The document has moved here.
|
||
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Ermənilərlə birlikdə yaşamağımız mümkündürmü?” Bu sual Qarabağ müharibəsinin başladığı ötən əsrin sonlarından intellektual kəsimi düşündürüb. Erməni xalqıyla düşmən olmadığımızı, yenidən mehriban şəkildə yaşamağın mümkünlüyünü iddia edənlərlə yanaşı, kəskin mövqe sərgiləyənlər də var: “Ermənidən türkə dost olmaz!”
Son günlər bu mübahisələr yenidən gündəmə gəlib. Bakılı ermənilərin bir neçəsinin yenidən bura qayıtmağı istər sosial şəbəkədə, istər mətbuatda geniş müzakirələrə yol açıb.
Xeber365.com məsələ ilə bağlı tanınmış filosof Rəhman Bədəlovun fikrini öyrənib. O, “Ermənilərə qarşı tolerant olmalıyıqmı?” sualımıza belə cavab verdi: “Deyirlər bütün ermənilər düşməndir. Bu, çox bəsit yanaşmadır. Bakıda bu qədər erməni yaşayır, məgər onlar düşməndir? Onlar düşməndirsə, niyə onlara muxtariyyət veririk? Elə adamlar var, anası ermənidir, nənəsi ermənidir. İndi neyləyək, onları ölkədən qovaq?
Onda gəlin ermənilərə muxtariyyət verməkdən imtina edək. Biz özümüz-özümüzü niyə aldadırıq? Onda birdəfəlik müharibə elan eləyək. Bütün məsələlərdə riyakarıq. Mən sizə tam əminliklə deyirəm: erməni bizim düşmənimiz deyil. Sadəcə, bizim camaatın çoxu avamdır. Bu yanaşma cəhalətdən xəbər verir. Feysbukdan da bu cəhalətə görə çıxdım.
Bu sualınızın özü məni təəccübləndirir. Necə yəni tolerant olmaq lazımdırmı? Əlbəttə, tolerant olmalıyıq. Sabah müharibə elan olunarsa, ordu orduya qarşı vuruşacaq. Xalqlar əbədi düşmən ola bilməz.
Bilirsiniz, biz hamımız qəhrəmanıq. Amma döyüş meydanında yox, küçədə, sosial şəbəkədə, konfranslarda... Bunların hamısı millətin acizliyindən irəli gəlir”.
Bəs azərbaycanlıların tolerantlıq ənənəsi münasibətləri yenidən qaydasına salmağa yetərlidirmi?
Rəhman Bədəlov nikbin deyil: “Əslində, bu tolerantlıq məsələsi çox uzun söhbətdir. Qısa olaraq deyirəm: biz tolerant millət deyilik. Hakimiyyət iddia edir ki, guya bizi bütün dünyada tolerant millət kimi tanıyırlar. Heç kəs bizi tolerant millət kimi tanımır. Belə şeyləri özümüz uydurub, özümüz inanırıq. Başa düşmürəm, ingilis tolerant deyil, fransız tolerant deyil?” Filosof hakimiyyətin multikulturalizm iddialarına da inanmır: “Hakimiyyət multikultural dəyərlərdən danışır. Hamısı görüntüdür. Fəlakət burasındadır ki, biz özümüz-özümüzü tanımırıq. Mif qurub, ona inanırıq. Kənardan isə başqa cür görünür. Təəssüf ki, belə nağıllar getdikcə yayılır. İnanın, bu miflər bizi fəlakətə aparacaq; iqtisadiyyatda fəlakət siyasətdə fəlakət... Hamısının da səbəbi odur ki, özümüz haqqında həqiqəti eşitmək istəmirik”. |
||
|
||
Rəhman, Bədəlovdan, iddia:, “Ermənilər, bizim, düşmənimiz, deyil”, |
|