Martda Ermənistana səfir təyin olunan Eliyahu Yeruşalmi news.am saytının suallarını cavablandırıb.
Xeber365.com bildirir ki, israilli səfirin Azərbaycanla bağlı cavabları saytın müxbirini razı salmayıb. Belə ki, Yeruşalmi erməni jurnalistin provakativ suallarından yayınıb. Müsahibəni ixtisarla təqdim edirik:
- İsrail Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini dəyişibmi? İsrailin Azərbaycana silah satdığını nəzərə alsaq, İsrail-Ermənistan münasibətlərini necə dəyərləndirirsiniz?
- Biz sülh istəyirik. Bizim siyasətimiz də ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında sülh razılaşması Minsk prosesinə əsaslanmalıdır. Siz öz xalqlarınızın xeyrinə hansı qərarları verəcəksinizsə, biz də onu qəbul edəcəyik. Ən başlıcası, regionda sülh bərqərar olsun. Silah satışına gəldikdə isə, İsrail birmənalı olaraq bu məsələni şərh etmir. Bu məsələ mənim İrəvana səfərim vaxtı da qaldırılmışdı və gələcək konsultasiyalar zamanı müzakirə olunacaq.
- İsrail hökumətinə "Erməni soyqırımı"nı tanımağa nə mane olur?
- Ermənilərin faciəsi hər zaman diqqətimizdədir. Amma İsrail bizim fikirləşdiklərimizi ifadə edə bilməz. Bu, sizinlə Türkiyə arasındakı tarixi problemdir. Siz bu məsələdə Türkiyə ilə hansı qərara gələcəksinizsə, biz də onu qəbul edəcəyik. Biz də çox faciələr yaşamışıq. Eləcə də, Qarabağ məsələsindəş Azərbaycanla hansı qərara gələcəksinizsə, onu da qəbul edəcəyik.
- Ötən ilin dekabrında baş nazir Binyamin Netanyahu Azərbaycana və Qazaxıstana getdi. İsrail KİV-i bu səfəri "tarixi" adlandırdı. İsrailin Avrasiya ölkələri ilə əlaqələrdə hansı maraqları var?
- Avrasiya İsrail üçün çox önəmlidir. Sovet İttifaqının süqutundan sonra biz Avrasiya ölkələrinə böyük maraq göstərməyə çalışdıq. Bura iqtisadi məsələlər, müxtəlif ölkələrdə yaşayan yəhudilərin maraqları daxildir. Ümid edirik ki, bizim əlaqələrimiz region ölkələri ilə daha da güclənəcək.
- Mən sualımı baş nazirin məhz Azərbaycana və Qazaxıstana səfəri kontekstində səsləndirmişdim...
- Mən Ermənistana ilk səfərim zamanı başa düşdüm ki, bizim münasibətlərimiz yalnız Ermənistan və İsraillə əlaqələrə aiddir, bunun digər ölkələrə aidiyyatı yoxdur. Biz hər şeydən əvvəl ikitərəfli və çoxşaxəli format axtarışındayıq. Mən ABŞ-da böyüdüm. İsrailə qayıdanda xalamı ziyarətə getdim. O, ermənilərdən kirayələdiyi mənzildə yaşayırdı və həmin binada çoxlu erməni var idi. Mən daha əvvəl ermənilər haqda heç nə eşitməmişdim. Mən onlar haqqında xalamdan öyrəndim. Daha sonra ermənilərlə görüşməyə başladım. Mən Ermənistanla İsrail arasında əlaqələrin daha da möhkəmlənməsi üçün əlimdən gələni edəcəyəm.
|