The document has moved here.
|
||
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır” | ||
Təbii ki, sülh prosesi çox vacibdir, çünki istənilən müharibə sonda sülhlə bitir, bu aksiomdur. Ancaq həmin sülh danışığına aparıb çıxaran proses də effektiv olmalıdır, heç bir vaxt bir dövlətin ərazisini işğal etmiş digər dövlət işğal etdiyi torpaqları könüllü şəkildə təhvil verməz. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Dünən Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda panel iclasında çıxış edərkən “Dağlıq Qarabağ” münaqişəsinin danışıqlar yolu ilə həlli imkanları haqda ümüdsüzlüyünü ifadə edib: “Ermənistan Qarabağı və ətraf yeddi rayonu işğal edib. Amma beynəlxalq təşkilatlar bu məsələdə susur. Bizə deyirlər, danışıqları davam etdirin. Yəni, 25 il danışıqlar aparmısınız, daha 25 il də danışıqlar aparın. Bu vəziyyət nə qədər davam edə bilər? Hələ də deyirlər ki, problemi özünüz həll edin. Bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir” – deyə Novruz Məmmədov bildirib. Novruz Məmmədov
Dağlıq Qarabağ münaqişəsinin tarixinə baxdıqda münaqişənin həlli ilə bağlı 1994-cü ildən bəri ATƏT-in və digər vasitəçilərin iştirakı ilə iki ölkə prezidentləri, yaxud xarici işlər nazirlərinin iştirakı ilə çoxlu sayda görüşlər təşkil olunmuş, Madrid, Kazan, Praqa və s. prinsiplərinə uyğun həll yolları təklif olunmuş, ancaq hər dəfə tərəflərin razılığa gələ bilməməsi ucbatından münaqişə həll olunmamış qalıb. Bu gün Azərbaycan ictimaiyyətin sülh danışıqlarının nəticəsizliyindən ümüdsüzlüyə qapılmış və müharibənin yeganə qaçılmaz yol olduğunu da düşünənlər az deyil. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzücü danışıqlar prossesinin hansı gələrəck perespektivləri olduğu haqda xəbər365.com-a yerli konfliktoloqlar, siyasətçilər fikirlərini bölüşüblər.
Konfliktoloq Əvəz Həsənov
“İndi danışıqları davam etdirmək Azərbaycana yox, Ermənistana sərf edir” Təbii 22 ərzində Azərbaycan özü də maraqlıydı danışıqlar aparsın, çünki həm ölkənin iqtisadiyyatını bərpa etmək lazım idi, həm ordusunu bərkitmək lazım idi, həmdə ki, cəmiyyəti konseledasiya etmək lazım idi. Yəni, Azərbaycan təkcə beynəlxalq müşahidəçilərin təşəbbüsü ilə danışıqlar aparmaqda maraqlı olmayıb. İndi-indi Azərbaycan Ermənistan tərəfinin zəifliyini, geopolitik vəziyyətin əlverişliliyini görəndən sonra nəisə dəyişməyə can atır. Bundan öncəki illərdə dəyişiklik üçün ciddi bir şərait yox idi. Baxmayaraq ki, Azərbaycanın neft gəlirləri 4-5 il əvvəl daha artıq idi, onda Azərbaycanın maddi imkanları daha çox idi, ancaq o zaman indiki şərait yox idi, çünki nə Suriya, nə Ukrayna konflikti vardı və Azərbaycan Ermənistana təzyiq göstərərək onu danışıqlarda güzəştə məcbur etmək istəsəydi bu beynəlxalq aləmdə ciddi rezonans doğuracaqdı. O səbəbdən hesab edirəm ki, danışıqlar prosesini indiyə qədər davam etdirmək Azərbaycanın öz maraqlarına uyğundur. Danışıqlar prosesini vasitəçilərə etibar etmək sadəlövlükdür. Azərbaycan höküməti vasitəçilərin köməyinə arxalanırsa bu yanlış addım olacaq. Danışıqları Azərbaycan höküməti özü, birbaşa aparmalıdır. İndiyədək sülhü qoruyub saxlamaq üçün danışıqları davam etdirmək nə vasitəçilərə, nə də Azərbaycana lazım deyildi, əksinə status-kvonu saxlaya bilmək üçün Ermənistana lazımdır. Beynəlxalq vasitəçilərin imkanları hələ tükənməyib, ATƏT tərəfindən daha fəal işlər görülməyib, ATƏT-in ildə bir dəfə, ayda bir dəfə sənəd hazırlayıb tərəflərə təqdim etməsi hələ danışıq deyil. Danışıqlar o deməkdir ki, tərəflər bütün məsələləri müəyyənləşdirmək üçün hər iki tərəfdən işçi qrup hazırlayırlar, o işçi qruplara tək xarici işlər naziri, yaxud diplomatlar deyil, müxtəlif sahənin mütəxəssisləri daxil olur. Bu indiyədək olmayıb, olmayıbsa demək danışıqlarla bağlı imkanlarımız hələ də var.
Politoloq, siyasi şərhçi Azər Rəşidoğlu
“İndiki formatda danışıqlar 20, 50, 100 il də davam edə bilər” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin nəticəsizliyi danılmaz faktdır, istək Bakıda, istərsə də İrəvanda bunu açıq etiraf edirlər. Bu gün danışıqlarda vasitəçi olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin heç biri münaqişənin həllində maraqlı deyillər. Rusiya açıq-aydın ermənilərin tərəfindədir, Fransa ermənipərəst siyasət yürüdür, üçüncü tərəf olan ABŞ isə hər-hansı bir formada münaqişənin həllini istəsə də, onu Azərbaycanın maraqları deyil, enerji daşıyıcılarının taleyi maraqlandırır. Bu baxımdan indiki formatda danışıqlar prossesini davam etdirməyin heç bir önəmi yoxdur, bu danışıqla 20 il, 50, 100 il də davam edə bilər. Ancaq nə sülh, nə müharibə vəziyyəti kimi ümüdsüz bir vəziyyət də bundan artıq davam edə bilməz. Lakin, Azərbaycanın irimiqyaslı müharibələr başlaması da real görünmür, bəzi lokal müharibələr edərək müxtəlif ərazilər azad oluna bilər, ancaq irimiqyaslı əməliyyatlar başlarsa zənnimcə dünya birliyinin buna münasibəti mənfi olacaq və dövlətimizi sülhə vadar etmə prossesi işə düşə bilər, bu baxımdan düşünürəm ki, danışıqlar formatı dəyişməlidir. Məsəlçün ATƏT-in Minsk qrupuna yeni tərəflər gətirilməlidir, tutaq ki, Fransanın yerinə İsveçrə əlavə olunmalı, faktiki münaqişə tərəfi kimi çıxış edən Rusiya həmsədrlikdə qalacaqsa Türkiyəni də həmsədr kimi ora əlavə etmək lazımdır. Lakin, prosseslər onu göstərir ki, Rusiyanın olduğu yerdə kənar ölkələrin danışıqlarda vasitəçi kimi iştirakı da real deyil. Biz BMT vasitəçiliyi üzərində düşünə bilərdik, ancaq torpaqların boşaldılması ilə bağlı 4 qətnaməsi olan BMT vasitəçiliyi də real görünmür. Bu baxımdan vəziyyət həddən artıq problematik görünür. Danışıqların nə müddətə davam edəcəyini heç kim bilmir. Təəssüflər olsun ki, son “4 günlük” müharibədən də göründü ki, regionda əsas söz sahibi Rusiyadır. Rusiyanın neytrallaşması yolunda nələrsə etmək lazımdır. Nə qədər ki, Rusiya münaqişəyə fəal müdaxilə edir, münaqişə tərəfi Ermənistanın mövqelərini müdafiə edir, bizim münaqişənin həlli ilə bağlı nə isə yeniliyə nail olacağımız gözlənilən deyil.
Siyasətçi, REAL hərəkatının məclis sədri Erkin Qədirli
“Danışıqlar müharibəni inkar etmir, danışıqlar apara-arapa da müharibə etmək olar” Danışıqlardan imtina etməyin mənası yoxdur, danışıq müharibəni inkar etmir, onsuz da müharibə edə-edə danışıq aparırlar. Və elə müharibə edəndən sonra danışıqlara girirlər. Azərbaycan ATƏT yaxud digər təşkilatlarla əməkdaşlığı dayandıra bilməz, çünki bu təkilatlar vasitəsilə dünyada siyasi iradənin formalaşması imkanı var. Bu günə qədər münaqişə dondurulmuş sayılırdı, ancaq son hadisələr münaqişəni yenidən alovlandırdı və danışıqların mənasız olduğu haqda rəylər yaranmağa başladı. Ancaq demək olmaz ki, gəlin BMT-dən, ATƏT-dən çıxaq, nəhayətdə beynəlxalq təşkilatlar münaqişənin həllində yeganə formatdır.
Politoloq Şahin Cəfərli
“ATƏT-in Minsk qrupu problemi həll edə bilmirsə, başqa yollar axtarılmalıdır” Danışıqların potensialı tükənməyib. Sadəcə olaraq, vasitəçilər səmimi olmalıdır və münaqişənin həlli üçün real addımlar atmalıdır. İndiyə qədər münaqişə ona görə həllini tapmayıb ki, vasitəçilər səmimi olmayıb və nizamlama istiqamətində lazımi addımları atmayıblar. Əgər həmsədrlər problemin siyasi həllini istəyirsə, işğalçıya təzyiq göstərməlidirlər. Bunun başqa yolu yoxdur. İlkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlardan azı 5-i Azərbaycana qaytarılmalıdır. 2-5 apreldən sonra Rusiyanın tərəflərlə apardığı danışıqlarda məhz bu məsələnin gündəmə gəldiyi haqda məlumatlar var. Lakin bizim üçün önəmli olan rayonların qeyd-şərtsiz geri qaytarılmasıdır. Rusiya isə belə görünür ki, hansısa şərtlər daxilində bu rayonların Azerbaycana qaytarılmasını təklif edir. Bu məsələ ötən illərdə də gündəmə gəlib, lakin Azərbaycan 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağın hüquqi baxımdan itirilməsinə yol açacaq sülh variantlarına razılaşmayıb. Bu mövqe qətiyyətli şəkildə davam etdirilməli və rəsmi Bakı 5 rayonun şərtsiz geri verilməsində israrlı olmalıdır. Əgər Minsk qrupu çərçivəsində diplomatik səylər bu mərhələdə də nəticə verməsə, Azərbaycan yeni siyasi addımlar üzərində ciddi düşünməlidir. Bu addımlardan ən önəmlisi danışıqların formatının dəyişdirilməsi məsələsini gündəmə gətirməkdən ibarət ola bilər. Biz Minsk qrupu çərçivəsində əbədi olaraq danışıqlar apara bilmərik. Bu qrup problemi həll edə bilmirsə, başqa siyasi yollar axtarılmalıdır. Paralel olaraq Azərbaycan ordusu təmas xəttində işğalçını daim gərginlikdə saxlamalı və yeri gəldikcə ona lokal zərbələr endirməlidir. "İnsidentlərin araşdırılması mexanizminin yaradılması" kimi ilk baxışdan sülhməramli görünən təkliflərlə razılaşmaq olmaz, belə bir mexanizm Azərbaycan ordusunun əlini-qolunu bağlaya və onu işğalçıya zərbə endirmək imkanından məhrum edə bilər. Bizim problemimiz atəşkəs rejiminin möhkəmləndirilməsi deyil. Bu məsələnin müzakirəsi və atəşkəs rejiminə riayət etmək üçün hansısa mexanizmlərin yaradılması prioritet olmamalıdır. Bizə münaqişənin həlli lazımdır və danışıqlar məhz bu istiqamətdə getməlidir.
Demokratiya və Rifah hərəkatının sədr müavini Vurğun Əyyub
“Xarici siyasətdə istiqamətsizlik görünür” İllərdir deyirik ki, Azərbaycan düzgün siyasət aparmır və bu siyasətin nəticəsində onun beynəlxalq aləmdə nüfuzu aşağı düşür. Bu həm daxili, həm də xarici siyasətə aiddir. Xarici siyasətdə yalançı bir “balanslaşdırılmış siyasət” aparıldığı deyilir, əslində isə istiqamətsizlik görünür. Azərbaycan hakimiyyəti gah beynəlxalq qurumlara, Avropaya inteqrasiyadan danışır, gah da beynəlxalq təşkilatlardan çıxmaqla hədələyir. Bu da sözsüz ki, beynəlxalq aləmdə ölkənin nüfuzunda mənfi təsir göstərir. Ölkə daxilində isə höküməti yanlış yoldan sapdırmaq missiyası daşıyan ictimai təşkilatlara qarşı səlib yürüyüşünə keçir, siyasi məhbus probleminin varlığını inkar edir. Bütün bunlar xarici siyasətə təsir edir. Bunun müqabilində ATƏT-in Minsk qrupu da, digər beynəlxalq təşkilatlar da ikili standartlara meyl edir və münaqişənin həllində effektiv təkliflər vermir. Son bir ayda Azərbaycan ordusunun apardığı döyüşlər ictimaiyyəti ruhlandırdı və bu döyüşlər onu göstərdi ki, Azərbaycan ordusu hərbi baxımdan Ermənistan ordusundan daha güclüdür. İndi Azərbaycan diplomatiyası hərbi sahədə üstünlükləri qələbəyə çevirməliydi. Təəssüf ki, bizim diplomatiyamız bu istiqamətdə lazımi fəallığı göstərə bilmirlər.
Politoloq Ərəstun Oruclu
“Məgər “dörd günlük müharibə” ərəfəsində ATƏT bizin önünə keçib durdurdu” Təbii ki, sülh prosesi çox vacibdir, çünki istənilən müharibə sonda sülhlə bitir, bu aksiomdur. Ancaq həmin sülh danışığına aparıb çıxaran proses də effektiv olmalıdır, heç bir vaxt bir dövlətin ərazisini işğal etmiş digər dövlət işğal etdiyi torpaqları könüllü şəkildə təhvil verməz. Azərbaycan rəsmilərinə gəlincə, onlar daim bu və ya digər formada beynəlxalq təşkilatların ünvanına hədələr yağdırırlar. Məgər “dörd günlük müharibə” ərəfəsində beynəlxalq təşkilatlar, ATƏT bizin önümüzə keçib durdurdu, dedi torpağını alma? Xeyr, onlar Azərbaycanın müharibə yoluyla da olsa öz torpaqlarını almasına bir şey demirlər. Sadəcə hökümət rəsmilərinin mütəmadi beynəlxalq təşkilatları, Qərbi Qarabağ münaqişəsinin həllində fəaliyyətsizlikdə ittiham etməsi Rusiyanın regionda himayəsini daha da artırmaq məqsədi güdür.
Hazırladı: Namiq Hüseynli |
||
|
||
“Qarabağ, danışıqları, prosesinin, nəticəsizliyi, danılmaz, faktdır”, |
|