The document has moved here.
|
||
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır" | ||
Bir deputatın səsi bir faizdən aşağıdır, 0, 70 faiz səsi var. Mojaritar o deməkdir ki, hərə özü üçün deputat seçilir, öz dairəsində vuruşur və bir araya da gələ bilmir. Parlamentdə 25 deputat fraksiya təşkil eləyir. Bizdə hələ bir fraksiya yoxdu. Heç hakimiyyətin özü fraksiya yaratmayıb. niyə? | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
Azərbaycan Respublikası Milli Məclisinə növbəti- beşinci seçkilərə artıq start verildi. Xeber365.com saytı da həm prosesi canlandırmaq, həm də seçiciləri millət vəkilliyinə namizədlərlə yaxından tanış etmək üçün “Milli Məclis-2015” adlı yeni layihəyə başlayıb. Layihəmizin ilk qonağı “Ağ blok”un həmtəsisçisi Tural Abbaslıdır.
- Tural bəy, ölkədə seçki ab –havası varmı və xalq seçirmi? - Ölkədə seçki ab-havası 2005-ci il noyabrın 26-da meydan dağılandan bəri yoxdu. Hətta 2010-cu ildə də yox idi. Ondan sonra insanların seçkiyə də inamı itdi, nəyinsə dəyişə biləcəyinə də. Təəssüflər olsun ki, siyasi sektorun - liderlərmi deyək, siyasi partiyalarmı deyək- özündə də nə vaxtsa qalib gələ biləcəklərinə inam öldü. Odu ki, indi seçki ab-havası yoxdu. Seçkilərə çox az vaxt qalmasına baxmayaraq, bu dəqiqə ölkədə seçkilər o qədər də populyar mövzu deyil. Şou- biznes adamının adi bir intriqası, sərgüzəşti daha çox diqqət cəlb eləyir, nəinki ölkənin taleyini həll eləyəcək gücdə olan bir struktura- parlamentə seçkilərin keçirilməsi. “Xalq seçirmi” məsələsi isə hansı rakursdan baxmağınızdan asılıdır. Belə götürəndə bizdə xalq, ümumiyyətlə, 93-cü ildən seçmir. Amma xalq həqiqətən istəsə, məncə, seçər. Çünki onun qarşısında dura biləcək heç bir siyasi güc, rejim, şəxs və yaxud da sistem yoxdu. Ərəb inqilabları da, II Dünya Müharibəsindən sonra Avropada, dünyanın digər yerlərində də gedən proseslər göstərdi ki, xalq ayağa qalxanda hər şeyi həll eləyə bilir. Yəni siyasətdə son söz xalqındır. Sadəcə xalq buna inansa və dərk eləsə ki, “son söz mənimdi, mən istəsəm, eləyəcəm”, həqiqətən eləyəcək. Necə ki, məsələn, Ukraynada artıq iki dəfə dəyişiklik olub. Hətta Misirdə olub. Hətta Gürcüstanda olub. Lap tutalım, Misir, Ərəb, Avropa ilə bizim düşüncə tərzimiz eyni deyil. Amma Gürcüstanla həm mental, həm siyasi, həm ənənə baxımından eyni xalqıq və artıq Gürcüstanda, belə demək mümkünsə, iki dəfə bizim üzərimizdən inqilab olub, dəyişiklik olub və demokratik bir mühit qurulub. Çünki orda xalqı öz gücünə inandıra bildilər. Təəssüf ki, biz müxalifət olaraq hələlik xalqı belə bir gücə sahib olduğuna inandıra bilmirik. - Niyə millət vəkili olmaq istəyirsiz? - Məhz, buna görə. İndi Azərbaycanda bu mövzu o qədər bəsitləşdirilib, o qədər adiləşdirilib ki, hansısa ekstravaqant müğənni də öz namizədliyini verəcəyini deyir, siyasətə heç bir dəxli olmayan adamlar da namizəd olmaq iddiasındadırlar. Yaxud da “evimdəki diplomların arasında bir deputat mandatım da olsun” düşüncəsi. Bir kəsim parlamentə belə yanaşır. Bir kəsim də özünü təsdiq vasitəsi kimi. Oliqarxdı, ya da özünün biznesini qurmuş adamdır, deyir ki, qoy bir, deputat da olum, parlamentdə fotolarım olsun, tərcümeyi halımda yazılsın. Halbuki parlament dövlətin ən işlək qurumudur- dövləti tonusda saxlayan, canlı saxlayan bir müəssisədir,orda 125 müxtəlif fikir çarpışır. Əslində normal demokratik dövlətlərdə mübarizə meydanlardan daha çox parlament binasında, onun zallarında gedir. Təəssüf ki, bu gün bizdə o atmosfer yoxdu, 125 deputat var, amma onlardan heç biri müxalifəti təmsil eləmir. Hətta müxalifət adına oturanların özləri belə müxalifəti təmsil eləmir. Müxalif olmaq o demək deyil ki, kimsə onlara “sən müxalifsən”deyə lisenziya verir. Hüseyn Abdullayevi xatırlayın. Hakim partiyanın dəstəyi ilə seçilmişdi, amma müxalif mövqe bildirdi və müxalifət oldu. Yəni bir fikrə müxalif olmaq lazımdır, hamı eyni şəkildə ləbbeyk deməməlidir. Mən bilirəm ki, tək mənim, ya da otuz-qırx müxalif düşüncəli insanın seçilməyi ilə bu rejimi, sistemi dəyişmək o qədər sadə deyil. Niyə? Ən azı ona görə ki, sadə səs çoxluğu var. 125 deputanın, məsələn, 63, 64, 65-i səninlə olmalıdır ki, nəyəsə təsir eləyə biləsən. Amma heç olmasa, bu mifi dağıtmaq, oranı lallar, karlar korlar cəmiyyəti olmaqdan çıxarıb diskusiya məkanına çevirmək mükündür. Xatırlayırsızsa, 2005-2010-cu illər ərzində cəmi beş müxalif düşüncəli, müxalif partiyalarda təmsil olunan deputat vardı və onlardan biri də Pənah Hüseyn idi. Təkcə onun qızğın mübahisələri , qışqırmağı, debatları bizdə əhval-ruhiyyə yaradırdı ki, yox, parlament var. - Namizədliyinizi hansı dairədən verəcəksiz? - Əslində bu bizim ilk namizədlik cəhdimiz deyil. Mən, 2010-cu ildə də 21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyimi vermişdim. Təəssüf ki, həmin il guya, 18 imzamızın düz olmadığına görə qeydiyyata almadılar. MSK-ya şikayət verdik, onlar da yoxladılar və dedilər ki, ümumiyyətlə, 38 imza düz deyil. Dedim, onda 18 sayıb saxtakarlıq eləyənləri cəzalandırın. Onu da eləmədilər. İndi iş Avropa Məhkəməsindədir və artıq qərar mərhələsindədir. İnşallah, bu dəfə də 21 saylı Nəsimi birinci seçki dairəsindən verəcəyik. Çalışacağıq ki, həm namizədliyimiz qeydə alınsın, həm də parlamentə düşək. - Namizədliyinizi verdiyiniz dairə haqqında nə bilirsiz? - Namizədliyimi verdiyim dairə Nəsimi rayonu ərazisindədir. Həmin ərazidə 3 dairə var. Yəqin bilirsiz ki, 125 seçki dairəsi var, hər dairə 40 min seçiciyə hesablanır və bölünür. Nəsimi rayonunda iki Nəsimi tam dairəsi, bir də Nəsimi-Səbael qarışıq dairəsi var. Mən uzun illər Nəsimi rayonu ərazisində yaşamışam. Ordakı problemləri də, insanların düşüncə tərzinə də bələdəm. Belə götürəndə əslində Bakının Nəsimisində də, Xətaisində də, Xəzərində də, Səbayelində də, Yasamalında da hamısı eyni problemləri yaşayan insanlardı. Nəsimidəki insan da işığı, benzini fantastik qiymətə alır, məhkəmədə haqsızlıqlar görür, Yasamaldakı da, Səbayeldəki də, Xətaidəki də, başqa rayonlardakı da. Odu ki, dairələri tanımaq bir az simvolik sualdı. Təbii ki, insanlar səs verdikləri millət vəkillərindən bu xırda məişət problemlərinin həllini gözləyir. Amma biz parlamentin funksiyasına baxsaq, görərik ki, bunun ona aidiyyatı yoxdu. Parlament deputatı fərdi olaraq işıq, qaz, yol problemini, haqsızlığı həll eləmir. Düzdür, vasitəçi olur. Çalışır ki, xalqın, belə deyək, sifarişini yerinə yetirsin, çünki növbəti dəfə də onun qarşısına çıxacaq. Amma əslində bu onun işi deyil. Parlament qanunverici orqandır. Burda qanunlar verilməlidir. Millət vəkili işığın olmaması problemini belə həll eləyə bilər ki, işıq idarəsi ilə müştəri arasında qarşılıqlı müqavilədə işıq verənin, məsələn, “Azərişığ”ın öhdəliklərini artırar və işığın bir saat kəsiləcəyi təqdirdə onun külli miqdarda cəzalandırılmasına nail olar.Məişət işlərini bilavasitə yerli bələdiyyələr, icra hakimiyyətləri, yaxud problemli sahəyə cavabdeh olan nazirliklər həll etməlidir. Onlar işlərini görməyəndə insanlar da işini, el dilində desək, hardansa aşırmalıdır. Və əlləri də çatır deputata. Tutaq ki, mən burda işıq-qaz problemlərini həll edəcəyimlə bağlı söz verdim. Nəsimi çox böyük rayondur. Bir ucu mikrarayonlardan ta gəlir respublika sarayı tərəflərə. Bu qədər əhalidən gündə ən azı on beş-iyirmi şikayət gələcək. Onların həllini icra eləməyəndə yalançı olacaqsan. Odur ki, əvvəlcədən səmimi demək lazımdır. Əgər söz verib onu icra eləyə bilməyəcəmsə, sonra da küçədə, avtobusda, metroda, harda olur-olsun üzləşəndə o seçici mənə “sən bizi aldatdın” deyəcəksə, ondansa seçilmərəm. Çünki deputat olmadan da yaşamaq, mübarizə aparmaq olar. Əsas odu ki, simamızı, sözümüzün dəyərini itirməyək. - Həmin dairədə sosial bazanız varmı? - Azərbaycanda sosial baza - yerlibazlıq, qohumbazlıq, partiyadaşlıq, əlaqələr, tanışlıq, populyarlıqdır. Yəni bunlar ətrafında formalaşır sosial baza. Yerlibazlıq faktorunu götürsək, xeyr, mənim yoxdur. Tanışlıq- hər halda 40 min tanışım da yoxdu. Populyarlıq deyəndə, mən hansısa bir müğənni qədər populyar olmadığımı bilirəm. Amma siyasətlə məşğul olan və bu işlə maraqlanan insanlar, güman eləyirəm ki, tanıyırlar məni. İnsanların heç borcu da deyil tanımaq. Biz özümüzü təqdim eləməliyik. Əvvəl seçki təbliğat-təşviqat dönəmi 60 günə yaxın idi, indi 23 gün olub. Bu çox qısa, dar bir müddətdi. Amma indi sosial şəbəkələr, kommunikasiya inkişaf eləyib deyə daha geniş imkanlar var. Biz çalışacağıq özümüzü təqdim eləyək, sosial baza yaradaq. Şükür allaha, google adlı möcüzəvi bir axtarış portalı var. Sən seçiciyə özün haqqında əfsanələr uydura, nağıl danışa bilərsən. Amma google-a yazırsan, çıxır sən kimsən, nəçisən. Hətta qan qrupuna qədər. Bu baxımdan arxayınıq ki, doğrudan səs vermək istəyən seçici maraqlanacaq və maraqlanacağı təqdirdə də inanırıq ki, bizim siyasi-sosial bazamıza çevriləcək. - Hazırkı parlamentə münasibətiniz? - Parlament sözü, səhv eləmirəmsə, fransız dilindən gəlib, dialoq, danışmaq mənasını verir. Bu dəqiqə sizdən xahiş eləsəm, ardıcıl on deputatın adını çəkə bilməzsiz. Bəlkə siz heç öz yaşadığınız ərazidəki deputatın da kim olduğunu bilmirsiz. Əslində bu sizin günahınız deyil. O deputatların günahıdı ki, gündəmə gələ, yadda qala bilmir. Necə gündəmə gəlsinlər? Onlar müğənni deyil ki, mahnı oxuyub gündəmə gəlsinlər. Onlar hansısa bir təkliflə, debatlarla, ya da fikirlərilə yadda qala bilərlər. Bu günkü parlament prezident aparatından gələn tapşırıq və göstərişlərə ləbbeyk deyən bir qurumdur. Heç öz təşəbbüsləri də olmur. Komisiyalara baxırsan, hamısı əlini əlinin üstünə qoyub, kommunist partiyasındakı kimi yekdilliklə qərar qəbul eləyirlər. Parlament belə olmalı deyil. Bu gün parlamentdə diskussiyalar yoxdusa, sabah onlar meydanlara, birisi gün küçələrə çıxacaq. Necə ki, Mingəçevir hadisələri oldu. Əslində parlamentin işlədiyi dövlətlərdə daxili işlər nazirliyinin özbaşnalığı müzakirə olunar, nazirin fəaliyyəti müzakirə olunar, nazir bilər ki, parlamentin onun üzərində nəzarəti var. İnsanlar da arxayın olar ki, məhkəmə sistemi, parlament, ədliyyə sistemi var və haqsızlar cəzasını çəkəcək. Amma burda insanların artıq heç bir siyasi struktura, seçkili orqanlara inamı qalmayıb deyə problemlərini öz bildikləri metodlarla həll eləməyə çalışırlar. Onda da, təəssüf ki, ortalığa Mingəçevir hadisələri, İsmayıllı hadisələri, Quba hadisələri və sair çıxır. Yaxud da Sovetski sökülür, insanlar küçələrə çıxırlar. Halbuki bunun sivil qaydaları var. Parlamentdə diskussiya aparılmalıdır. Dövlət alqı-satqı işi haqqında qanunları müəyyənləşdirməlidir, bazar qiymətlərinin müəyyənləşdirilməsi haqqında qanunu tətbiq eləməlidir. Görürsüz, parlament nə qədər böyük bir şeydir?! Amma bizdə parlamentin bu dəqiqə oynadığı rol- Xoşqədəmin verilişində ekspert kimi iştirak edən deputatlardır. Onlar da ata nəsihəti verməklə məşğuldurlar. - Seçicilər sizə niyə səs verməlidirlər? - Seçicilər mənə yox, mənim kimi düşünən insanlara ona görə səs verməlidirlər ki, seçki mühiti qayıtsın, demokratik proseslər qayıtsın. Azərbaycan dünyəvi dövlətdir, krallıq,sultanlıq deyil. Demokratik sistemi qaytarmaq istəyirlərsə, danışa, sözünü deyə bilən, sözünün arxasında dura bilən siyasətçiləri ora seçməlidilər. Demokratik mühit qayıdandan sonra avtomatik onların da işləri- məişət problemlərindən tutmuş siyasi problemlərə qədər hamısı həll olunacaq. İqtisadiyyatdan tutmuş mədəniyyətə, səhiyyəyə qədər istənilən sahədəki problemlər bundan asılıdır. Təəssüf ki, 23 illik bu hakimiyyət elə bir mühit yaradıb ki, kimdən soruşsan ki, kimə səs verəcəksən, deyəcək, mən siyasətə qarışmıram. “Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır. Siyasətin də sıfıra endiyi cəmiyyətə demokratik dövlət demək olmaz, ya krallıqdı, ya sultanlıq, ya da imperatorluq. Sadaladığım rejimlərdə də vətəndaş olmur, rəiyyət olur. Rəiyyət yox, vətəndaş olmaq istəyirlərsə, parlamentə sözünü deməyi bacaran nümayəndələr seçilməlidir. - Ölkə prezidentinin siyasətinə münasibətiniz? - Ölkə prezidentinin siyasətinə rəsmi münasibətim on beş ildir məlumdu, qeyri-rəsmi də 93-cü ildən. Bilirsiz, burda söhbət şəxsdən yox, sistemdən gedir. İlham Əliyevlə mənim şəxsi düşmənçiliyim yoxdu. Heç üz-üzə də gəlməmişik. Bəlkə hardasa kütlənin arasında. Olsun lap naizirlərlə və Sair. Mənim heç biri ilə nə qonşuluğum olub ki, başıma su damcılatsınlar, onlarla düşmən olum, yaxud da bizim qoyunlar, inəklər onların bostanını ayaqlamayıb. Bizim bir-birimizə münasibətimiz sistemlə bağlıdı. Mən, başında İlham Əliyevin dayandığı sistemin yaşatdığı Azərbaycandan narazıyam. Çünki bu- demokratik dövlət deyil! Bu – bizə vəd olunan dövlət deyil! Bu - bizim uğrunda vuruşduğumuz dövlət deyil! Bu- Rəsulzadənin, Elçibəyin bizə miras qoyduğu dövlət deyil! Bu bizim ənənələrimizə uyğun deyil. Bir kəsim yağ-bal içində yaşayacaq, orta kəsim yoxdu və ancaq aşağı təbəqə olacaq. Mən ölkə prezidentinin siyasətini necə dəstəkləyə bilərəm ki, beş min, altı min manatlıq əməliyyata ehtiyacı olan uşağın valideyni çıxıb efirlərdə, az qala, dilənir. Niyə belə olmalıdır? Səhiyyə sistemi qurulmalıdır. Yaxud da təhsil. Nobeli qoydum qırağa, Azərbaycanda yeni bir ixtira, kəşf, nəsə var? Azərbaycan universitetləri dünyanın ən yaxşı on universiteti arasına girməyib. Heç islam dövlətləri arasında ilk səkkizyüzlükdə yoxdu. Necə razı ola bilərik? Yaxud yaşayış tərzimiz. Bu gün neftin qiyməti, az qala, üç dəfə ucuzlaşıb, amma biz hələ də nefti üç dəfə baha qiymətə alırıq. Əvvəl nefti 120 dollara, benzini də bizə 70 qəpiyə satırdın. Bu gün nefti 50-ə satırsansa, benzini də bizə 30 qəpiyə satmalısan. Bu adi məntiqdi. Ya da xaricə 70 dollara satılan neft, daxilə 90 dollara satılır. Bu gün bizim insanlar ərzaqlarını qonşu Gürcüstandan alırlar. Niyə belə olmalıdır? Prezidentin əsas işi nədir? Vətəndaşlarının sosial təminatını, təhlükəsizliyini, yaşayışını təmin eləmək, vəssalam. Necə olur ki, neftimizin səksən faizi SSRİ- yə gedən dönəmdə biz gənclərə pulsuz ev verə bilirdik, neftimizin yüz faizinin bizə qaldığı dönəmdə yox? Yaxşı, pulsuz verməyək, çünki sosializm qurmuruq, kapitalist dövlətik, bazar münasibətləridir. Amma hər halda bu qədər yox. Bunların hamısı monopoliyanın, özbaşnalığın təsiridi. Biz nə istəyirik? Normal şərait, təhlükəsizlik, istirahət, yaşamaq üçün şərait, yaxşı səhiyyə, yaxşı təhsil və gələcəyə ümid. Bunu versin, kim olur-olsun, gəlsin prezident olsun. - Seçki kampaniyası üçün gərəkli büdcəniz varmı? - Büdcə və təcrübə sözü bir-birinə tərs mütənasibdir. Nə qədər siyasi təcrübən varsa, o qədər az maliyyəyə ehtiyacın var. Siyasi təcrübən nə qədər azdırsa, o qədər çox maliyyəyə ehtiyacın var. Mən özümü siyasi baxımdan, ən azı, seçkilər baxımından xeyli təcrübəli hesab eləyirəm. 2000-ci ildən bu yana keçirilən bütün seçkilərdə müşahidəçi olmuşam. Sonuncu dəfə Cəmil Həsənlinin vəkillərindən idim. Odur ki, bu prosesi gözəl bilirəm. Başqa bir namizədin bəlli bir məbləğə aparacağı təbliğatı minimum məbləğə də eləyə bilərəm, hətta pulsuz da. Təbii ki, lap pulsuz mümkün deyil. Ən azı təbliğat, çap materialları vəsait tələb edir. Amma bu, çox minimal məbləğdi. Onu da nəzərə alaq ki, insanlar sənin payladığın bukleti oxumaq həvəsində deyillər, çünki bukletlər xırda hərflərlə yazılır. İnsanlar heç öz şəxsiyyət vəsiqələrini axıra qədər ouxmurlar. Biz bu günkü tələbləri nəzərə almalıyıq. Sosial şəbəkələri. Facebook var, tvitter var, saytlar var. Yəni biz seçicilərin ayağına getməliyik. - Seçkilərin demokratik keçəcəyinə inanırsızmı? - Deyir, avazdan çox şey bilinir. Seçkilərə çox az qalıb. Bu isə o deməkdir ki, başlayıb artıq. Sənədlərin təqdim olunması, imzaların toplanması, təsdiqlənməsi – bunların hamısı qısa müddətdə başa çatmalıdır. Mən seçki qanunvericiliyini gözəl bilirəm. Azərbaycandakı 125 dairəninhərəsində 30 məntəqə var, hər məntəqədə, təxminən, 9 məntəqə üzvü. O doqquzdan beşi eyni bir siyasi partiyanın təsirindədirsə və o məntəqədə hər şey sadə səsçoxluğu ilə həll olunursa, burda hansı ədalətdən və ya obyektivlikdən danışmaq mümkündür?! Seçki komisiyalarında nisbətən müxalifətin təmsilçiliyinin təşkilinə, yaxud da bu günkü görüşlərə, tədbirlərə, siyasi fəaliyyətə, söz, mətbuat azadlığına minimum şərait yaradılsa, hardasa şübhələnərdik ki, obyektiv ola bilər. Yəni əmin olmaq mümkün deyil. Aşıq gördüyünü çağırar. 93-dən bu yana ədalətli, demokratik seçki görməmişəm. Bu dəfəki seçkilərin də ədalətli və demokratik olacağına inamım on beş- iyirmi faizdən çox deyil. Hələ bu da çox şişirdilmiş rəqəmdi. Sual yarana bilər ki, onda niyə namizədliyinizi verirsiz? Yaxşı, verməyib neynəyək? Oturaq tamaşaçı kimi? Ən azından indi namizəd kimi iştirak eləsək, o məntəqələrdə baş verəcək saxtakarlığa mane olmağa çalışmağın özü belə bir işdi. Sabah sənin əlində üç dənə sənəd olur ki, növbəti dəfə jurnalistlə danışanda misal gətirə bilirsən ki, filan məntəqədə belə oldu, filan dairədə belə. İştirak eləməsən, neynəyəcəksən? Tamaşaçı kimi qalacaqsan. Bu dəqiqə hakimiyyət çox istəyir ki, boykot qərarı verilsin və o, istədiyi adamları istədiyi yerə təyin eləsin. Ona görə biz yalnız prosesdə iştirak eləyərək nəyəsə nail ola, təsir eləyə bilərik. Mən fərdi şəkildə, istərsə də təmsil olunduğum bloqun adından bunu eləməyə çalışacam. Bir presedent, nümunə və canlanma yaratmağa çalıcaşağıq. Bunu biz yaratmasaq, hakimiyyətin marağında deyil. Hakimiyyət seçki gününə qədər Röya ilə Faiq Ağayevin bir-biri ilə deyişməsini gündəmdə saxlayacaq. Deyəcək ki, sizin üçün bu önəmlidir. Sənin dairəndə deputat kimdir, komissiya üzvləri kimdir, 20 ildi nazirin kimdir önəmli deyil. Baxın, bu gün bir sayt nazirlər kabinetinə zəng vurub soruşur ki, Artur Rasizadə işə çıxır? Nazirin proqramı, işi barədə yox, fiziki olaraq işə gəlib gedə bildiyi müzakirə olunur. Hazırda dövlətimizin başında dayanan beş adamın üst-üstə yaşı hardasa gəlib 300-400-ə çıxır. Belə bir mühitdə hansı siyasətdən danışmaq olar? Bunlar aradan qalxmalıdır. Əks halda imitasiya ilə məşğul olacağıq. Ortada isə feodal qaydaları hökm sürəcək. - Seçkilər antidemokratik olsa, hansı addımları atmağı planlaşdırırsız? - Bir cümlə var: Azərbaycan respublikası qanunvericiliyi çərçivəsində mümkün olan bütün variantlardan istifadə etmək. Yəni bizim silahımız yoxdu ki, götürək gedək üstlərinə, ya da qeyri-qanuni yollarla mübarizə aparaq. Biz neynəyə bilərik? Piketlər, mitinqlər eləyə bilərik, etiraz məktubları yaza bilərik, məhkəmələrə şikayət verə bilərik. Uzağı, beynəlxalq missiyaları, səfirlikləri məlumatlandıra, Avropa məhkəməsinə müraciət eləyə bilərik. Müxtəlif formalı etiraz aksiyaları var- aclıqdan tutmuş müxtəlif fləşmoblara qədər. Amma yenə də deyirəm: ən effektiv etiraz aksiyası xalqın meydanlara çıxmasıdır. Xalq 50 minlik bir mitinq eləsə, Azərbaycanda situasiya indikindən daha yaxşı olacaq. Biz bu gün 50 min adamı bir yerə yığa bilmirik. İstər beynəlxalq aləm, istər daxili hakimiyyət baxır ki, bunların gücü budur. Beynəlxalq təşkilatlar baxır ki, müxalifətin gücü budur da, onda indi hakimiyyətdə olanlarla aramızı niyə pis eləyək? Ən azı burda bizim maraqlarımız var, strategiyamız var- İran var, Rusiya var, Əfqanıstan var. Bunların üzərindən bir işimiz, gücümüz var. Yəni beynəlxalq təşkilatlar da risk etmək istəmir. Xalq faktoru hər şeyi həll eləyir. Siyasi meydanda hakimiyyət, müxalifət və xalq olmalıdır. Xalq kimin yanındadırsa, o gücdür və qalibdir. Təəssüf ki, xalq meydandan çəkilib və müxalifətlə hakimiyyət üz-üzə qalıb. Müxalifətin resursları nədir? Fədakarlar, mübarizlər, dönməzlər, sınmazlar. Hakimiyyətin resursları isə polis, ordu, məhkəmə, prokuror, tutmaq, həbs eləmək, asmaq, boğmaq, vətəndaşlıqdan çıxartmaq. Təbii ki, burda da güclər bərabər deyil. İnzibati resurslarla şəxsi fədakarlıq mübarizə apara bilmir. Xalqı bu prosesə qoşmağı bacarmaq lazımdır. Əks halda belə də davam eləyəcək. - Rusiya, yoxsa Avropa? - Azərbaycanda, yəqin ki, 95 faiz bu suala “Avropa” deyə cavab verər, içi mən qarışıq. Niyə Rusiya yox? Biz 70 il Rusiyanın əsarətində qalmışıq, onun bizə verdiklərini də görmüşük, bizdən aldıqlarını da. Rusiyanın təsirində olan Koreya ilə Amerika, Avropanın təsirində olan koreyaya baxırıq. Zamanında Rusiyanın təsirində olan Almaniya ilə Avropanın təsirində olan Almaniyanı müqayisə eləyirik və görürük ki, necə inkişaf olub. Biz- vətəndaşlarımız, siyasətçilər ona görə Avropa demir ki, avropalıların qara qaşına, qara gözünə vurulmuşuq. Biz xalq olaraq inkişaf istəyirik, rifah istəyirik, sabitlik istəyirik, normal yaşayış istəyirik və bu gün də ruslarınmı, yoxsa avropalılarınmı yaxşı yaşadığı göz qabağındadır. Amma onu da unutmamalıyıq ki, biz dünyanın ən böyük dövlətlərindən biri və ümumiyyətlə, dünya siyasi sistemində güc sahibi olan Rusiya ilə, həm də İranla qonşu dövlətik. Biz Avropaya istiqamətlənib Rusiya ilə İranı unutmayacaq siyasət yürütməliyik. - Son dövrlərdə Azərbaycanda dini təriqətlərin sayı artır. Sizcə, bunun qarşısını necə almaq olar və qanunvericilikdə sərt addımlar tətbiq eləmək kifayətdirmi? - Din siyasətdən tamamilə fərqlidir. Din insanlara bu dünyanı yox, axirəti vəd eləyir, insanlara bu dünyada kiməsə yox, allaha xidməti təklif eləyir. İnsan da daha çox mənəvi varlıqdır, nəinki maddi varlıq. Din insanların mənəvi aclığını, mənəvi tələbatlarını ödəyir. İndi özünüz fikirləşin: biz bu mənəvi tələbatlara qarşı sərt qanunlar qoymaqla onları daha da emosionallaşdırıb, radikallaşdıra bilərik. Burda bir yol var: maarifləndirmə. Həqiqi, real olanı öyrətmək. Sən insanlara dini qadağan eləyəcəksənsə, universitetlərdə, məktəblərdə olduğu kimi tədris olunmayacaqsa, kimlərsə gəlib o boşluğu dolduracaq. İstər yeqova şahidləri olsun, istərsə islamın bəzi missionerləri. Məsələn, Avropada qadağan olunmuş bəzi təriqətlərin Azərbaycanda mərkəzləri var. Onların bəziləri insanların maddi problemlərindən istifadə eləyir, bəzləri üzləşdikləri haqsızlıqdan. Bu təbiidi. Dünyada artıq ideoloji müharibə, mədəniyyətlərarası çəkişmə gedir. Azərbaycan dünyada milli-dini baxımdan ən tolerant xalqdır. Bu dəqiqə dünyada yəhudilər hətta İzrailin özündə belə rahat yaşamırlar. Onların dünyada ən rahat yaşadıqları yer Azərbaycandır. Məsələn, biz Dilarə Əliyeva küçəsində yaşayırdıq. Həmin küçədə məsciddən 50 metr qabaqda sinaqoq yerləşirdi və onlar bir-birinə mane olmurdular. Bizdə zatən milli-dini ədavətin kökü yoxdur. Əgər bu gün nəsə varsa, o, süni şəkildə gətirilib. Dövlət bu məsələnin üstünə səmimi şəkildə getsə, hansısa konfliktlərin yarana biləcəyinə inanmıram. Dövlət mənəvi boşluqların hansısa siyasi- ekstremist qrupların maraqlarına xidmət eləyən ideologiya ilə doldurulmasına da yol verməməlidir. Buna görə də daha güclü alternativ təqdim eləməlidir. Yenə qeyd eləyirəm: alternativsiz mümkün deyil. Bu pisdir. Bu kitabı oxuma! Burda ekstremizm var! Lap yaxşı, razıyam. Bəs nə oxuyum? Sən ona alternativ kitab verməsən, o, qadağan olunanı gedib gizlində oxuyacaq. Ona görə alternativ təqdim eləmək lazımdır. Onda heç bir problem qalmayacaq. - Müasir Azərbaycan qanunvericiliyində əsas hansı boşluqları görürsüz? - Qanunvericilik geniş anlayışdır. Bura iqtisadiyyat, təhsil, səhiyyə, məişət, ailə və s. daxildir və hər sahə üzrə də kifayət qədər boşluq var. Amma hətta bu günkü o natamam qanunlar da işləsəydi, biz çox yaxşı dövlət olardıq. Belə bir fikir var: işlək pis qanun işləməyən yaxşı qanundan daha yaxşıdır. Baxın. İran teokratik dövlətdi, qanunları sərtdir. Amma orda həmin qanunlar işləyir. Orda İran vətəndaşı bilir ki, içkili olsa, onu şallaqlayacaqlar. Amma onu da bilir ki, içkili olmasa, cibinə araq atıq həbs eləməyəcəklər, ya da övladı haqsız yerə tutulmayacaq. Ona görə İran rejimi dünyanın bu qədər təzyiqinə rəğmən tab gətirir. Yəni ədalət sistemi olmalıdı. Qanun necə olur olsun, işləsin. Qanun hamı üçün qanun olsun. Məşhur bir telekanalda tez-tez təkrarlayırlar ki, şah qanun deyil, qanun şahdır. Qanunun şah olduğu yerdə onun necəliyi artıq ikinci dərəcəli məsələdir. Əsas odu ki, qanun işləsin. - Seçilsəniz, parlamentdə ilk təklifiniz nə olacaq? - Əslində orda ilk təklifi mən vermirəm. Parlamentin komisiyaları var. Baxır, hansı qabağa düşəcək, öz qanunvericilik layihəsini ortaya qoyacaq. Amma mən Azərbaycanın artıq proporsional seçki sisteminə keçməyinin tərəfdarıyam. Yəni Türkiyədəki kimi olmalıdır. Bizdə bu gün 125 deputat var. Bir deputatın səsi bir faizdən aşağıdır, 0, 70 faiz səsi var. Mojaritar o deməkdir ki, hərə özü üçün deputat seçilir, öz dairəsində vuruşur və bir araya da gələ bilmir. Parlamentdə 25 deputat fraksiya təşkil eləyir. Bizdə hələ bir fraksiya yoxdu. Heç hakimiyyətin özü fraksiya yaratmayıb. niyə? Çünki qruplaşmalar, təbəqələşmələr olmaz. Əslində isə fraksiyasız, rəqabətsiz parlament heç nədir. Mən, ümumiyyətlə, bu sistemin dəyişməyinin tərəfdarıyam. Ən azından birinci mərhələdə yüz deputat mojaritar qaydada seçilməlidir, yüz deputat proporsional qaydada. Təbii ki, deputatların sayının artırılması da labüddür. Bizdən kiçik olan Gürcüstanda belə deputatların sayı bizdən çoxdur. Bizdə də, ən azı, 200 deputat olmalıdır və proporsional seçki sisteminə qayıdılmalıdır ki, partiyaların siyasi çəkisi artsın, siyasətlə Elza Seyidcahan yox, siyasətçilər məşğul olsun. Buna görə də ilk ən böyük arzum bu olardı ki, parlament referendum haqqında qərar qəbul eləsin, referendumla Konstitusiya dəyişdirilsin və nisbi də olsa, proporsional sistemə keçid başlasın. |
||
|
||
Tural, Abbaslı:, "“Mən, siyasətə, qarışmıram”, ifadəsini, işlədən, bir, cəmiyyətdə, siyasət, artıq, sıfırdır", |
|