Xəbər haqqında
13 Avqust 2017 - Bazar 22:54 396 nəfər oxuyub
 
Təbəssüm - Rey Bredberinin hekayəsi
YARADICI Xəbəri
Təbəssüm - Rey Bredberinin hekayəsi

Xeber365.com ənənəsinə sadiq qalaraq bu bazar gecəsi də sizə bir hekayə təqdim edir. Bu dəfə sizi amerikalı yazıçı Rey Bredberinin "Təbəssüm" hekayəsini oxumağa dəvət edirik:

 

 

İnsanlar şəhər meydanında növbəyə düzülməyə başlayanda hələ üfüq təzə ağarırdı, evlərin işıqları yanmasa da, uzaqdan ilk xoruz banı eşidilirdi. Təxminən saat yeddidə xaraba binaların üstünə çökən duman və qaranlıq dağıldı. Adamlar yol uzunu iki-iki, üç-üç sıraya düzülmüşdülər. Bayram və yarmarka günü olduğu üçün hamı şəhərə tökülüşmüşdü.

 

Balaca oğlan yüksək səslə söhbət edən iki kişinin arxasında dayanmışdı. Kişilərin səsi təmiz, şaxtalı havada ikiqat güclü çıxırdı.
Uşaq yerində qurdalanır, soyuqdan donmuş barmaqlarının ucunu nəfəsi ilə isitməyə çalışırdı; gah qonşularının kirli, kobud parçadan olan geyimlərinə, gah da qarşısındakı uzun növbəyə baxırdı.

 

- Eşidirsən, balaca, səhərin gözü açılmamış burda nə işin var? – arxasındakı adam soruşdu.
- Bura mənim yerimdir, növbəyə dayanmışam, - oğlan cavab verdi.
- Yaxşısı budur, yerini başqalarına verəsən. Sənin belə şeylərdən başın çıxmaz!
- Uşaqla işin olmasın, – qarşısında dayanan kişilərdən biri üzünü çevirib söhbətə müdaxilə etdi.
- Zarafat elədim, - arxadakı kişi əlini uşağın başına qoydu. Oğlan silkələnib əli başından atdı. – Uşağın səhər vaxtı yuxusuna haram qatıb bura gəlməyi məni təəccübləndirdi.
-Bu oğlanın incəsənətdən başı çıxır, başa düşdün? – oğlanın tərəfini saxlayan kişi bir də dilləndi, onun soyadı Qriqsbi idi. – Adın nədir, balaca?
-Tom.
-Bizim Tom durnanı gözündən vuranlardandır, elə deyil, Tom?
-Düzdür!
Sıradakıların hamısı bu söhbətə güldü.
Qabaqda kimsə çatlamış fincanlarda isti qəhvə satırdı. Orada balaca, isti ocaq və paslanmış qazançada qaynayan həlim var idi. Tom bilirdi ki, bu əsl qəhvə deyil. Onu şəhər kənarındakı çəmənliklərdə bitən giləmeyvələrdən bişirib, fincanı bir pennidən satırdılar. Soyuqda isinmək üçün pis deyildi. Ancaq belə "ziyafət”ə çoxunun pulu çatmırdı.
Tom baxışlarını partlayışdan dağılmış daş hasarın arxasına, sıranın gözdən itdiyi yerə zilləmişdi.
-Deyirlər, o gülümsəyir, - dedi oğlan.
-Aha, gülümsəyir, - Qriqsbi cavab verdi.
-Deyirlər, o boyadan və kətandan düzəldilib.
-Əlbəttə. Ona görə mənə elə gəlir ki, o, əsl nüsxə deyil. Eşitmişəm ki, əsli Nuh əyyamında taxta üzərində çəkilib.
-Deyirlər, onun dörd yüz yaşı var.
-Bəlkə də çox. Ona qalsa, indi heç kim neçənci ildə olduğumuzu bilmir.
-İki min altmış birinci!
Düzdür, elə deyirlər, oğlan, deyirlər... Yalandan... Bəlkə də üç mininci ildir! Ya da beş mininci! Hardan bilək? Neçə vaxtdır aləm bir-birinə qarışıb. Əlimizdə-ovcumuzda da bir şey qalmayıb. Bax belə.
Sıra tərpəndikcə həmsöhbətlər də ayaqlarını körpünün soyuq daşları ilə sürüyə-sürüyə yavaşca irəli hərəkət edirdilər.
-Onu görməyimizə çox var? – Tom bezmişdi.
-Üç-dörd dəqiqə sonra. Səbr elə. Onu dörd sütuna sarınmış məxmər kəndirlə əhatəyə alıblar ki, adamlar çox yaxınlaşmasın. Yadında saxla, Tom, daş olmaz, ona daş atmağı qadağan ediblər.
-Oldu, ser.
Günəş yüksəlir, özü ilə birlikdə istilik gətirirdi. Kişilər sürtülmüş gödəkçələrini və kirli şlyapalarını əyinlərindən atırdılar.
-Biz niyə bura yığışmışıq ki? – Tom bir az fikirləşib soruşdu. – Niyə tüpürməliyik?
Qriqsbi onun tərəfə baxmırdı, üzünü günəşə tutub saatı təyin etməyə çalışırdı.
- Eee, Tom, səbəblər çoxdur. – O, əlini çoxdan mövcud olmayan cibinə uzadıb olmayan siqaretini çıxartmaq istəyirdi. Tom bu hərəkəti milyon dəfə görmüşdü. - Bütün məsələ nifrətdir, keçmişlə bağlı hər şeyə nifrət. Hələ mənə de görüm, necə oldu ki, biz bu günə düşdük? Şəhərlər xarabalığa döndü, yollar bombardmandan dağıldı, talalar gecələr radioaktivlikdən işıq saçır. De görüm, bu alçaqlığın son həddi deyilsə, nədir?
- Bəli, ser, əlbəttə.
- Gördün... İnsan onu məhv edən, həyatını puç edən hər şeyə nifrət edir. Xisləti belədir. Ağılsızlıq kimi görünsə də, insan təbiəti budur.
- Bəs bizim nifrət etmədiyimiz kimsə, nəsə ola bilər? – dedi Tom.
- Yox-yox! Bütün günah keçmişdə dünyanı idarə edən qoyun sürüsündədir!
Onların ucbatından biz bu gün səhərin gözü açılmamış burada dayanmışıq, mədəmiz aclıqdan büzüşüb, dişlərimiz soyuqdan şaqqıldayır, mağaralarda yaşayırıq, nə çəkməyə bir şey var, nə içməyə. Bayramlardan başqa heç nəyimiz yoxdur, Tom. Bayramlardan...

 

Tom fikrində son illərdə iştirak etdiyi bayramları götür-qoy elədi. Meydanda kitab cırıb, yandırdıqları günü yada saldı. Hamı sevincdən sərxoş kimi gülürdü. Hələ elm bayramında şəhərə ən son avtomobili də gətirmişdilər. Sonra püşk atdılar və bəxtəvərlər maşına böyük çəkiclə bir zərbə endirmək şansı qazandılar!

 

- Mənim? Mənim yadımdadırmı, Tom? Əlbəttə. Qabaq şüşəni qıran mən idim, eşidirsən, şüşəni. Səs elə gözəl idi ki! Tarrrraaak!
Elə bil, Tom doğurdan da çilik-çilik olan şüşənin səsini eşitdi.
-Bill Henderson isə mühərriki pis günə qoydu. Eh, əcəb yaxşı dağıtmışdı, lap ustalar kimi. Bammm! Ancaq hamısından yaxşı, –

 

Qriqsbi yada salmağa davam edirdi, – zavodu yerlə-yeksan edəndə olmuşdu. Həmin zavod hələ də təyyarə istehsal etməyə çalışırdı. Bax, onda könlümüzcə əylənmişdik! Sonra nəşriyyat və hərbi ehtiyat anbarı tapmışdıq. İkisini birdən partlatdıq! Təsəvvür edirsən, Tom?
-Aha.
Günortadır. Dağıdılmış şəhərin qoxusu isti havanı zəhərləyirdi. Xarabalıqları arası ilə nəsə hərəkət edirdi.
-Ser, o, bir də heç vaxt qayıtmayacaq?
-Nə, sivilizasiya? Kimin nəyinə lazımdır? Ən azından mənə lazım deyil!
-Mən isə ona dözməyə razıyam, – sıradakılardan birinin səsi gəldi, – Hər şey olmasa da, onun yaxşı cəhətləri var idi...
-Boş-boş danışmaq lazım deyil! – Qriqsbi qışqırdı, – Onsuz da xeyri olmayacaq.
-Eeey, – yenə kiminsə narazılığı eşidildi, – Tələsməyin. Görərsiniz: bir ağıllı adam çıxıb hər şeyə əl gəzdirəcək. Dediyimi yaddan çıxarmayın. Yaxşı bir adam gələcək.
-Eləsi olmayacaq! – dedi Qriqsbi.
-Mən də deyirəm ki, olacaq. Könlü gözəllikdən yana olan bir adam. O, bizə köhnəni yox, xüsusi növ məhdudlaşdırılmış sivilizasiyanı qaytaracaq. Hamımızın sülh içində yaşaya biləcəyimiz şəraiti yaradacaq.
-Gözünü qırpmağa macal tapmamış, yenə müharibə başlayar!
-Niyə ki? Bəlkə bu dəfə hər şey başqa cür oldu.
Nəhayət onlar mərkəzi meydana ayaq basdılar. Eyni anda meydana əlində vərəq tutmuş atlı gəldi. Mühafizə edilən yer meydanın düz ortasında idi. Tom, Qirqsbi və digərləri ağızlarına tüpürcək yığıb irəli gedir, gözlərini bərəldib hazırlaşırdılar. Tomun ürəyi tez-tez döyünür, torpaq onun yalın ayaqlarını yandırırdı.
-Hə, Tom, indi bizim növbəmizdir, yatma!
Mühafizə olunan meydançanın künclərində dörd polis – biləklərinə üstünlüklərinin nişanəsi olan sarı kəndir bağlanmış dörd kişi – dayanmışdı. Onlar nəzarət etməli idilər ki, adamlar daş atmasınlar.
-Bunu ona görə edirlər ki, - Qriqsbi izah etməyə başladı, – hərə bir dəfə tüpürə bilsin, başa düşdün, Tom? Hə, nə durmusan?
Tom rəsmə baxanda donub qaldı.
-Tüpür də!

 

Oğlanın dil-dodağı qurumuşdu.
-Tom, tələs! Dayanma!
-Axı, – Tom astadan dedi, – o, gözəldir!
-Yaxşı, mən sənin əvəzinə tüpürərəm!

 

Qriqsbinin tüpürcəyi gün işığında parladı. Rəsmdəki qadının sirli və kədərli təbəssümü var idi. Tom onun gözlərinə baxanda ürəyinin uçunduğunu hiss etdi, qulaqlarında isə musiqi səslənirdi.
-O, gözəldir, - Tom təkrarladı.
-Tərpən, indi polis qışq...
-Diqqət!

 

Sıra sakitləşdi. Hamı Tomu danlayırdı. Kötük kimi ortada dayanıbmış! İndi isə hamı üzünü atlıya çevirdi.
-Onun adı nədir, ser? – Tom sakitcə soruşdu.
-Rəsmi deyirsən? Deyəsən, "Mona Liza”... Hə, dəqiqdi: "Mona Liza”
-Elana qulaq asın, – dedi atlı, – hakim dairələr qərar verib ki, portret bu gün günorta məhv edilmək üçün şəhər sakinlərinə təhvil verilməlidir.

 

Tom ağzını açmağa macal tapmamış sıradakılar qışqıra-qışqıra, itələşə-itələşə onu rəsmin yanına sürüdülər. Cırılan kətanın qulaq deşən səsi... Polislər kənara atılıb canlarını qurtardılar. Camaat bağırır, ac quşların dimdiklərinə bənzəyən əllər portreti didirdi. Tom digərlərini yamsılayıb əlini uzatdı, bir parça kətan qapdı, dartdı və yıxıldı. İtələşmələr və təpiklər onu camaatın arasından azadlığa atdı. Üst-başı sıyrıq içində, pal-paltarı yırtılmışdı. Qarılar kətan tikələrini çeynəyir, kişilər çərçivəni qırır, sərt parçaları ayaqları ilə dartışdırıb tikə-tikə edirdilər.

 

Bircə Tom bu həngamədən kənarda dayanıb büzüşmüşdü. Gözü əlində idi. Əli titrəyə-titrəyə sinəsinə sıxılıb qapdığı kətanı gizlədirdi.
-Ey, Tom, sənə noldu? – Qriqsbi qışqırdı. Tom heç bir söz demədən, ağlaya-ağlaya oradan uzaqlaşdı.

 

Bomba izləri ilə dolu kələkötür yolu, talanı, xırda çayı keçib şəhər kənarına qaçdı. Arxasına baxmadan, sıxılmış ovcunu gödəkcəsinin altında gizlədib qaçırdı. 

 

Gün batanda balaca kəndə çatdı. Saat doqquzda fermanın dağıdılmış binasında idi. Binanın arxasında xaraba qalmış silos qülləsindən gələn səslərdən ailəsi yatdığını təyin etdi – anası da, atası da, qardaşı da yatıb. Sakitcə dar qapıdan sivişib yerinə uzandı. Təngnəfəs idi.

 

-Tom? – qaranlıqda anasının səsi gəldi.
-Hə.
-Harda veyllənirdin? – atası qışqırdı. – Səninlə səhər danışacam...
Kimsə ona təpik atdı. Bu gün ikisinin də əvəzində bostanda işləməyə məcbur olan qardaşının ayağı idi.
-Uzan!
Bir də təpik.

 

Tomun nəfəsi yavaş-yavaş qaydasına düşdü. Araya sakitlik çökdü. Əlini hələ də sinəsinə sıxmışdı. Yarım saat beləcə gözüyumulu uzandı. 

 

Sonra nəsə hiss elədi: soyuq bəyaz işıq. Lap yuxarıda ay gəzişirdi və Tomun bədəni ilə balaca kvadratşəkilli şüa sürünürdü. Yalnız indi o, yumruğunu zəiflətdi. Yavaşca, ehtiyatla, yatanların səslərinə qulaq asa- asa əlini açdı. Ləngidi, dərindən nəfəs aldı, sonra bir az da gözləyib barmaqlarını araladı və boyanmış kətan parçasını hamarladı.
Ay işığına qərq olmuş dünya yuxu görürdü.

 

Tomun ovcunda isə Təbəssüm var idi. O, ovcunu səmadan süzülən ağ işığa tutub xəzinəsinə baxır və pıçıltı ilə öz-özünə təkrarlayırdı: "Təbəssüm, möcüzəli təbəssüm...”

 

Bir saat sonra Tom kətanı ehtiyatla qatlayıb gizlətdi. Lakin Təbəssüm gözünün qabağından getmirdi. O, gözlərini yumsa da, Təbəssümü görürdü. Mehriban, şəfqətli. Tom yuxuya gedəndə də, Təbəssüm orada idi.
Hər şeydən xəbərsiz dünya isə səssizliyə məhkum idi. Ay soyuq səmada əvvəl yuxarı, sonra aşağı üzür, səhərin görüşünə tələsirdi.


 

Tərcümə edən : İlahə Əkbər

Mənbə: Müəllif:
Təbəssüm, -, Rey, Bredberinin, hekayəsi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı