The document has moved here.
|
||
Ruslan İzzətli: “Tək çarə demokratiyadır” | ||
Yaxud da qəbul edilən qanunlar qalıb bir kənarda, kağız üzərində, yazılmamış qanunlar icra olunur. Bu məsələlərin kökündən həll edilməsi üçün ya bu hakimiyyət köklü islahata getməlidir, ya da istefa verməlidir. İki yolu var. | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
Azərbaycan Respublikası Milli Məclisinə növbəti- beşinci seçkilərə artıq start verildi. Xeber365.com saytı da həm prosesi canlandırmaq, həm də seçiciləri millət vəkilliyinə namizədlərlə yaxından tanış etmək üçün “Milli Məclis-2015” adlı yeni layihəyə başlayıb. Layihəmizin növbəti qonağı D-18 hərəkatının sədri Ruslan İzzətlidir.
- D-18 hərəkatı 2013-cü ildə yaranıb. Çox təəssüf ki, ölkədə demokratik mühit, azad media olmadığı üçün, televiziya məkanı üzümüzə qapandığı üçün fikirlərimizi böyük auditoriyaya çatdıra bilmirik. Seçki bizim üçün həm də bir bəhanədir. Düşüncələrimizi insanlara çatdırmaqdan ötrü. Biz özümüzə yeni qüvvə deyirik. Həm bu iqtidardan, həm də ənənəvi müxalifətdən fərqləndiyimizi iddia edirik. Bu iddiamızı da göstərməliyik. Həm seçki kampaniyamızda, həm bukletlərimizdə, həm proqramımızda, seçkiyə yanaşmamızda və digər məsələlərdə. Ona görə də düşündük ki, sonu bəlli olsa da, seçkiyə qatılıb proqramımızı insanlara çatdıra bilərik. Bizim seçki dairəsində 40 mindən çox seçici var. 40 min seçici üzərindən özümüzü ölkəyə tanıdaq, bir növ hərəkatın vizyonunu göstərək. Buna görə seçkiyə qatıldıq. - Namizədliyinizi verdiyiniz dairəni nə qədər tanıyırsız? - 33 saylı Xətai birinci seçki dairəsindən namizədəm. Mən beş-altı il o dairədə yaşamışam. Orda üzvlərimiz daha çoxdur. İkincisi, D-18 hərəkatının hüquqi yardım mərkəzi var. Biz vətəndaşlara pulsuz yardım edirik. Həmin dairədə də vətəndaşlara kifayət qədər hüquqi yardım etmişik. Dairənin həm kənd Əhmədli hissəsini, həm də digər küçələri çox yaxından tanıdığım üçün, həm də resurslarımız olduğu üçün o dairədən namizəd olmuşam. - Dairədə sosial bazanız varmı? - Biz imzatoplama kampaniyasında pozitiv bir şey gördük: insanlar 26 yaşım olduğuna və ölkə üzrə ən gənc namizədlərdən biri olduğuma görə çox ciddi dəstək verirdilər. Hətta 200-ə yaxın vətəndaş bizim seçki qərargahına telefon nömrəsini verib ki, kampaniya dönəmində namizədi evimizə dəvət eləyib fərdi görüşmək istəyirik. Bu da bizim üçün kifayət qədər müsbət addımdı. İki yüz ev, təxminən, 500-600 seçici deməkdi və onlar artıq qərarlarını vermiş seçicilərdir. İkincisi, məhlələrdə kuratorlar səviyyəsində insanlar var ki, artıq orda bizim daimi nümayəndələrimizdilər. Seçki təbliğatının aparılmasına, bizim insanlarla işləməyimizə yardımçı olurlar. Biz o dairəyə gedəndə üzvlərimizə güvənmişdik. O dairə üçün elədiyimiz kiçik işlərə güvənmişdik. Ancaq imzatoplama kampaniyasında gördük ki, üzvlərimizdən daha çox vətəndaşlar bizə isti münasibət göstərdi və daha çox onlar kampaniyada öndə getmək istədilər. - Hazırkı parlamentə münasibətiniz. - Hər bir vətəndaş bilir ki, hazırkı parlament çox passivdir. Beş-altı millət vəkilini çıxmaq şərti ilə heç biri, ümumiyyətlə, nə dövrü mətbuatda, nə öz seçildiyi dairədə görünmür. Bunun nəticəsidir ki, vətəndaşın seçkiyə inamı yoxdur. İmzatoplama kampaniyasında bir çox dostlar dairələrində buna rast gələ bilərlər. Hazırkı millət vəkilinin bacarıqsızlığı və iş görməməsi insanlarda tanımadığı şəxsə qarşı belə inamsızlığa gətirib çıxardır. Milli Məclis iş adamlarının, kiminsə qohum-əqrabasının toplaşdığı, tayfa düşüncəsi ilə formalaşan bir orqan deyil. Milli Məclis qanunverici orqandır. Ölkəmizin gələcəyi üçün əhəmiyyətli qanunları müzakirə və qəbul edən bir qurumdur. Ona görə də orda “sakit durum və ya yuxarı nə əmr edirsə, onu yerinə yetirim” olmamalıdır. Amma çox təəssüf ki, son beş ilə nəzər yetirsək, parlament, bir növ prezident aparatının kiçik bir qurumu kimidir. Yəni prezident aparatı hansı qərarlar verirsə, Milli Məclis də o qərarların təsdiqi ilə məşğul olur. - Ruslan bəy, seçicilər sizə niyə səs verməlidilər? - Seçici gənc namizəd olduğum üçün mənə şans tanımalıdır. Həm də düşüncələrimiz digər namizədlərdən fərqlidir. İkincisi, biz o dairəyə kiminsə vəkili olmaq üçün, kiməsə güvənib gəlməmişik. Biz seçiciyə güvənmişik. Üçüncüsü, seçkidən öncəki təbliğat kampaniyası dönəmində deyəcəyik ki, bizə səs verməyin, amma mütləq seçkiyə gedin. Hətta seçki bülletenini yararsız edin, amma mütləq gedin. Çünki vətəndaşın səsvermə hüququ kutsal bir şeydir. Dünyada onlarla dövlət adı saya bilərəm ki, seçmək və seçilmək üçün nə qədər mübarizə aparıblar, nə qədər qurbanlar veriblər. Hakimiyyətin yarıtmaz siyasətinə görə bundan imtina etməyin. Seçkiyə mütləq gedilməlidir. Mən də inanıram ki, həm gənc olduğum üçün, həm proqramımızda konkret lokal problemləri vurğuladığımız üçün, ölkənin gələcəyi üçün baxışlarımız və təkliflərimizə diqqət yetirəcəklər. İnanıram ki, seçici üzümüzə, gözümüzün içinə baxıb səmimi olduğumuzu görüb bizi dəstəkləyəcək. Bizim orda qabardacağımız bir kampaniya olacaq. Seçilsək də, seçilməsək də, bunu edəcəyik deyə bir təklifimiz olacaq. Seçilərəmsə, mənim dairəmdə ən yüksək bal toplamış gənclərin Avropada və Türkiyədə oxumasını təmin edəcəyik. Mən efir vaxtında da bildirəcəm ki, seçilməsəm də, bunu edəcəyik. Qoy, vətəndaş düşünməsin ki, bu seçkiyə görə verilən vəddir. Üçüncüsü, hakimiyyət yenə öz təyinatını reallaşdırsa, başqa bir şəxsi təyin etsə, məhlə görüşləri keçirib, mənə səs verən- beş, on, yüz, min, fərq etməz - insanların hamısına təşəkkür edəcəm. Bax, bu əxlaqımız, bu fərqliliyimizə görə seçici bizi dəstəkləyəcək. - Ölkə prezidentinin siyasətinə münasibətiniz. - Mövcud hakimiyyətin həm daxili, həm xarici siyasəti artıq uğursuzluğa məruz qalıb. Daxili siyasət illərlə neft üzərində fokuslaşmışdı. Neft gəlirləri sayəsində Azərbaycan iqtisadi inkişafına görə regionda lider ölkə idi və sair. Artıq göründü ki, bu tezislər də, uğurlu çıxışlar da öz nəticəsini vermədi. Prezidentin son çıxışlarına baxsanız, o bildirir ki, biz artıq nefti unutmalıyıq, qeyri-neft sektoruna, kənd təsərrüfatı, turizm və sairə diqqət yetirməliyik. Halbuki illər öncə deyirdik ki, neft tükənən sərvətdir. Neftdən asılı olan ölkələrin sonu bəllidir. Azərbaycan hakimiyyəti neftdən gələn gəliri təhsilə və qeyri-neft sektoruna yatırtmalıdır. Mən daha çox təhsilə verilməyinin tərəfindəyəm. Sizə Mixail Saakaşvilidən bir sitat gətirim. Prezidentlik vaxtı qutarmışdı və ona sual vermişdilər ki, prezidentlik dönəminizdə ən böyük səhviniz nə idi? Demişdi ki, mənim ən böyük səhvim büdcəni daha çox hərbiyə yatırtmağım idi. Amma mən daha çox təhsilə yatırtmalıydım ki, ölkənin sabahı güvənli olsun. Azərbaycan hakimiyyəti də neftdən gələn gəlirləri təhsilə yatırmalıydı ki, Azərbaycanın sabahı güvənli olsun. İkincisi, xarici siyasət məsələsi. Artıq balanslaşma siyasəti də uğursuzluqla nəticələnir. Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən ən tənqid olunan ölkəyə çevrilib, demokratiyanın, insan hüquqlarının durumu bəllidir, dünyanın 23 məşhur siyasi məhbus qadınının ikisi azərbaycanlıdır. Bu, çox utancverici bir haldır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan ilk onluq, ilk on birlikdədir. Həm media azadlığı cəhətdən, həm insan haqları cəhətdən və sair. Təbii ki, seçki məsələsinə də beynəlxalq təşkilatlar öz mövqeyini bildirəcək və bu da utancverici bir haldır. Burda sosial problemlər var, gənclərin ciddi problemləri var. Bu gün gənclər evsizlik və işsizlikdən əziyyət çəkirlər. Qəbul edilən qərarlar yalnız imitisiya xarakteri daşıyır. Məsələn, ipoteka haqqında qərara baxsanız, imitasiyadır. Çünki Azərbaycanda aylıq gəliri 500-600 manat olan gənc yoxdur ki, ipotekaya baş vura bilsin. Ordudakı problemlərə baxın. Bu gün Azərbaycanda hakimiyyətin seçki saxtakarlığının əsas aparıcısı qüvvəsi olan müəllimlərə, səhiyyə işçilərinə baxın. Durumları daha da ağırdı. “Lazım gələrsə, Qarabağı azad edəcəyik” şüarı yenə də hakim olaraq qalır. Bu da onu göstərir ki, Azərbaycanın xarici siyasəti də, daxili siyasəti də uğursuzluğa məruz qalıb. - Seçki kampaniyası üçün gərəkli büdcəniz varmı? Varsa, mənbəyini göstərin. - Biz bank hesabımızı sosial media, dost saytlar vasitəsilə yaymışıq ki, bizi dəstəkləyən, bizə inanan gənclər dəstək olsunlar. Ən böyük dəstəyimiz hərəkatımızın idarə heyəti və üzvləridir. Xaricdə oxuyan gənclər və kiçik iş adamları da var ki, onların bizə ianələri olacaq. Ölkədə diqqətdə olan və kampaniyası görünən üç-dörd namizəd olacaqsa, onlardan biri biz olacağıq. Bu kampaniyanı aparmaq üçün ciddi maliyyə lazımdı, amma biz maksimum çalışacağıq ki, az bir maliyyə ilə keçirək. Bunun da səbəbi odur ki, bütün kampaniyanı könüllülər aparacaqlar və kimsə bu kampaniyada çalışdığı müddətdə heç bir maliyyə yardımı almayacaq. Bizim əsas maliyyəmiz çap, təbliğat materiallarına gedəcək. - Seçkinin demokratik keçəcəyinə inanırsızmı? - Dünən etdikləri sabah edəcəklərinin qarantıdır. 2005, 2010 saxtakarlığı, 2013 prezident seçkilərindəki saxtakarlıq, 2014 bələdiyyə seçkilərində olan biyabırçılıq. Bütün bunlar göstərir ki, yenə digər seçkilərin təkrarı olacaq. Hökumət siyasi iradə ortaya qoyub seçkini demokratik keçirmək istəsə... Amma artıq qeydiyyata alma məsələsinə baxsanız, görərsiz ki, kifayət qədər namizəd qeydiyyata alınmayıb. Ümumiyyətlə, beynəlxalq təşkilatlar və yerli ictimaiyyət seçkiyə üç mərhələdə qiymət verir. Bir: seçkiyə qədər olan dövr. Bu bəllidir. Seçkiyə qədər olan dövrdə hakimiyyət bizə üzə çıxmağa icazə verməyib. Qərargahsız fəaliyyət göstərmişik. Bakıda sərbəst toplaşma azadlığımız məhdudlaşdırılıb. Ölkədə kifayət qədər siyasi məhbus var. Kifayət qədər mətbuat orqanı ya satın alındı, ya da bağlandı. Xarici ölkələrin burdakı televiziya və radioları bağlandı. Baxın, Belorusiyada belə “Azadlıq” radiosu bağlanmayıb və Belorus prezidenti ora müsahibə verir. Deməli, bizim vəziyyətimiz onlardan da pisdir. İkinci, seçki dönəmi. İlkin mərhələ qeydiyyat məsələsidir. Biz rayonlardan xəbərlər eşidirik, mətbuatdan oxuyuruq ki, icra hakimiyyətinin müdaxiləsi var, “jek” işçilərinin müdaxiləsi var. Hakimiyyət bütün strukturları ilə çalışır ki, müxalif namizədlərə, efirdə və kampaniya dönəmində fərqli fikir səsləndirən namizədlərə basqı yaratsın. Üçüncü, seçki günüdür. Yəqin ki, bu il də müəllim və həkim ordusundan, icra hakimiyyətinin işçilərindən istifadə edərək çalışacaqlar ki, karusel üsulu olsun, kifayət qədər saxtakarlıq olsun ki, hakimiyyətin istədiyi adam qutudan çıxsın. - Əgər seçki prosesində hər hansı saxtakarlıq aşkarlasanız, hansı addımları atacaqsız? - Biz bütün seçki məntəqələrini müşahidəçilərimizlə təmin edəcəyik. Dairə Seçki Komissiyası və Mərkəzi Seçki Komissiyasına baş vuracağıq. Məqsəd seçki saxtakarlığını aşkarlamaq, onları sənədlərlə, faktlarla toplayıb, həm yerli məhkəmələrə baş vurmaq və Avropa İnsan Haqları məhkəməsinə getməkdir. - Ruslan bəy, Rusiya yoxsa Avropa? - Avropa. Avropa Azərbaycanın inkişafına gətirib çıxardır. Avropa Azərbaycanın müstəqilliyini tanıyır. Amma Rusiya Azərbaycanı işğal eləyib. Ümumiyyətlə, insanların genetik kodu var. O genetik kodumuza, çox təəssüf ki, Rusiya imperializmi qırmızı xətlərlə yazılıb. Amma təhsilin, səhiyyənin, idarəetmənin inkişafına baxdıqda Avropa Azərbaycan üçün daha doğmadır. Bu, 1918-ci il Xalq Cumhuriyyəti dönəmində də belə olub, bu gün də belədir. Çox təəssüf ki, Azərbaycan hakimiyyətinin Rusiya, yoxsa Avropa sualı qarşısında hələ də tərəddüd etməsi Azərbaycanı bu duruma gətirib çıxardıb. - Son dövrlərdə Azərbaycanda radikal dini təriqətlərin, Suriyaya gedənlərin, İŞİD-ə qoşulanların sayı artır. Sizcə, qanunvericilikdə hər hansı sərt tədbirlər nəzərdə tutmaqla bunun qarşısını almaq mümkündürmü? - Mən bir dəfə yazımda bildirmişdim bu məsələni. Tək çarə demokratiyadır. Demokratiya olacaqsa, bu problemlərin də qarşısını alacağıq. Bir gənc öz fikrini ifadə edə bilmir, fikirləşir ki, D-18-ə gələrsə, haqqı deyərsə, ya universitetdən qovular, ya ailəsi tərəfindən ciddi basqılara məruz qalar. Çünki icra hakimiyyəti və yerdəki rəsmilər ailəsinə təzyiq göstərəcəklər onun geri çəkilməsi üçün. Yaxud da işsiz qala bilər. Ən pis halda həbs olunacaq. Çıxış yolunu nədə görür? Dini cərəyanlarda. Gedirlər məscidə. Orda Allah, Qurani-kərim və digər ayələrlə, inanclarla insanları başlayırlar inandırmağa. Heç kəsə bir cərəyana qoşulanda “sən Suriyada döyüşəcəksən, ya da hansısa bir hadisədə iştirak edəcəksən” demirlər. İnsanların ülvi hislərindən istifadə eləyirlər. İnsanlar da savadsız olduqları üçün inanırlar. Çünki gənclər arasında savadsızlıq kifayət qədər böyük faiz təşkil edir. Azərbaycan insanı hələ də Quranın yas yerlərində oxunmaq üçün, yaxud da evdə ən yüksək yerdə saxlamaq üçün olduğunu düşünürsə, dinə bir mollanın kafası ilə baxırsa, təbii ki, ölkədə kifayət qədər dini savadsızlıq da var. Həm elmi savadsızlıq, həm dini savadsızlıq və ölkədə demokratik mühitin olmaması.. İnsanların fikir azadlığını ifadə edə bilməməsi radikal dini cərəyanların yaranmasına gətirib çıxardır. Nəticədə gənclər gedir Suriyaya. Burda bizim hələ tanımadığımız və bilmədiyimiz nə qədər cərəyanlar var ki, sabah onlar da üzə çıxacaqlar. Mən o zaman da demişdim ki, bunun birbaşa günahkarı hakimiyyətdir və məsuliyyət daşımalıdır. Amma bunun qarşısını İŞİD-ə qoşulan on nəfər gənci tutmaqla, Lənkəranda hansısa radikal dini qruplaşmaya qoşulan gəncləri həbs etməklə almaq mümkün deyil. Məsələnin bir gündəlik həll problemi var. Hakimiyyət ümumiyyətlə, bütün məsələlərdə həllə gündəlik baxır. İstər demokratiya olsun, istər seçki məsələsi olsun, istər başqası. Bir də var kökündən həll etmək. Kökündən həll etmək üçün ölkədə demokratik mühit yaradılmalıdır, insanlar fikirlərini azad ifadə etməyi bacarmalıdırlar, azad seçim etməlidilər. İkincisi, həm elmi cəhətdən, həm də dini cəhətdən maariflənmə artmalıdır. Bu gün İslam Universitetinə baş vuran gənclər dörd il oxuyurlar, sonra düşünürlər ki, Qafqaz Müsəlmanları İdarəsi bizə hansı qəbiristanlığı verəcək ki, biz orda mollalıq eləyək. Halbuki İslam Universiteti molla yetişdirən mərkəz deyil. İslam Universiteti ilahiyyatçı, dinlə məşğul olan alim yetişdirən bir mərkəzdir. Üçüncüsü, Azərbaycan hakimiyyəti İslam Universitetinə bir diqqət yetirsin. Mənim aldığım məlumata görə Qafqaz Müsəlmanları İdarəsinin verdiyi rəsmi maaşdan başqa İrandan da rəsmi əmək haqqı alır ordakı müəllimlər. Bu nədər yaranır və nə məqsədlə başqa bir ölkə İslam Universitetində dərs deyən müəllimlərə əmək haqqı verir? Belə problemlər var. İranın da kifayət qədər dini qruplaşmaları, kifayət qədər üzvləri var. Onlara yardımlar edilir, maddi dəstək verilir. Hakimiyyət bunları görür, amma çox təəssüf ki, bu məsələ hakimiyyətin işinə yarayır. Qərbə göstərir ki, baxın, ölkədə liberal, layiq düşünən müxalifət yoxdur. Mənim müxalifətim bu radikal dindarlardır. Mən getsəm, hakimiyyətə bunlar gələcək və səninlə, ümumiyyətlə, dialoq aparmayacaqlar. Durum daha da ağırlaşacaq. Amma hökumət anlayıb ki, artıq Hüsnü Mübarəkin devizləri və tezisləri məhv olub. Qərb bilir ki, burda müxalif kimdir, Azərbaycanın insanı necə layiq bir millətdir. Azərbaycan insanı heç vaxt xilafət sistemi qurmaz və ona səs verməz. Bu, sadəcə hakimiyyətin öz ömrünü uzatmaq üçün imitasiyasıdır. Amma bu imitasiya, yaratdığı bu şərait ölkənin sabahı üçün ciddi problem yaradacaq. Mən həmişə demişəm ki, üç ildən sonra Azərbaycandakı ən layiq, ən liberal partiya belə xalqdan səs almaq üçün mütləq dini tezisləri proqramına salmalı olacaq. Çünki artıq regionlarda kifayət qədər kütləvi savadsızlaşma, insanları dinə meyllənməsi gedir. Dinə meyllənmə çox yaxşıdır. Hər kəs dinini sevməlidir, Quranı sevməlidir, Allahı sevməlidir, amma heç vaxt din məsələsi siyasətə gəlməməlidir. Vətəndaş heç vaxt imkan verməməlidir ki, onun inancından, hicabından, müqəddəs dəyərlərindən istifadə edib başqa bir təşkilatlara və qruplaşmalara salsınlar. - Ümumiyyətlə, Azərbaycanda bir yazılmış qanunlar var, bir də yazılmamış. Çox təəssüf ki, yazılmamış qanunlar daha çoxdur. Təhsil sahəsində qəbul edilən qanunlarda kifayət qədər boşluq var. Sosial müdafiə məsələsinə baxdıqda kifayət qədər boşluqlar var. Gənclərlə bağlı qəbul edilən qanun və qərarlarda kifayət qədər boşluq var. Yaxud da qəbul edilən qanunlar qalıb bir kənarda, kağız üzərində, yazılmamış qanunlar icra olunur. Bu məsələlərin kökündən həll edilməsi üçün ya bu hakimiyyət köklü islahata getməlidir, ya da istefa verməlidir. İki yolu var. - Millət vəkili seçilsəniz, ilk işiniz, ya da parlamentdə qaldırmaq istədiyiniz problem hansı olacaq? - Mən gənc namizəd olduğum üçün və siyasi fəaliyyətimdə hər zaman gənclərin hüquqlarını, onların istəklərini qabartdığım üçün təbii ki, aidiyyatı komissiyaya gənclərin evsizlik və təhsil probleminin həlli üçün ilkin qanun layihəsinin müzakirəsini təklif edərəm. Seçiləcəyim təqdirdə beş il müddətində ən çox bu problemi qabardacam. Gənclik ölkənin sabahıdırsa, həm də sahibidir. Ölkənin sabahını və sahibini bu duruma salmaqla sabahını bu duruma salırlar. Ona görə mən istərdim ki, Azərbaycan gəncliyi təhsil cəhətdən və sosial qayğılardan azad olsun ki, normal vətəndaş kimi ayaqda qala bilsin. Amma Azərbaycan gəncliyi, çox təəssüf ki, həm sosial problemlər, həm evsizlik problemi, həm təhsil problemi ucbatından sağlam bir vətəndaş kimi ayaqda qala bilmir. Hakimiyyətdə kim olur olsun - indiki hakimiyyət, ya da başqa partiya- unutmamalıdır ki, əgər ölkəsinin, millətinin sabahını düşünürsə, mütləq gənclər siyasətinə diqqət yetirməlidi. |
||
|
||
Ruslan, İzzətli:, “Tək, çarə, demokratiyadır”, |
|