The document has moved here.
|
||
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə | ||
“Savalan” sufi-mistik musiqi qrupunun rəhbəri Novruz Novruzlu: “Əməllər niyyətinə görə dəyər tapır. Burada insanın daxili aləmi, baxışı önəmlidir. Hər kəs öz düşüncəsində özgürdür. Kiməsə teatr “şeytan yuvası” görünə bilər. Ola bilər ki, teatrlar mühit olaraq sağlam deyil. Ancaq mənə görə ibadətgahdır. İnsan var ki, cənnəti də cəhənnəm edər...” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Adətən, rəhmətə gedən söz-sənət adamlarıyla vida mərasimi Akademik Milli Dram Teatrında və ya digər sənət ocaqlarında keçirilir, mərhumun cənazəsi burdan son mənzilə yola salınırdı. Şair Söhrab Tahirin cənazəsinin məsciddən götürülməsindən sonra filosof-tənqidçi Əsəd Cahangirin fikri birmənalı qarşılanmadı. O yazmışdı: “Axır ki, sovet dövründən fərqli olaraq mərhumlarımızı şeytanın evindən yox, Allahın evindən yola salırıq”.
Tənqidçi bunu fəlsəfi mənada söylədiyini, sənətin əslində şeytani mahiyyət kəsb etdiyini deyir. Biz isə bu fikri söz, fikir, sənət adamlarının müzakirəsinə çıxardıq: teatr sözün hansısa mənasında şeytanın evi ola bilərmi? Mərhumun cənazəsinin teatrdan götürülməsi nə dərəcədə yanlış və ya doğrudur?
“Məscid, ibadət edilməyən zaman adicə tikilidir”
“Dini xurafat bu gün son yüz ildə olmadığı qədər güclüdür” Yazıçı-publisist Vahid Qazi: “İnanmıram ki, Azərbaycanın mədəniyyət, ədəbiyyat, teatr tarixinə bələd bir adam olan Əsəd bəy bunu sözün birbaşa anlamında deyə. Kim bilməsə də, Azərbaycan teatrının hansı mühitdə yarandığını, hansı əzablardan keçdiyini o, yaxşı bilir. Yəqin ki, elə fəlsəfi mənada deyib.
“Sənət insan azadlığını təşviq edir, dinlər isə onu çərçivəyə çalır” Fizik Yalçın İslamzadə: “Təəssüf ki, son dövrlərdə monoteist dindən daha qədim olan düşüncə və sənət institutlarını dini baxışla, dini terminlərlə dəyərləndirmək – bu, əslində azad düşüncəyə və sənətə qarşı olan dinlərin baxış bucağından o institutları ittiham etməkdir – meyilləri artır.
“Əgər Tanrı gözəldirsə və gözəlliyi sevirsə, incəsənəti də sevir” Fəlsəfə doktoru Mail Yaqub: “Mənə görə, incəsənət ümumilikdə gözəlliyin təsviridir. Gözəllik aksiomatik faktdır. Hamı gözəl ev, gözəl insan, gözəl süfrə, gözəl mənzərəni sevir. Tanrı gözəldir və gözəlliyi sevir. Bu da faktdır və dini mətnlərdə də təsdiq olunub. Əgər Tanrı gözəldirsə, gözəlliyi sevirsə, incəsənət də gözəlliyin təsviridirsə, demək, Tanrı incəsənəti də sevir. Bunlar bir-birindən ayrı faktlar deyillər. Təbii ki, hər bir məkanda – küçədə, bazarda, məktəbdə ilahilik də ola bilər, ilahiliyə zidd olan məqamlar da. Bu, təkcə teatra aid deyil. Ancaq teatr “şeytan yuvasıdır” demək yanlışdır. Mən düşünmürəm ki, dostumuz Əsəd Cahangir teatrın başdan-başa şeytan yuvası olduğu qənaətindədir. Çünki onun sənətşünaslıq bilgilərinə bələdəm. Ancaq mən məsələyə daha geniş baxıram.
“Sənətin işi şeytanın mahiyyətini açmaqdır” Aktyor Rza Rzayev: “Əsəd Cahangir savadlı insandır, onu oxuyuram, ancaq bu deyimi yerində deyil. Sənət şeytani mahiyyət daşıya bilməz. Sənət dünyanın var olmasını uzadan vasitələrdən biridir. Buna görə də sənətin işi şeytanın mahiyyətini açmaq, nəyin şeytani əməl olduğunu tapmaqda, göstərməkdə seyirçiyə kömək etmək, onu düşündürməkdir. Əsl sənət heç vaxt “mütləq olan, tam olan budur” demir, görünənlərlə görünməyənləri, deyilə bilinənlərlə bilinməyənləri izah etməyə cəhd edir. Sənət cəmiyyət üçün vacib olan sabitləri, deyilməyənləri dəyişənlərdən qoruyur. Şeytani əməl sabitləri dağıtmağa, xaos yaratmağa, təməl qanunları pozmağa yönəlikdir. Sənət ikinci nöqtədən başlayır. Birinci nöqtə Tanrıya məxsusdur, ikinci nöqtəni hara qoymaqsa, insanın hardan baxmasına və harda olmasına bağlıdır. Şeytan əsl sənət olan yerə yaxın durmaz, çünki əsl sənət işıqdır, şeytan isə işıqda görməz, onun yeri qaranlıqdır. Sənət insanı isə qaranlıq yerə işıq tutar, şeytanın bəlkə də ən az at oynatdığı yer sənətdir. Bütün sahələrdə şeytan xislətli insanlar var. Amma sənət ilə məşğul olanlar şeytandan uzaq durmaq üçün bu “məkanı”ı seçirlər.
“Dəfn bürokratik məsələdir” Rejissor Əlisa Cabbarov: “İnanclı bir insan kimi deyə bilərəm ki, teatr mənim üçün ehramdır. Allahı dərk yolunda insana yardım ola biləcək, insanı özünə tanıda biləcək ehram. Dəfn məsələsi isə praktik, hətta bürokratik nüanslarla bağlı olan məsələdir. Burada ümumiləşdirməyə ehtiyac görmürəm”.
Teatr şeytan yuvasıdırsa, sənət adamları şeytanın xidmətçiləridir?” Şairə Sevinc Elsevər: “Əsəd əvvəlcə bu fikri fəlsəfi mənada yox, məhz, konkret mənada deyirdi. Ancaq fəlsəfi mənada Əsəd hardasa haqlıdır. Din ta qədimdən incəsənəti də, elmi də “şeytan əməli” adlandırırdı. Çünki incəsənət və elm dinin əhatə dairəsini daraldırdı. Əsəd bəyin dediyi fikirlərdə mən heç bir fəlsəfə görmədim. Məncə, Əsəd bəy Azərbaycanın çoxsaylı teatr xadimlərindən –rejissorlardan, aktyorlardan, teatrşünaslardan, dramaturqlardan, hətta teatrlarda illərini verən qarderobçulardan kiçik bir üzr istəməlidir. Mən hələ dünyasını dəyişmiş sənətkarları demirəm. Teatr şeytan yuvasıdırsa, orda cüzi məvaciblə ömrünü-gününü çürüdən sənət adamları kimdir? Şeytanın xidmətçiləri?
“Teatr nə məbəddir, nə də şeytan yuvası, yaradıcılıq emalatxanasıdır” Rejissor Mirsahib Ağazadə: “İstənilən nəsnə şeytani və ya irfani məna daşımaq potensialına malikdir. Bəşər yarandığı gündən bu dual xassəlik davam edir və edəcək. Misallar primitiv olsa da, sadalayacam. Silahla xidmət də etmək olar, xəyanət də. Avtomobili rahatlıq üçün də istifadə etmək olar, bir anın içində 4-5 adamı qanına qəltan etmək də. Əl-qərəz, sənət sənətkarın çıxış edəcəyi nöqtədən öz istiqamətini təyin etmiş olur. Əgər sənət adamı xəstə təfəkkürlüdürsə, komplekslər girdabında batırsa, ondan ən ağılagəlməz iblisanə “yaradıcılıq” gözləmək olar. Normal təfəkkürlü, xoşgörülü bir sənətçidə mütləq ruhu oxşayan, həqiqi yaradıcılıq aktı baş verməlidir. Teatr nə məbəddir, nə də şeytan yuvası. Teatr yaradıcılıq emalatxanasıdır. Qalıb kim necə yaradır... Fəlsəfi yanaşmaya qalsa, onda bilməlidirlər ki, Allahın olmadığı yer yoxdur. İslam fəlsəfəsində hər şey və hər yer Allah və onun sifətlərilə əhatə olunub. Odur ki, istənilən şəxsin hardan cənazəsini qaldırılmasına baxmayaraq, o, elə Allahın hüzurundadır. İstər bu aləmdə fiziki, istərsə də o biri aləmdə ruhi baxımdan”.
“Bu, mərhumun dini baxışından asılıdır” Şairə Könül Həsənqulu: “Bütün subyektiv fikirlərə hörmətlə yanaşıram. Zira ancaq və ancaq fikir müxtəlifliyinin çoxluğu bəşəriyyəti vahid, aydın həqiqət yoluna gətirə bilir. Mənim fikrimcə, sənət həyatın dekorativ şəklidir ki, onu həqiqi həyatdan fərqləndirən, maraq doğuran cəhəti də, məhz, rəngli dekorlarıdır. Mahiyyəti həyatdan götürüldüyü üçün həyat kimi sənətdə də ilahi və şeytani təzadlar mövcuddur. Sadəcə bəzi sənət əsərlərində birinə, bəzilərində isə digərinə olan meyl nisbətən artır. Bu, elə həyati hadisələrdə də belədir, qaçılmazdır. Yazıçı və digər sənət adamlarının cənazəsinin hardan - teatrdan və ya məsciddən götürülməsi isə sanıram, mərhumun dini baxışına əsaslana bilər”.
“İnsan var ki, cənnəti də cəhənnəm edər...” “Savalan” sufi-mistik musiqi qrupunun rəhbəri Novruz Novruzlu: “Əməllər niyyətinə görə dəyər tapır. Burada insanın daxili aləmi, baxışı önəmlidir. Hər kəs öz düşüncəsində özgürdür. Kiməsə teatr “şeytan yuvası” görünə bilər. Ola bilər ki, teatrlar mühit olaraq sağlam deyil. Ancaq mənə görə ibadətgahdır. İnsan var ki, cənnəti də cəhənnəm edər...” |
||
|
||
Sənət, adamının, cənazəsi, hardan, götürülməlidir?, –, Müzakirə, |
|