The document has moved here.
|
||
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ | ||
Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlasa, yaradılan mexanizmə görə Ermənistan ordusu ilə, yoxsa Ermənistan-Rusiya birgə ordusu ilə döyüşməli olacaq? | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Son günlər Ermənistan mediasında əsas müzakirə mövzusu Rusiya ilə Ermənistanın birgə ordusunun yaradılması oldu. Düşmən ölkənin analitikləri, jurnalistləri, bir sözlə, əli qələm tutan hər kəs bu ordu ilə Dağlıq Qarabağın işğaldan azad olunmasının qarşısının alınacağını və Azərbaycanın Ermənistanla müharibə edə bilməyəcəyini yazdı.
Hazırda Rusiyanın Qərb ölkələri ilə münasibəti, ümumiyyətlə, Ukraynanın ərazi bütövlüyünə qəsd etdiyi üçün ABŞ və Avropa ölkələrinin sanksiyalarının ardı-arası kəsilmədiyi bir vaxtda rəsmi Moskvanın Cənubi Qafqazda İrəvana yönəlik son həmləsi, açığı, bizə tərəf atılan “top”a çox az oxşayır.
Rusiyanın bu müəmalı həmləsinin nə olduğunu müəyyən etmək üçün Xeber365.com Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarova suallar ünvanlayıb:
– Tofiq müəllim, Azərbaycanın Ermənistanla müharibə şəraiti davam edir. Torpaqlar işğaldan azad olunmayıb və Rusiya sözdə bu münaqişənin beynəlxalq hüquq normalarına əsaslanaraq, həllində maraqlıdı ; ATƏT-in Minsk qrupunun üzvü kimi. Bundan əlavə, Azərbaycan və Rusiya hökuməti dəfələrlə çox yüksək səviyyəli ikili dostluq və qonşuluq münasibətlərinin olduğunu bəyan ediblər. Bütün bunların fonunda Ermənistanla Rusiyanın birgə ordusunun yaradılmasına siyasi və diplomatik dillə nə ad vermək olar?
– Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvləri “Aprel döyüşləri”ndən sonra birmənalı olaraq bəyan ediblər ki, Qarabağ məsələsi artıq onların səlahiyyətində deyil. Amma Ermənistanla ikitərəfli əməkdaşlıq səviyyəsində hüqquqi boşluq mövcud idi. Sergey Lavrov da bəyan etmişdi ki, hüquqi boşluğu aradan qaldırmaqla biz belə bir saziş bağlaya bilərik. Yəni biz bu məsələni Ermənistanla Rusiya arasında olan hərbi əməkdaşlıq kimi qiymətləndirməliyik. Onun tərkibini analiz edərkən də belə qərara gəlmək olar ki, Rusiyanın bazası və Ermənistanın 4-cü korpusu bu birləşməyə daxildir. 4-cü korpus Ermənistan paytaxtının ətrafında yerləşən və Türkiyə sərhəddində yerləşən qoşunları birləşdirir. Deməli, bununla rəsmi Moskva ona işarə edir ki, hər hansı xarici təhlükə yaranarsa, Rusiya buna cavab verə bilər.
– Bəs Ermənistan necə? O da Rusiya kimi, ölkəyəə qarşı hansısa hücuma birləşmiş ordu vasitəsi ilə cavab verə bilərmi? Konkret desək, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başlasa, yaradılan mexanizmə görə Ermənistan ordusu ilə, yoxsa Ermənistan-Rusiya birgə ordusu ilə döyüşməli olacaq?
– Müqaviləyə görə, həm Rusiya həm də, Ermənistan prezidentinin birgə razılığı ilə birləşmiş qoşunlardan istifadə oluna bilər. Bu, hər bir müdafiə sazişində nəzərdə tutulan bənddir ki, konsultatsiya olunmalıdır. Bu da o deməkdir ki, birləşmiş qoşunların birbaşa olaraq, Azərbaycana qarşı istifadəsi mümkün deyil. Ümümiyyətlə, mən bu sazişi hərbi saziş yox siyasi təxribat xarakterli bir saziş kimi qiymətləndirirəm. Rusiya Ermənistan ictimaiyyətinə “biz sizinlə dostuq, sizin yanınızdayıq” mesajı verir. Və mən şəxsən o fikirdəyəm ki, Rusiyadan Ermənistana aparılan güclü silahlar, məsələn, “İskəndər” raketinin istifadəsi ilə bağlı Ermənistan heç bir səlahiyyətə sahib deyil. Bu silahlar sadəcə Ermənistanda olan Rusiya bazalarında yerləşdirilib.
– Deməli, siz düşünürsünüz ki, bu saziş hərbi yox, siyasi sazişdir…
– Bəli. Bu sazişin ikinci tərəfi də var. Artıq Ermənistan ordusunun bir hissəsi də Rusiyanın nəzarətinə verildi. Bundan əvvəl biz bilirdik ki, Ermənistan sərhədlərinin qorunması da birgə həyata keçirilir. İndi isə Ermənistan ordusunun qalan hissəsi Ermənistan rəhbərliyindən alındı. Ermənistan isə elə bir vəziyyət yaratmağa çalışır ki, guya bu birgə ordudan Azərbaycana qarşı istifadə oluna bilər. Ancaq belə deyil.
Soçidə Azərbaycan prezidenti ilə Rusiya prezidentinin görüşü də bəzi detallara aydınlıq gətirdi. Bu görüş onu göstərdi ki, Azərbaycanla da əlaqələr çox vacibdir. Azərbaycanla Rusiyanın münasibəti, dəfələrlə verilən bəyanatlar, ümumiyyətlə, Rusiyanın maraqları onu göstərir ki, birgə ordudan Azərbaycana qarşı istifadə olunmayacaq.
Ermənistanda martın sonunda Serj Sarkisyanın səlahiyyət müddəti bitir. Konstitusiyaya görə o, Baş nazir seçilə bilər. Baş nazir olması parlamentdaxili bir məsələdir. Bu baxımdan Sarkisyanın əsas marağı daxili gücləri ələ almaqdır. Məhz bu sazişin bağlanmasını da Rusiyadakı bəzi qüvvələrin Sarkisyana dəstəyi kimi qiymətləndirmək olar.
– Bu məqamda xarici işlər nazirlərinin sentyabrda nəzərdə tutulan görüşünə də toxunmaq yerinə düşərdi. Sizcə, konkret nəticələr gözlənilirmi?
– Ümumiyyətlə, nazirlərin sentyabra planlaşdırılan görüşünün əsas məqsədi prezidentlərin görüşünü təşkil etməkdir. Amma dediyimiz kimi, Ermənistan prezidentinin səlahiyyətləri marta kimi davam edəcəyi üçün heç bir məsələni həll etməkdə maraqlı olmayacaq. Onunla görüşmək heç bir perspektiv vəd etmir və inanmıram ki, bu görüşün hansısa faydası ola.
Rusiya, demək olar ki, xarici siyasətini bötövlüklə hədə-qorxu və ona yaxın ərazilərdə münaqişə ocaqları yaratmaqla qurub, yəni münasibətləri bu fazadan ayırd edir.
– Bir diplomat, xarici siyasət uzmanı kimi sizin fikriniz maraqlıdır. Bütün bu münaqişələr nə zamansa Rusiyanın nəzarətindən çıxa və özü üçün böyük təhlükəyə çevrilə bilərmi? Mən bütövlüklə Şimal Buzlu Okean istisna olmaqla, Rusiya ətrafındakı yanan halqanı nəzərdə tuturam.
– Ümumiyyətlə baxsaq, bu siyasət SSRİ dağılmamışdan əvvəl başlayıb. Buna görə də demək olmaz ki, bu siyasəti Lavrov təşkil edib. Lakin təəssüflər olsun ki, bu siyasət bu gün davam edir. Problemlər azalmaq əvəzinə daha da çoxalır. Bu baxımdan bir şeyi qeyd etmək lazımdır ki, bu münaqişələr plana görə Rusiyanın nüfuzunu artırmalı idi. Amma biz görürük ki, bunun əksi baş verir. Rusiyanın nüfuzu getdikcə qonşu ölkələrdə azalır. Buna misal olaraq, Ukraynanı, Gürcüstanı misal göstərmək olar. Hətta Rusiyapərəst Moldova prezidenti Rusiya baş nazirinin müavinini “arzuolunmaz şəxs” elan edib. Bütün bunları nəzərə alsaq, artıq Rusiya üçün ciddi problemlərin yaranmağa başladığını demək olar.
Nicat Abdullayev
|
||
|
||
Rusiya-Ermənistan, ordusu, Azərbaycana, qarşı, döyüşə, bilməz, -, MÜSAHİBƏ, |
|