Hadisənin 1987-ci ildə baş verdiyini deyir “Bu xortumlu dünyada fil yalnız bir heyvandır” kitabının müəllifi A.Şerif İzgörən. “Üç uşaq- Nejat, Oğuz və Bülü məktəbdən gülərək gəldilər. İmtahanda ingilis dilində olan cümləni türkcəyə tərcümə etməyi tapşırıblar. Uşaqlardan biri “Elephant is the only animal in the world with a trunk” cümləsini belə tərcümə edib: “Bu xortumlu dünyada fil yalnız bir heyvandır”. Bizim uşaqlar da həmin cümləyə gülürdü. Mən də hər dəfə yadıma düşdükcə güldüyüm həmin cümləni kitabımın adı etdim.”
Engin Günaydın cavabını həyəcanla gözlədiyim müsahibim idi. Onun Türkiyə qəzetlərindən birində yayımlanan növbəti müsahibəsini oxuyandan sonra, filmlərini, qatıldığı proqramları izlədiyim adamın içindəki aktyoru bir kənara qoyub insan tərəfini tanıya bilmədiyimi anlamışdım. Amma həmin müsahibəsindəki cavablarından sonra özüm üçün yeni bir Engin Günaydın kəşf etdim. Elə buna görə də müsahibə almaq üçün əlaqə yaratdım. Təklifimi qəbul etdiyini deyəndə bircə dənə də sualım yox idi. Müsahibə barədə əzizim T.-a dedim, bir neçə gün suallar üstündə var gəl etdik. O olmasaydı, indi bu müsahibə də olmazdı, yəqin. Olsaydı belə mən, orijinal cümləyə çevrilən tərcümə xətası kimi bir maraqlı müsahibə çıxara bilməyəcəkdim ortaya. Həyəcanımı elə doğru edilmiş tərcümə kimi sönük yaşayacaqdım – “Dünyadakı xortumlu tək heyvan fildir” deyəcəkdim. Elə ona görə də müsahibənin “Bu xortumlu dünyada fil yalnız bir heyvandır” cümləsi qədər maraqlı alınmasına səbəb olan T.-a təşəkkür edirəm.
- Aktyorluqla uzun müddətdir məşğul olmağınıza baxmayaraq, geniş kütlə tərəfindən məşhur “Avropa Yakası”ı serialı ilə tanınmağa başlamısız. Buna necə baxırsız? Ümumiyyətlə, kütləvi mədəniyyətə münasibətiniz necədir?
- “Avropa Yakası”ndan əvvəl iştirak etdiyim layihələrlə də məşhur olmuşdum. Adətən, kiçik rollarla başlayırdım və çox bəyənilirdi. Daha sonra rolum artırdı. “Avropa Yakası”nda bu qədər məşhurlaşmağımın səbəbi serialın uzun olmağı idi. Gülsə (Gülsə Birsel L.N.) rolu çox yaxşı yazırdı. Mən də həmin vaxtlar çox xoşbəxt idim. Buna görə də ortaya çox yaxşı işlər çıxırdı. Aktyorlar gördükləri işin populyarlaşmasını istəyirlər. Çünki bu, sizə gələcəkdəki işlərdən də xəbər verir. Bu mənada çox vacibdir.
- “Avropa Yakası”ndan sonra populyar bir komediya filmi çəkib serialdan qazandığınız məşhurluğun “çörəyini” yeyə bilərdiniz, amma “Vavien” kimi qara komediya çəkdiniz. Populyarlıq, görmək istədiyiniz digər işlər üçün ara dayanacaqdır, yoxsa son filminizi də nəzərə alsaq, insan populyar işlərlə də dərdini anlada bilər?
- Bunu heç istəməmişəm. Pulsuz birini pullu birinə çevirməyi heç düşünməmişəm. Üstəlik bu bizim bazarda çox görülən, amma gizlincə də olsa, ayıb sayılan bir işdir. Sənətimi uzun müddətli düşünürəm. Buna görə də bəzi avantajlardan, şanslardan istifadə etmək istəmədim. Çünki həm də ssenarilər yazırdım. Onları reallaşdırmaq lazım idi. Türkiyədə kommersiya kinosu hələ öz yerini tapmadığı üçün çətinlik çəkirik. Amma zamanla hər şeyin düzələcəyinə inanıram. “Vavien” filmi də kommersiya filmi kimi dəyərləndirilmədi.
- Kənardan, özünə həmişə ironiya, lağ edən biri kimi görünürsüz. Yəni həmişə bacara bilməyənin, uğursuz insanın təvazökarlığı ilə yoğrulmuş halınız var sanki. Elə stand-up tamaşanızın adı da “O əhvalatdakı mal mənəm”dir. Bu, səhnədəki, sənətinizdəki tərzinizdir, yoxsa doğrudan da, bacarmadığınızı, bir az da ümumiləşdirsək, insanın heç vaxt bacara bilməyəcəyini düşünürsüz?
- Bacarmaq, uğur qazanmaq hamımızın arzusudur. Amma mənim üçün bu, təkcə səhnədəki tərzim, yəni obraz deyil. Mən bacara bilməməyin ətrafında olub bacarmağı arzulayıram. Bu mənim qidalandığım, özümü anladığım mənada rahat hiss etdiyim bir yerdir. Bacara bilməmək kütlə psixologiyasıdır. Sözün düzü, öz zəif tərəflərim haqqında nə qədər çox danışsam, tamaşaçı ilə də o qədər yaxın olaram deyə düşünürəm. Tamaşaçı məni, mən də onları anlamalıyam. Bunun üçün özümdə nə varsa, etiraf etməyə çalışıram. Bu da aramızdakı bağları gücləndirir, məncə.
- Müsahibələrinizdən bilirik ki, geniş, mühafizəkar, klassik ailədə böyümüsüz və ailəniz, siz məşhur olana kimi peşənizi o qədər də bəyənməyib. Yəni təqdir edən yox, həmişə qüsurlar tapan və ya şəxsi seçimlərə şans vermədən öz gözləntilərinin qarşılanmasını istəyən bir ailə strukturu. Hətta iki illik texnikuma qəbul olduğunuz üçün atanızın üzünüzə tüpürdüyü haqqında danışırsız. Bunlar üzdə olmasa belə, insan şüurunun alt qatlarında qarşıdurma, hətta kin yaratmağa qadirdir. Ancaq sizdə bir kin görmürük. Bütün bunları gülərək danışırsınız. Bu aspektdə keçmişiniz və ailənizlə qurduğunuz əlaqə bizə maraqlıdır.
- Anamı keçmişim, atamı gələcəyim olaraq görürəm. Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam. Ona görə də ailəmi yaxşı anlamaq istəyirəm. Qazandığım pulu onların xoşbəxtliyi üçün xərcləyirəm. Mənə baxdığı, süd verdiyi üçün anama minnətdaram. Əvvəlki kimi qəzəblənmirlər daha mənə. Anam harasa gedəndə altına döşəkçə verirlərmiş. Bu, məni sevindirir.
- Türkiyədə əyalətin ən üzdə və populyar olduğu bir vaxtda əyalətdə baş verən və əyalət insanını anladan maraqlı bir filmin - “Vavien”in ssenarisini yazdınız. Elə həmin dövrdə əyaləti sıxıntının, intizarın məkanı kimi göstərən bir çox “sənət film”inin, ya da mədhiyyələr deyən “siyasi doğruçu” (politically correct) yanaşmaların əksinə sizin ssenarinizdə əyalət şəhər kimi bir “münasibətlər yumağı” şəklində göstərilir. Ssenarini yazmağa başlayanda hədəfiniz bu idimi? Yazı mərhələsi və əyalətə baxışınız necə idi?
- Əyalət, böyük şəhərin kiçildilmiş halıdır. Həyatım əyalətdə keçdiyi üçün ora çox yaxşı bələdəm. Ölkəmiz əyalətliliyindən qurtulmayıb. Bu mövzuda haqlı, ya da haqsız olduğunu isə zamanla görəcəyik. Ona görə də “əgər ölkəyə əyalətdən baxsam, tam halını daha yaxşı görə bilərik” deyə fikirləşdim. Sonuncu filmimdə də əyalətdən gələn insanların şəhərlə qurduğu münasibətə toxunmuşam.
- Türkiyə cəmiyyətinin strukturundan danışarkən onun xarakterindəki köçəriliyi vurğulayırsız. Deyirsiniz ki, “mən bu obrazda çox qalmaram deyə düşünülür”. Yəni bir növ aktyorluq kimi. Ki, günlük həyatda da artistliyin bu cür mənfi bir mənası var. Xarakter və aktyorluq arasındaki əlaqəni bir az da açıqlaya bilərsinizmi?
- Keçən gün bir karikatura gördüm. Ordakı adam özündən razı halda belə deyir: “Əslində, yaşanılacaq ən gözəl yer İstanbuldur, amma Berlində də yaşamaq lazımdır”. “İçindəki maneələri qırmalısan” deyir. Karikaturanın altında isə “Kayseridə öldü” yazılıb. Bu karikatura bizim ölkəmizi çox yaxşı ifadə edir. Hə, biz köçərilikdən gəlirik. Bu, genetikamızda var, amma nəticədə Kayseridə ölürük.
- Həm ssenarist, həm də aktyor kimi hansı xarici və yerli rejissorlarla işləmək istəyərdiniz və niyə?
- Mən kinoda hələ yeniyəm. Cəmi beş filmim var. Bu, məni çox həyəcanlandırır. Cohenlər, ya da Woody Alleni hələ də çox sevirəm. Türkiyədə isə Nuri Bilge Ceylan, Yavuz Turqul.
Azərbaycanda məni tanıyan hər kəsə salamlar.
Söhbətləşdi: Leyla Nənə
|