Xəbər haqqında
24 Oktyabr 2017 - Çərşənbə axşamı 14:16 724 nəfər oxuyub
 
Vurğun Əyyuba sağlıq - Həqiqət üçün yanan adam
YARADICI Xəbəri
Vurğun Əyyuba sağlıq - Həqiqət üçün yanan adam

Vurğun Əyyubun 60 yaşı olur. Bu, Vətənini, vətəndaşını sevən, onun təəssübünü çəkən, onun üçün çırpınan, savaşan Azərbaycan ziyalısının yaşadığı bir ömrün yaşıdır. O ömrə bu xalqın övladları üçün yazıb-yaratmağı, onları öyrətməyi, onlar üçün  rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin etməyi, bir kitab, yüzdən çox elmi, ictimai-siyasi məqalə, filologiya elmləri namizədliyini, dosentliyi sığışdırıb. Və bütün bunlar, necə deyərlər, rəsmi məlumatlardır. Bir də həqiqət var, onun özünün də yanında olduğu həqiqət...

 

Vurğun Əyyubun yubileyi münasibəti ilə yazı hazırlamaq istəyəndə onun qələm dostlarına, əqidə yoldaşlarına üz tutdum. Qocaman şair Musa Yaqub Vurğun bəyin şeirlərindən söz etməyə başlayanda duruxdum. Dedim bəlkə, şair onu kiminləsə səhv saldı, Vurğun bəy şeir yazıbmı ki? Amma ardınca “o, həqiqət adamıdır” deyəndə artıq mənim üçün hər şey dəqiqləşdi: Bəli, söhbət Vurğun Əyyubdan gedirdi. Sadəcə, bizim onun şeirlərindən xəbərimiz yox imiş.

 

 

 

Musa Yaqub deyir ki, o, şair olub şeirlərini üzə çıxarmayandır, bu da təvazökarlığıyla bağlıdır: “Vurğun Əyyub ruhu, zövqü olan, həqiqəti sevən, həqqiqətin yanında olan, insan üçün, həqiqət üçün yanan adamdır. İnsana həmdəm, könlümüzə, ədəbiyyatımıza yaxın, hər şeyi bilən, mübariz, təvazökar, duyğulu bir adamdır. O həmişə istəyib ki, Azərbaycan xalqı, Azərbaycan balaları yaxşı olsun, yaxşı təhsil alsın.

 

Təhsilimizə böyük töhfə verib, verməkdə də davam edir. Gərək onun yazdıqlarını üzə çıxaraq, təbliğ edək. Ancaq biz onun qədrini bilmədik.

 

Qədirbilməyimiz qalsın bir yana, qədirbilənlərin qədrini bilsək,

Vallah, ömrümüzə gün çatmaz bizim...”

 

 

 

Hamlet İsaxanlı isə Vurğun Əyyubu belə təsir edir: "O, yaxşı insan, yaxşı alim, yaxşı təqdiqatçıdır. İctimai-siyasi xadimdir. Azərbaycanın demokratik inkişafı üçün böyük işlər görmüş şəxsiyyətdir. Azərbaycanda ali məktəbə qəbula test üsulunun tətbiq olunmasında bilavastə iştirak edib və bu yolla rüşvətsiz tələbə qəbulu mümkün oldu.  

 

Mən Vurğun Əyyubu yubileyi münasibəti ilə təbrik edirəm, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirəm”.

 

 

 

Sülhəddin Əkbər deyir, 60 yaş kifayət qədər müdrik yaşdır və bu şərtlər altında, bu qədər əziyyətlə 60 yaşa gəlib çıxmaq və cəmiyyətə faydalı olmaq böyük bir işdir: "Vurğun bəy, Azərbaycanın ictimai-siyasi həyatında rolu olan şəxslərdən biridir. Onun milli azadlıq hərəkatında rolu, Azərbaycanın müstəqilliyinin qazanılmasında, həmçinin Azərbaycan təhsilinin inkişafında böyük əməyi olub. O, bütün bu əməklərinə və test üsulunun tətbiqinə görə Azərbaycan xalqının yaddaşında qalmış şəxsiyyətdir. Bundan əlavə, Musavat patiyasının bərpasında və ən böyük partiyaya çevrilməsində onun xüsusi rolu olub.

 

O, bizim dostumuzdur. Mən Vurğun bəyə can sağlığı, ailə xoşbəxtliyi və gələcək fəaliyyətində uğurlar diləyirəm. 60 yaş insanın bitkin olduğu, həm nəzəri, həm də təcrübəli biliklərə sahib olduğu bir yaşdır. Düşünürəm ki, o, bundan sonra da Azərbaycan xalqı üçün böyük işlər görə biləcək!”

 

 

 

Qulu Məhərrəmli deyir, Vurğun Əyyub o şəxslərdəndir ki, ictimai arenaya çıxdığı vaxtdan bu günədək milli düşüncəsi, əxlaqi dəyərlərə və öz həyat prinsiplərinə sadiqliyi ilə nüfuzunu, ona olan hörmət və etimadı qoruyub saxlaya bilib: "Bizim kimi dəyərlərə münasibətdə dəyişkən cəmiyyətlərdə adamlar uzun müddət qamətlərini şax saxlaya bilmir, müxtəlif səbəblərdən əyilib sınırlar. Belə adamların sınmağı həmişə məyusluq yaradır. Amma nə yaxşı ki, Vurğun Əyyub kimi şəxsiyyətlər var və onlar bütün çətinliklərə baxmayaraq, öz çəkilərini və ictimai əxlaqı qoruyub saxlaya bilirlər. Mənim düşüncəmə görə, şəxsiyyət etiraz etməkdən başlayır. Bu mənada Vurğun Əyyub şəxsiyyətini onun ədalətsizliyə, əxlaqsızlığa, tamahkarlığa, diletantlığa olan etirazı formalaşdırıb.

 

Mən bu gün də həmin etiraz ruhunu özündə saxlayan əziz dostumuzun 60 yaşını ürəkdən təbrik edir, can sağlığı və elmi-pedaqoji və ictimai fəaliyyətində daha böyük məhsuldarlıq arzulayıram”.

 

 

 

Qubad İbadoğlu isə deyir ki, adətən, insanlar doğum günlərində rəmzi olaraq güzgünün önündə dayanaraq ötən illəri ilə bağlı özlərinə hesabat verirlər. Ancaq Vurğun bəyin 60 illik yubileyində dostunun əvəzindən hesabatı o vermək qərarına gəldi və belə bir gözəl mənzərə ilə qarşılaşdıq: “Vurğun bəy Azərbaycanımızın 100 il əvvəlki müstəqilliyinin baniləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Nəsibbəy Yusifbəyli, Fətəlixan Xoyski və digər dəyərli Azərbaycan övladlarının mənəvi davamçısı kimi sonuncu müstəqilliyimizn qazanılmasında əvəzolunmaz xidmətlər göstərmiş vətənpərvər ziyalıdır. Ruhi baxımdan, mənəvi nöqteyi-nəzərdən Vurğun bəylə adını çəkdiyim və çəkmədiyim millət fədailəri arasında sarsılmaz bir bağ var və bu bu bağ o qədər sarsılmazdır ki, onun qırılması mümkün deyil. Vurğun bəy korrupsiyanın, rüşvətin tüğyan elədiyi bir məmləkətdə yeganə işıqlı və təmiz nöqtənin – ali məktəblərə test üsuli ilə qəbul sisteminin yaradıcısı olmuş və bu sistemi ilk dəfə uğurla sınaqdan keçirərək, mümkünsüzü bacarmış bir mücahiddir. Bu fakt Azərbaycan üçün artıq çoxdan təhsil məsələsi olmaqdan çıxmış, siyasi iradə, bilik və idarəetmə bacarığının vəhdəti şəklində özünü təsdiq etmişdir. Vurğun bəy situasiyadan, cəmiyyətdəki siyasi təbəddülatlardan asılı olmayaraq siyasi fəaliyyətinin bütün dövrlərində qeyri-bərabər mübarizədə dürüstlük, açıqlıq prinsiplərinə əməl etmiş siyasi xadimdir. Onu tanıdığım son 25 ildə dəfələrlə bunun şahidi olmuşam. Vurğun bəy dəyərli ədəbiyyat adamı, peşəkar pedaqoqdur, Azərbaycanda dünya ədəbiyyatının incilərinə vaqif olan nadir ədəbiyyatçılardandır. Onun təlim üsulları nə qədər modern, özünəməxsusdursa, ədəbi təfəkkürünün imkan verdiyi hüdudsuz sərhədlər çərçivəsindəki yazıları və söhbətləri də o qədər maraqlı və yaradıcıdır.

 

Və nəhayət, Vurğun bəy sədaqətli dost, gözəl insandır. Əziz dostumun bütün digər müsbət keyfiyyətlərinin bünövrəsində də məhz onun insanlara deyil, prinsip və amallara sədaqəti, işıqlı varlığı durur. Bu dünyanın saflığı, gözəlliyi üçün yalnız varlığın yetər, əziz dost! Sənə uzun ömür, möhkəm cansağlığı, özümə isə səninlə birlikdə bu mübarizə yolunda uzun illər birlikdə, çiyin-çiyinə addımlamaq xoşbəxtliyi arzulayıram”.

 

 

 

Elnur Astanbəylinin Vurğun bəyə arzusu elə yubilyarın öz könlündən qopan arzulardır: “Könül istərdi ki, Vurğun bəyin 60-cı doğum gününü onun arzuladığı Azərbaycanda qeyd edəydik. Hansı ki, arzuladığı Azərbaycan uğrunda ömrünün böyük bir bölümündə mücadilə edib, yetərincə çətinliklər, məhrumiyyətlər yaşayıb. Vurğun Əyyub kimliyi ölkəmizin yaxın tarixinin ən önəmli hadisələrindən biri ilə assosiasiya olunur. O, testə qəbulun memarlarındandır, buna görə də son 25 ildə universitetlərə qəbu edilən on minlərlə, yüz minlərlə gəncin təşəkkür ünvanlarından biri olmağı haqq edib.

 

Bu da nə qədər qəribədir ki, Vurğun bəyin 60-cı doğum ilində testin ləğvi təşəbbüsləri, təklifləri gündəm olmaqdadır. Nədir bu? Mübarizənin dayanmadan, arası kəsilmədən davam etdiyinin, davam etməli olduğunun bir görsənişi!

 

Vurğun bəylə söhbətlərimizdə adətən çox mübahisə edirik, fərqli şəxslərə və hadisələrə fərqli gözlərlə baxırıq, dartışırıq, ortaq nöqtədə buluşuruq da, tamamilə ayrışırıq da. Ancaq dəyişməyən, daim eyni qalan bir şey var: bu, Azərbaycanın gələcəyi ilə bağlı arzularımız, ideallarımızdır. Bəyin 60-cı doğum gününü qutlayarkən, ona sağlıq dolu illərlə bərabər, tezliklə arzuladığı və arzladığımız Azərbaycana qovuşmağı diləyirəm. Xəyalpərvərlik kimi çıxmasın, elə 61-ci... yaxşı olsun 62-ci... yaxşı, yaxşı, lap olsun 65-ci doğum günündə həm də bu qovuşmanın sevincini bölüşməyin nəyi pis olardı?!”

Mənbə: Müəllif: Sevinc Fədai
Vurğun, Əyyuba, sağlıq, -, Həqiqət, üçün, yanan, adam,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı