Xəbər haqqında
08 Oktyabr 2017 - Bazar 11:46 603 nəfər oxuyub
 
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
MÜSAHİBƏ Xəbəri
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?

10-cu sinif “Tarix” dərsliyində Ermənistan xülyası olan xəritə yer alıb.
 
Xeber365.com-un məlumatına görə, Təhsil Nazirliyinin sifarişi ilə "Şərq - Qərb" nəşriyyatında çap edilən dərslikdə “dənizdən-dənizə böyük Ermənistan”ın xəritəsi verilib. Bu da cəmiyyət arasında böyük etiraza səbəb olub.

Təhsil Nazirliyinin dərsliklərin hazırlanması üçün yaradılan ekspert qrupunun üzvü Kamran Əsədov isə Feysbuk hesabında ajiotaja və süni vətənpərvərliyə ehtiyac olmadığını yazıb:


“Bildiyiniz kimi, bir neçə gündür orta məktəblərdə X sinif üçün istifadə olunan "Ümumi Tarix" kitabı ilə bağlı kimlərsə süni ajiotaj yaratmağa çalışır. Hesab edirəm ki, bu, bizim uğurlu işimizə kölgə salmaq məqsədi güdür. 
Qeyd olunan xəritə Roma imperiyasının qədim dövrünə aiddir və qeyd olunan dövrdə Romaya tabe olmuş ərazilər göstərilib. Sadəcə olaraq, tarixdən anlayışı olmayanlar durub özlərini vətənvərvər kimi təqdim edirlər”. 


Kamran Əsədov qeyd edib ki, xəritənin verilməsinə səbəb Atropatena ərazisinin həmin dövrlərdə Romaya tabe olmasıdır: 
“Sadəcə, o dovrün siyasi analizini apara bilməyən kimlərsə nəsə yazmağa çalışır. Xilafət dovrü xəritələrində Ərməniyyə həm Atropatena, həm də Albaniya ilə sərhəd bölgəsində yerləşirdi, duraq deyək ki, bu indiki Ermənistandır?! Gülməlidir! 
Atropatena ərazisi e.ə 20-ci ildən Romaya tabe olub. Qeyd olunan ərazi də ona görə belə verilib. Bundan başqa, 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində erməni dövlətinin Roma ilə müttəfiq kimi döyüşlərdə iştirak etməsi onu göstərir ki, bu ərazilər Roma İmperiyasına tabe olub və 7 cildlik "Azərbaycan Tarixi"nin I cildində, VI sinif Azərbaycan tarixi kitabında da bu qeyd olunub”. 

 


Kamran Əsədov birmənalı şəkildə bildirib ki, sözügedən xəritə Ermənistan xəritəsi deyil:


“X sinif "Ümumi tarix" kitabının 32-ci səhifəsində "Böyük Ermənistan"ın xəritəsi verilməyib, sadəcə olaraq Roma İmperiyasına tabe olan ərazilər verilib. Və bənövşəyi rəngdə məhz Roma imperiyasının səhədləri qeyd olunub. Ayrıca, Ermənistan xəritəsi və sərhədləri yoxdur. 


Xəritənin aşağı hissəsində digər tabe olmuş ərazilər də rəngsiz fonda verilib. Bizim xəritə ilə bağlı problem yaşamağımızın əsas səbəbi Azərbaycan dilində dövrlər üzrə resursların azlıq təşkil etməsidir”.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov isə bildirib ki, X sinif “Ümumi tarix” dərsliyinin rus versiyasında səhvə yol verilib:
“Təhsil Nazirliyi mətbuatda tədrisi rus dilində aparılan ümumtəhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Всеобщая история” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanılıb”.


Cəsarət Valehov bildirib ki, səhvi ilk olaraq Bəhlul Hüseynov adlı vətəndaş aşkar edib: 
“Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib”.

Nazirliyin rəsmisi qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Mövzunu davam etdirəcəyik.

Mənbə: Müəllif: XƏBƏR365
Tarix, dərsliyində, Ermənistan, xəritəsi:, nöqsan,, yoxsa, süni, ajiotaj?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı