Xəbər haqqında
23 Dekabr 2017 - Şənbə 18:34 442 nəfər oxuyub
 
Rəsulzadə ruslara qarşı barışmazlığının əsasını bu yazılarla qoymuşdu...
YARADICI Xəbəri
Rəsulzadə ruslara qarşı barışmazlığının əsasını bu yazılarla qoymuşdu...

Xeber365.com "CÜMHURİYYƏTİMİZ - 100" layihəsi çərçivəsində Nəsiman Yaqublunun "Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə"  kitabından bir hissəni təqdim edir:

 

Похожее изображение

 

Azərbaycan milli istiqlalı mübarizəsi xalqımızın uzun illər boyu yürütdüyü Azərbaycan davasının, azad və müstəqil yaşamaq uğrundakı mücadiləsinin məntiqi davamıdır.

 

Azərbaycan xalqı uzun illər boyu Rus istibdadına qarşı əzm və cəsarətlə mücadilə etmişdir. Bu mücadilə tarixi inkişaf prosesi boyunca davam etmiş və müxtəlif mərhələlərdən keçmişdir.

 

Hələ ötən əsrin əvvəllərindən - Azərbaycan torpaqlarının hissə-hissə çar Rusiyası tərəfindən işğalından başlayaraq xalqımız çətin və ağır sınaq qarşısında qalmışdır.

 

Xalqın oyanışında, yeni siyasi dərkinin yaranmasında çar Rusiyası ilə aparılan qanlı çarpışmalarla yanaşı açıq fikirli, geniş düşüncəli şəxsiyyətlərimizin də böyük rolu oldu. Xalqı gerilik və cəhalət girdabından xilasa çalışan bu adamlar onun mübarizə əzminin və bacarığının güclənməsinə ciddi təkan verdilər.

 

Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə «Azərbaycan davası» məqaləsində yazırdı: «Tarixdə fikirlərin əhəmiyyəti var, şəxslərin isə heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir sahiblərinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ucaldır. Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və nümayəndələrinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdir».

 

Bu mənada Azərbaycanda yeniləşməyə, köhnə sxolastik qaydalardan yaxa qurtarmağa ilkin meyl göstərən və bütün bacarığı ilə millətin gözünü açmağa çalışan ziyalılarımız arasında böyük ədib Mirzə Fətəli Axundov xüsusi yer tutur. Milli yüksəlişi ləngidən hər maneəni tənqid edən M. F. Axundov milli mədəniyyətin kökləri olan dilin, ədəbiyyatın yeni məzmun və formalarda inkişafına təkan vermişdir.

 

M. Ə. Rəsulzadə M. F. Axundovun bu xidmətlərini yüksək qiymətləndirərək yazırdı: « Böyük mücəddit Mirzə Fətəli Axundzadə, ümumi bir xalq dilində yazdığı ölməz əsərləri ilə Azərbaycan cəmiyyətinə yeni bir istiqamət vermişdir. O, şəkilcə də yeni olan - müsəlman dünyasında ilk pyes yazan odur - əsərlərində XVIII əsrin liberal məktəbindən alınmış tamamilə yeni fikirlər tərvic (işlətmişdir - N. Y.) etmişdir. Mirzə Fətəlidən başlayaraq, Azərbaycan ədəbiyyatı Avropa ideyalarına alışaraq, həyat hadisələrini tədqiq və tənqid gözü ilə görməyə başlamışdır».

 

Çar Rusiyasının Avropa dövlətləri ilə müqayisədə geridə qalmasını (bura əlavə edək ki, hələ o zaman Rusiyada geriliyin bir nümunəsi kimi təhkimçilik hüququ qorunub saxlanılırdı) ümumi inkişafın ləngliyini və Azərbaycanın bu «tənəzzül» qanunları ilə yaşamağa məcbur olmasını nəzərə alsaq, onda M. F. Axundovun və sonradan milli mətbuatımızın tərəqisində əvəzsiz rol oynamış H. Zərdabinin xidmətləri olduğunu görərik.

 

M. Ə. Rəsulzadə yazırdı: «Mirzə Fətəli ilə «Əkinçi»dən əvvəlki müdəqqiqlərdə (tədqiqatçılarda) bu oyandırıcı fikirlər müəyyən siyasi bir məqsəddən ari olaraq, mücərrəd bir şəkildə tərvic olunduğu halda, ilk Azərbaycan qəzetində isə o fikirlər artıq müəyyən siyasi bir məqsədə xidmət edirdi. Mərhum Həsən bəy «azərbaycanlılar müasir mədəniyət öyrənməli və Avropa elmlərini almalıdırlar, yoxsa həmişə başı qapazlı qalacaqdırlar...» deyirdi. Mirzə Fətəlinin mücərrəd yazılarına təhəmmül edən çar hökuməti, ilk siyasi qəzetənin təmayüllərinə laqeyd qalmadı. Və «Əkinçi» qapandım.

 

Həsən bəy Zərdabi xalqın yeni mədəniyyətə yiyələnməsini əsas sayır, ana dilində kitabların, əsərlərin çapını mühüm məqsəd bilirdi. Müasirliyə, Avropa üsuli-idarəsinə meyl Həsən bəy Zərdabidə çox güclü idi. Lakin çar Rusiyası rejimi H. Zərdabinin xalqına xidmətinə mane olurdu. Bununla yanaşı «Əkinçi»nin xalqın oyanmasında, ictimai şüurun inkişafında böyük təsiri var idi. Azərbaycan mühitinin yeniləşməsində, milli mətbuatın fəaliyyətində, qəzet, kitab nəşr edilməsində, millətin ümumi inkişafında 1905-ci il Rus inqilabının böyük təsiri oldu. Bu inqilab mədəniyyətin, mətbuatın inkişafına geniş imkanlar yaratdı. M. Ə. Rəsulzadə yazırdı: «İki tarixi hadisə Rusiya müsəlmanlarının siyasi həyatlarındakı inkişafın iki mühüm mərhələsini tərtib edir: 1905-ci ildə Nijni-Novqorod şəhərində toplanan Müsəlman Konfransı ilə 1917-ci ildə Moskvada toplanan konfrans. Bu iki konfransda rusiyalı müsəlmanların siyasi istəkləri şəkiləşmişdir. Nijni-Novqorod konfransı, taktika etibarilə rus liberalizmi ilə təşrikiməsai (birgə çarpışma) şüarı altında gedərək siyasətən milli kültür, mədəni və hüquqi mahiyyətdə bir çox mətləblə iktifa edirdi. Moskva konfransı isə Rusiyanın milli ərazi muxtariyyətləri üzərinə parçalanması tələbində dayandı. Gərək birinci, gərəkcə ikinci konfranslarda olsun siyasi qərarın formulunu Azərbaycan nümayəndələri vermişlərdir».

 

Bu dövr Azərbaycan ictimai fikir tarixinin ən parlaq mərhələlərindəndir. XX əsr Bakı mühitində inqilab dalğası hər yanı bürüyürdü. M. Ə. Rəsulzadə məhz o zaman inqilabi hərəkatda ilk addımlarını atdı. M. Ə. Rəsulzadənin bu dövrdəki fəaliyyəti də çox maraqlıdır. Gənc yaşlarından inqilabi mübarizəyə qoşulan M. Ə. Rəsulzadə hələ əsrin əvvəllərində 1902-1903-cü illərdə müxtəlif rus və digər məktəblərdə oxuyan tələbələri əhatə edən bir dərnək yaratdı. Dərnək «Hümmət» adlı qəzet də çap edirdi. M. B. Məmmədzadə yazırdı: ... Çarlıq Rusiyasında hüdudsuz istibdadiyə ilə ağıllara durğunluq verən «millətlər həbsxanası» dövlətinə qarşı üsyan bayrağını qaldıran gənc Rəsulzadəni 1903-1904-cü illərdə, özünün təşkil etdiyi «Azərbaycanlı gənc inqilabçılar dərnəyi»nin başında görürük. Rusiyanın ruslaşdırma, rusçuluq və müstəmləkəçilik siyasətinə qarşı protest mahiyyəti daşıyan ilk məqaləsi də 1903-cü ildə nəşr olunmuşdu».

 

M. Ə. Rəsulzadənin hələ 1903-cü ildəki ilk yazıları da diqqətəlayiqdir. Əslində, bu yazıları ilə M. Ə. Rəsulzadə gələcəkdə bütün ömrü boyunca mübarizə edəcəyi rus istibdadı rejiminə qarşı amansızlığının, barışmazlığının əsasını qoydu. M. Ə. Rəsulzadə bütün fəaliyyəti dövründə Azərbaycan milli istiqlal mübarizəsinin ilhamçısı və təkanverici qüvvəsinə çevrildi.

 

Uzun illər Azərbaycan mühitində milləti istibdad rejimindən xilasa çalışan şəxsiyyətlərimiz olsa da, M. Ə. Rəsulzadə İstiqlal mübarizəmizin çoxillik tarixi olduğunu müəyyənləşdirmiş, milli hərəkatın xarakterini aydınlaşdırmışdır. M. Ə. Rəsulzadəyə görə Azərbaycanın İstiqlal mübarizəsinin məzmun və prinsipləri aşağıdakı qaydalar üzrə formalaşmış və bu istiqamətlərdə də araşdırılmalıdır:

 

- birincisi, Azərbaycan milli istiqlal mübarizəsi çoxillik tarixə malikdir;

- ikincisi, ideoloji mənşəyi etibarı ilə milli Azərbaycan hərəkatı, Şərqdəki milli qurtulaş ideyaları ilə Qərbdəki kültür və demokratiya cərəyanlarını özündə birləşdirmiş bir hərəkatdır;

- üçüncüsü, Azərbaycan milli istiqlal Mübarizəsi üç-beş adamın həyatı və adı ilə ölçülə bilməz; bu mübarizənin böyük fikir qurucuları və bu ideyaya bütün fəaliyyətləri ilə bağlanmış şəxsiyyətləri vardır;

- dördüncüsü, yaxın keçmişi, ideya və şəxsiyyətləri inkar etmək Azərbaycan milli istiqlal mübarizəsinin əhəmiyyətini kiçiltmək deməkdir;

- beşincisi, Azərbaycan milli istiqlal mübarizəsində şəxslərin mövqe və şərəfi, əsas ideologiyaya göstərdikləri sədaqət, bağlılıq və xidmətləri ilə mütənasibdir.

 

Azərbaycan milli istiqlal mübarizəsi tarixində M. Ə. Rəsulzadənin xüsusi yeri vardır.

Mənbə: Müəllif:
Rəsulzadə, ruslara, qarşı, barışmazlığının, əsasını, bu, yazılarla, qoymuşdu...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı