Xəbər haqqında
07 Sentyabr 2017 - Cümə axşamı 14:39 7814 nəfər oxuyub
 
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov
BAXIŞ Xəbəri
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov

Müharibədə hər şey mübahdır.

 

İnformasiya texnologiyası və qloballaşma əsrində dünyada mövcud olan bütün münaqişələr kimi Ermənistan-Azərbaycan münaqişəsi də təkcə təmas xəttində  səngərlər qurmaqla məhdudlaşmır. Bu gün qarşıdurmanın alovu diplomatik və informativ döyüş meydanlarını da əhatə edib və bu meydanlarda səngər müharibəsindəki qədər aqressiv döyüşlər gedir.

 

İngilis qəzeti “Guardian”da dərc olunmuş, Azərbaycanın xaricdəki lobbist fəaliyyətinin maliyyələşdirilməsindən bəhs edən məqalə  məni çox sevindirdi. Hökumət rəsmiləri sözügedən fondla hər hansı əlaqəsinin olmadığını desə də, etiraf etmək lazımdır ki, əgər belə bir fond həqiqətən mövcuddursa və qeyd olunan istiqamətdə iş aparırsa, hazırda bu, Azərbaycanın xarici siyasət sahəsində aktiv fəaliyyəti ilə bağlı ən yaxşı reklamdır.

 

Əlbəttə, liberallar lobbist fəaliyyət məqsədilə istifadə edilən metodların guya qanunsuz, əxlaqa və mənəviyyata zidd olduğu barədə uzun-uzadı mülahizələr yürüdə bilərlər. Bununla razılaşmaq olar, ancaq bu qaydaları azərbaycanlı siyasətçilər kəşf etməyiblər. Onlar artıq çoxdan bütün dünyada tətbiq olunur. Üstəlik, öz maraqlarının lobbiləşdirilməsi siyasətinin əsas liderləri, bu gün Azərbaycanın tənqidçisi mövqeyində dayanan ölkələrdir. “İkra diplomatiyası” termininin özü populyarlıq səviyyəsinə görə “ermənilərin konyak dilomatiyası” termini ilə rəqabətə girə bilər. Yəqin ki, ölkədən asılı olaraq, istənilən diplomatiyanı bu və ya digər dad, yaxud qastronomiya termini ilə adlandırmaq mümkündür.

 

Məsələn, dünən İsveçrə səfiri ilə görüşdə bu məsələni müzakirə edərkən mən zarafatla “İsveçrə diplomatiyasını da “şokolad diplomatiyası” adlandırmaq olar” dedim.

 

Sirr deyil ki, az qala, istənilə ölkənin istənilən səfirliyi əməkdaşları üçün xüsusi fonda malikdir və həmin əməkdaşlar əlaqələrin qurulması, ölkə maraqlarının siyasətçilər və olduqları ölkəni ictimaiyyət nümayəndələri arasında təbliği məqsədilə məyyən vəsait sərf edirlər. 

 

Məndə hələ də qarşılıqlı hədiyyə qismində bağışlanmış spirtli içkilər və dünyanın bir çox ölkələrinə aid suvenirlər qalmaqdadır. (Tənqidçilərin nəzərinə çatdırım ki, onların dəyəri qanunla icazə verilən səviyyəni keçmir və rəsmi  deklarasiyası tələb olunmur).

 

Ümumiyyətlə, Azərbaycan hökumətinə  yalnız bir şeyi irad tutmaq olar – bu işə ermənilərdən daha gec başlamalarını. Niyə gec? Çünki ABŞ-ın Azərbaycanla bağlı 907-ci düzəlişi bu işlərin aparılmadığı dövrdə qəbul olunmuşdu. Çünki ərazisinin 20 işğal olunmuş, işğalçılar tərəfindən etnik təmizlənmə aparılmış, BMT-nin məlumatlarına görə, sözügedən təmizləmələr zamanı 758 min vətəndaşını qurban vermiş ölkənin ABŞ konqressinin sanksiyalarına məruz qalmasını nə sağlam düşüncə, nə də ədalət meyarı ilə izah etmək MÜMKÜN DEYİL. Onda niyə yüzlərlə ABŞ konqressmeni bir anda real qurbanları və real əzabları görməzdən gəldilər? Cavab sadədir – bu, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Onları satın almışdılar. Gəlin hər şeyi öz adıyla çağıraq. Hədiyyələrlə, səs vədləri ilə, Ermənistana səfərlərlə, seçki qərargahlarına ianələrlə satın almışdılar.

 

Bəs niyə heç kim bu barədə danışmır? Niyə təkcə Azərbaycan - xarici siyasətə hamıdan gec qoşulan bu oyunçu tənqid olunur? 

 

Bu sualın da cavabı sadədir – baş verənlər Azərbaycan əleyhinə aparılan təbliğat müharibəsidir və ilk növbədə, gələcək potensial müttəfiqləri və beynəlxalq arenadakı tərəfdaşlarımızı qorxutmaq məqsədi güdür. Bunda kim maraqlıdır? Cavab – çoxları. Və ermənilərin bu siyahıda birinci olmadıqlarını demək lazımdır.

 

Maraqlıdır ki, Azərbaycanda Qərb ölkələri ilə daha sıx əlaqələr qurmaq tendensiyası formalaşmağa başlayan kimi bizim daxili siyasətimizdə əcaib şeylər baş verir. Hansısa bədbəxt jurnalisti, ya da hüquq müdafiəçisini tuturlar, onu müqəddəs qurbana çevirirlər  və  bütün hüquq müdafiəsi təşkilatları əlbir şəkildə Azərbaycanı diktatura və totalitarizmdə ittiham edir.

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun sorğusu əsasında həbs olunaraq dörd il cəza almış Eynulla Fətullayevi xatırlayaq.  Düzdür, sonra Eynulla Fətullayevin XİN-in bəzi əməkdaşlarından daha vətənpərvər olduğu meydana çıxdı, ancaq onun həbsdə yatdığı dörd il ərzində Azərbaycanın əleyhdarları ölkə prezidentini ittiham etmək üçün aktual mövzu tapmışdılar.

 

Bu gün Mehman Əliyevin timsalında tarix təkrarlanır. Maraqlıdır, bizimlə bu oyunları kim oynayır?  Və Azərbaycanın Qərb ölkələri ilə normal münasibət qurması kimlərin xoşuna gəlmir?

 

Qoy Xədicə xanım İsmayılova mənim iradlarımı öz fəaliyyətinin tənqidi kimi yox,  Azərbaycan, bəlkə, elə dünya ictimaiyyətini erməni lobbist təşkilatlarının fəaliyyəti ilə tanış etmək təklifi kimi qəbul eləsin.

 

Doğrudanmı, OCCRP təşkilatı, erməni diasporunun Ermənistanın  maraqlarının reallaşdırılması üzrə nüfuzlu xadimləri ilə bağlı heç bir araşdırma aparmayıb?

Məsələn, mən bir neçə mövzu təklif edə bilərəm; Denon Sevanın BMT-də sanksiya qoyulmuş İraq  neftinin satışı ilə bağlı fəaliyyəti və onun BMT-dəki rus nümayəndələri ilə əlaqələri, Kaliforniyada developer fəaliyyəti ilə məşğul olan Serj Sarksyanın  qardaşının şirkətləri, Vatikan Bankının erməni diasporu, o cümlədən Argentinadakı diaspora ilə əlaqələri, K.Ter-Stepanyanın Brüsseldə Avropa Parlamentindəki lobbist fəaliyyəti və s.və i.

 

Rusiyada erməni maraqlarının lobbiləşdirilməsi və RF XİN-in rəhbəri Sergey Lavrovun Ara Abramyanla dostluğu haqqında da bilmək maraqlı olardı.  Ya da məsələn, «Russia Today»in rəhbərinin ABŞ-dakı erməni diasporu ilə əlaqələri haqqında... Bütün bunların hədiyyəsiz və rüşvətsiz baş verdiyinə inanmıram.

 

Uzun sözün qısası, dünyada bizim hələ bilmədiyimiz, ya da Azərbaycanın əleyhdarlarını ciddi-cəhdlə gizlətdikləri maraqlı məqamlar çoxdur. Ona görə də, Xədicə, “Pandoranın yeşiyi”ni açın ki, sizi birtərəfli yanaşmada və kimlərəsə xidmət etməkdə suçlamasınlar.

 

Sonda bir daha demək istəyirəm ki, "The Guardian"da çıxan məqalə məni çox sevindirdi. Zərbə hədəfə dəydi, ona görə də bu qədər səs-küy doğurdu. Sükanı belə saxlayın, cənab Prezident!

 

Tərcümə: Xeber365.com

Mənbə: Müəllif:
Sükanı, belə, saxlayın,, cənab, Prezident!, -, Tofiq, Zülfüqarov,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı