"Özümüzü bəzən ədalətsiz ünvanlarda xərclədik"
Bir il öncədən ölkədə başlayan iqtisadi böhran bir çox ədəbiyyat saytlarının qapanmasına və xeyli yazarın işsiz qalmasına gətirib çıxardı. Ədbi mühitdə bir susqunluq yarandı. Bəs görəsən ədəbiyyatımızı yaxın dövrdə nə gözləyir? Bu haqda tanınmış gənc şair, AYB üzvü, 2013-cü il “Milli Kitab Mükafatı” və 2014-cü ildə “Ədəbi Azadlıq Mükafatı”na layiq görülmüş Şəhriyar Del Gerani ilə söhbət etdik.
- Şəhriyar, keçən il bu vaxtlar ədəbi mühit qaynar idi, ədəbi saytlar işləyirdi, yeni kitablar çıxırdı. Bu il sanki ədəbiyyatda bir ölgünlük var. Sən mövcud vəziyyəti necə qiymətləndirirsən?
- İqtisadi sabitlik pozulduqdan sonra ölkədə mədəni aura tamamən dağıldı və bunca qarışıqlıqda əl-əlbət saytlar da, o saytlarda tirajlanan məqalələr də, o cümlədən, kitablar da öz ilkin mahiyyətini "itirdi". İndi adamlar rəsmən "bir tikə çörək" adlı imtahandadırlar. Tərslikdən də bütün variantlarda göstərilən cavablar yanlışdı. "Darıxmağın adı” kitabımın təqdimat günü Yazıçılar Birliyinin binası önünə 200-ə yaxın adam gəlmişdi. Elə sən özün də ordaydın. Bilirsən ki, kitab mühitinin məlum vəziyyətində bu, əməlli-başlı izdiham demək idi. Hətta mənzərəni görən polislər elə bilmişdilər, nəsə aksiya-filan keçirilir. Gəlib ciddi-cəhdlə dağıtmaq istəyirdilər toplumu. İndi de görüm, hardadı həmin aura, həmin oxucular. Ki, 10 manat ayırıb gedib kitab alsınlar, ədəbiyyat oxusunlar? Cavabı sadədi. Aşağı-yuxarı hamısı məlum imtahanda. Adamların vəziyyəti çox ağırdı. Onlar nəinki ədəbiyyatdan, Allahdan da əllərini üzüblər.
- İstərdim, səninlə ədəbi mühitin nəbzini tutaq. Axı, ədəbiyyat adamı baş verəcəkləri hamıdan öncə hiss edir. Bəs sən yaxın gələcəkdə ədəbiyyatımızdan nə gözləyirsən?
- Yaxın 5-10 ildə ədəbi mühitdən birmənalı olaraq heç nə gözləmirəm. Yeni ədəbi nəslin gəlişi xeyli uzanacaq. Nədən ki, bir neçə ildir mən özüm də istedad yolu gözləyirəm. Darıxmışam istedadlı adamçün. Bəlli imzalardan nəsə gözləməyə az da olsa ümid var. Amma stalcasına ədəbiyyata sürtüşənlərdən heç nə. Olsa-olsa, ortalıqda atılıb-düşüb bizi əyləndirəcək, "ədəbi-tənqid"lə filan məşğul olacaqlar. Necə ki, bütün günü sosial şəbəkələrdə, öz aralarındakı məclisi-əncumanlarında 2-3 tapınacaq, sığınacaq imzanı danlamaqla məşğuldular. Deyingən qarı pozalarını dəyişib bir az özləriylə məşğul olsalar, normal ədəbi-tənqidlə hikkələrini ovundura bilərlər əslində. Yoxsa ömürlərinin sonunacan var gücləriylə özlərini biabır eləyib qurtaracaqlar. Şeirdə isə məsələ aydındı. Elə bizim məhəlləmizdə, feysbuk dostlarımın içində, demək olar, məndən başqa hamı şeir yazır. Sənə deyim, hamıda da az qala alınır.
- Bu, şeirin pis, yoxsa yaxşı vəziyyətdə olduğunu göstərir?
- Bu onu göstərir ki, artıq şeir deyə bir anlayış yox. Pis, yaxud yaxşı seçimi qalmayıb. Qabaqlar 3-4 ədəbi-mədəni qəzet olub, mətn yaza bilənlər oralarda çap olunub. Təbiri-caizsə, ədəbiyyatın mərkəzi vardı və bu mərkəzlər şair və yazıçını cəmiyyətə təqdim edirdi. Bütün elita da, oxucu kütləsi də həmin barmaqsayı ünvanlara baş çəkir, oxuyur, öz şairini də, yazıçısını da 10-15 imza arasından seçirdi. Yaxın illərdə o mərkəzlər dağıdıldı, çoxlu sayda dıqqılı-dıqqılı saytlar, qəzetlər yarandı, hansı ki, həqiqi oxucuların diqqətini cəlb etmədi, beləliklə yaxşı da pisin içində itdi. Daha hamı əli çatan, ünü yetən hər yerdə çap oluna bilir. Daha heç nəyi bərpa etmək mümkün deyil. Əgər bir şəhər dağılırsa, ordakı naşı, başdansovdu tikililər də dağılır, peşəkar, fundamental inşa edilmiş abidələr də. Redaktor yoldaşların da İP ucundan tutub dırmaşmadıqları yer qalmadı. Almanların məişət məsələlərinə belə bir yanaşması var: mənə pişiyin rəngi, cinsi, "sortu" maraqlı deyil, əsas odur, siçanı tuta bilsin. Bizim mədəniyyət işçilərinin böyük kəsimi də sayta, qəzetə, jurnala belə yanaşır.
- Yeni dövr şeirimizdə parlayan üç simadan tez-tez danışırlar. Biri 90-lardan 2000-lərə gəlib çıxan Salam Sarvan, o biri 2000-lərdən 2010-lara gəlib çıxan Aqşin Yenisey, sonuncusu da 2010-lardan bu yana Şəhriyar del Gerani. Salam Sarvanla Aqşin Yenisey bir növ mistik-faciəvi tale yaşadılar, əvvəl hamının sevimlisi oldular, sonra cəmiyyətdən küsdülər, hər şeydən uzaqlaşdılar. Bəs sən də o taleyi yaşayacağından ehtiyatlanmırsan ki?
- Ehtiyat etməkdən keçib daha. Gecdi. Bir balaca nigaranlığım var, vəssalam. Narahatlıq da bu ki, sənin də dediyin bu məşum təsbit, onillik məsələsi mənə və adını çəkdiyin dostlarıma xeyli düşmən qazandırmış. Bunca ağır şərtlər altında yaşamağın ağrısı bir yandan, bu sovxaya qalmış ədəbiyyatın, 3-5 şeirin qazandırdığı düşmənlər də o biri yandan. Bu qədər düşmənlə yaşamaq alınmır. Düzü, dözülməz olur bəzən. Adam publika qarşısına çıxıb, bütün mətnlərindən imtina edib üzr istəmək istəyir oxuculardan. Sonra da soyuq başla fikirləşib, əlini yellədib bir yekə "əşşşi" deyibən boş verirsən, keçib gedir. Daha ağır tərəfiysə başqa. Ki, biz özümüzü bəzən ədalətsiz ünvanlarda xərclədik. İnsan onsuz da xərclənir. Nə bilim, içki məclislərində, sevdiyi bir qadının yolunda, ailə daxilində, dost bildiyi adamların uğrunda və saira. Di gəl, özünü də elə adamların yolunda xərcləyəsən ki, tamamən yoxa çıxmayasan. Ya zəlzələdən-ya vəlvələdən, bir gün büs-bütün yoxa çıxsan belə, uğrunda xərcləndiyin adamlar, heç olmasa, ayağının bir tayını, qulağının birini, ikicə barmağını da olsa özünə qaytaralar. Özünə qaytaralar ki, buyur qardaş, bəlkə lazımın oldu...
- Orta əsrlər şərq şairlərinin bir növ mənəvi ruhaniliyi vardı. Məsəlçün, şair yalan danışmaz, şair alçaq hərəkət etməz, şair vicdanlı olar, haqqı deyər və s. Bəs sənin, daima əməl etdiyin belə ruhani qaydaların varmı?
- Yəni, təkcə şairlərmi bu ilahi düsturlara əməl etməli? Ümumilikdə bəşəriyyətə ünvanlanmış mesajlardı bunlar. Mənəviyyatdan kənar düşüb şair ola bilməzsən. Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən. Bir həqiqəti heç vədə unutmamalı: Allah hər şeyi görür! Bunu düşünmək yetər. Allahın hər şeyi görməsi həqiqəti çox dəhşətlidi. Mən bəzən Allahla qarşılaşmaqdan diksinirəm. Nə bilim, içib özümü Allahın gözündən salmağa çalışıram, onun nəzərindən yayınıram. Onunla baş-başa qalmaq məşəqqətə çevrilib son vaxtlar. Amma, dəqiq bilirəm ki, O, hər şeyi görür...
- Aqşin Yeniseylə sənin haqqında belə bir ittiham da var ki, “Onlar ədəbiyyatı qadına doğru qalxmaq üçün lift kimi istifadə edirlər”.
- Bilirəm. Belə bayağı fikirlərlə rastlaşıram hərdən. Düşünürəm bu, ölkədə androloqların kifayət qədər zəif fəaliyyətinin nəticəsidir. Adamlar qurşaqdanaşağı problemlərin içərisində əməlli-başlı itib-batıb. Lütfəli Abdullayev demiş, çətindü...
- Bu günlərdə “ANS” televiziyasında bir şou verilişində Qan Turalı ilə barışdığınızı gördüm. Necə düşünürsən, şairlərin, yazarların müğənnilərlə birlikdə belə şou verilişlərinə qatılmaları ədəbiyyatı gözdən salmır ki?
- Bilirsən ki, həmişə mənimlə şəxsi münasibəti, dostluğu olmayan adamların məni TV-yə çağırmamasını rica etmişəm. Sosial şəbəkələrdə də sitat paylaşmışam bu haqda. Jurnalist sorğularından biryolluq imtina etmişəm, müsahibələrdən də qaçıram. Amma bəzən elə bir adam xahiş edir ki, yox deyə bilmirsən. Bundan əlavə əgər hər-hansı verilişdə çıxıb ədəbiyyatdan, kitabdan, sənət həqiqətlərindən danışmaq mümkündürsə, niyə də o verilişdən imtina edəsən? Elə olub ayrı-ayrı vaxtlarda Qan Turalı, Nadir Qocabəyli, Şərif Ağayar, Fərid Hüseyn, Etimad Başkeçid və başqalarıyla telekanallarda çıxıb sırf kitab haqda da danışmışıq. Biz bu informasiya fürsətindən də yararlanmasaq, xalqa kitabdan, ədəbiyyatdan, sənətdən heç kim danışmayacaq. Bu dəqiq belədir. Milləti olmasa da, fərdləri xilas etmək mümkündü...
- Bir neçə gün öncə yarı zarafat, yarı ciddi bir bəyanat yaydın ki, ölkədən getmək fikrinə düşübsən, artıq hər şeydən bezibsən. Maraqlıdır, səni belə bezdirən nədir?
- Bir-iki məsələ var, alınmasa, gedib xaricdə təhsilimi davam etdirib oralarda yaşayacam. Başqa dildə yazmaq, başqa mədəniyyətlərdə yaşamaq istəyirəm. Belə alınmır.
- Düşünürsən ki, bunun yaşamaq ehtirasına müsbət bir təsiri olacaq?
- Olar-olar, olmaz-olmaz. Son anda bir killer tutub özümü güllələtdirmək qəddarlığını saxlamışam hələ.
|