Bu, qanunda nəzərdə tutulmayıb bu. Baş nazir, baş nazirin müavini o strukturda sayılmır. Məsələn, Rövnəq Abdullayev. Həm millət vəkilidi, həm dövlət neft şirkətinin rəhbəridi, həm AFFA-nın rəhbəridi, həm də “Neftçi” futbol klubunun prezidentidi. Ümumiyyətlə, dünyada belə təcrübə yoxdu. Həm futbol klubunun birinin rəhbərisən, həm də futbol klublarına rəhbərlik eləyən qurumun.
MÜSAHİBƏ Xəbəri
Azərbaycan Respublikası Milli Məclisinə növbəti- beşinci seçkilərə artıq start verildi. Xeber365.com saytı da həm prosesi canlandırmaq, həm də seçiciləri millət vəkilliyinə namizədlərlə yaxından tanış etmək üçün “Milli Məclis-2015” adlı yeni layihəyə başlayıb. Layihəmizin növbəti qonağı gənc siyasətçi, “Ümid” partiyasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini Ramin Hacılıdır.
- Ramin bəy, ölkədə seçki ab-havası varmı və xalq seçirmi?
- Hələ ki, seçki ab-havası bütün ölkə səviyyəsində hiss olunmur. İnsanlar təsəvvür eləyir ki, hə, bu il də seçki olacaq, kimlərsə artıq təyin olunub və sair. Bu qədər. Bundan öncəki seçkilərə nisbətən çox güclü süstlük var. Vəziyyət, təxminən, bələdiyyə seçkilərində müşahidə olunduğu kimidi. Yalnız ictimai siyasi aktiv insanlar seçki haqqında düşünür. Amma geniş xalq arasında ciddi müzakirələrə səbəb deyil. Xalq seçmədiyini düşünür. Əvvəlki seçkilərdə 90 hallarda xalq seçimi olmayıb. Buna görə. Müxalif camiə seçkilərin kütləvi saxtalaşdırıldığını deyib, xalq da bunun şahidi olub və başa düşüb ki, onun neynəməyindən asılı olmayaraq seçkilər saxtalaşdırılacaq, onların səsi nəzərə alınmayacaq. Ona görə də insanlar deyirlər ki, ağrımayan başım sakit qalsın. - Onda niyə millət vəkili olmaq istəyirsiz?
- Bura bizim vətənimizdi. Biz vətənimizdən kənarda heç vaxt birinci dərəcəli insan ola bilmirik. Xüsusən də bu yaşdan sonra. Qərbdə yaşaya bilərəm, amma öz iddialarımın hamısını tətmin eləyə bilmərəm, çünki o yerlərdə mənim heç vaxt əsas fiqurlardan biri olmaq şansım yoxdu, oranın vətəndaşı kimi doğulmamışam. Amma bura bizim vətənimizdi, biz buranın vətəndaşıyıq. Azərbaycan üçün nəsə eləməliyik, töhfələr verməliyik. Siyasi fəaliyyətlə kiçik yaşlarımdan məşğul olmuşam, bu sahədə təhsil almışam, təcrübəm var. Düşünürəm ki, bunu tətbiq eləyərək ölkəmə, xalqımıza töhfələr verə bilərəm. - Namizədliyinizi verdiyiniz dairə haqqında nə bilirsiz, nə qədər tanıyırsız oranı?
- Mənim bu dairədə uzun müddət ofisim olub, işləmişəm. Çox sayda tanışlar, qohum və dostlar var. Şəhərin mərkəzidi. Nərimanov rayonu ərazisində 19 saylı birinci seçki dairəsi. Ərazisi daş karxanası, Montin bazarı ətrafı, Heydər Əliyev prospektinin bir hissəsini və Nərimanov metrosu ətrafını əhatə eləyir. Yəqin ki, Bakıda yaşayan böyük əksəriyyət bu ərazidən istifadə eləyir və mütləq orda bir tanıdıqları var. Namizədliyimizi burdan verməyimin ilk səbəbi budu. İkinci səbəb: bu ərazidə heç bir qapalı tipli müəssisə yoxdu- hərbi hissə, yaxud da həbsxana. Bu o deməkdi ki, kiminsə xeyrinə səs çıxsın deyə səsləri qutu ilə gətirməyəcəklər. Üçüncü səbəb ondan ibarətdi ki, Biz, “Ümid” partiyası olaraq həmin ərazidə bələdiyyə seçkilərində qalib gəlmişdik. Eyni zamanda on iki məntəqədə katibimiz var. Bunlar təsirli vasitələrdi. Bundan başqa şəhərin mərkəzidi. Beynəlxalq müşahidəçiləri cəlb eləmək rahat olacaq. Məntəqələr yaxındı. Bütün bunları nəzərə alaraq bu ilin yanvarından ərazidə işləməyə başlamışıq. Əlavə bir ofis götürdük, komanda formalaşdırdıq. Bütün məntəqələr üzrə sistemi qurmuşuq. Artıq imzatoplama kampaniyasına başlamışıq. Təsəvvür eləyin ki, imza vərəqələrini ilk götürəndən biri olduq. Ona görə ki, artıq hazır idik. Ayın 12-dən imza vərəqələrini gerialma başlayacaq və ilk təhvil verən də biz olacağıq. Kimsə namizədliyini bundan sonra elan eləyəcək, bundan sonra imza yığacaq, bundan sonra təbliğat aparacaqsa, biz artıq hər bina üçün öz nümayəndəmizi müəyyənləşdirmişik. Təbliğat zamanı bundan istifadə eləyəcəyik. - Seçki kampaniyası üçün gərəkli büdcəniz varmı? Varsa, mənbəyini göstərin.
- Bizim bir axsayan yerimiz maddi tərəfdi, çünki maddi olaraq o qədər də güclü deyilik. Hər hansı biznesimiz, ya da burjua dəstəyimiz yoxdu. Bunu da xalqdan dəstək alaraq, dostların yardımı ilə həll eləyəcəyik və seçkidə qələbəmiz təmin olunacaq. - Hazırkı parlamentə münasibətiniz.
- Vallah, mən düşünmürəm ki, hazırkı parlamentdən orda oturanların özləri də məmnundu. Maraqlı bir şey deyim. II Aleksandr 1861-ci ildə islahat qərarı verəndə bütün yaxınları soruşurlar ki, bu islahata nə ehtiyac var? Çünki hər şey qaydasındadı və təhkimçilik hüququnun ləğvi bizim sonumuz ola bilər. Aleksandr cavab verir ki, siz elə bilirsiz, təkcə xalq bizdən qorxur? Biz də xalqdan qorxuruq. Onlar qorxur ki, biz nə vaxt onları əzəcəyik. Biz də qorxuruq ki, onlar nə vaxt qalxıb bizi əzəcəklər. Bu qədər qorxu içində nə biz xoşbəxt ola bilərik, nə də xalq. Necə ki belədi. Heç birimiz xoşbəxt deyilik, bir-birimizdən qorxuruq, ağız-ağıza yatırıq. İndi Azərbaycanda heç kim xoşbəxt, rahat deyil. Həm yerləşdiyimiz region olaraq. Məsələn, dini nöqteyi-nəzərdən. Azərbaycanda iğtişaşlar törətmək istəyirlər. Milli nöqteyi-nəzərdən. Azərbaycanın enerji resurslarını, strateji mövqeyinə arxalanaraq bölgəni ələ keçirmək istəyirlər. Həm xarici basqı var, həm daxili. Bizim dövlət ənənəmizin formalaşmaması, millətləşmə prosesinin tam yekunlaşmaması, hələ tam olaraq xoşbəxtlik mərhələsinə gəlib çatmağımıza mane olur. Bu baxımdan parlamentdəkilər də, biz də xoşbəxt deyilik. Biz onların işindən, onlar da öz işlərindən narazıdırlar. Nəyisə dəyişməksə onların əlində deyil. Çox təəssüf ki. Parlamentari çox rahatlıqla deyə bilər ki, biz qanun qəbul eləmişik. Buyurun baxın, qanunlar heç də pis deyil, dünya standartlarına uyğundu, amma bunun icrasında problem varsa, onun məsuliyyətini biz daşımırıq. Bunu çox rahatlıqla deyə bilərlər, çünki parlamentdə əyləşənlər ixtiyar sahibi deyil. Çünki Azərbaycanda dövlət idarəçilik mexanizmi parlament üsul-idarəsi deyil, prezident üsul-idarəsidi. Prezidentin komandası var və parlamentin formalaşmasına böyük təsir göstərir. Azərbaycan prezidenti həm də hakim partiyanı idarə eləyir. Bu o deməkdi ki, parlamentin əksəriyyəti hakim partiyadandısa, onun liderliyi altındadı və liderin dediyi ilə oturub-durmalıdılar. Məsələn, bu gün Ərdoğanın Türkiyəni aparmaq istədiyi yer Azərbaycandı. Bu format artıq hakimiyyət bölgüsünü də şübhə altına alır. Çünki hakim partiya parlamentdə çoxluğa sahibdi. Hətta parlamentin hamısı da demək olar. Ona görə ki, əks fraksiya yoxdu. İcra strukturuna tam sahibdi, o cümlədən də məhkəmə və digər strukturlara. Belə vəziyyətdə bütün məsələlərlə bağlı məsuliyyət prezidentin üzərinə düşür. Diqqət eləsəniz, görərsiniz. Ziya Məmmədovu qınayırlar ki, taksilər niyə bu rəngdədi. O bir kəlmə ilə bütün məsələni həll eləyir: “cənab prezident özü seçib”. Prezident dizayner deyil, taksi rəngi müəyyənləşdirən deyil, heç bəlkə xəbəri də yoxdu, amma hər kəs öz məsuliyyətini prezidentin üstünə ata bilir. Bu çox təhlükəlidi. Çünki xalqa elə izah olunur ki, hər bir şeylə bağlı qərarı prezident verir. Bu halda insanlar yaxşı bir şey də olanda, pis də olanda prezidentə məktub ünvanlayırlar, ondan gözləyirlər. Məsələn, Mingəçevirdə hadisə baş verdi, bir insan polis bölməsində öldü. Bununla bağlı prezident məsələyə müdaxilə elədi, nəzarətinə götürdü. Son vaxtlar bunu çox görürük. Bu təhlükəli tendensiyadı. Belə olanda hətta zəlzələ baş verəndə də xalq prezidentə məktub yazacaq ki, niyə zəlzələ oldu. Prezident artıq tanrıya çevrilir. Bu isə şəxsiyyətə pərəstişə gətirib çıxardır. Hamısının da səbəbdi odu ki, texnoloqlar düzgün işləmirlər, bu çox yanlış texnologiyadı və dərhal dayandırılmalıdı. Mən düşünürəm ki, Azərbaycanda vətəndaşların məsuliyyətinin çoxaldılmasına çalışılmalıdı. Amerikada heç bir insanın prezidentin hansı işlərlə məşğul olduğu barədə məlumatı yoxdu. Heç konqress də maraqlanmır. Çünki insanlar polisi seçir, bələdiyyəni seçir, öz məhləsinin komendantını seçir, məktəb direktorunu seçir, qubernatoru seçir və orda məşğuldular. Şəxsiyyətdilər. Hər kəs məsuliyyəti bölüşür və dövlət bu cür idarə olunur. Heç prezidentə ehtiyac yoxdu. Çünki hər şey yerlərdə həll olunur. Mən düşünürəm ki, bu metodologiyalar Azərbaycanda tətbiq olunmalıdı. Biz Qərbə inteqrasiya deyəndə bunu nəzərdə tuturuq. - Ramin bəy, elə burdaca soruşmaq istəyirəm. Ölkə prezidentinin siyasətinə münasibətiniz.
- Ölkə prezidentinin iki cür siyasəti var. Daxilə yönəlik və xarici. Prezidentin siyasətində daha çox öz komandasına güvən hiss olunur. Bü güvən ona görə var ki, həmin komanda illərlə stabilliyi qoruya bilib. Hər bir ölkə üçün stabillik çox vacibdi. Məsələn, şərq dünyasına baxanda Azərbaycan özü ilə fəxr eləyir. AZTV, Avropada iğtişaşlar olduğunu, Amerikada meşə yandığını əbəs yerə göstərmir. Bununla demək istəyirlər ki, Azərbaycanda stabillik var. Mən əminəm ki, prezidentin komandası da ona bu cür məruzə eləyir. Ki, stabillik var, heç bir problem yoxdu. O da buna görə öz komandasına çox güvənir. Xarici siyasətdə də balans qorunub və bu günə qədər bir problem olmayıb. Ona görə də bu komandanı saxlamaqda maraqlıdı. Öz açılarından, yəni hazırkı hakimiyyətin nöqteyi-nəzərindən baxanda komanda yaxşı işləyir. Onların özlərini qane eləyir. Amma dövləti və xalqı nə qədər qane eləyir? Artıq prezident bunu öz çıxışlarında dilə gətirir. Qorxulu məqamlar ortaya çıxır. İstər nəqliyyatla bağlı olsun, istər “Azal”ın qiymətləri ilə bağlı olsun, istərsə də məmur övladlarının qudurğanlığı ilə bağlı. Biz idmanda uğur qazanırıq. Artıq bütün idmançılar həvəslənib ölkə idarəçiliyinə can atır. Yəni belə nöqsanlar ortaya çıxmağa başlayır. Prezident özü şəxsən bunlara münasibət bildirir və aradan qaldırılmasının vacibliyini dilə gətirir. Bu baxımdan biz durub deyə bilmərik ki, səriştəsiz bir hakimiyyət var. Səriştəsiz hakimiyyət deyil. Bu gün Azərbaycanda iqtisadi böhranın yüz qatı ola bilərdi. Çünki çox böyük səhvlərə yol verilib. Ancaq hələ ki saxlayırlar. Əslində dolların qiyməti iki manatdan çox olmalıydı. Amma saxlaya biliblər. Bu o deməkdi ki, komandanın işində qüsur yoxdu. Amma bir ciddi problem var. Gərək bu nəzərə alınsın. Çünki eyni vəziyyət Misirdə, Liviyada, Suriyada da yaranmışdı. Bir anın içində hər şey dəyişə bilər. Əvvəl texnoloqlar bunu düşünməlidi, sonra onlar. Çünki narazılıq var, artır. Günlərin bir günü hər hansı bir qığılcım ola bilər. Leninin dediyi kimi: Barıt çənləri var. Hər ölkədə. Birində bazardadı. O birində fəhlələrin arasındadı, ya da başqa yerdə. O çənlərin birinə bir qığılcım düşsə, çox çətin olacaq Azərbaycanda. Ən azı vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər. Dini qruplar arasında çox genişlənmə var. Artıq radikalların sayı artır, Suriyaya döyüşə gedənlərin sayı artır, İranlı ayətullaları qiblə seçənlərin sayı artır. Bunların hamısı təhlükəli tendensiyalardı və nəzərə alınmalıdı. Bütün hamısının hədəfinə prezident çevrilə bilər. Necə ki şərq dünyasında belə olur. Prezident tanrıya çevrilir və bir qığılcım baş verəndə hər kəs hədəf kimi onu görür. Bu qorxuludu. - Ramin, seçicilər sizə niyə səs verməlidilər?
- Hər seçicinin öz səbəbi ola bilər, amma hər kəsə bir mesaj verirəm: Özlərinə bir dayaq tapmaq üçün, qanunverici orqanda təmsil olunacaq dost tapmaq üçün. Bundan sonra millət vəkili Ramin Hacılı bütün seçiciləri ilə onların problemləri olduğu zaman yanlarında olacaq və dostluq eləyəcək. Heç kimə hər hansı əlavə söz vermirəm. Azərbaycan təhsilində islahatlar əsas hədəfim olacaq. Bu sahədə çalışacam. Qarşıma qoyduğum ikinci hədəf, dairəmdə bütün məhlələrin uşaqlar üçün əyləncə mərkəzləri, yaşlılar üçün rahat otura biləcəkləri məkanlarla təmin olunmasıdı. Buna çalışacam. Üçüncü isə insanlar öz qayğılarını deyəcəklər. Hər binanın özünəməxsus qayğısı var, Hər məhlənin özünəxas problemləri var. Onları dilə gətirəcəklər və bərabər həll eləməyə çalışacağıq, çünki icra strukturları prosesə cəlb olunmalıdı. - Seçkinin demokratik keçəcəyinə inanırsız?
- Seçkinin demokratik keçməsi Azərbaycan üçün faydalı olardı. Azərbaycan üçün yüz faiz demokratik seçki keçirmək hələ çətindi. Çünki onu formalaşdıracaq dövlətçilik ənənəsinə sahib deyilik, amma ən azı, kütləvi saxtakarlıqların qarşısını almaqla seçkilərin demokratik ənənəyə çevrilməsinə başlamaq olar. Mən məntəqə, DSK sədrləri ilə müxtəlif tədbirlərdə görüşürəm. Onlardan soruşuram. Hamısının dediyi bir şey var: əvvəlki kimi eləmək olmur- işığı söndür, qutunu dəyiş və sai. Artıq insanlar telefonu çıxardıb çəkirlər, göstərirlər, bir də görürsüz, yuxarıdan məhkəmə qurulur və sair. Heç kim, heç bir məntəqə, DSK sədri özünü riskə atmaq istəmir. Hiss olunur ki, artıq dövlətçilik ənənəsi formalaşmağa başlayır. Fakt olanda cinayət işi açılır. Ona görə zamanla dəyişikliklər baş verəcək. Bir də siyasi iradə olsa, bunu tezləşdirmək olar. Ki, biz Suriyaya çevrilmədən Avstriyaya çevrilək. - Əgər seçkilər demokratik keçməsə, məsələn, öz dairənizdə hansısa saxtakarlıq aşkarlasanız, hansı addımları atacaqsız?
- Qarşısını almaq üçün bütün hüquqi və sivil yollara əl atacam. Mən hesab eləyirəm ki, ən azından öz dairəmdə seçkilərin nəticəsini ləğv etdirə biləcəm. Mümkün deyil ki, saxtakarlıqla bütün səslərim əlimdən alınsın və Ramin Hacılı buna sussun. Mən əvvəlcədən bəyan eləyirəmsə, söz verirəmsə, bu cür də olacaq. Sona qədər hüquqi yolla savaşacam və əmin ola bilərsiz ki, dövlət mənim haqqımı tapdalamaqda maraqlı deyil. Əgər biz ortalığa güc qoysaq və bir komanda olaraq seçkinin nəticəsini həll eləyəcək səkkiz min səsi ala bilsək, parlamentdə bizə yer veriləcək. Biz ölkədə arzuolunmayan şəxs deyilik, heç bir ciddi problemimiz, cinayətimiz olmayıb. Ona görə də düşünürük ki, bizə qarşı amansızlıq sərgilənməyəcək. Özfəaliyyət olacaq, hansısa namizəd icra başçısı ilə anlaşacaqsa, onu da biz həll eləyəcəyik. Onlar üçün problemə çevriləcəyik. Özlərinə də demişəm. Mən düşünmürəm ki, həbs olunmağım belə rahatlıqla baş versin. Amma onların həbsi üçün çox rahatlıqla hər şeyi təmin eləmək olar, çünki alınlarına qədər rüşvətin içindədilər. Sadəcə bu faktları dilə gətirəcək adamlar yoxdu. Faktları dilə gətirib onlar üçün problem yaratmaq olar. - Ramin bəy, Rusiya, yoxsa Avropa?
- Təbii ki, Avropa. Medvedyev deyib ki, bizim xoşbəxtliyimiz Avropadadı. Rusiya Orta Asiya dövlətlərinə deyir ki, siz qazı, nefti bizə verin, biz Avropaya satacağıq. Yəni siz bizə inteqrasiya eləyin, biz də Avropaya inteqrasiya eləyəcəyik. Bilin ki, Avropa mədəniyyəti dünyada birinci mədəniyyətdi və Rusiya mədəniyyətini çox üstələyir. Yəni hazırkı Rusiyanın. Hər kəs gedib, gəzib görə bilər. Mən Şərqlə müqayisə eləmirəm. Avropa və Rusiyanı müqayisə eləyirəm. Rus xalqı Qərbə uduzacaq. Hər şeyi həll eləyən mədəniyyətdi. Rus qadınının oturuşu-duruşu ilə Avropa qadınının oturuşunu-duruşunu müqayisə eləyəndə görmək olar ki, kim hansı mərhələdədi, hansı mərhələni keçib və hansını keçəcək. Biz mədəni nöqteyi-nəzərdən Rusiyadan da arxadayıq. Bu çox normaldı, Rusiya imperiyalar mərkəzi olub. Amma biz Rusiyaya gedək, ordan Avropaya? Ondansa birbaş Avropaya gedək. Necə ki, “Mersedes”i və sairi Azərbaycana gətirib, özümüz üzərində dəyişikliklər aparıb istifadə eləyirik, elə də ənənələri və demokratiyanı gətirə bilərik. Bir şeyi unutmamalıyıq: demokratiya həyat tərzidi. Demokratiya azad seçkilərdi, insanların özünü ifadəsidi və s. Bunlar vacibdi, amma həyat tərzi olmasa, demokratiya yaşam standartı olmasa, bütün bunlar hamısı bir günə dağıla bilər. İnsan özü bu düşüncəyə gəlməsə, xoşbəxt ola bilməz. Dövlət zor gücü ilə demokratikləşdirilə bilməz. Səhv eləmirəmsə, Nepalda prezident demişdi ki, mən demokratik seçki eləyirəm, xalq üsyana qalxmışdı ki, nə demokratik seçki, sən oturmusan orda, biz də burda, demokratik seçki nədi, mənim seçkidə nə işim var, elə çörəyimi qazanıram də. Bu təfəkkürlə, anlayışla olmaz. - Dini təriqətlər, Suriyaya gedənlər haqqında danışdız. Qanunvericilikdə sərt tədbirlər nəzərdə tutmaqla radikal dini təriqətlərin çoxalmasının qarşısını almaq mümkündürmü?
- Xeyr. Təzyiqlə heç vaxt heç nəyə nail olmaq olmaz. Təsir əks təsirə bərabərdi. Bu hamının bildiyi bir şeydi. Heç bir qanun, təzyiq, təsir dini sıradan çıxarda bilməz. Əksinə gücləndirəcək. Misirdə, Liviyada, Suriyada, Tunisdə olduğu kimi. Bir də görəcəksiz ki, müsəlman qardaşlar Amerikada təşkilatlanıb gəliblər, Gürcüstanda təşkilatlanıb gəliblər, İranda Qum şəhərində təşkilatlanıb gəliblər. Suriyada təşkilatlanıblar və sair. Ona görə Azərbaycan dövlətinin üzərinə düşən birinci məsələ qonşularla problemi aydınlaşdırmaqdı. Qonşu dövlətin Azərbaycanda dini təriqətlər yerləşdirməsinə imkan verilməsin. Bu, dövlətin eləyə biləcəyi bir şeydi. Yüksək səviyyədə xarici siyasətlə. Daxili siyasətdə isə öz vətəndaşına fərq qoya bilməz. Sadəcə elmə, təhsilə o qədər güc verilməlidi ki, insanlar dinə gələndə də bunun bir elmi bazası olsun. O zaman din yıxıcı, dağıdıcı olmayacaq. Din onun həyat tərzi, ibadəti olacaq və onun evində, məsciddə, yaxud da kilsədə baş verəcək. Artıq o, hara çatdı, dinini gözə soxmayacaq, “mən hacıyam, əlli dəfə Həccə getmişəm” deməyəcək. Bilirsiz, o, niyə belə eləyir? Çünki başqa heç bir uğuru yoxdu, təhsili yoxdu ki, təhsilindən, elmindən danışsın. Bizim xalq natamamlıq komplekski keçirir. Bu kompleksdən xilas olmaq üçün biri Həccə gedib Hacı adını titul kimi əlinə almaq istəyir, biri Məşhəddən titul almaq istəyir, biri bahalı maşınla titul almaq istəyir, biri Avropaya gedib rüşvətlə diplom alıb bunu titula çevirməyə çalışır. Hərə bir yolla bir titul qazanmağa çalışır ki, tamamlansın. Bunun həlli üçün də insanlara uşaq vaxtından geniş seçim imkanları yaradılmalıdı. Bir nəsil tamam böyüsə, həll olunacaq. Məsələn, yaponlar bunu çox ciddi tətbiq edirlər. Orda uşağın seçim hüquqları o qədər geniş olur ki, böyüyəndə artıq şəxsiyyətə çevrilir. Din isə onun intim həyatı, ibadətidi. Məsələn, mənə sual verirlər ki, Tanrıya inanırsız? Bəli! Dininiz nədi? Mən bunu gizli saxlayıram. Niyə? Mən müsəlmanam. Siz mənə dərhal sual verəcəksiz ki, sünnisən, ya şiə, nə bilim, sələfisən, nəsən? Və bu o qədər bölünə-bölünə gedəcək ki, axırda bir də baxacam ki, mənim kimi on beş nəfər var və dini icmanın, müsəlmanların içində bir-birimizin düşməninə çevrilirik. Hamımız Tanrıya inanırıq, onun bizə buyurduğu tapşırıqları yerinə yetiririk və insanlara qarşı xoşgörülüyük, yaxşılıqdan başqa əlimizdən bir şey gəlmir. Bunu deyib kifayətlənməliyik. Təriqətimizi gizlətməliyik, dinimizi gizlətməliyik. Zatən dini elan eləməyə nə ehtiyac var ki?! Tanrı hər şeyi görür, hər şeyi bilir. O, məni yaradıb, o məni sorğu-sual eləyəcək. Bu nöqteyi-nəzərdən dinimizdən, vicdanımızdan sui-istifadə eləməsinlər deyə gizli saxlamağa məcburuq ki, bu gün şərqdə baş verənlər bizim ölkəmizdə də baş verməsin. Hər şeyin əsasında 100 faiz təhsil dayanır. Quranda hər şey yazılıb demək çox axmaqca bir fikirdi. Tanrı hər şeyi yazıb insanlara verməz, onda insana şüuru da verməzdi. Onda biz də heyvan kimi olardıq. Ruhsuz. Tanrı yazardı, həll olunardı. Tanrı bizə şüuru ona görə verib ki, yaradın. Mən sizi yaratmışam ki, siz də yaradın. Biz heç nə yaratmırıq, oturub deyirik ki, ay allah, bizə kömək ol, ay allah! Quranda hər şey var nə bilim nə. Belə şey ola bilməz, Quran bir ibadət kitabıdı, bizim evdə ən üstdə dayanır. Mən onu götürüb elmi əsər kimi istifadə eləmirəm, çantamda daşımıram, metroda, avtobusda oxumuram. Bu, insanları istifadə eləmək üçün, elmdən təhsildən uzaqlaşdırıb öz alətinə çevirmək üçün fürsətcillərin metodudu. Alçaqca bir metoddu. İnsanlara hər şey quranda yazılıb deyərək onları yavaş-yavaş elmdən uzaqlaşdırıb, sonra bellərinə bir bomba bağlatdırıb, başqa bir müsəlman qardaşını öldürtdürüb, “neçə dənə şiə öldürsən, cənnətə gedəcəksən” fikrini onun beyninə salsın deyə. Elmli adamın beyninə bunu sala bilməzsən. - Azərbaycanın müasir qanunvericiliyində hansı boşluqları görürsüz?
- Qanunvericilikdəki ən ciddi boşluq onun bürokratik əngəllərlə çox dolu olmağıdı. Onu asanlaşdırmaq lazımdı. Məsələn, təhsil strukturu. Təsəvvür eləyin. İcra hakimləri təhsillə məşğuldu. Bakı şəhər Təhsil İdarəsi var, Rano var, Təhsil Nazirliyi var, Nazirlər kabineti təhsillə məşğul olur, Tələbə Qəbulu Dövlət Komissiyası var, prezident aparatı humanitar şöbəsi, Milli Elmlər akademiyası, bir də parlamentin Elm və Təhsil Komissiyası. Həmkarlar İttifaqları da təhsilin içindədi. Universitet rektorlarını birbaşa prezident təyin eləyir. Heç bir seçim yoxdu. Çoxu millət vəkilidi, şirkət rəhbəridi. Digər sahələrdə də belədi. Çox vacibdi ki, bir nəfər icra strukturunda təmsil olunursa, başqa biznesi olmasın. Bu, qanunda nəzərdə tutulmayıb bu. Baş nazir, baş nazirin müavini o strukturda sayılmır. Məsələn, Rövnəq Abdullayev. Həm millət vəkilidi, həm dövlət neft şirkətinin rəhbəridi, həm AFFA-nın rəhbəridi, həm də “Neftçi” futbol klubunun prezidentidi. Ümumiyyətlə, dünyada belə təcrübə yoxdu. Həm futbol klubunun birinin rəhbərisən, həm də futbol klublarına rəhbərlik eləyən qurumun. Bu mümkün olan bir şey deyil. Bu o deməkdi ki, siz “Neftçi” futbol klubuna ayrıcalıq tanıyacaqsız. Obyektiv ola bilməzsiz. Mümkün deyil. Hə, bəlkə o, imam Mehdidi, bizim xəbərimiz yoxdu. Amma normal insandısa, belə bir şey mümkün deyil. Bütün bunlar yerinə otuzdurulmalıdı. Asan xidmət. Gördünüzmü? Bürokratiyanı azaltdılar. Gedirsiz, bir binanın içində işinizi rahat görürsüz. Hamısı da gəncdi. Heç kim bir adamdan bir qəpik istəmir. Hesabatı qoyursuz, gəlirsiz, məsələ həll olunur. - Əgər millət vəkili seçilsəniz, ilk verəcəyiniz təklif, ya da həllinə çalışacağınız iş hansı olacaq?
- Elə sizə danışdıqlarım. İlk çıxışımda bunların hamısını dilə gətirəcəm, ardınca təkliflər paketini təqdim eləyəcəm və hamısının nəzarətə alınmasını tələb eləyəcəm.