Xəbər haqqında
28 Dekabr 2017 - Cümə axşamı 14:25 1145 nəfər oxuyub
 
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
BAXIŞ Xəbəri
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliyinin xarici əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Enver Gargas Türkiyənin Ərəb dünyasında liderlik cəhdinə qarşı Səudiyyə Ərəbistanı və Misirə birləşmək çağırışı edib.

 

 

Politoloq Sülhəddin Əkbər regionda ciddi hadisələrə səbəb ola biləcək bu çağırışı Xeber365.com-a şərh edib. Politoloqun fikrincə, Ərəb ölkələri Türkiyəni həm birbaşa, həm də dolayısı ilə İranla yaxınlaşmaqdan, onunla birgə hərəkət etməkdən çəkindirmək istəyir:

 

 

“Lakin onların buna görə atdıqları addımlar son dövrlər özünü doğrultmadı. Trampın Qüds qərarından sonra isə əksinə, Türkiyə və İran siyasi-diplomatik baxımdan daha da yaxınlaşdılar. Buna görə də, ABŞ-la çox sıx təmasda olan BƏƏ rəhbərliyi Misir və Səudiyyə Ərəbistanına çağırış etmək məcburiyyətində qalıb”.

 

Sülhəddin Əkbər bildirib ki, bütün bu hadisələr ABŞ-ın siyasəti ilə bağlıdır: “Çox təəssüf ki, ABŞ-ın böyük Orta Şərqə yönəlik siyasəti, xüsusilə də Tramp dönəmində destruktiv xarakter daşıyır.  Bu siyasətin mərkəzində İsrailin təhlükəsizliyini təmin etmək dayanıb. Sözügedən siyasət müsəlmanları parçalamaq, məzhəblərarası ayrıseçkiliyi qızışdırmaq və İslam Dünyasının güclü ölkələrini bir-birinə qarşı qoymağa yönəlib. Səudiyyə Ərəbistanı və BƏƏ çox həvəslə ABŞ-la İsrailin oyununa daxil olub.  Mən düşünmürəm ki, bu oyun o ölkələrin özü üçün xoş nəticələnəcək. Bu oyun BƏƏ və Səudiyyənin sülalə hakimiyyətinə qarşı çevriləcək. Unutmaq lazım deyil ki, regionda baş verən hadisələri həmin ölkələrin xalqları da izləyir. Xalq Türkiyənin liderliyində İslam dünyasının Qüdsün hüquqlarının müdafiəsi istiqamətində apardığı mübarizəyə rəğbətlə yanaşır. Ona görə də mənə elə gəlir ki, Səudiyyə Ərəbistanının və BƏƏ-nin rəhbərliyi ciddi düşünməlidir. Onlar öz maddi maraqlarını əsas götürüb hərəkət edirlər, amma uzaq nəticələri düşünmürlər”.

 

 

Politoloqun fikrincə, öz dövlətlərinin və xalqlarının maraqlarını nəzərə almayan hakimiyyətlər, gec-tez bunun acı meyvələrini dadmalı olurlar: “Bunu ən yaxşı elə həmin regionda yaşayanlar bilməlidir. İraqda Səddam Hüseynin, Liviyada Qəddafinin başına gələnləri nə tez unutdular? Tarix  ondan dərs almadığımıza görə təkrarlanır”.

 

Maraqlıdır, Ərəb ölkələri onlarla eyni dindən olan Türkiyənin regionda yüksəlməsini nə üçün istəmir?

 

“Bunun tarixi kökləri Osmanlı imperiyasına gedib çıxır. Ərəb dövlətləri öz müstəqilliklərini Osmanlı İmperiyasından əldə ediblər. Ərəb elitalarında - istər hakim elita, istərsə də müxalif elitada Türkiyəyə qarşı rəğbət yoxdur. Yəni bunun tarixi, siyasi, mədəni  kökləri var. Bu köklər Osmanlı imperiyası dövrünə gedib çıxır. Həmin dövrdən ərəblərin ingilislərlə və digər Qərb ölkələrinin xüsusi xidmət orqanları ilə əlaqələri olub. Bu, yeni bir hadisə deyil. Regionla məşğul olan şərqşünaslar bunu yaxşı bilir. Türkiyənin yenidən güclənməsi təkcə ABŞ-ı, Qərbi, Avropa İttifaqını narahat etmir. Eyni zamanda ərəb ölkələrini də narahat edir. 

 

 

 

Türkiyə böyüdükcə yenidən həmin regionda, keçmiş Osmanlı məkanında öz varlığını, təsirini və nüfuzunu artırmağa başlayıb. Qətərdə hərbi bazanın yaradılması, Sudanda bazanın yaradılması haqda razılığın əldə olunması Ərəb ölkələrini başda Səudiyyə Ərəbistanı və Misir olmaqla çox ciddi narahat edir”.

 

 

Bəs bu mürəkkəb vəziyyətdə Azərbaycan hansı mövqeyi nümayiş etdirməlidir? Nəzərə alsaq ki, sözügedən ölkələrlə rəsmi Bakının müsbət əlaqələri var, qütbləşmə güclənərsə, biz hansı səfdə yer alacağıq?

 

“Azərbaycanın heç bir ölkə ilə, o cümlədən, Türkiyə ilə hərbi-strateji ittifaq anlaşması yoxdur. Yaxud ölkəmiz xarici siyasətinin koordinasiyası haqqında hər hansı ikitərəfli və ya çoxtərəfli beynəlxalq akta qoşulmayıb. Azərbaycan öz xarici siyasətini müəyyən etməkdə müstəqildir. Lakin təbii ki, Azərbaycan müttəfiqi və yeganə strateji tərəfdaşı olan Türkiyənin də maraqlarını nəzərə almalıdır”. 

 

 


 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Mənbə: Müəllif:
Ərəb, ölkələri, Türkiyəyə, qarşı, birləşərsə,, regionu, nə, gözləyir?, -, ŞƏRH,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı