Xəbər haqqında
20 Dekabr 2017 - Çərşənbə 17:06 1482 nəfər oxuyub
 
Seyid Əzim Şirvaninin nəticəsi İlham Əliyevdən yardım istəyir - Azərbaycana qayıtmaq üçün...
YARADICI Xəbəri
 Seyid Əzim Şirvaninin nəticəsi İlham Əliyevdən yardım istəyir - Azərbaycana qayıtmaq üçün...

1859-cu ilin mayında Şamaxıda baş verən zəlzələdən ən çox zərər çəkən ailələrdən biri də onun ailəsi idi. Güc-bəla ilə təmir edib sahmanladığı evi-eşiyi, həyət-bacası dağılmış, ailəsi ciddi maddi məhrumiyyətlərlə üz-üzə qalmışdı. Tərəqqipərvər ziyalılardan birinə göndərdiyi mənzum məktubda şair acı-acı etiraf edirdi:

 

Evimiz bir-iki-üç həftə çörəksiz qaldı,

Gah bişirdik noxudu, gah yedik lobyanı.

Qanını şişəyə tutdu fələk ol tifillərin,

Ac qalıb qaçdı uşaqlar dodağından qanı.

Gecələr nəql dedim körpə uşaqlarım üçün,

Nisyə sözdən nə bitər, çeynədilər yorğanı…

 

Söhbət ədəbiyyatımızın təşəkkülündə müstəsna xidmətləri olan görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvanidən gedir. O vaxt bu cür dağıdıcı zəlzələyə məruz qalanlara çox cüzi yardımla kifayətlənən hökumət öz siyasi idarəetmə işlərini yoluna qoymaq üçün quberniya mərkəzini Şamaxıdan Bakıya köçürməklə kifayətlənmiş, bu isə şamaxılıları “gözdən uzaq, könüldən iraq” vəziyyətinə gətirib çıxarmış, onların onsuz da ağır olan maddi vəziyyətini daha da pisləşdirmişdi.

 

Bu gün isə Seyid Əzimin nəticəsi Fatma xanım gözdən uzaq, könüldən iraqdır və öz vətənindən kömək umur. Məhz vətəninə qayıtmaq üçün...

 

Açığı, Daşkənd səfərində Seyid Əzimin xələfinin burada yaşadığını eşidəndə sevindim. Ancaq onun bu şəhərdə hansı şəraitdə, hansı çətinliklər, hansı şərtlər altında yaşadığından agah olmağım bu sevinci yarımçıq qoydu. Və qarışıq hisslər içində Fatma xanımla görüşüb, onun taleyini, müharibələrin dərbədər etdiyi ömür yolunu, köçkünlük həyatını öz dilindən eşitdim.

 

Fatma Əminağa qızı Quliyeva uzun illərdir ki, məcburi köçkün kimi, vətəndaşlığı olmayan şəxs qismində Daşkənd şəhərində, yaşayış üçün heç bir şəraiti olmayan yataqxanada ehtiyac içində yaşayır. İstəyi Azərbaycana qayıdaraq vətəndaşlıq almaq və bu arzusunun dövlət başçısı İlham Əliyevə çatdırılmasıdır.

 

Fatma Quliyeva 1941-ci ilin fevral ayında Türkmənistanın Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Anasının anası Seyid Əzimin doğma qızı seyid Fatma olub. Atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə gedəndən sonra 1943-cü ildə anası uşaqlarını götürərək Daşkəndə qohumlarının yanına gəlir.

 

Fatma xanımgil ailədə 6 uşaq olublar. Qardaşlarının üçü dünyasını dəyişib, qardaşı Cahangir Tacikistanda, bacısı Solmaz isə İran azərbaycanlısı ailə qurub və elə İranda da yaşayır.

 

Fatma xanım  1962-ci ildə Düşənbədə ailə həyatı qurub. Həyat yoldaşı İrandan olan azərbaycanlı Mehdiyev Qulam illər əvvəl rəhmətə gedib. 2 övladı var: Firuz və Nərgiz. Onları müharibə yenə yaşayış yerlərindən didərgin salıb. 1992-ci ildə Tacikistanda vətəndaş müharibəsi başladığından Daşkəndə qohumlarının yanına gəlməyə məcbur olublar. Qızı 1990-cı ildə Azərbaycanın Suraxanı rayonundan olan Talıbov Armiklə ailə həyatı qurub. Armikin atası azərbaycanlı, anası erməni idi. 92-ci ildə onların bir oğlu dünyaya gəlib. 96-cı ildə isə Nərgiz həyat yoldaşından ayrılıb. Fatma xanımda olan məlumata görə, o Leninqrad vilayətinə atasının yanına gedib və orada da dünyasını dəyişib:

 

“Qızım və nəvəm Tacikistan vətəndaşları olduqlarından mənim yanıma gəlmək üçün viza almalı olurlar. Qızım Özbəkistan vətəndaşı olmadığından burada iş tapa bilmir. Tacikistanda da evləri yoxdur, qohumların evində qalırlar.

 

Bəziləri mənim nəvəmin erməni olduğunu iddia edir. Amma elə deyil, yenə deyirəm ki, sadəcə qızımın həyat yoldaşının anası erməni olub. Bununla belə, Azərbaycanda on minlərlə erməni yaşayır, hətta aralarında yüksək vəzifələr daşıyanlar da var. Doğrudur, onların bəziləri özlərinin və həyat yoldaşlarının milliyyətini dəyişdirərək gürcü və ya azərbaycanlı kimi yazdırırlar. Amma gec-tez hər şey məlum olur. Biz azərbaycanlıyıq və bununla fəxr edirik.

 

Heydər Əliyev həmişə xalqımızın ziyalılarına və onların ailə üzvlərinə diqqətlə yanaşıb. İnanıram ki, onun layiqli davamçısı İlham Əliyev də mənim bu müraciətimi eşidəcək, problemimizin həlli üçün müvafiq tapşırığı verəcək.

 

Mənim bircə istəyim var, o da ömrümün bu ahıl çağında ailəmlə birlikdə ata-baba yurduma köçmək, həyatımın qalan hissəsini doğma torpaqlarımda yaşamaq və öləndən sonra o müqəddəs torpaqda dəfn olunmaqdır. Mən hələ də inanıram ki, sürgün-köçkün həyatımıza son qoyulacaq...”

 

Bildiyiniz kimi, körpəlikdən atasını itirən və babasının himayəsində yaşayan Seyid ondan ruhani təhsili alır və sonra təhsilini tamamlamaq məqsədilə İraqa gedir. Şərq ölkələrini gəzən Seyid Əzim əhalinin ağır maddi durumunun, şəhər və kəndlərdəki iqtisadi və mədəni geriliyin şahidi olur. Bu təəssüratla doğma yurda qayıdan şair dini-sxolastik elmlərin faydasızlığı qərarına gəlir və ruhani olmaq fikrindən daşınaraq özünün bütün enerjisini xalq maarifinin tərəqqisinə, məktəbdarlığa həsr edir. Şamaxıda “Üsuli-cədid” məktəbi açır və xalqının övladlarına dərs deməyə başlayır...

 

Böyük şair və yorulmaz müəllim kimi dünyasını dəyişən Seyid Əzimi “Mən öləndə Şahxəndanda basdırın, Çünki onun şahidi-xəndan var” beytindəki vəsiyyətinə əsasən Şamaxının Şahxəndan qəbiristanlığında dəfn etmişdilər.

 

Bu gün isə onun nəticəsi bu torpağa üz qoymaq, bu torpaqda uyumaq istəyir. Məncə, onun bu bunu arzulamağa və arzusuna çatmağa mənəvi haqqı var, ən azından babasının bu vətən üçün xidmətləri naminə... 

 

 

Sevinc Fədai, Daşkənd-Bakı

Xeber365.com

 

 

 

Mənbə: Müəllif:
, Seyid, Əzim, Şirvaninin, nəticəsi, İlham, Əliyevdən, yardım, istəyir, -, Azərbaycana, qayıtmaq, üçün...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı