Əksər siyasi ekspertlər Ukrayna hadisələrinin necə bitəcəyini Rusiyanın gələcəyinin hansı şəkildə qurulacağı ilə bağlayırlar. Yəni bu müharibədə Rusiya qalib gəlsə, SSRİ-ni başqa şəkildə bərpa edəcək, məğlub olsa, NATO-nun və Avropa Birliyinin sərhədləri genişlənəcək. Mövcud gedişatın Cənubi Qafqaza, Azərbaycana da təsir edəcəyi şühbəsizdir. Politoloq Hikmət Hacızadə ilə söhbətimizdə sadaladığımız məqamların yaratdığı suallara cavab axtardıq...
- Hikmət bəy, Azərbaycan ABŞ-İraq müharibəsi (1990-cı ilin Küveyt müharibəsi), Yuqoslaviyanın parçalanması mərhələsindən sonra müstəqillik qazandı və proseslər istiqlaliyyətin möhkəmlənməsi ilə davam etdi. Bu gün isə Rusiya-Ukrayna savaşı gedir, bu mərhələdən Azərbaycanın qazancı nə olacaq?
- Əgər Rusiyanı yerində oturtsalar, Azərbaycan üçün demokratik yol açılacaq.
- İndiki şərait hansı ehtimalı gücləndirir: Rusiyanı yerində otuzdururlar, yoxsa şimal qonşu aqressivləşir?
- Hələki Rusiyanı yerində otuzdurduqları görünmür. Amma ola bilər də.. Çünki maliyyə sanksiyaları uzunmüddətlidir və bunlar Rusiyanı 1-2 ilə çökdürə bilər. Əgər Qərb mövqeyində möhkəm dayansa. Lap Qərb müharibə etməsə, ancaq sanksiyalarla keçinsə belə, Rusiya geri oturacaq. Bu baş versə, Kremldə oturanlar hakimiyyətdən gedəcək. Hökumət dəyişsə, Rusiyanın özü də demokratikləşəcək. Bizim üçün Ukraynadakı hadisələr çox vacibdir.
- Ancaq başqa mövqelər də var; birinci, Rusiyanın enerji resurslarından başqa digər sərvətlərinin- metallurgiya, ağac və sairə- resursları ölkənin iqtisadi baxımdan yaxın zamanda çökdürülməsini real göstərmir. İkinci baxışa görə, bəzi Avropa ölkələri Moskvaya gizli dəstək verirlər, hətta polşalı hərbçi Almaniya hökumətinin Rusiyaya dəstək verməsi barədə açıqlama da yaymışdı. Bu fikirləri nəzərə alırsınızmı?
- Mən başa düşürəm. Ancaq Qərb ölkələri son bir neçə ayda qəbul etdikləri sanksiyaların üzərində möhkəm dayansalar.. Əks təqdirdə, vəziyyət yaxşı olmayacaq. Sualların məğzinə gəldikdə isə neft kömək etməyəcək, çünki neftin qiymətini məcburən endirəcəklər, yaxud Rusiyanın neftini almayacaqlar.
- Ancaq qazını alacaqlar...
- Yox, almayacaqlar. Qaz Amerikadan gələcək. Bir daha deyirəm, Qərb sanksiyaların üstündə möhkəm dayansa... Ümumiyyətlə, indiki zamanda Reyqan lazımdır. Reyqan olsaydı, Rusiyanı çoxdan “ağlatmışdı”.
- Deməli, yeni Reyqan lazımdır ki, “soyuq müharibə”ni başqa bir müstəviyə keçirsin?
- Cəsarətli, inadkar, davamlı olmaq tələb olunur.
- Bunlar kimdən tələb edilməlidir?
- Əlbəttə ki, ABŞ prezidenti Obamadan. Obama isə ləng tərpənir.
- Obamanın 3 il vaxtı qalıb, bu müddətdə nəsə edə biləcəkmi?
- Bilirsiniz, indiki proseslərin kulminasiya həddinə çatması yalnız Obamadan asılı deyil, Amerika siyasi elitası qərar qəbul etməlidir.
- Hikmət bəy, Rusiya və Ukrayna mediasını izlədikcə əsəb müharibəsinin getdiyi də sezilir. Məsələn, rus tanklarının Ukraynaya girməsi xəbərləri intensivləşib. Bu həqiqətdir, yoxsa dezinformasiya?
- Rus tankları daxil olub. Görürük ki, separatçılar hansısa texnikadan istifadə edir. Bunları hardan alırlar? Əlbəttə ki, Rusiyadan. Amma rus hərbi hissələrinin olub-olmadığını bilmirəm.
- Əgər Rusiya öz slavyan qardaşları ilə bu cür müharibə edirsə, Cənubi Qafqazda hansı vəziyyəti yaradacaq?
- Obrazlı desək, Rusiya elə bir ölkədir ki, onun meyidi belə bizi əzər. Deyəsən, sonuncu türk sultanının belə bir sözü olub: “Rusiyayla müharibə etmək istəyirsiniz? Nə danışırsınız, Rusiyanın meyidi belə bizi əzər”. Ona görə Rusiyayla müharibə etməyək, çünki onlar çoxdurlar. Fikir verirsinizmi, heç kim Rusiyayla müharibıə etmək istəmir. Yalnız sanksiyalar tətbiq edirlər, nə qoşun göndərirlər, nə də başqa güc yolu seçirlər. Çünki onlar böyük və çox olmaqla bərabər ölməyə hazırdırlar.
- Səbəb həm də nüvə silahı deyilmi?
- Əsas hərbi texnikaları və əhalinin çox olmasıdır. İkinci, nüvə müharibəsi getmir, hazırda tank, təyyarə, avtomat, yəni orta silahlar kifayət qədərdir.
- Ancaq son illər Rusiya ordusunda “dedovşina” ilə bərabər silahların köhnəlməsi haqqında əsaslı məlumatlar, araşdırmalar dərc olunur. O zaman bu məqamı necə izah edərdiniz?
- Əlbəttə ki, dedikləriniz var. Amma Rusiyanın döyüşən hissələri Ukraynaya kifayətdir. Yəni “dedovşina”nın olmasını inkar etmirəm, amma döyüşən hissələri də var. Bu, ölkə hardansa, ordan-burdan tapıb döyüşkən hərbi hissələr hazırlaya bilər. Onsuz da edirlər və görürsünüz ki, vuruşurlar da.
- Amma hər gün Ukraynada onlarla terrorçunun öldürüldüyü xəbərini də alırıq...
- 150 milyonluq Rusiyanı tezliklə qurtarmaq asan deyil. Yalnız sanksiyalarla bu ölkənin qarşısını almaq olar. Hər gün 50, 100 nəfər də öldürsələr, qurtarmayacaqlar.
- Bəs Rusiyanın daxilindən mövcud gedişata etirazlar olmayacaqmı?
- Hələ görünmür. Rusiya bu gün millətçilik psixozundadır.
- Və Putinin də reytinqi artır...
- Bəli, artır. Amma gözləyək. Qarşıda Rusiyanı böhran gözləyir. Artıq böhran başlayıb, qida məhsullarının alışında, bank əməliyyatlarında problem yaranıb, neftin qiyməti enir, bunlar hamısı təsir edir. O zaman görəcəyik, nə və necə oxuyacaqlar.
- Bəs Poroşenkonun Ukrayna parlamentini buraxması qərarı nəyi dəyişəcək?
- Parlament keçmiş prezident Yanukoviçin vaxtında formalaşmışdı, əsasən də separatçılar və kommunistlər çoxluq təşkil edirdi. Bu frakskiyalar isə hər bir qərarın qəbuluna mane olur. Ancaq parlament “müharibə edək, yoxsa etməyək” qərarını qəbul etməlidir. Yaxud orduya maliyyə ayrılması məsələsini. İndiki parlament isə demək olar ki, Rusiyanın təsir dairəsindədir. Ona görə Poroşenko doğru addım atdı. Bu addım çox şeyi dəyişəcək, birinci idarəçiliyi. Rəsmi Kiyev ölkəni qanunla idarə etmək istəyir, bu mənada qanunverici orqan dəyişməliydi.
- Azərbaycan da 2015-ci il parlament seçkilərinə hazırlıqlar görür. Bir sıra müşahidəçilər son həbsləri, QHT-lərə təzyiqləri seçkilərə hazırlığın başlanğıcı hesab edir. Bu baxımdan hökumət yaxın bir ildə istədiyinə nail olacaqmı?
- Hələlik Azərbaycan hakimiyyəti hər şeyə qadirdir, kimi istəyir həbs edir, kimi istəyir azad edir. Parlamentə heç ehtiyac da yoxdur. Çünki Azərbaycanda hər şeyi Prezident Administrasiyası həll edir, parlament isə fəaliyyətsizdir. Ona görə 2015-ci il seçkilərindən heç nə gözləmirəm.
- Hikmət bəy, 2010-cu il seçkilərindən sonra partiyalara təzyiqlər gücləndi. Son 2 ildə müstəqil QHT-lər sıradan çıxarılır, növbədə azad mətbuatın sıradan çıxarılacağı gözlənilir. Belə vəziyyətdə durumu necə qiymətləndirirsiniz?
- Çox pis və böyük kədərlə dəyərləndirirəm. Bu gedişatı Azərbaycanın süqutu kimi qiymətləndirirəm. Çox narahatam. Bilirsiniz, dünyada elə millətlər olub ki, özləri özlərini məhv ediblər. Bax bizdəki kimi.
- Yəni millət özü özünü məhv edir, yoxsa...?
- Məgər Meksikada mayyalar, asteklər yox idimi? Bax, Azərbaycan xalqının da yox olmaq təhlükəsi var.
- Axı BMT-nin, başqa beynəlxalq qurumların üzvü olan ölkənin xalqı necə məhv ola bilər?

- Məhvolma belə şeylərə baxmır. Sadaladıqlarınız nominal şeylərdir. Faktiki olaraq ölkə tədricən ölüyə çevrilir. Son 20 ildə inkişaf etməkdənsə, çox böyük çürümə getdi, mənəviyyatsızlıq yayıldı. Bir il əvvəl Dövlət Statistika Komitəsi məlumat yaydı ki, azərbaycanlıların orta boyu 10 santimetr aşağı düşüb, başa düşürsünüzmü? Yox oluruq, aradan çıxırıq. 10 santimetr kiçik rəqəm deyil.
- Məgər boyun tədricən aşağı düşməsi millətin yox olmasına səbəb ola bilərmi?
- Bəli, 5 ildə 10 santimetr düşübsə, 50 ildən sonra 10 santimetr olacaq.
- Ancaq Azərbaycan xalqı Az.TV-in ekranından rifahlı ölkə kimi görür...
- Yox, mən başqa mənzərə görürəm və Dövlət Statistika Komitəsinin məlumatını da verdim. Əslində, Az.TV-nin göstərdikləri təhlükəlidir. Həyat başqa durumdadır, televiziya isə başqa mənzərə göstərir. İnsanlara təhlükələri demək lazımdır. Onlara söylənilməlidir ki, sən cırlaşırsan, yox olursan, amma əksini deyirlər. Deməli, insanlar heç bir addım atmır, necə yaşayırlarsa, o cür də davam edirlər və cırlaşma sürətlənir.
- Hərbi büdcəmizin, yaxud ÜDM-in artım tempi sizə nəsə demirmi?
- Hərbi büdcənin artmasının heç bir əhəmiyyəti yoxdur. Əgər biz Qarabağ üçün hərbi büdcəni artırırıqsa, o zaman Ermənistan-Rusiya alyansıyla müharibə etdiyimizi yada salmalıyıq. O alyansa qarşı isə nə büdcəmiz, nə də əhali sayımız çatır.
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə növbəti görüşündən nə gözləntiniz var?
- Ümumiyyətlə, Putin münaqişənin həllini istəmir. Rusiya Qarabağı özü götürsə belə, sakitlik istəmir. Putin daim münaqişənin olmasını istəyir, çünki belə olanda, o, lotuluq edə bilir.
- Bəs Azərbaycan kimdən dəstək ala bilər?
- Əfsuslar ki, hələ heç kim bizə dəstək olmur. Gərək gözləyək, hər şey Ukraynada həll olunacaq. Necə ki, 20 il əvvəl müstəqillik Ukraynada həll olundu, bu ölkədə referendum keçirildi, referendumda ukraynalılar müstəqilliyə səs verdi, bundan sonra ittifaq dağıldı.
- Ancaq deyirdilər ki, Cənubi Qafqaz respublikalarının çıxış yolu Gürcüstanın Avropaya inteqrasiyasındadı...
- Yox, Gürcüstan imkan daxilində hər şey etdi, amma gördük ki, vəziyyət başqadır. Baxın, Gürcüstan islahatlar keçirdi, Cənubi Qafqaz dəyişdimi? Yox. Rusiya hərbi təcavüz etdi, kim kömək etdi? Heç kim. Halbuki, Gürcüstan Qərbə bizdən 3 dəfə yaxındır. Həmişə NATO, Avropa Birliyi, ABŞ deyirdilər, nə oldu, heç kömək də etmədilər, özü də xristiandırlar. Bir daha deyirəm, hər şey Ukraynada həll olunacaq, Gürcüstanda yox.
- Sentyabrda Müsavat Partiyasının qurultayı keçiriləcək, irəli sürülən 3 namizəddən (sualı yarımçıq qoyur)...
- Yox, gəlin, bu barədə danışmayaq.
- Xahiş edirəm, bir neçə kəlmə deyin...
- Alə, evimizi yıxacaqsan, olmaz...
- 3 namizəddən, Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı, hansını dəstəkləyəcəksiniz?
- Mən yalnız ümumi danışa bilərəm. Biz qurultayı demokratik nümunə kimi göstərək, demokratik seçki keçirək, o cümlədən, seçki kampaniyasını. Hər namizədin sorğu-suala tutulmasına, qələbə qazananın da digərlərini təbrik etməsinə çalışacağıq. Məqsədimiz budur!
- Bəs siz 3 namizəddən hansına səs verəcəksiniz?
- Mən zənci namizədə səs verəcəm.
- Axı zənci namizəd yoxdur...
- Yox, mən artıq cavab verdim. Bilirsiniz, vəziyyət kövrək olduğundan bundan artıq heç nə deyə bilmərəm.
Türkel Cavadlı
|