Xəbər haqqında
22 Oktyabr 2017 - Bazar 20:57 478 nəfər oxuyub
 
Teatr direktoru: Teatr da döyüş meydanı kimidir, əsl kişilik sənətidir
YARADICI Xəbəri
Teatr direktoru: Teatr da döyüş meydanı kimidir, əsl kişilik sənətidir

Xeber365.com Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynovla müsahibəni təqdim edir:

 

– Məhəmməd müəllim, teatrda işlər necə gedir?

 

- Bildiyiniz kimi, ötən ay ölkəmizdə fəaliyyət göstərən dövlət teatrlarında yeni mövsümün açılışı oldu. Biz də Ağdam Dövlət Dram Teatrı olaraq bu mövsümü rejissor Sərvər Əliyevin quruluş verdiyi “Çimnaz xanım yuxudadır” tamaşası ilə açdıq. Hazırda teatrda ümumi yaradıcılıq əhval-ruhiyyəsi çox yüksəkdir. Yeni tamaşalar hazırlanır, işlərin gedişindən hiss edirəm ki, hətta teatrın builki mövsümü öz yenilikləri ilə daha çox yadda qalacaq.

- Dünənin hərbçisi, bu günün mədəniyyət işçisisiniz. Maraqlıdır, teatrdakı idarəetmə üslubunuzda hansı qanunlardan istifadə edirsiz?

 

- Doğrusu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunuyam. Amma tale elə gətirdi ki, Qarabağ hadisələri başlayanda – 91-ci il noyabr ayının 20-də könüllü olaraq orduya yazılanlardan biri də mən oldum. O vaxtlar Azərbaycan Ordusu yenicə yaranmışdı. Sizə deyim ki, Ağdamda yaranmış ilk özünümüdafiə batalyonunun ilk könüllülərindən biri mən olmuşam. Ali təhsilli olmağım karıma gəldi deyə bilərəm. Müəyyən idarəetmə qabiliyyətimə görə bölük komandirinin müavini vəzifəsindən batalyon komandirinin sosial-siyasi işlər üzrə müavini vəzifəsinə qədər yüksəldim. Ümumilikdə, altı il hərbçi olmuşam, bu illərdə müxtəlif döyüş yolları keçmişəm.

 

“Bişkek “ protokolu  imzalanandan iki il sonra da  ordudan təxris olundum. Hərbi sahədə də çalışa bilərdim, amma ürəyim də, ayağım da məni öz işimə, mədəniyyət sahəsinə çəkirdi. Düzü, inanmıram ki, başqa sahədə özümü bu qədər tapa biləydim.

 

İdarəetmə prinsiplərimə gəlincə isə, həmişə deyirlər ki, hərb sənəti bir qədər çevik və əsl kişi sənətidir. Amma sizə əminliklə deyə bilərəm ki, teatr sənətində də belədir, mədəniyyət işçisindən də hərbi nizam-intizam tələb olunur. O mənada ki, teatr tamaşasında hər hansısa bir aktyor müəyyən səbəblərdən tamaşaya gələ bilmirsə, mütləq o tamaşa təxirə salınmalıdır. Amma incəsənətin digər növlərində bu, belə deyil. Teatr canlı sənətdir, sanki döyüş meydanıdır. Hamımız səhnənin bir əsgəriyik. Rejissorsuz da bu döyüşdə qalib gələ bilmərik, aktyorsuz da. Yəni teatrda dekorasiyadan tutmuş qrimə qədər hər şey vəhdət təşkil edir. Axı tamaşa kollektiv əməyin məhsuludur. Bu mənada teatr həmişə fədailərin üzərində bərqərar olub.

 

Sənət heç bir itkiyə baxmır. Necə ki, türk aktrisası Adilə Naşit oğlunun ölüm xəbərini səhnədə alır, amma tamaşanı yarıda kəsib oğlunu ağlamır, heç nə olmamış kimi rolunu aparır, sonda hər şeydən xəbərsiz tamaşçı onu şövqlə alqışlayır, gül dəstələri atır, qəhqəhələrlə qarşılayır.  Bizim teatrın tarixində də belə hadisələr olub. Buna misal olaraq mən Qaflan Muradovun adını çəkə bilərəm. Səhv etmirəmsə, 1941-ci ildə Ağdam Dövlət Dram Teatrında “Leyli və Məcnun” tamaşası hazırlanırdı. Tamaşanın primyerasına iki gün qalmış Məcnunun atasını oynayan Qaflanın 19 yaşlı oğlu dünyasını dəyişir. Amma aktyor tamaşanın təxirə salınmasına razı olmur, o teatra gəlir, səhnəyə çıxır. Həmin gün Qaflan Muradovun fəryadı bütün Ağdama yayılır. İnsanlar başa düşə bilmirlərmiş ki, o, kimə ağlayır, kimə fəryad edir, səhnədəki Məcnunamı, yoxsa öz oğlunamı...   

– Bu günlərdə Ağdam Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu. Bu təyinatdan gözləntiləriniz nələrdir?

 

– Artıq üç ildir ki, bu teatrda işləyirəm. Teatra gəlişimdən az sonra da Sərvər Əliyev Ağdam Dövlət Dram Teatrına baş rejissor təyin olunmuşdu. Sərvər müəllim teatrda bir çox işlər gördü, bir çox tamaşalar hazırladı. Hər yaradıcılıq ilində bizdə plan üzrə dörd tamaşa hazırlanmalıdır. Amma biz bu illərdə plandan artıq tamaşa hazırladıq. Son illər bizim teatr ilk dəfə olaraq kənar rayonlara qastrol səfərlərə çıxdı. Yevlax, Hacıqabul, Salyan, Zərdab, Tərtər və başqa rayonlarda qastrol səfərlərdə olduq.

 

Bu yaxınlarda isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin sərəncamı ilə Sərvər Əliyev başqa bir teatra baş rejissor təyin edildi, Novruz Cəfərov isə bizim teatra baş rejissor təyin edildi. Novruz Cəfərov stajı olan rejissordur. Respublikanın əməkdar artistidir. Şəki və Gəncə teatrlarında bir çox tamaşalara quruluş verib. Həm də çox istedadlı bir aktyordur. İnanıram ki, Novruz Cəfərovun sayəsində yenə də Ağdam Dövlət Dram Teatrnda uğurlu tamaşalar olacaq.

 

 – Qarşıdan Ağdam Dövlət Dram Teatrının 50 illik yubileyi gəlir. Bununla bağlı hansı planlarınız var?Yeri gəlmişkən, teatrın yaranmasından da bəhs edərdiniz...

 

– 1910-cu ildə Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı və Qarabağ ziyalılarının köməkliyi ilə ilk tamaşanın primyerası olub. Ağdam Teatrının yaranma tarixi də elə o dövürdən – 1910- cu ildən hesablanır. 20-ci illərdə savadsızlığa qarşı və ideoloji sahədə mübarizə zəminində əksər rayonlarda dövlət dram teatrları fəaliyyətə başladı. Məsələnin maraqlı cəhəti isə bundan ibarətdir ki, İkinci Dünya Müharibəsində, bütün kişilərin, hətta qadınların cəbhəyə getdiyi bir dövrdə Ağdam Teatrının texniki işçisindən tutmuş direktoruna qədər (onların ideoloji fəaliyyətini nəzərə alaraq) hamısına “bron” (zireh) verib saxlamışdılar. Həmin illərdə də Ağdam Teatrı çox gözəl əsərlər tamaşaya qoymuşdu. Ancaq 1948-ci ildə respublikada fəaliyyət göstərən bir çox teatrlar kimi Ağdam Dövlət Dram Teatrı da öz fəaliyyətin dayandırdı və 1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə teatrın fəaliyyəti bərpa olundu. 1969-cu ilin mart ayında isə Bəxtiyar Vahabzadənin “Vicdan” və İlyas Əfəndiyevin “Boy çiçəyi” əsərləri ilə teatr fəaliyyətini davam etdirdi...

 

Beləcə, teatr ikinci “ömrünü” yaşamağa başladı...

 

– Bəli. Amma yeni dövrün tələblərinə uyğun olaraq, teatrın yaranma tarixi 68-ci ildən hesablanır. Yubiley tədbiri ilə bağlı da mən böyük planlar nəzərdə tutmuşam. Açıq hava şəraitində ümumrayon səviyyəsində bir tədbir, yubiley törəni keçirməyi planlaşdırırıq. Çünki Ağdam camaatı, Ağdam insanları həmişə teatrı sevən, incəsənətə bağlı insanlar olublar.  Düzdür, Ağdamda sözünü deyən, dəli- dolu oğlanlar da çox olub həmişə. Amma o da məlumdur ki, Ağdam daha çox öz ziyalıları ilə, incəsənət xadimləri, elm adamları ilə tanınıb.

 

- Məhəmməd müəllim, hərdən deyirlər ki, region teatrları tamaşaçı cəhədən korluq çəkir. Ağdam Teatrının direktoru olaraq, bu marağın artırılması üçün nə kimi işlər görürsünüz ?

 

–Teatr elə sənət növüdür ki, ona həmişə maraq var, olacaq da. Texnika nə qədər inkişaf etsə də, sosiallaşma günbəgün öz təsirini artıqlamasıyla göstərsə də, teatrın öz mistikası, öz aurası, öz adamları var. Bizim yerli camaat teatra bu gün də maraq göstərir, əyləncə, istirahət, düşüncə, fikir məkanı kimi baxır. Deyirsiniz, region teatrlarında tamaşaçı qıtlığı var. Amma əksinə, şəhərdə əyləncə məkanları çeşidli olduğu halda, rayonlarda mədəni əyləncə yeri kimi hələ də teatrlar fəaliyyət göstərir. Doğrudur, Azərbaycan teatrlarında 80-ci illərin sonlarından başlayaraq tamaşaçı qıtlığı yaranmağa başladı. Sovet hökumətinin dağılması, Qarabağ müharibəsi – bütün bunlar teatr sahəsinə, mədəni sferaya öz təsirini göstərdi. Hazırkı elmi-texniki inkişaf, internet dünyasının həyatımıza geniş şəkildə daxil olması da teatrlara ağır zərbə oldu. Amma bir məsələni də qeyd edim ki, teatr həm də ziyalı mühitidir, ziyalıların toplaşdığı bir yerdir. Hər yoldan ötən də teatra gəlmir axı. Bu mənada teatrlarda tamaşaçıların az olması da təbiidir.

    

– Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bu yaxınlarda mətbuata verdiyi açıqlamada peşəkar kadr çatışmazlığından gileylənib. Bu mənada sizdə vəziyyət necədir?

 

– Bir şeyə çox sevinirəm ki, teatrımıza artıq son üç ildə bir neçə ali təhsilli kadr gəlib. Bunlardan Səbuhi Əhmədovu, Fərhad Fərhadzadəni, Hikmət Kərimoğlunu göstərə bilərəm. Əvvəllər ali təhsilli kadrlar yox dərəcəsində idi. Olanlar da yaşlı nəslin nümayəndələri idi. Amma indi teatrda ali təhsillilərin sayı artıb. Əlimizdən gəldiyi qədər onlara şərait yaratmağa çalışırıq.  Məlum məsələdir ki, məcburi köçkün həyatı yaşayan bir teatrıq. Bu mənada elə də geniş imkanlarımız yoxdur.

– Məhəmməd müəllim, teatrınızın aktyorları nə qədər maaş alır?

 

– Bizdə əgər aktyorun fəxri adı varsa və o aparıcı səhnə ustasıdırsa 225 manat maaş alır. Ondan aşağı maaş isə 210 manatdır.

 

– Bildiyimiz qədər, aktyorlar dolanışıqlarının zəif olmasından gileylənirlər...

 

– Bir məsələyə toxunmaq istəyirəm. Bəlkə də, teatr yeganə təşkilatlardan biridir ki, dotasiya ilə dolanır. Dövlət planını doldursaq da, doldurmasaq da bütün işçilərin maaşını verir. Amma başqa ölkələrdə bilirsiniz necədir? Məsələn, Azərbaycanda 26 dövlət teatrı var. Amma təkcə Tiflisidə 26-dan artıq özəl teatr fəaliyyət göstərir. Yəni bunların heç birini dövlət maliyyələşdirmir. Onlar özləri-özlərini maliyyələşdirməklə yanaşı, dövlətə də vergi ödəyirlər.

 

– Yəni siz deyirsiniz ki, dövlət teatrları, qəzetləri maliyyələşdirməsin? Axı onlar kommersiya qurumlarıdır...

 

–Yox, biz o mərhələyə hələ gəlib çatmamışıq.  Bu, onda olar ki, geniş tamaşaçı kontingentin ola. Mərkəzi şəhərlərdə, mərkəz teatrlarında, bəlkə də, bunu etmək olar. Amma bölgə teatrlarında bu, çətin məsələdir. Bölgə teatrları həm də bölgənin bir mədəniyyət təmsilçisidir axı. Bu mənada dövət çalışır ki, teatrları qoruyub saxlasın.

 

– Məhəmməd müəllim, bu qədər çalışırsınız, bəs mütaliə üçün vaxtınız qalırmı? Məsələn, son oxuduğunuz kitab hansıdır?

 

– Son oxuduğum kitablar Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsəri  və Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanıdır.

 

– Çingiz Aytmatovun gözəl bir sözü var, deyir, uşaqlığım mənim Vətənimdir. Bəs sizin üçün Vətən hardan başlayır?

 

– Ağdam rayonunun işğal altında olan Əliağalı kəndində doğulmuşam. Uşaqlığım, gəncliyim o kənddə keçib. Həmin kənddə quzu otarmışam. İlk sevgim də o kənd olub, ilk sevgilim də... Vətən deyəndə gözümün önünə Əliağalı gəlir, Ağdamın məşhur çay evi, Ağdam məscidi, “Ağdam musiqiçilər bağı” gəlir... Müharibə, işğal bizdən yurdumuzu, xatirələrimizlə birgə doğmalarımızı da aldı, neçə doğmamızı, neçə tanışımızı itirdik. Aqil Abbasın gözəl bir sözü var, deyir, Qədir Rüstəmov Ağdamın bizdə olan bir parçası idi. Doğrudan da, özümüzə Şuşa, Ağdam, Kəlbəcər, Laçın bildiyimiz adamlar var. Onları ziyarətə getmək də yurdu dolanıb qayıtmağa bərabərdir.

 

Hikmət Kərimoğlu

Mənbə: Müəllif:
Teatr, direktoru:, Teatr, da, döyüş, meydanı, kimidir,, əsl, kişilik, sənətidir,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa