Sentyabrın 30-u və oktyabrın 1-də “Nizami” kino mərkəzində “Xəzər-2014” layihəsi çərçivəsində Karlovı-Varı Beynəlxalq Kinofestivalının art-direktoru Karel Ox, fransız prodüser Qiyom de Seyle və hollandiyalı ssenarist Roylof Jan Minnebonun iştirakı ilə treninqlər keçirildi. İncəsənət universitetinin tələbələrinin, peşəkar kino işçilərinin qatıldığı tədbirdə iştirakçılar düz iki gün əcnəbi prodüserlərlə ünsiyyət yaratmağın yolları, layihələrin təqdim olunma üsulları və beynəlxalq festivalların iş sistemi haqqında xeyli məlumat aldılar. Biz də təlimlərin arasında yaranan on dəqiqəlik fasilədən istifadə edərək Qiyom de Seyleyə bir neçə sual verdik.
Yeri gəlmişkən, qeyd edək ki, fransız prodüser sadəcə azərbaycanlılarla deyil, həm də gürcü və qazax rejissorları ilə işləyir. Onun prodüserliyi çəkilmiş “Qarğıdalı adası” filmi (rejissor Georgi Ovaşvili) bu il Karlovı-Varı da daxil olmaqla bir neçə nüfuzlu festivalın mükafatlarını qazanıb.
- Qiyom, dünən də, bu gün də iştirakçıların suallarına cavab verərkən bir neçə dəfə yalnız art-haus çəkən rejissorlarla işlədiyinizi dediniz. Niyə yalnız art-haus?
- Melodram, komediya, bir sözlə, meynstrim kinosu festivalları maraqlandırmır, onlarla səyahət etmək mümkün deyil. Art-haus filmlə isə əksinə.. Müxtəlif ölkələri, festivalları gəzirsən, yeni insanlarla tanış olursan. Məncə, bu daha maraqlıdır.
- Yəni çox pul qazanmaq istəmirsiz?
- Yox. Baxmayaraq ki, anam buna görə çox narahatdı, “yaşın keçir” deyir.
- Azərbaycanda işləmək fikri necə yarandı?
- Cahangir Məmmədovla (Mədəniyyət və Turizm nazirliyi kinematoqrafiya şöbəsinin müdiri-red.) bir festivalda tanış olmuşduq. Ona dedim ki, sizin ölkədə istedadları tapıb üzə çıxartmaq istəyirəm. O da “gəl” dedi.
- Gəldiniz və kimləri tapa bildiniz?
- Elvin Adıgözəl, Asif Rüstəmov, Elçin Musaoğlunu. Yeri gəlmişkən, Elçinin “Nabat” filminin ssenarisini ilk dəfə oxuyanda mənə melodram təsiri bağışlamışdı, indi o layihəni qəbul eləmədiyimə görə peşmanam.
- Yəqin ki, yerli rejissorlardan çoxlu layihələr, ssenarilər alırsınız. Bizim müəlliflər ən çox hansı mövzulara müraciət edirlər?
- Ən fərqli mövzulara. Detallara varmaq istəmirəm, bircə onu deyə bilərəm ki, çox maraqlı ssenarilər oxumuşam.
- Xeyli ölkə gəzmisiz, fərqli rejissorlarla çalışmısınız. Azərbaycan kinosunun digərlərindən üstünlüyü və əsas problemləri.
- Sizin üstünlüyünüz ondadır ki, kino kütləviləşməyib. Daha çox art-haus filmlər çəkmək istəyirsiz. Bu çox yaxşıdı. Problem isə insanlardadır. Daha doğrusu, onların özlərinə qoyduqları daxili senzurada və kənardan qoyulan senzurada. Həssas mövzulara toxunmamağa, qaçmağa çalışırlar.
- MDB ölkələri arasında həm də Gürcüstan və Qazaxıstanla işləyirsiniz. Onlarda dövlət müəllif kinosuna hansı şəraiti yaradıb?
- Qazaxıstandakı vəziyyət Azərbaycana çox yaxındır, orda da güclü senzura var. Çətindir. Amma onlar daha çox film çəkirlər. Gürcüstanda isə hər şey asandı, çünki orda işlər daha şəffaf və müstəqil şəkildə görülür. Mükəmməl deyil, amma işləyir.
- Sonuncu sualım. “Qarğıdalı adası” filmində Türkiyənin məşhur aktyoru İlyas Salman çəkilib. Bu rejissorun seçimi idi, yoxsa filmin auditoriyasını genişləndirmək üçün edilmiş prodüser priyomu?
- Rejissorun. Qərarı həmişə rejissor verir. “Qarğıdalı adası”nın rejissoru Georgi Ovaşvili baş rolun ifaçısını düz iki il axtarıb. Əvvəlcə gürcü aktyorlarını sınaqdan keçirdi. Heç birini bəyənmədi. Sonra fransızlara keçdi. Pyer Rişar razılıq vermişdi, amma sonra agentlik onun vaxtının olmadığını bildirdi. İlyas Salmanı son anda tapdıq.
|