Xəbər haqqında
31 Avqust 2017 - Cümə axşamı 00:02 511 nəfər oxuyub
 
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
BAXIŞ Xəbəri
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL

Bir vaxtlar yaxın münasibətləri ilə diqqət çəkən Türkiyə və Almaniya son zamanlar əvvəlki yaxınlığın tam əksini sərgiləyirlər. Hətta “bir-birləriylə düşmənlik edirlər” desək, yanılmarıq. Hərçənd, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “biz düşmən deyilik, hər şey danışıqlar vasitəsi ilə çözülə bilər” söyləməsi Ankara ilə Berlin arasındakı gərginliyin göründüyü kimi dərin olmadığını düşünməyə əsas verir. Bəs o zaman bu iki ölkə arasında 2 ilə yaxındır ki, çözülə bilməyən məsələ nədir? Loru dildə desək, onlar nəyi bölə bilmirlər?

Xeber365.com-un analitik qrupu bu sualların cavabını axtarıb.

 

Elə isə, əvvəlcə son gərginlikdən başlayaq... Türkiyə və Almaniya arasında son gərginlik necə başladı?

 

Almaniyanın “Die Welt”in qəzetinin Türkiyə müxbiri Dəniz Yücəlin həbs edliməsindən sonra Almaniyadakı bəzi siyasətçilər türk lideri Rəcəb Tayyib Ərdoğanın ölkəyə girişinin qadağan edilməsini və türk hökumət nümayəndələrinin bu ölkədə keçirəcəyi toplantıların ləğv edilməsini təklif etdi.

 

 

Bu müzakirələrdən sonra Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın Almaniyanın Gaggenau şəhərindəki Avropalı Türk Demokratlar Birliyi (UETD) tərəfindən təşkil olunan 16 aprel referendumuyla bağlı planlaşdırılan toplantısının ləğv edildiyi bildirildi.

 

Gaggenau bələdiyyəsi həmin vaxt bəyan etdi ki, toplantı salon və parkların çatışmazlığı səbəbiylə ləğv edilib. Türk mediasının təpkisinə cavab olaraq Gaggenau bələdiyyəsi, həmçinin, Almaniya rəsmiləri qərarın siyasi motivinin olmadığını vurğuladı.

 

Elə həmin zamanlarda, təxminən bir neçə gün sonra iqtisadiyyat naziri Nihat Zeybəkçinin də Köln şəhərindəki toplantısı ləğv edildi və gərginlik başladı...

 

Almaniyanın bu mövqeyinə Türkiyə adekvat şəkildə – sərt cavab verdi. Ədliyyə naziri Bəkir Bozdağ toplantısının ləğv edilməsinə cavab olaraq, alman həmkarı ilə planlaşdırılan görüşdən və Almaniya səfərindən imtina etdi.

 

Bununla yanaşı, Almaniyanın Ankaradakı səfiri Martin Erdmann Xarici İşlər Nazirliyinə çağırıldı və rəsmi Berlinə bu ismarıc göndərildi:

 

"Bizimlə işləmək istəyirsinizsə, bizə necə davranacağınızı öyrənmək məcburiyyətindəsiniz. Bu işlər bu yolla olmaz, belə davam edə bilməz. Biz də heç çəkinmədən hər çür yolla bunu qarşılığını verərik. Bundan sonrasını isə o zaman siz düşünərsiniz".

 

Bu ismarıcdan sonra Martin Erdmanna ikinci sərt xəbərdarlıq M.Çavuşoğlundan gəldi:

 

"Bizi bir ortaq kimi görmək məcburiyyətindəsiniz. Türkiyə sizin tabeliyinizdə olan bir ölkə deyil. Siz Türkiyənin müdiri deyilsiniz. Siz yuxarı təbəqə, Türkiyə aşağı təbəqə deyil. Biz sizə belə davranmırıq. Almaniya da Türkiyəyə bərabər bir ortaq kimi davranmaq məcburiyyətindədir".

         

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə referendumla bağlı bəzi toplantıların ləğv edilməsini "nasist dövrünə qayıdış" adlandırdı:

 

"Sizin indiki davranışlarınız keşmişdəki nasist davranışlarınızdan heç də fərqli deyil, bunu bilin".

 

Və Berlinin cavabı da gecikmədi.

 

"Bu cür bənzətmələr sadəcə nasistlərin insanlığa qarşı işlətdiyi günahların əhəmiyyətini azaltmağa yarayar", – Almaniyanın Baş naziri Angela Merkel Erdoğanın sözlərinə cavab olaraq sadəcə bu sözləri dedi.

 

Qeyd etdiyimiz kimi, Almaniya buna kimi və bu bəyanatında da Türkiyəyə qarşı hər hansı siyasi qaralama və ya əngəlləmə ilə məşğul olmadığını vurğuladı. Bəs onda rəsmi Berlin türk siyasətçilərinin toplantılarına niyə icazə vermir?

 

İstanbuldakı “Heinrich-Böll” Fondunun direktoru və Kristian Brakel bu toplantıların Almaniya hökuməti tərəfindən qadağan edilmədiyini deməsi bu istiqamətdəki araşdırmaları bir az da dərinləşdirdi.  Kristian Brakel açıqlamasında bildirdi ki, bələdiyyələrin toplantı qadağası rəsmi Berlin üçün baş ağrısıdır:

 

"Hətta yerli bələdiyyə başçıları və bürokratların bu toplantıları qadağan etmək üçün inzibati qərarlar alması, federal hökumət üçün böyük bir baş ağrısı anlamına gəlir. Gaggenaudakı qadağa böyük ehtimalla, həqiqətən, bura çox insanın toplaşacağından və türklər arasında münaqişəyə yol aça biləcəyi qorxusundan qaynaqlanıb. Ləğv edilən digər toplantılara, xüsusilə Hamburgdakı toplantıya nəzər salsaq, bunu təsdiqləmiş olarıq. Belə toplantılar keçiriləndə hirsli yerli siyasətçilər diplomatik nəticələri düşünmədən bir cavab vermək istəyirlər".

         

Bəziləri bu açıqlamadan sonra rəsmi Berlinin toplantıların təşkilinə yaradılan maneələrdə həqiqətən də çarəsiz olduğunu düşündü. Lakin ikinci və daha güclü variant da var. Bu isə Federal Hökumətin Türkiyə iqtidarına qarşı münasibətidir. Rəsmi Berlinin Almaniyadakı türklərin Türkiyə ilə mədəni və siyasi bağlarından və türk siyasətinin Almaniyaya daşınmasından narahat olduğu ortadadır. Bundan əlavə, Türkiyə ilə Almaniya arasında çıxar fərqliliyi mövcuddur. İki ölkə münasibətlərindəki gərginlik özlüyündə Almaniyada türk hökumətinə qarşi bir atmosferin mövcud olduğunu göstərir. Bunu əvvəlki gərginliklərdə də görmək olar.

 

2016-cı ilin iyun ayında Almaniya Federal Məclisinin 1915-ci il hadisələrini "soyqırım" kimi xarakterizə edən qanun layihəsini qəbul etməsi münasibətləri daha da gərginləşdirmişdi. Baş nazirin köməkçisi və hökumət sözçüsü Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu və baş nazir Binəli Yıldırım bu qərarı açıq şəkildə qınadılar və Türkiyənin buna cavab verəcəyini bəyan etdilər. Bu qərardan sonra Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunun məsləhətlər aparmaq üçün geri çağırdığını açıqladı. Türkiyənin almaniyalı deputatların İncirlik bazasındakı alman əsgərlərini ziyarət etmələrinə icazə verməməsi isə yaşanan gərginliyin daha da artmasına səbəb oldu. Almaniya isə ziyarətə icazə verilmədiyinə görə əsgərlərini İncirlik bazasından geri çəkəcəyini bəyan etdi.

        

Həmin zaman gərginlik xeyli artsa da, sentyabr ayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, Angela Merkellə G20 zirvə toplantısında bir araya gəldikdən sonra ziyarətə yaşıl işıq yandırdı. Almaniyanın millət vəkilləri oktyabr ayında İncirlik bazasını ziyarət edi və iki ölkə arasında durmadan davam edən gərginlik az da olsa səngidi. O vaxta kimi ki, Türkiyədə uğursuz nəticələnən dövlət çevrilişindən sonra Almaniyanın Köln şəhərində "Çevrilişə qarşı demokratik mitinq" adı altında nümayiş keçirildi. Nümayişdə Rəcəb Tayyib Ərdoğanın video-müraciətinin yayımlanmasına icazə verilməməsi münaibətləri yenidən gərginləşdirdi.

 

2016-cı ilin noyabr ayında kürd partiyası olan HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yükəekdağın həbs olunmasına alman rəsmilərinin sərt münasibəti Ankara cəbhəsində daha bir narahatlığa yol açdı. Almaniyanın ədliyyə naziri Heiko Maasın dövlət sirrini yaymaqda və terrorçularla əlaqədə olmaqla ittiham edilən jurnalist Can Dündarı yeni il tədbirinə aparıcı olaraq dəvət etməsi bu gərginliyi alovlandırdı və beləcə 2017-ci ilə qəzetlərin manşetindəki “Türkiyə-Almaniya düşmənçiliyi” başlığı ilə start verdik.

 

Bundan sonraki manşet “Almaniya Türkiyənin İncirlik hərbi bazasından tamamilə geri çəkildi”, növbəti gündəm məsələsi isə Almaniya xarici işlər nazirinin Avropalı siyasətçilərə göndərdiyi və Türkiyəyə, xüsusilə Ərdoğana qarşı maneələr yaradılmasının vacibliyi vurğulanan məktublarının üzə çıxması oldu. Bununla belə, hələ də hər iki tərəf münasibətlərdə soyuqqanlı olmağa çalışır.

            

Artıq, demək olar ki, həm tərəflər, həm də dünya rəsmi Ankara ilə Berlin arasındakı gərginliyə öyrəşib. Bəs görəsən, siyasi gərginlik iqtisadiyyata, xüsusi ilə qaçqın anlaşamasına təsir edəcəkmi?

 

Almaniyalı siyasi ekspertlər hesab edir ki, rəsmi Ankara gərginliyin qaçqın anlaşmasına və iqtisadiyyata təsir etməsinə imkan verməyəcək. Lakin bu prosesin iqtisadiyyata tam təsirsiz ötüşəcəyinə də inam yoxdur.

 

Türkiyəli siyasətçilər də qaçqın razılaşmasınım ləğv edilməyəcəyi fikrindədir. Lakin gərginliyin iki ölkə arasındakı ticarət əlaqələrini sarsıdacağını düşünürlər.

 

Bundan əlavə, almaniyalı iş adamlarının və rəsmi Berlinə bağlı olan şirkətlərin Türkiyənin ictimai-siyasi həyatına təsirini də diqqətdən kənarda saxlamaq olmaz. Əgər hüququn üstünlüyü, milli ayrı-seçkilik və insan haqları kimi mövzular gündəmə gətirilərsə, alman sərmayəçilər Türkiyəyə inestisiya qoymaqdan qaçacaq. Yatırım edilsə belə, Türkiyəyə qarşı “üçüncü dərəcəli ölkə” münasibəti bəslənə və türklərin mənfəati əvvəlki ilə müqayisədə əhəmiyyətli dərəcədə azala bilər.

 

Ən təhlükəli məqam isə, Almaniyada yaşayan türklərlə bağlıdır. Türkiyə-Almaniya gərginliyi Almaniyada islamafobiyanı, anti-türk təbliğatını sürətlə gücləndirir. Bu siyasətin tez bir zamanda bütün Avropaya siraət etməsi istisna edilmir. Çünki Almaniya iqtisadiyatı Avropa üçün “cib”dən daha önəmli nəfəslikdir.

 

Ortada Amerika Birləşmiş Ştatları faktorunun olmasını da nəzərə alsaq və Rusiya-Türkiyə yaxınlaşması fonunda Ağ Evin rəsmi Ankaranın tərəfində olacağı inandırıcı deyil. Belə olan halda Türkiyə üçün bir yol var; avropalı analitiklərin də dediyi kimi, “Ankara Federatif Hökumətlə hesablaşmalıdır”.

 

Bundan əlavə, Türkiyənin NATO-da önəmli faktor olması Qərbin Türkiyədən vaz keçməyəcəyini deməyə əsas verir. Hər halda, Angela Merkelin bu günlərdə verdiyi açıqlamada deyilir ki, Almaniya Ərdoğanın rəhbərlik etdiyi Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq. Münasibətləri tənzimləmək üçün hər iki tərəfin bu qədər əsaslı arqumenti olduğu halda, gərginliyin tezliklə bitəcəyi proqnozlaşdırılır. Ərdoğan iqtidarının Almaniyada yaşayan türklərin “xətrinə” də olsa, Qərbə üz tutması elə də uzaqda deyil. Çünki siyasi motivlərdən əlavə, Almaniya hətta bu gərginlik ərəfəsində belə Türkiyə üçün bir nömrəli iqtisadi aktor olaraq qalmaqdadır. 

Mənbə: Müəllif:
Türkiyə, və, Almaniya, nəyi, bölə, bilmir?, -, TƏHLİL,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı