Şəhidimiz, uşaq evində böyümüş Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun “üzr" videosu ciddi müzakirə mövzusuna çevrilib.
Şəhid qardaşına affekt vəziyyətində dediyi sözə görə üzr istədilməsi, bunun lentə alınıb paylaşılması təbii olaraq, narahatlığa, etirazlara səbəb olub.
Niyyətlərinin nə olmasından asılı olmayaraq, etirazlar haqlıdır.
Əvvəla, sahib olduğu tək ailə üzvünün – qardaşının cənazəsi başında bu sözləri deyən gənci, hətta ittihamlarında haqlı olmasa belə, bu şəkildə “əzmək” cəhdi yolverilməzdir.
İkincisi, gəncin bu sözləri boş yerə, hansısa məqsədlə dediyi inandırıcı deyil. Ən doğma insanını itirmiş gəncin o durumdan məqsədli şəkildə yararlanmağı ağlından keçirməsi mümkün deyil.
Ən nəhayət, Azərbaycanda məhkəmə-hüquq sisteminə münasibət aydındır. Bu məmləkətdə insanlar aparılan istintaqın obyektivliyinə, verilən məhkəmə qərarlarının ədalətinə inanmır. Heç kim haqqını məhkəmələrdə axtarmır. Çünki korrupsiya, rüşvət, sifariş “qoxuyan" istintaq-məhkəmə qərarları gündəlik həyatımızda hər addımda qarşımıza çıxır. Belə olan halda, Sənanın iddialarının obyektiv araşdırıldığına kim inanar?
Hətta deyək ki, həqiqətən obyektiv araşdırma aparılıb, deyilənlərin doğru olmadığı sübuta yetirilib. Bir şəhid qardaşının “üzr" şousuna qarışdırılması nə deməkdir?
Ümumiyətlə, bu nə tendensiyadır axı?!
Kim etirazını yüksək səslə dilə gətirir, hüquq-mühafizə orqanlarının təzyiqinə məruz qalır, saxlanılır, həbsə atılır, “üzr" istədilir. Bu ölkədə sosial-iqtisadi sahələrdə milyonlarla problem var, bu problemlərin həlli istiqamətində hakimiyyətin heç bir ciddi addımı müşahidə olunmur. Səsini çıxaranın səsini batırmağa cəhd etmək nə problemi həll edir, nə etirazları azaldır. Əksinə, qəzəbə, nifrətə, hiddətlə səbəb olur.
Üstəlik, müharibənin qızğın vaxtında, ard-arda şəhid xəbərlərinin gəldiyi bu həssas məqamda belə iyrəncliyə əl atmaq o hiddəti, nifrəti daha da artırır, insanlarda qəzəb yaradır. Qəzəblənmiş kütləni idarə etmək isə mümkün deyil. Nifrətə, qəzəbə bürünmüş xalqın ölkədə xaos yaranmasını istəyən xarici qüvvələrin təsirinə düşməsi çox asandır.
Bu hakimiyyətdə bu reallığı görən, dərk edən heçmi idarəçi yoxdur?
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən bütün şəhidlərimizin qarşısında baş əyirik...
Gülşən Hacıyeva
Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini
|