The document has moved here.
|
||
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq” | ||
MHP Türkiyənin ən köklü partiyasıdır, 47 ildir mövcuddur. MHP türk dövlətinin, türk millətinin xilaskarıdır. Əmin olun ki, bu gün türk millətinin Azərbaycana olan sevgisi MHP-nin fəaliyyəti, şüarları sayəsində möhkəmlənib. MHP türk dünyasının və Türkiyənin qarantıdır, MHP-siz bir Türkiyə ola bilməz | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Türkiyənin Suriyadakı vəziyyətə diqqəti və hava müdaxilələrindən sonra ölkənin İstanbul, Ankara kimi böyük şəhərlərində qanlı terror hadisələri baş verməkdədir. AKP hökümətinin “Qonşularla sıfır problem” siyasəti faktiki olaraq uğursuzluğa yuvarlanır. Türkiyə Millətçi Hərəkat Partiyasının İğdırdan millət vəkilliyinə namizədi, tanınmış siyasətçi İsa Yaşar Tezel Türkiyənin bu günkü gündəmini, türk hökümətinin radikal kürdlərlə əldə olunan barışığının mənfi nəticələrini, Türkiyənin Suriya və İraqla münasibətlərini Xeber365.com saytı üçün dəyərləndirdi.
- İsa bəy, dünən Ankarada baş verən terror hadisəsi son aylarda artıq üçüncü hadisədir, əvvəllər Türkiyə nisbətən sakit ölkə idi. Necə düşünürsünüz: terror və xaos Türkiyədə sürəkli hala gələcək? - Türkiyə böyük, qüdrətli bir dövlətdir. Ətrafımızda olan dövlətlərin Türkiyəylə bağlı hesabları var. Son zamanlar PKK və İŞİD terror təşkilatlarının birgə hərəkət etməsindən dolayı ciddi problemlər yaşamaqdayıq. Türkiyədə “Kürd məsələsi”nin həlli sürəcində PKK dağlardan enib şəhərlərə köçdü, burda fəaliyyətini yenidən qurdu. Bu AKP hökumətinin böyük səhvlərindən biri idi. Onların sərbəst hərəkət etmələrinə imkan yaradıldı. Hökumət bildirdi ki, barışıq bağlamışıq, ancaq bu fürsətdən istifadə edən PKK şəhərlərə köçüb böyük cəbhəxanalar yaratdı. Faktiki barışıq baş tutmayıb və 7 iyun seçkilərindən sonra Türkiyə qan gölünə çevrilməkdədir. 7 iyun seçkilərindən sonra Türkiyə hökuməti müxtəlif şəhərlərdə əməliyyatlar keçirib terrorçu quruplaşmaların silah və canlı qüvvəsini əla keçirdi. İndi Türkiyədə baş verənlər də məhz, həmin əməliyyatların intiqamıdır. Bununla PKK “Türkiyəyə istədiyimiz edərik” mesajını verir. Ancaq yanılırlar, türk dövləti güclüdür, iradəlidir, əlbət, bunların da öhdəsindən gələcək.
- Ancaq hələlik Ankarada baş vermiş son partlayışı heç bir terror təşkilatı öz üzərinə götürməyib. - Bununla bağlı PKK-nın dağ birliklərinin açıqlamaları da var, yaxın zamanlarda bizim təhlükəsizlik xidmətlərimizin əldə etdiyi məlumatlar da. Həmin məlumatlarda terrorçular şəhərlərin mərkəzi yerlərində hadisə törədəcəklərini bildirirlər, hətta əsas tarix kimi martın 20-sini göstərirlər. Bu səbəbdən önümüzdəki günlər də kritikdi. Məhz, bu məlumatlara əsaslanaraq PKK-nın adını çəkə bilirəm. Həmçinin son zamanlar baş verən bu üzücü hadisələrdə PKK-nın xaricdən dəstəkləndiyini də unutmamalıyıq, həmin xarici güclər arasında Suriya, Ermənistan, İraq, Rusiya da var.
""Qonşularla sıfır problem" siyasəti heç vaxt işləmədi"
- Sadaladığınız ölkələrin hamısı Türkiyənin qonşularıdır. Sizcə, son dövr Türkiyədə baş verən çoxlu terror hadisələri hökumətin “Qonşularla sıfır problem” siyasətinin uğursuzluğunu göstərmirmi? - Bəli, hətta daha irəli gedərək o siyasətin Türkiyəni bataqlığa apardığını da deyə bilərəm. “Qonşularla sıfır problem” siyasəti heç vaxt işləmədi, onlar elə dedikcə biz qonşularla düşmən olmağa doğru getdik. Heç gərək yoxkən İraqla, Suriyayla, İranla münasibətlərimiz ciddi şəkildə korlandı. Bizim hökumətin Suriya və İraq siyasətində ciddi qüsurlar var, özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq.
- Türkiyənin Suriyaya müdaxiləsi lazımlıydımı və sizcə Türkiyə bundan nə qazandı? - Türkiyə Suriyaya müdaxilə ilə heç nə qazanmadı. Bu, Türkiyəyə lazım deyildi, sadəcə AKP hökumətinin və başda Rəcəb Tayyib Ərdoğanın şəxsi iddiaları üzündən indiki vəziyyətə gəlib çıxdıq. Bu gün artıq anlaşıldı ki, Kobani hadisələri, Suriyanın PKK ilə əməkdaşlığı terror təşkilatını daha da azğınlaşdırdı. Ancaq biz bunlardan qorxmuruq. Türk milləti, Türk dövləti əyilməyəcək, bu terrorun da öhdəsindən gələcək. Türk dövləti PKK-nın, İŞİD-in və s. bizə qarşı olan böyük güclərin öhdəsindən gələcək qadər qüdrətlidir.
- Politoloqlar Suriya məsələsində Azərbaycanın mövqeyini Rusiyanın mövqeyinə daha yaxın sayır və Türkiyənin Azərbaycanı öz tərəfinə çəkmək istədiyini deyirlər. Necə düşünürsünüz, Ankarada son zamanlar olmuş hər iki terror hadisəsinin Ərdoğanın Azərbaycan səfəri ərəfəsində baş verməsi bu terror hadisələrində Rusiya izi olduğunu deməyə imkan verirmi? - PKK-nın Rusiya və Ermənistanla ciddi əməkdaşlığını bilirik. Məlumdur ki, Rusiyanın dəstəyilə Ermənistan da PKK-nın güclənməsində rol oynayır, Rusiya bu yolla İraqa müdaxiləsində Ermənistanın da dəstəyini gözləyir və təbii ki, Türkiyə ilə Azərbaycanın yaxınlaşmasını istəmir. Ancaq partlayışların Ərdoğanın Azərbaycan səfəri öncəsi baş verməsini tamamilə təsadüf sayıram. Bəlkə də bu haqda daha dərin cavabı politoloqlar verə bilər. Dediyim kimi Türkiyə-Azərbaycan qardaşlığının, yaxınlığının önünü kəsmək məqsədilə bəzi addımların atıldığı dəqiqdir.
"PKK probleminin danışıqlarla həlli siyasəti olmasaydı, Suriya siyasəti olmasaydı, indi başımıza gələn hadisələr də olmayacaqdı"
- Böyük güclərin Türkiyəni Suriyaya çevirmək, müharibəyə çəkərək bölmək kimi bir məqsədinin olduğunu deyən politoloqlar var. Bu baxımdan Türkiyənin taleyi nə qədər aydındır? - Belə planlar illərdir var. Xüsusilə, PKK-nın əli ilə böyük güclər Türkiyə ilə bağlı planlarını həyata keçirməkdədilər. Həmin planlar arasında Türkiyənin cənub-şərqində federasiyanın, muxtar vilayətlərin qurulması, yerli avtonomiya anlayışı və s. var. Bu planların ortaya çıxmasında AKP hökumətinin uzağı görməyən siyasətinin də payı var, çünki bu qapını üzümüzə onlar açıb. Yəni cənub-şərqimizdə PKK probleminin danışıqlarla həlli siyasəti olmasaydı, Suriya siyasəti olmasaydı, indi başımıza gələn hadisələr də olmayacaqdı. Xarici qüvvələr Türkiyənin bölgədə güclü olmasını, söz sahibi olmasını istəmir, hər zaman inkişafın qarşısını kəsməyə çalışır. Avropa ölkələri - Almaniya, İngiltərə, Fransa və s. Türkiyənin zəifləməsi üçün illərlə çalışıb. İndi də başqa dövlətlər onun parçalanması üçün əməkdaşlıq edirlər. Amma bu siyasət öz bəhrəsini verməyəcək, Türkiyə xarici qüvvələrin onun üçün yaratdığı daha böyük problemlərdən qurtulub hələ yenə də öz gücünü göstərmək iqtidarındadır.
- Türkiyədə son aylarda baş verən və hər dəfə insan itkisi ilə nəticələnən terror və hücumlardan sonra hökumət nümayəndələri xalqı sakitləşdirmək üçün nələrsə deyir, xalq da bununla barışmış kimi görünür. Hətta yaxın dövrdə keçirilən seçkilərdə AKP seçicilərin səs çoxluğu ilə iqtidara gələ bildi. Bəs sizcə, türk xalqı bundan sonrakı seçkilərdə də AKP-ni dəstəkləyəcəkmi? - Mənimçün bu, çox çətin sualdır. Bilirsiniz ki, mən Millətçi Hərəkat Pariyasından millət vəkilliyinə namizəd idim, ancaq parlamentə seçilə bilmədim. O baxımdan tərəfsiz danışmağa çalışacam. Məsələ bundadır ki, bu günkü parlamentimizdə onsuz da Ərdoğan diktatorluğu var. Diqqət yetirsəniz, mətbuatımız da tamam boğulub, qəzet və TV-lər tamamilə AKP hökumətinə tabe etdirilib. İstədikləri zaman qəzetləri, TV-ləri ələ keçirirlər. Bununla bərabər dövlət məmurlarına, polisə, nazirlərə basqı var. Xalqımız ölkədə gündən-günə artan terror hadisələrinin bitməsi üçün AKP-nin təkbaşına iqtidara gəlməsinə razılıq verdi. Təəssüf ki, AKP hökuməti xalqın etimadını doğrulda bilmədi. Bundan sonra Ərdoğanın belə uğurlar qazanacağına da inanmıram. O, prezident olmaq xəyalı ilə bu cür üzücü hadisələrə gətirib çıxardı. Ancaq prezident ola bilməyəcək. Məncə, bu hadisələrdən sonra AKP iqtidarı xeyli zəiflədi, faktiki ölkənin problemləri qarşısında aciz qalıb. Təbii ki, müxalifətdə də problemlər var. Müxalifət güclü olsaydı, xalq çarəsizliklə AKP-yə səs verməzdi.
- Müxalifət demişkən, tez-tez müxalifət partiyaları, xüsusilə də MHP daxilində olan siyasətçilərdən Türkiyədə müxalifətin zəiflədiyi, partiyaların rəhbərliyindəki yaşlı kadrların uğursuz idarəetməsi nəticəsində xalqın gözündən düşdüyü ilə bağlı açıqlamalar eşidirik. Bəs siz necə düşünürsünüz, mənsub olduğunuz partiyanın yenilənməsi gözlənilirmi? - MHP Türkiyənin ən köklü partiyasıdır, 47 ildir mövcuddur. MHP türk dövlətinin, türk millətinin xilaskarıdır. Əmin olun ki, bu gün türk millətinin Azərbaycana olan sevgisi MHP-nin fəaliyyəti, şüarları sayəsində möhkəmlənib. MHP türk dünyasının və Türkiyənin qarantıdır, MHP-siz bir Türkiyə ola bilməz. Bu, belə bilinməlidir. Biz indi baş verməkdə olan çətinliklərin öhdəsindən gələcəyik, partiyamız güclüdür, partiyamızın içində güclü liderlər var. Dövlət Baxçalı bəy bu dəqiqə baş katibimizdir. Yaxın günlərdə qurultayımız baş tutacaq, ya yox bilmirəm, amma dəqiq bilirəm ki, MHP bütün bu baş verənlərdən heç bir zərər görmədən çıxacaq. Növbəti seçkilərdə daha güclü, daha böyük bir MHP görə biləcəksiniz. Mənim ən böyük arzum Azərbaycanın da MHP-yə belə baxmasıdır. |
||
|
||
“Özümüzü, Suriya, bataqlığına, saldıq,, indi, orda, çabalamaqdayıq”, |
|