Xəbər haqqında
18 Dekabr 2017 - Bazar ertəsi 17:13 2054 nəfər oxuyub
 
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
"Məmurun hüququnu qoruyacaq mexanizmlər yaradılmayınca, o, mütləq mənada hüquqa sayğılı davranmayacaq..."
MÜSAHİBƏ Xəbəri
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə

2017-ci il başa çatmaq üzrədir. Xeber365.com ictimai-siyasi xadimlərlə, müxtəlif sahə adamları ilə müsahibələr edərək ilin ölkəmiz üçün necə keçdiyini, hansı hadisələrlə yadda qaldığını, bizi qarşıda gözləyən önəmli ili dəyərləndirməyə çalışacaq. Beləliklə, ilk müsahibimiz millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafadır. 

 

 

– Fazil bəy, 2017-ci ili yola salmaq üzrəyik. Sizcə, bu ildən geriyə qalan nələr oldu?

 

– 2017-ci ilin dəyəri mənimçün odur ki, yenə də monoton bir il keçirmədim. Düşündüm, oxudum, yazdım, çıxış etdim, mübahisə etdim, hərəkət etdim, öyrəndim, öyrətdim. Bütün bunları etdikdən sonra ildən necə narazı qalmaq olar? Sadəcə, idman zədələrim çox oldu, vaxtımın müəyyən hissəsini idmansız keçirdim. Evimdə zəngin kitabxana yaratdım, iki kitabımı çapa verdim. 2017 məhsuldar və qaneedici il sayıla bilər. Xüsusilə də media əhlinin suallarını cavabsız qoymadım, seçiciyə diqqət ayırmağı unutmadım.

 

– Növbəti il seçki ilidir, ölkədə prezident seçkisi keçiriləcək. 2017-ci ildə baş verən hansı siyasi proses seçki öncəsi mənzərəni dəyişdi, yaxud da rəngləndirdimi? Yoxsa heç nə dəyişməyib?

 

– Bu il əvvəlkilərdən daha statik bir il oldu. Təlatümlü və dönüşlü ciddi hadisələr yaşanmadı. Devalvasiya baş vermədi, siyasi qarşıdurmalar olmadı, siyasətdə və mədəni həyatda yeni sayıla biləcək tamaşalar oynanmadı. Prezident seçkiləri üçünsə rəqabət mühitinin yarandığını söyləmək olmaz. Necə deyərlər, insanların iqtisadi durumunda çətinliklər artsa da, "yuxarılar əvvəlki kimi idarəetmədən, aşağılar da əvvəlki kimi idarə olunmaqdan zövq aldıqlarını" büruzə verdilər.

 

– “Bir gənc kadrın mötəbər posta təyin olunması müsbət hal kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu vəziyyətdə ən azı daha dinamik bir fəaliyyət ortaya qoymaq imkanı və perspektivi yaranır”.  Bu fikir Sizə məxsusdur. Ümumiyyətlə, Azərbaycanda mötəbər postlarda gənclərlə yaşlıların müqayisəsini aparsaydınız, mənzərəni necə təsvir edərdiniz?

 

– Əslində, Azərbaycanda nəsillərarası düşüncə fərqi elə də sezilmir. Gənclərin təyinatı o zaman dəyər kəsb edərdi ki, sağlam rəqabətdən sıyrılaraq irəli çıxmış olsunlar. Onların çoxu da tanışlıqdan, dostluqdan, himayədən gəldiklərinə görə, yeni bir aura yaratmağa hazırlıqlı olmurlar. Gəncliyə yaş amili kimi deyil, sağlam və yeni düşüncə amili kimi qiymət verməyə başlasaq, axtardığımız dinamizmi tapmaqda çətinlik çəkərik. Əslində, kadr işində əsas meyar ədalətli insan və bilgili menecment olarsa, o zaman cəmiyyətin çoxsaylı problemlərinin öhdəsindən gəlmək ümidi arta bilər. Bütün hallarda siyasətin də, idarəetmənin də, gəncləşməsinin əhəmiyyəti böyükdür, çünki yeni dövrün çağırışlarına biganəlikdən qaçmaq üçün yeniliyi oxuyan idarəçilərə böyük ehtiyac duyulur.

 

– Sizcə, Azərbaycan məmurlarında çatışmayan cəhət nədir? Problemlərin, əslində, həlli asan görünən məsələlərin həll olunmamasının səbəbkarı məmurlardımı?

 

– Azərbaycan məmurları ilə bağlı ümumiləşdirmə aparmağın tərəfdarı deyiləm. Məmurdan da vacib, idarəetmənin prinsipləri gəlir. Məmurun hüququnu qoruyacaq mexanizmlər yaradılmayınca, onun mütləq mənada hüquqa sayğılı davranacağını gözləmək sadəlövhlükdür. Təsəvvür edin ki, bir məmur illərdir bir orta səviyyəli postda çalışır, yeni başçı və ya rəis təyin olunur və ona "xoş getdin!" deyib yerinə öz yaxın adamlarını gətirir. Burokratik aparatın təcrübə və bilgi davamlılığını qoruyacaq heç bir hüquqi mexanizm qalmır. O zaman məmur nə etməlidir? Məcburdur ki, hüququn deyil, rəisin prinsipləri ilə işləsin. Bu zaman isə bütün əziyyət binəva vətəndaşa yüklənir. Bu, olduqca prinsipial məqamdır, burokratiyanı belə rahatlıqla dağıtmaq olmaz, o zaman məmurdan hansısa sağlam funksional fəaliyyət ummaq da mümkün olmur. Konstitusiyada nəzərdə tutulan hüquq və azadlıqlara real məzmun verə bilsək, məmurla vətəndaş arasında bu dərəcədə uçurum və güvənsizlik qalmaz.

 

– Növbəti sualım bir az da sizin ixtisasınızla bağlı olacaq. Əlbəttə ki, bu sualı cavablandırmağınız üçün siyasətçi olmağınız, Azərbaycan siyasi-ictimai həyatına çox yaxşı bələd olmağınız həlledici məqamdır. Sizcə, vitse-prezidentlik olan ölkədə nazirlər kabinetinə ehtiyac varmı? Məsələn, Azərbaycanın vitse-prezidenti var, Baş naziri də olmalıdırmı?

 

– Mənim istəyimdən asılı olmayaraq, Konstitusiyada nəzərdə tutulduğuna görə vitse-prezidentliklə yanaşı, Baş nazir postunun olması vacibdir. İdarəetmənin effektivliyi baxımından soruşursunuzsa, o zaman Nazirlər Kabinetinin olması problem yaratmaz, ancaq Baş nazir funksiyasının vitse-prezident tərəfindən həyata keçirilməsi daha çevik müzakirə və qərar qəbuletmə mexanizmi yarada bilər. Bütün hallarda bir-birini təkrarlayan vəzifələrin birləşdirilməsi büdcə məsrəflərinə qənaət edilməsi baxımından da faydalı olardı. Paralel strukturların çoxluğu idarəçilikdə ən ciddi əngəllərdən sayılır və bunun ortadan qaldırılması barədə vaxtında düşünüb qəti addımlar atmaq lazımdır.

 

 

– Yenidən prezident seçkisinə qayıtmaq istərdim... Fikrinizcə, növbəti seçkidə yeni, gözlənilən və gözlənilməyən namizədlər kimlər olacaq? Siz vətəndaş kimi kimə səs verərdiniz?

 

– Açığı, növbəti prezident seçkilərində sürpriz namizədlər olacağını düşünmürəm. Yeni, tanınmayan namizədlərin siyasətdə qəfildən ortaya çıxışı mümkündür, ancaq bizdəki statik siyasi mühit belə bir ehtimalın çox cüzi ola biləcəyini söyləməyə əsas verir. Seçkiyə Böyük Qurtuluş Partiyası olaraq öz namizədimizlə qatılmaq niyyətindəyik və bu qərarımız reallaşarsa, o zaman heç şübhəsiz, öz namizədimizə səs verəcəyik.

 

– Fazil bəy, namizədlər arasında Sizi də görə biləcəyikmi?

 

– Namizədlik vermək xatirinə seçkilərə qatılmağı düşünmürəm. Ancaq partiyanın ali qurumunun belə bir qərarı olarsa, bu qərara mütləq tabe olacağam. Etiraf edək ki, indiki ölkə prezidentinin qalib gəlmək şansı yenə də yüksəkdir, bu səbəbdən də hansısa qələbədən danışmaq ciddi səslənməz. Ancaq öz islahatçı proqramımızı insanlara çatdırmaq, başqaları ilə düşüncə fərqimizi göstərmək baxımından bu marafona qoşulmaq fürsətini qaçırmamağı da düşünürəm. Hər halda partiyanın qərarına qədər qəti fikir bildirməyə tələsmirəm.

 

– Millət vəkili ilə deputatın fərqi varmı? Varsa, bu fərqin mahiyyətini necə izah etməniz maraqlı olardı. Əgər yoxdursa, niyə bəzilərinə millət vəkili, bəzilərinə isə deputat deyirlər? Özü də heç fərqinə varmadan...

– Hüquqi termin olaraq Milli Məclisin deputatı və yaxud Milli Məclisin üzvü daha doğrudur. Bununla belə, daha çox Türkiyədən mənimsənilən və leksikonumuzda yabançı görünməyən millət vəkili termini işlədilir. Necə adlandırmaq insanların seçimidir, fikrimcə, hər üç terminin də işlədilməsi məqbuldur. Hər halda, millət vəkili ifadəsi insanın üzərinə daha böyük məsuliyyət qoyur deyə düşünürəm.

 

– İlk verməli olduğum sualı sona saxladım... “Dağlı Qarabağ” dosyesinə bu il nələr əlavə olundu, nələr isə sadəcə gözləntilərdə qaldı? Əlbəttə ki, mən problemin birdəfəlik həllini nəzərdə tutmuram...

 

– Dağlıq Qarabağ bu il bizdən bir az da uzaqlaşdı. Siyasətdə də, hərbdə də hər ilin yekununda çözə bilmədiyimiz düyünləri təkrar olaraq növbəti ilə daşıyırıqsa, o zaman Qarabağdan da daha bir addım uzaqlaşmış oluruq. Biz bu düyünü çözmək üçün cəmiyyət olaraq daha əhatəli müzakirələrin içində hamılıqla özümüzü görməliyik, hiss etməliyik. Halbuki, bir millət vəkili olaraq mən də özümü müzakirəçi kimi deyil, müşahidəçi kimi görürəm. Müşahidəçilər, müzakirəçilər qədər fədakarlıq etməzlər. Cəmiyyətin daha geniş təbəqələrini bu müzakirələrə qatmadıqca, yeni ideyaların tapılmasında da xeyli çətinliklərlə qarşılaşacağıq.

 

Nicat Abdulla

 

Mənbə: Müəllif:
Əvvəlki, kimi, yuxarılar, idarə, etməkdən,, aşağılar, idarə, olunmaqdan, zövq, alırlar, -, Fazil, Mustafayla, müsahibə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı