Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 16:04 133 nəfər oxuyub
 
Qətər vətəndaşı qaçaqmalçılıq yolu ilə Azərbaycandan şahin quşunu çıxarmaq istəyib
GÜNDƏM Xəbəri
Qətər vətəndaşı qaçaqmalçılıq yolu ilə Azərbaycandan şahin quşunu çıxarmaq istəyib

Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkənin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılması cəhdinin qarşısını alıblar.


Bu barədə Xeber365.com-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən məlumat verilib.


Bu unikal qaçaqmalçılıq halı DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb.


Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək əvvəllər Azərbaycan ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.


Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.


İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib.


Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu - qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və Azərbaycanın “Qırmızı Kitabı”na daxildir.
Faktla bağlı araşdırma davam edir.

 

Mənbə: Müəllif: XƏBƏR365
Qətər, vətəndaşı, qaçaqmalçılıq, yolu, ilə, Azərbaycandan, şahin, quşunu, çıxarmaq, istəyib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı