dilimiz dinimiz, bundan başqa,  qonaqpərvərlikləri. Amma başqa mentalitetli millətdilər. Köklərinə də çox bağlıdırlar. Əmir Teymur, İbn Sina, Əl-Xarəzmi, Əl-Buxari, kimlər doğulmayıb burda...

 

- Maraqlıdır, bəs iki türk ölkəsi olsaq da, bizi tamamilə fərqləndirən, ayıran nələrdir?

 

 – Özbək xalqı milliliyə daha çox yer verir. Təkcə geyimlərdə deyil, ənənələrədə də bu milliliyi qoruyurlar. Bizdə daha çox avropalaşmağa meyil var. Özünüz də burda olub gördünüz ki, milli geyimlərə, xörəklərə necə önəm verirlər. Ənənələri yaşadırlar. Bir çox ölkələrdən bura turistlər gəlir. Dükanlarda ağacdan, taxtadan, farfordan, gildən satılan hər bir şey öz milli ornomentlərilədir. Geyimləri, araxçınları, atras deyilən parçaları artıq Avropada da dəbdədir. Bizdə bu ənənə varsa da, mən onu çox az hiss edirəm. Mən çox istərdim ki, mənim birinci vətənimdə də belə olsun.

 

- Bəs özbəklər bizim haqqımızda hansı fikirdədirlər? Azərbaycanın adı gələndə nə deyirlər, nə hiss edirlər?
 

– Bax sizə bir şey deyim, mən 18 ildir burdayam, amma hələ bir dəfə mənə və ya ailəmə bir kəlmə söz deməyiblər ki, ay qardaşım, sən burda neyləyirsən? Sən burda 4-5 şirkət açmısan, biznes qurmusan. Çox hörmət və izzətlə qarşılayırlar. Təbii ki, mən də burada işləyirəm və şirkətlərimdə xeyli özbək vətəndaşı işləyir. Ən önəmlisi də budur. Başqa azərbaycanlılara da eynən mənim kimi davanırlar.

- Ümumiyyətlə, vətəndaşlıq problemi də yoxdur?

- Yox, vətəndaşlıq problemi var və çox ciddi məsələdir. Vətəndaşlıq mənə lazım da deyil. Mən Azərbaycan vətəndaşıyam. Sadəcə olaraq, burda rahat yaşayıram. Bütün millətlərə qarşı bu cür davranılır. Gördüyünüz ev, ofis, zavod mənimkidir, amma bunlarla bağlı mənə heç bir brokratik əngəl yaradılmayıb. Sadəcə olaraq, mən bir xarici vətəndaş kimi xarici sərmayə ilə bura gəlmişəm. Hər 6 aydan bir evimi qeydiyyata alırlar. Bir xarici şirkət olaraq bizimlə çox böyük hörmətlə rəftar edirlər. Buranın suyunu içirik, çörəyini yeyirik, işləyirik, bütün bunları qiymətləndirmək lazımdır. Biz azərbaycanlılara qarşı münasibət çox yüksək səviyyədədir. Allah rəhmət eləsin, keçmiş dövlət başçısı İslam Kərimovun vaxtından azərbaycanlılara böyük hörmət var. Mətbuatı, siyasəti mən də izləyirəm, hər şeyi götür-qoy edirəm. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bütün dövlətlərin prezidentləri söyləyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Ancaq bir prezident demir ki, bu ölkənin 20 faizi işğal olunub. Yalnız İslam Kərimovdan eşitmişəm o sözü. Təsəvvür edin, o insan dedi ki, mən nə qədər sağam Özbəkistanda erməni səfirliyinin açılmasına icazə verməyəcəm. Əgər Azərbaycana adətən həftədə iki təyyarə, yay mövsümündə dörd təyyarə uçursa, 90-cı illərdən bu günə kimi Ermənistana bir dəfə də olsun, təyyarə uçmayıb.

 

- Nazim bəy, amma qəribədir ki, özbək xalqı bizə bu qədər doğma, yaxın təqdim olunmayıb. Mən burda hiss elədim ki, özbəklər azərbaycanlıları nə qədər çox sevir. Azərbaycanın düşmənini öz düşmənləri hesab edirlər, Qarabağ məsələsinə çox həssas yanaşırlar. Bizdə qardaş ölkə deyəndə ancaq Türkiyə ağla gəlir. Sizcə, bu düzgün təbliğat aparılmamağın nəticəsidir, yoxsa necə?

 

Mən Türkiyəni çox sevirəm. Biz bir millət, iki dövlətik. Amma düşünürəm ki, Özbəkistanla niyə bir millət, iki dövlət olmayaq?! Özbəklərin də kökləri türkdür. Türklərlə özbəklərə fərq qoymuram.

 

Özbək tarixçi Şuhrat Barlas var, onunla fəxr edirəm. O, az müddətdə görün bizimlə bağlı neçə kitab çıxartdı. 11-ci Qızıl Ordu burda özbəklərə qarşı da savaş elan edib. Bir milyon yeddi yüz min erməni ordusu ruslarla birgə özbəkləri qırıblar. Bütün bunları Şuhrat Barlas çıxardı üzə. Erməni daşnaklarının azərbaycanlıların başına gətirdikləri bəlaları da açıb-tökdü.
 

Hətta bu məsələlərdə Şuhratı bir az incitdilər də. Sonra üstü açıldı k, bu, ermənilərin sifarişi ilə olub.  Özbəkistandakı Azərbaycan səfirliyi bundan xəbərdar oldu və hökuməti məlumatlandırdı. Bununla bağlı ciddi araşdırmalar aparıldı, Azərbaycanın dövlət başçısı özbək həmkarına müracət etdi ki, filankəs həbsə salınıb, onu azad etmək lazımdır. Yəni deməyim odur ki, elə bir özbək tarixçisi, yazarı Şuhrat Barlas ermənilərə qarşı tək ordudur.

 

- Baxın, mənim də demək istədiyim budur. Əgər başqa bir ölkənin tarixçisi ermənilərin lehinə bu araşdırmaları aparıb, bu kitabları yazmış olsaydı, onu bütün dünyaya car çəkərdilər. Biz isə bütün bunlardan xəbərsizik...
 

- Sizinlə tamamilə razıyam. Boynumuza almalıyıq ki, onların təbliğatı bizimkindən həmişə güclü olub. İnformasiya müharibəsində onlara uduzuruq. Yoxsa gücə qalanda, biz erməniyə uduza bilərikmi? Yox, əzərik onları.
 

– Burda ermənilər çoxdur?
 

– Hə, bizdən çoxdu ermənilər. Bir vaxtlar – 80-ci illərdə özbəklərin milli təhlükəsizlik nazirləri, həmçinin, Daşkənd şəhərinin meri erməni olub. Bizdə olduğu kimi, hər bir dövlət idarələrində çox yüksək vəzifələrdə çalışıblar. Baxmayaraq ki, 18-20 ci illərdə özbəklərin başına nə oyunlar açıblar... Sadəcə, Özbəkistandakı siyasi məsələlərə görə bütün bunları bağlı saxlayırlar. Şuhrat bu prosesi başladandan sonra başqa professorlar da yazmağa başladı
 

- Ermənilər burda səfirliklərinin olmadığına, vətənlərinə birbaşa uça bilmədiklərinə görə narazılıq eləmirlər ki?
 

 

- Təbii ki, edirlər. Ancaq kəskin şəkildə reaksiya bildirməyə gücləri çatmır. İslam Kərimovun siyasəti hələ davam edir.

 

- Başqa ölkələrdə, əsasən də Gürcüstanda yaşayan ermənilərlə azərbaycanlıların  arasında daim kiçik davalar, münaqişələr olur. Musiqi, yemək üstündə və sairə. Burda belə hallar baş verirmi?


- Bu neçə illər ərzində bir dəfə də belə bir hal yaşandığını eşitməmişəm. Ümumiyyətlə, ermənilərlə yaxınlıq yoxdur. Onlar artıq bir neçə ildir ki, sıxıntı içindədirlər. Dövlət başçısı açıq elan edib ki, mən Azərbaycan millətini çox sevirəm. Ermənilər görür ki, özbəklərin Azərbaycana olan münasibəti daha yaxşıdır, ona görə də səsləri çıxmır, bir-birimizlə toqquşmuruq. Amma yenə də altdan-altdan öz təbliğatlarını aparırlar, bu, onların qanındadır. Mən bura təzə gələn vaxt dəli olurdum. Şəhərin mərkəzində bazara girib, göyərti alırdım, adi vəzəriyə deydilər ki, erməni vəzərisidir. Lobya alırdım, deyirdilər, erməni lobyasıdır.  Həmişə bazarda yaşlı qadınlarla mübahisə edirdim ki, ay xanım, Özbəkistanın göy-göyərtisi bütün Rusiyanı təmin edir. Dağın başında ermənilərin göy-göyərtisimi var? Onların sadəcə olaraq beyinlərinə yerləşdirmişdilər bunu. 3-5 ilin işi deyil bu, yüz illərin təbliğatıdır.

 

- Adətən, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar milli xörəklərimizin həsrətini çəkirlər. Amma sizin restorandakı milli xörəklər öz ölkəmizdə belə bu qədər dadlı bişirilmir. Buna necə nail olmusunuz?
 

– Mənim həyatımda hər şey təsadüfən belə alınır. Mənim həyatım Azərbaycanda yaşayanda  idman aləmiylə bağlı olub. Dediyim ki, bura sadəcə toya gəlmişdim və təsadüfən elə alındı ki, həyatıma burda davam etməli oldum. Heç mən bizneslə də məşğul olmamışdım. Elə bu restoranın açılması da təsadüfən oldu. Balaca bir yer idi, oranı restoran etmək üçün, açığı, çox çətinlik çəkdim. Restoran işlətmək elə-belə iş deyil. Amma bunu da bacardıq. Restoranda 20 nəfər işləyir. Mənim də vəzifəm odur ki, bir azərbaycanlı kimi öz mətbəximizi burda təbliğ edim.
 

 

Mən heç istəmirəm, desinlər ki, bu restoran Naziminkidir. Bu, Azərbaycanın restoranıdır. Burda xeyli Azərbaycan restoranı var. Ancaq mən çalışdım ki, bu restoran kiçik və yüksək səviyyəli, özüməməxsus bir yer olsun. Burdakı azərbaycanlıların yanına çox qonaqlar gəlir. Bizim səfirliyin qonaqları, dəvətləri burda olur. Xaricdən başqa səfirlər gəlir, qapım onlara da açıqdır. Onlar da gəlib görsünlər ki, Azərbaycanın necə mətbəxi var. Mən özümə şərəf bilirəm ki, diplomatik danışıqlar belə bizim Azərbaycan masası arxasında olsun. Bu bizim kultumuzdur.

 

Özbəklər də bizim yeməkləri çox sevirlər, eynilə musiqimizi, filmlərimizi.

 


 

 

– Özbəklər Azərbaycan yeməklərini necə belə məharətlə bişirə bilirlər, maraqlıdır...

– Özbək aşbazına bizim yeməkləri bişirməyi azərbaycanlı aşbaz öyrədib. Restoranı açan vaxt bura bir azərbaycanlı qadın aşbaz dəvət etmişdim. O, 6 ay qalıb öyrətdi. Sonra ailə vəziyyətinə görə çıxıb getməli oldu. Sonra 3 ay da böyük bacımı gəlib öyrətdi. Heç bilən yoxdur ki, burdakı aşbazlar özbəkdir. Sovet ordusunda da aşbazlar həmişə özbəklər olub. Bunlarda bu ustalıq dədə-babadan qalıb, xəmir işlərini də çox gözəl bacarırlar.

 

– Nazim bəy, eyni vaxtda həm vətəndən, həm də sevdiyiniz sahədən – idmandan, çempionatlardan, qalibiyyətlərdən uzaqlaşmaq... Çətin olmadı?

 


– İdman mənim həyatımda çox mühüm məsələ idi. Vətəndən uzaqlaşmaq, hardasa, normal bir haldır. Bura da bir vətənimdir. İdmandan uzaqlaşmaq isə mənim üçün çox çətin oldu. Çünki ömrümün böyük bir hissəsini idmana bağlamışdım. Sambo güləşi üzrə 15 il yığma komandada Azərbaycanı təmsil etmişəm, komandanın rəisi olmuşam. Dünya-Avropa çempionatlarında iştirak etmişik. Həmişə birinci-üçüncü yerlərdə olurduq. Komandamdakı Ceyhun Məmmədov 7 qat dünya çempionu olub. Bu, dünyada rekord idi. Hazırda Azərbaycan Sambo Federasiyasının prezidentidir. Zülfiyyə Hüseynova 5 qat dünya çempionu olub. Şahmurad Qasımov, Mövlud Mirəliyev da çempionlar sırasındadırlar.
 

 

Hətta müstəqillik qazanandan sonra heç prezidentlər getməmişdilər xarici ölkələrə, bayrağımızı qaldırmamışdılar. 92-ci ilin iyun ayında müstəqil dövlət Avropa Çempionatına ilk dəfə bizim komandamız getdi. Avropada birdən- birə Azərbaycan komandası ikinci yerə çıxdı. Bayrağımızı qaldırıldı, himnimiz çalındı. Bu, böyük qürur idi. İndi də danışanda tüklərim biz-biz olur.

 

Mən elə indi də burda Azərbaycanı təmsil edirdim. Əlimdən gələni edirəm ki, azərbaycanlılara özbəkləri həmişə bir arada tutum, yaxınlaşdırım. Uzağa getməyək, Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva məni özünə qardaş bilir, siz də gördünüz. Bir azərbaycanlı kimi çalışıram ki, ona da dəstək verim. Təbii ki, Nəsibənin yüksək adı var. Mən onunla fəxr edirəm. O da Azərbaycanın bir simvoludur.

 

- Adətən, vətəndən uzaqda yaşayan həmyerlilərimiz ölkəsinin sevincini, ağrısını, faciəsini başqa cür yaşayır, ürəkləri bir başqa cür döyünür. Həmin anlarda nələr hiss edirsiniz, necə öhdəsindən gəlirsiniz?
 

– Azərbaycan mətbuatını daim izləyirəm. Doğrudur, qürbətdə o hissləri daha ağır yaşayırıq. Sevinci bir yana, kədərinə daha çox üzülürük. Hərdən toylara da gedə bilmirik. Bir yaxınımızl itirəndə əlimiz çatmır, ürəyimiz orda qalır. Təki həmişə xeyir işlər olsun.  
 

– Medianı izlədiyinizi dediniz. Burdan Azərbaycan, Bakı necə görünür, sizi ölkəmizlə bağlı nələr narahat edir?


– Deyim ki, Azərbaycanı başqa cür görmək istəyirəm. Fərqi yoxdur, dövlətin başında kimdir, fərqi yoxdur, o, hansı regiondandır. Əsas odur ki, dövlətimin ərazi bütövlüyü olsun, müstəqilliyimizə toxunulmasın. Biz onu qoruyub-saxlamalıyıq. Hansı çətinliklərdən keçmişik, onu biz bilirik. İndi də azərbaycanlıların güzəranı bir o qədər yaxşı deyil. Çoxlu fabrik, zavodlar açıldığı yazılır, amma eşitdiyimə görə, insanlar kreditlərini ödəyə bilmirlər. Ona görə hesab edirəm ki, ölkədə islahatlar olmalıdır. Uzaqda olsam da, həmyerlilərimin vəziyyəti məni narahat edir. Çünki Azərbaycanda yaşayanlar mənim doğmalarım, qohumlarım, dostlarımdır. Onların gözəl yaşamaqları mənim üçün bayramdır. Onların pis gününü görmək, eşitmək ağırdır.

 

Azərbaycanın böyük potensialı var. Fəxr edirəm ki, azərbaycanlıyam, Azərbaycan kimi dövlətim, belə millətim, bayrağım, himnim var. İstədiyim odur ki, Azərbaycanın vətəndaşları daha yaxşı yaşasın. Ona görə də, dövlət başçımızdan istəyim, xahişim odur ki, lazımi islahatları həyata keçirsin.

 

Sevinc Fədai, Daşkənd-Bakı

http://Xeber365.com

 

Mənbə: Müəllif:
Özbəklər, bizi, belə, sevdiyinə, görə, burdakı, ermənilər, bizdən, çəkinir, –, Azərbaycanlının, Özbəkistandakı, 18, illik, həyat, yolu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı