"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
Siyasət bir incəsənətdir, çox incə bir oyundur, hədəfləri, məqsədləri öncədən müəyyənləşdirilən fəaliyyət sahəsidir. Burda hər bir addım hədəfə çatmağa xidmət edir. Azərbaycan iqtidarı bütün gücünü hakimiyyəti əlində saxlamağa səfərbər edib. Buna heç biznes də demək mümkün deyil, çünki biznesin müəyyən qaydaları olur. Açığı, bunun necə adlandıracağımı bilmirəm. Hansı siyasətdən söhbət gedir ki, prezidentin Riqa Sammitinə gedəcəyi əvvəlcədən açıqlansa da, birdən həmin gün Avropa Birliyinin səfiri çağırılıb etiraz edilir.
MÜSAHİBƏ Xəbəri
Son həftələrin siyasi gündəmi Azərbaycan-Qərb münasibətlərinin gərginlik zolağına daxil olmasıdır. Proses I Avropa Oyunlarına hazırlıq mərhələsindən başladı və davam edir. Artıq Qərb nəşrləri, nüfuzlu ekspertləri, institutları Bakının "şimal küləyi" qarşısında duruş gətirə bilmədiyi qənaətindədirlər. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə söhbətimizdə gündəmin yaratdığı suallara cavab verməyə çalışdıq.
- Ərəstun bəy, I Avropa Oyunlarını keçirən Azərbaycan hökumətinin Qərblə konfrantasiyaya getməsi hansı amillərdən irəli gəlir?
- I Avropa Oyunları 3 il əvvəl planlaşdırılmışdı, o zaman Azərbaycanın xarici siyasət kursunda avrointeqrasiya, ən azı, bugünkündən çox önəmli rol oynayırdı. Amma 2013-cü ildən münasibətlərdə dəyişiklik özünü büruzə verdi. Əvvəl hakimiyyət tərəfindən ABŞ-la bağlı sərt xətt yürüdüldü. Bu, başda cənab Ramiz Mehdiyev olmaqla rəsmilərin açıqlamalarında özünü göstərirdi. Məsələn, ABŞ-ın sabiq səfiri Morninqstarın ən adi müsahibəsi ilə əlaqədar - mən Azadlıq Radiosuna olan müsahibəni nəzərdə tuturam - sərt reaksiya gördük. Nəhayət, bu prosesdə nöqtəni cənab Mehdiyevin 63 səhifəlik məqaləsi qoydu. O zaman Ukraynada Rusiya ilə ABŞ üz-üzə dayansa da, şimal ölkədə bu cür şeylər yazılmırdı. Bu, artıq strateji xətt idi, görünürdü ki, hakimiyyətdə çox nüfuzlu, qərarların qəbulunda xüsusi sözü olan bir qrup Azərbaycan-Qərb münasibətlərini korlamaqda maraqlıdır. Bilirsiniz ki, o zaman prezident seçkiləri ilə bağlı ABŞ dövlət katibi müavininin köməkçisi Tomas Melian "üçüncü müddətə hakimiyyətə gəlmək "qırmızı xətti" keçməkdir" deyə açıqlama vermişdi. Sonra həmin açıqlama mətbuatdan götürüldü. Hər halda bu söz deyilmişdi və bir etimadsızlıq mühiti görünürdü. - Etimadsızlıq hansı tərəfdən edilirdi?
- Əvvəl bunu Azərbaycan hökuməti edirdi. Ona görə ki, bütün anti-Amerika notlarının güclənməsinə baxmayaraq Vaşinqton özünü kifayət qədər soyuqqanlı aparırdı və maksimal dərəcədə Bakı ilə münasibətlərin qorunmasına çalışırdı. Əslində, bu xətt Azərbaycanın da deyildi, Rusiyadan gəlirdi. O zaman da bu barədə danışmışdıq ki, bu, Rusiyanın sifariş etdiyi xətdir və hakimiyyət daxilində bir qrup həyata keçirir. Məqsəd Azərbaycan-Qərb münasibətlərini korlamaqdır. Özü də aparılan siyasətdə taktiki məqam da nəzərə çarpırdı, əvvəl Amerika hədəfə alınırdı, guya, Avropa ilə münasibətləri qoruyurdular. Ancaq Qərb dünyasında Avropa-Amerika bölgüsü yoxdur, Ukrayna hadisələrində bunu görmək olardı. Həmin qıcıq doğuran reaksiya Ukraynadakı Avromaydandan sonra daha da gücləndi. Bilirsiniz ki, Yanukoviç hakimiyyətinə Vilnüs Sammiti son qoydu, o, Rusiyanın yedəyində gedərək təklif olunan Assosiativ Sazişi imzalamaqdan imtina etdi. Rusiya da Yanukoviç rejimini qoruya bilmədi. Təbii ki, Bakıda da rusiyapərəstlər müəyyən nəticələr çıxartdılar. - Və Rusiya da üzünü Cənubi Qafqaza çevirdi...
- Rusiya həmişə postsovet məkanını nəzarətində saxlamaqda maraqlı olub. Avrasiya İqtisadi Birliyi layihəsinə baxanda görərik ki, bunun mahiyyəti yenidən həmin bölgələri öz təsirinə salmaqdır. - Siz 2013-cü ili yada saldınız. Həmin il Avropa Şurasında Ştrasserin siyasi məhbuslarla bağlı hesabatı qəbul edilmədi və bəziləri buna Qərbin Azərbaycan demokratiyasına, insan haqlarının pozulmasına arxa çevirməsi kimi qiymət verdi. Hətta bir sıra partiya liderləri ondan sonra Qərbin Azərbaycanı Rusiyaya tərəf itələdiyini düşündülər.
- Əslində, 2013-cü ildə qərbpərəst müxalifət, QHT sektoru həlledici rol oynamırdı. Bütün səlahiyyətlər, resurslar Əliyev hakimiyyətinin əlindəydi. Ona görə də Qərb anlayırdı ki, vətəndaş cəmiyyəti məsələsində dərinə getməklə hakimiyyəti qıcıqlandırıb daxildəki qüvvəyə rəvac vermək lazım deyil. Məhz, 2013-2014-cü illərə diqqət yetirsək, Qərbin çox ehtiyatlı olduğunu görərik. Qərb, prosesin kimlər tərəfindən aparıldığını və hara getdiyini başa düşürdü. Amma bunlara baxmayaraq proses getdi, çünki 2013-cü il Azərbaycanın yeni tarixində açar ildir və o ildən sonra rusiyapərəst zümrənin təsiri daha da gücləndi. - Məgər Qərbin siyasi riyakarlığı onların güclənməsində rol oynamadımı?
- Siyasi riyakarlıq deməzdim, yəni Azərbaycan Qərbin bir o qədər də karına gəlmir. Qərb həmin dövrdə Azərbaycanla 3 məsələdə əməkdaşlıq edirdi: enerji əməkdaşlığı, bu məsələdə hər şey aydındır, 2025-ci ilə qədər neft müqaviləsi var. Qazla bağlı nə etsək də, yenə Qərbə müraciət etməli olacağıq. Çünki Azərbaycan qazının alıcısı Qərbdir. Əfqanıstandan qoşunlar da artıq çıxarılıb. Təəssüf ki, hakimiyyət içindən sadəlöhv ictimaiyyətə hesablanmış çox populist və çox təhlükəli bəyanatlar da verilirdi. Məsələn, biz NATO-ya hava məkanımızı bağlayıb Əfqanıstandan qoşunun çıxarılmasına imkan verməyək. Bu, məsuliyyətli bəyanat idi. Əgər bu barədə anlaşma varsa, o addımı necə atmaq olar?! Bilirsiniz, öhdəliyi yerinə yetirməyəndə adamı məcbur edirlər. NATO-nun da Azərbaycan kimi ölkələri kifayət qədər məcbur etmək potensialı var. Bir daha həmin məsələyə qayıdıram: Qərb münasibətlərin qorunub saxlanmasına çalışırdı, amma bu itirilsə belə, bütün zəruri bəndlər üzrə əməkdaşlığın davam etdiriləcəyini bilirdi. Çünki bu, qaçılmaz reallıqdır. İkinci, Qərbin 2013-cü ildə İranla danışıqlar apardığı məlum idi və bu mənada elə bir umacağı yox idi. Yəni elə enerji məsələsində Azərbaycana alternativlər var, bunlar yalnız İrandan ibarət deyil. Alternativlər həm də Şimali Afrika qazı, şis qazı ehtiyatıdır. Daşınma məsələsinə gələndə çoxları düşünür ki, Atlantik okeanından qaz kəməri çəkməyəcəklər. Biz artıq elə bir texnoloji inkişaf mərhələsindəyik ki, qazın, neftin daşınması, ümumiyyətlə, problem deyil. Məgər Amerika 50-70 ildir, Asiya, Yaxın Şərq bölgəsindən neft daşımırmı? Azərbaycan hakimiyyəti Qərblə münasibətlərdə enerji amilinə həddən çox diqqət yetirdi. Bu, ona bənzəyirdi ki, uşağın yaxşı bir oyuncağı var və ondan heç kəsdə yoxdur, bir az hirslənən kimi heç kimə də vermir. Amma hakimiyyət anlamır ki, neft və qazı pay vermir, bunun müqabilində pul əldə edir. Onun da hesabına hakimiyyəti gücləndirib cəmiyyəti nəzarətdə saxlayır İkinci, enerjinin müqabilində belə hakimiyyəti qoruyub saxlayırlar. - Qərb saxlayır?
- Bəli, Qərb saxlayır. - Deməli, Qərbin hakimiyyət qarşısında öhdəlikləri var...
- Təbii ki, var və onsuz olmur. 2005-ci ilin kritik seçki dönəmini xatırlayırsız... - Nazirlərin həbsimi?
- Onların həbsi həlledici məqam deyil. O zaman Qərb bir qədər müxalifətə dəstək versəydi, Azərbaycanda "narıncı inqilab" baş verərdi. Amma Qərb bunu etmədi. Həmin keçmiş səfir Brayzanın şəxsində bilirsiz nələr baş verdi?! Ona görə Rusiyanın bu hakimiyyəti qoruduğunu düşünməyin. Əgər Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı da. Ümumiyyətlə, 2000-2008-ci illərdə ABŞ-da hakimiyyətdə respublikaçılar idi, həmin administrasiyanın Azərbaycana yönəlik siyasətində insan haqları və demokratiya səkkizinci bənddəydi. Eyni zamanda sabitlik amili qabardılırdı. Sabitlik o idi ki, Corc Buş İslam Kərimovun Əndicanda 2 mindən çox adamı güllələməsinə belə reaksiya verdi: "Bizim üçün Özbəkistanla münasibətlərdə insan haqları prioritet məsələ deyil". Azərbaycanda da belə idi. 2008-ci ildən sonra dəyişiklik baş verdi- demokratlar hakimiyyətə gələndən sonra. - Nəticədə bir neçə gün əvvəl Putin, Ərdoğan və Əliyev Bakıda bir araya gəldi, hətta bunu anti-Qərb adlı yeni format da sayırlar. Bununla razılaşırsınızmı?
- Biz format söhbətlərini çox eşitmişik. Məsələn, Dubay əmiri Azərbaycana gəldi, ardınca Əliyev Əl-Riyada getdi. Yaxud Gürcüstan-Türkiyə-Azərbaycan formatını görürük. Yaranmış yeni geosiyasi situasiyada müxtəlif axtarışlar mümkündür, amma dediyiniz formatın bir balaca boşluqları var. Birinci, Türkiyədə artıq Ərdoğan erası bitməyə başlayır. Ən azı sabiq baş nazir Ərdoğan prezident Ərdoğan olaraq səlahiyyətli ola bilməyəcək. Sonuncu seçkilər bu məsələyə nöqtə qoydu. Artıq Türkiyənin ciddi analitikləri də bunu etiraf edir. Çünki 41 faizlə Konstitusiyanı dəyişmək mümkün olmayacaq. Həm də AKP daxilində də Konstitusiyanın bu cür dəyişikliyinə razı olmayanlar var. Məsələ ondadır ki, son illər Ərdoğanda tiran meyllər baş qaldırıb. O, artıq hamını öz iradəsinə tabe etdirirdi, özünü sultan kimi aparırdı. Türkiyə üçün bu məqbul model deyil. Baxın, birdən-birə MHP səsini 30-35 faiz artırdı, halbuki, partiyada ciddi dəyişiklik də olmayıb. Yaxud XDP barajı keçib parlament təmsilçiliyini aldı. CXP-in durumu əsaslı şəkildə dəyişməsə də, AKP itirdi. Təkrar seçkilər olarsa, hakim partiyaya uğur gətirməz, çünki praktika bu seçkilərdə iqtidar partiyasının ilkin seçkilərdən də az səs aldığını göstərir. - Qayıdaq yeni geosiyasi situasiyaya. O, nədən ibarətdir?
- Qərb dünyası səfərbər olub. - Kimə qarşı?
- Burda söhbət kimə qarşıdan yox, prosesdən gedir. Sürətlə qloballaşma gedir, bunun içində Çin də, Avropa da, hətta bəzi ərəb ölkələri də var. Əslində onların bir-birinin ardınca dağılmasının arxasında, məhz, həmin iradə dayanırdı. Düzdür, çox dağıntılı, acınacaqlı proses idi. Məsələn, Misir Mübarək ailəsinin olmalıydı və onlar ölənəcən hkimiyyəti bir-birinə ötürməliydi, Əsədin məkanı Suriya idi və s. Yaxud amerikalılar İraqda Nuri- Əl-Maliki hökuməti qurdular. Məlum oldu ki, bu, ifrat korrupsionerdir. Ondan da İŞID fenomeni yarandı. - Çox qəribədir ki, amerikalıların qurduqlarının çoxu korrupsioner olur...
- Guya, hansının qurduğu korrupsioner deyil ki?! Rusiyanın qurduğu Yanukoviç hakimiyyəti deyildi ki? Ukrayna tarixində onun qədər cinayətkar-korrupsioner hakimiyyət olmamışdı. Qayıdıram sualınıza… Qloballaşma gedir, dünya bütövləşir və birdən kimlərsə buna müqavimət göstərməyə başlayır, ya da xüsusi şərtlər irəli sürür. Məsələn, Rusiya deyir: postsovet məkanı mənimdir, iqtisadi, strateji və hərbi marağım burdadır, heç kim bura daxil olmasın. Avrasiya İqtisadi Birliyi elə o deməkdir. Amma belə deyil, artıq yeni dünya formalaşıb və hər kəs əl-ələ verib vahid qərar qəbul etməlidir. Bu gün Rusiya cəmiyyəti daha sürətlə dəyişir, bütün özünün şovinist, imperialist əlamətlərinə rəğmən. Şimal ölkədə yeni elitar zümrə formalaşır və onlar özlərini yeni dünyada görmək istəyirlər. Ukrayna böhranının ən ağır vaxtında Putinin bütün təhlükəsizlik xidməti, idarəolunan mediası rus ziyalısının qarşısını ala bilmədi. - Qloballaşan dünyada Azərbaycanın yeri hardadır və hakimiyyətin siyasəti ölkəni hara aparır?
- Siyasət bir incəsənətdir, çox incə bir oyundur, hədəfləri, məqsədləri öncədən müəyyənləşdirilən fəaliyyət sahəsidir. Burda hər bir addım hədəfə çatmağa xidmət edir. Azərbaycan iqtidarı bütün gücünü hakimiyyəti əlində saxlamağa səfərbər edib. Buna heç biznes də demək mümkün deyil, çünki biznesin müəyyən qaydaları olur. Açığı, bunun necə adlandıracağımı bilmirəm. Hansı siyasətdən söhbət gedir ki, prezidentin Riqa Sammitinə gedəcəyi əvvəlcədən açıqlansa da, birdən həmin gün Avropa Birliyinin səfiri çağırılıb etiraz edilir. Ki, Azərbaycana qarşı kampaniya aparıldığı üçün səfərdən imtina olunur. Axı, bu yalandır və səbəbi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfərində axtarmaq lazımdır. - Yəni Rusiyanın o dərəcədə təsiri var?
- Əlbəttə. Məgər Qərbdə o qədərmi ağılsızdırlar ki, Azərbaycanda nə baş verdiyini bilmirlər və görmürlər?! Hakimiyyət düşünməliydi ki, Riqa Sammitinin arxasınca Avropa Oyunları gəlir və Avropa liderlərini Bakıda görmək çox vacibdir. Riqa Sammitinə gedilsəydi, başqa mənzərə olardı. Görün, Rusiyanın təsiri nə qədər ciddidir ki, hakimiyyət öz maraqlarından imtina etməli olur. Yaxşı, Azərbaycanı, insanları qoyaq kənara, ancaq iqtidar öz hakimiyyət maraqları naminə Rusiyanın qarşısında tərki-silah qalmalı deyildi. Bunun üçün də Qərbdən möhkəm yapışmaq lazım idi. Vilnüs Sammitində Əliyev ciddi bir şey imzalamadı. Guya, Riqa Sammitində imzalasaydı, nə baş verəcəkdi ki? Heç bir şey!