Almaniya parlamentinin qondarma “erməni soyqırımı”nı qəbul etməsi Türkiyəylə yanaşı, Azərbaycanda da rəsmi şəkildə etirazla qarşılanıb. Türkiyə hökuməti artıq sözügedən qərarın iki ölkə arasındakı münasibətlərə zərbə vurduğunu bəyan edib. Eyni zamanda, qondarma soyqırımıyla bağlı qətnamənin qəbulundan sonra Almaniyadan səfirini geri çağırıb. Bu gün isə İstanbulda yerləşən Almaniya konsulluğunun binası qarşısında etiraz aksiyaları keçirilib.
Bəs Azərbaycan bu durumda qardaş ölkəyə dəstəyini necə nümayiş etdirməlidir?
Türklər Almaniya siyasətində nüfuz qazana bilməyiblər
Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının sözlərinə görə, Azərbaycan Türkiyənin qərarlarına adekvat münasibət sərgiləyəcək: “Bu, ilk növbədə Türkiyənin qərarlarından asılıdır. Azərbaycan yəqin ki, Türkiyənin atacağı addımlara uyğun münasibət bildirəcək. Ona görə də hələ Türkiyənin münasibətini gözləyir. İlk olaraq, “Türkiyə nə edəcək, etməlidir?” sualı ətrafında düşünməliyik”
Sabir Rüstəmxanlı Almaniyada yaşayan türklərin ölkədə qərara təsir edəcək nüafuza sahib olmamaları barədə narazılığını ifadə edib: “Az qala yarım əsrdir Almaniyada milyonlarla türk yaşayır. Onlar niyə indiyədək Almaniya siyasətində elə bir mövqe tutmayıblar ki, bu gün də ölkənin yanlış addımının qarşısını ala bilsinlər?! Almaniyada hər halda ermənilərin sayı türklərin sayı qədər deyil. Ancaq ermənilər bunu bacardı, Almaniyada yaşayan türklər və türk diasporu bunu bacarmadı. Deməli, türklər Almaniya siyasətində nüfuz qazana bilməyiblər”.
Dünyanın Almaniyanın yəhudiləri qırmasını tanımaqla nə dəyişdi?
O, sözügedən qətnamənin ciddi bir önəm daşımadığını dilə gətirib: “Almaniya parlamentinin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyəyə heç bir təsir göstərən deyil. İkinci Dünya Müharibəsində Almaniya milyonlarla yəhudi qırdı, bunu da bütün dünya tanıdı. Nə oldu, Almaniyada nə dəyişdi? Almaniya bununla özünə qarşı çıxır. Əslində, Birinci Dünya Müharibəsində Almaniyayla Türkiyə müttəfiq idilər. Hesab edirlərsə ki, bu müttəfiqlik dövründə hansısa erməniyə qarşı zorakılıq olub, onda gərək türklərə qarşı olan soyqırımı da etiraf etsinlər. Çünki onda türklərə qarşı əsl soyqırımı olub. Ermənilər köçürülüb, amma türklər qırılıb. Almaniya bunu çox gözəl bilir”.
Türk dünyasında birlik yoxdur ki, səsini qaldırsın...
S. Rüstəmxanlı deyir ki, qətnamənin qəbul edilməsi təkcə Almaniyanın Türkiyəyə qarşı apardığı siyasət deyil: “Bu oyunbazlıq bütün Avropanın Türkiyəyə münasibətidir. Özü də bu, yüz illərlə davam edən bir münasibətdir: türkü məhv eləmək, türkü çökdürmək, Anadoludan çıxartmaq... Hamının gördüyü, bildiyi bir siyasət aparılır. Buna görə də təəccüblənmək lazım deyil. Təəssüf ki, türk dünyasında belə bir birlik yoxdur ki, birdən-birə 6-7 türk dövləti səsini qaldırsın, etiraz etsin.
İstənilən qanuna da yenidən baxıla, dəyişdirilə bilər, qətnamə də ləğv edilə bilər. Qətnamə sadəcə deklorativ bir şeydir, sözdən ibarətdir, bəyan olunur”.
Sevinc Fədai
|