The document has moved here.
|
||
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir? | ||
“Saakaşviliyə qarşı sərt qərarlar qəbul edilməsə də, məhkəmə prosesi uzadılaraq hakimiyyət onu neytral saxlayacaq” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə bağlı proseslər hələ ki, öz müəmmasını qoruyub-saxlayır. Bir müddət əvvəl Ukrayna prezidenti Petro Poroşenkonun Saakaşvilini vətəndaşlıqdan çıxarmasını anlaya bilməyən analitiklər daha sonra Mişanın sərhədi güc yolu ilə keçərək Ukraynaya daxil olmasına anlam vermək üçün əməlli-başlı baş sındırdılar. Nəhayət ki, yekdil bir proqnoz formalaşdı: “Ya Saakaşvili Gürcüstana ekstradisiya olunacaq, ya da ki, həbs ediləcək!”
Ancaq bu gün vəziyyət dəyişdi. Verilən proqnozdakı “ya, ya da ki” bağlayıcısı “nə, nə də ki” ilə əvəz olundu. Üstəlik, bu dəfə birbaşa Ukrayna Baş prokuroru Yuri Lusenko jurnalistlərə açıqlama verdi: "Mən, Baş prokuror kimi, sizə aydın və dəqiq deyirəm: Saakaşvili bu iş üzrə həbs edilməyəcək”.
Yuri Lusenko bildirib ki, Mixail Saakaşvili Ukraynadan çıxarılmayacaq və sərhəddəki hadisəylə əlaqədar həbs edilməyəcək: “Nə qədər ki, onun təqdim etdiyi daimi yaşamaqla bağlı şəhadətnamə və ya başqa sənədlər var, Saakaşvili bu ölkədən ekstradisiya da oluna bilməz".
Mixail Saakaşvili ilə bağlı gündəmə daşınan və daşınmayan məsələlər, ümumiyyətlə, Saakaşvili-Poroşenko-İvanaşvili və Qərb-Rusiya sferasında proseslər necə davam edəcək? Xeber365.com bu məsələni baş verən geosiyasi proseslərin tərkib hissəsi kimi və ayrılıqda siyasi şərhçi Sülhəddin Əkbərlə müzakirə edib.
– Sülhəddin bəy, Saakaşvili ilə bağlı proseslərin arxasında nə dayanır? Sizcə, məsələnin bu yerə gəlib çıxmasına Saakaşvilinin özü səbəb oldu, yoxsa hansısa qüvvələrin marağı var?
– Burada bir neçə faktor var. Bunlar həm Saakaşvilinin şəxsiyyəti ilə bağlı məsələlərdir, həm də ondan istifadə edənlər də var. Bilirsiniz ki, Saakaşvili sadə adam deyil, Gürcüstanın prezidenti olmuş bir şəxsdir. Dünyada, xüsusilə demokratik birlikdə tanınan bir şəxsiyyətdir və Ukrayna vətəndaşlığı almışdı, Ukraynada siyasətə qoşulmuşdu. O hətta Ukraynada vəzifə də tutmuşdu. Ukraynada daxili-siyasi mübarizəyə qoşulduğundan Gürcüstandakı rəqibləri yaranmış vəziyyətdən istifadə etdilər. Ukrayna prezidentinin Gürcüstan səfəri zamanı Saakaşvilinin bu ölkənin vətəndaşlığından çlıxarılması razılaşdırılmışdı. Onun özünün dediyinə görə, bu razılaşma Poroşenko ilə İvanaşvili arasında gedən gizli danışıqlarda əldə olunub. Bütövlükdə bu məsələdə Gürcüstan və Ukrayna siyasi rəhbərliyinin maraqları üst-üstə düşdü. Əgər Saakaşvili Ukraynada siyasi mübarizəyə qoşulmasaydı, bəlkə də, Poroşenko onu vətəndaşlıqdan çıxarmazdı.
– Elə bil kimsə Saakaşviliyə dedi ki, sən təcili olaraq Ukraynaya qayıtmalısan...
– Sakaşvilinin geriyə qayıtmasında əsasən öz maraqları rol oynadı. Bu gediş Saakaşvilinin xarakterinə, şəxsiyyətinə uyğun bir addım idi. Bununla belə, Sakaşvilinin qayıdışından bəzi xarici güclər və Ukrayna daxilindəki bəzi qüvvələr istifadə etdilər. Bilirsiniz ki, onun ölkəyə girməsinə bəzi daxili qüvvələr yardım etdilər. Bunlara misal olaraq, həm müxalifəti, həm də bəzi müstəqil deputatları göstərmək olar. Bundan sonra da həmin güclər Saakaşviliyə bu və ya başqa şəkildə öz dəstəklərini göstərəcəklər. Çünki həmin qüvvələr bu prosesdən Poroşenkoya qarşı istifadə edirlər.
– Mixail Saakaşvili hər zaman qərbyönümlü və daha dəqiq desək, “Qərbin adamı” kimi tanınıb. Bunu onun siyasi fəaliyyətinin bütün sferalarında görmək mümkündür. Lakin bəzi analitiklər iddia edirlər ki, Saakaşvili hazırda Rusiyanın kartını oynayır. Sakaşvilinin hansısa şəkildə Rusiya ilə anlaşması mümkündürmü?
– Belə rəy verən ekspertləri iki qrupa ayırmaq lazımdır. Bir qrup Saakaşviliyə qarşı qərəzlidir və onun Ukraynaya gəlişinin sabitliyi pozacağını söyləyirlər. Həmin ekspertlər hesab edir ki, Saakaşvili Ukraynada sabitliyi pozmaqla Rusiyaya xidmət etmiş olur.
Bir qrupu isə məsələni birtərəfli qiymətləndirir. Saakaşvilinin gəlişinin ölkədə ictimai-siyasi sabitliyi pozduğunu düşünürlər. Və indiki şəraitdə Rusiyanın maraqlarına uyğun olduğunu düşünürlər.
– Bəs siz özünüz necə düşünürsünüz?
– Şəxsən mən Rusiya ilə Saakaşvili arasında açıq və ya gizli plan olduğunu düşünmürəm. Saakaşvilinin həyatı, demək olar ki, Rusiya ilə mübarizəyə həsr olunub. Ona görə də bu fikirləri bölüşmürəm. Saakaşvilinin Ukraynaya dönməsi, Ukraynada ictimai-siyasi aktivliyinin artmasına səbəb olub. Mən bunu təxribat kimi qiymətləndirməzdim. Ukraynanın Baş prokuroru son bəyanatına diqqət yetirək. Ukrayna dövlətinin kəşfiyyatı pis işləmir. Eyni zamanda, Ukraynaya ABŞ kəşfiyyatı yaxından dəstək verir. Saakaşvilinin Rusiya ilə əlaqəsi olsaydı, onda Ukrayna Baş prokuroru Saakaşvili ilə bağlı başqa bəyanat verərdi.
– Mən də bu məqama toxunmaq istəyirdim. Ukraynanın Baş prokurorluğunun bu bəyanatı bir qədər anlaşılmazdır. Ukrayna siyasi hakimiyyəti nə etmək fikrindədir?
– Mənə elə gəlir ki, Poroşenkonun Saakaşvilinin Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı qərarı səhv idi və bu qərarın səhv olduğunu artıq ona başa salıblar, səhvini anlayıb.
– Bəs necə düşünürsünüz, Saakaşviliyə yenidən vətəndaşlıq verilə bilərmi? Verilməzsə, siyasi mübarizəsini necə, hansı müstəvidə davam etdirəcək?
– Bu yaxınlarda Kiyevdə Saakaşvili ilə bağlı sorğu keçirilib. Rəyi soruşulanların 63 faizi Saakaşvili haqqındakı qərarın yanlış olduğunu düşünür. Ukraynanın daxilində belə düşünürlərsə, artıq Saakaşvili Ukraynadaxili bir faktordur. Bunu inkar etmək olmaz. Buna görə də, indi Ukrayna hakimiyyəti çətin vəziyyətdədir. Bundan sonra Saakaşviliyə qarşı hər hansı addım atılacaqsa (söhbət Saakaşvilinin həbsindən, Gürcüstana təhvil verilməsindən gedir), Ukrayna daxilində hakimiyyət qarşı mənfi rəy yaranacaq. Həmçinin, dünyada da Poroşenkoya qarşı mənfi rəy yaranacaq. Ukrayna hakimiyyəti çox çətin vəziyyətdədir. Nə qədər ağır olsa da, buna dözmək lazım gələcək. Hüquqi müstəvidə bu məsələyə baxılacaq. Yəqin ki, bu qərarın ləğvi üçün Saakaşvili özü məhkəməyə müraciət edəcək. Bununla da uzun məhkəmə prosesi başlayacaq.
– Bu vəziyyətdə Saakaşvili siyasi fəaliyyətini davam etdirə bilərmi?
– Mənim ilkin qənaətim belədir ki, hakimiyyət Saakaşvilini neytrallaşdırdığını düşünür. Çünki vətəndaşlığının ləğvi var və o, heç bir siyasi fəaliyyətə qatıla bilməyəcək. Digər tərəfdən də, məhkəmə prosesi başlayacaq. Saakaşviliyə qarşı sərt qərarlar qəbul edilməsə də, məhkəmə prosesi uzadılaraq hakimiyyət onu neytral saxlayacaq.
– Qeyd etdiniz ki, Poroşenkonun əlindəki yeganə kart Saakaşvilinin vətəndaşlıq məsələsidir. Bəs necə düşünürsünüz, Saakaşvili bu məhkəmə prosesinin vaxtını qısalda bilərmi?
– Məncə, o, xüsusi qaydada siyasi səbəblərdən hüquqlarının məqsədyönlü tapdanması baxımından Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Onlar da bu işə növbədənkənar baxmaq haqqında qərar verə və qısa müddətdə Ukrayna məhkəməsi Saakaşvili haqqında qərarı ləğv edə bilərlər.
– Mitinqlər necə, istisna olunurmu bu prosesdə? İnsanların Saakaşviliyə qarşı münasibətini gördük, yəqin ki, onlar da hansısa şəkildə yardım etməyə çalışacaqlar...
– Mitinqlər, yəqin ki, keçiriləcək. Çünki mitinqlərin keçirilməsində təkcə Saakaşvili deyil, Ukrayna müxalifəti də maraqlıdır. Mitinqlərin keçirilməsində başqa güclərin marağı olduğu üçün yürüşlər də olacaq. Yəqin ki, Saakaşvilinin tərəfdaşları, müttəfiqləri vahid bir strategiyaya üzərində çalışırlar. Yaranmış vəziyyət bunu tələb edir. Düşünülmüş bir vahid strategiya olmadan belə vəziyyətdən çıxmaq asan olmayacaq. Yəqin ki, bu strategiyanın həm siyasi tərəfi olacaq, həm təşkilati, informasiya, hüquqi tərəfi, bir sözlə, kompleks siyasət işlənib hazırlanmalıdır.
|
||
|
||
Poroşenkoya, səhvini, başa, saldılar, -, Saakaşvilini, indi, nə, gözləyir?, |
|